Əməkdar artist Mədəniyyət Nazirliyindən şikayətlənir

Əməkdar artist Mədəniyyət Nazirliyindən şikayətlənir
23 sentyabr 2011
# 10:53
Onunla “Gərdişi dövran” layihəsi üçün görüşməyi vədələşmişdik. Görüşdük, amma... Hər kəlmə başı gözləri dolub-boşalır, sözləri qırılır... Sual verməyimə imkan vermədən, heç buna lüzum qoymadan danışır. Hiss elədim ki, ürəyi doludur, boşaltmağa, kiminsə dinləməyinə ehtiyacı var... Dinlədim, amma əvvəlcə onun haqqında bəzi xatırlatmaları etməyi lazım bilirəm.


Hələ “Yuğ” teatrı yaranmamışdı. Bu gün onun taleyi həll olunmalı idi, dövlət başçısı çoxdan fəaliyyət göstərən, Vaqif İbrahimoğlunun rəhbərlik etdiyi bu gənc truppanın tamaşasına baxmağa gəlib. Son qərar bundan sonra veriləcək, belə bir teatr yaranır, ya yox. Gənc aktrisa, İncəsənət Universitetinin müəllimi, Milli Dram Teatrının aktrisası Hicran Nəsirova səhnənin arxasında hazırlaşarkən ilişib yıxılır, başı yerə möhkəm çırpıldığından zədə alır. Huşu başından çıxan qız özünə gələndə görür ki, Vaqif İbrahimoğlu onun başını dizlərinin üstünə alıb az qala ağlayır, qızım, indi biz neyləyəcəyik?

Aktrisa özünü toplayıb “oynayacam”, - deyir.

Gözlərinin qarşısındakı əşyalar qaçır, Hicran xanım tərəf müqabillərinin səsini quyu dibindən gəlirmiş kimi eşidir, amma oynayır. Əvvəlcədən yoldaşlarına “səhv etsəm, ört-basdır edin”, - deyə xahiş etsə də bütün tamaşa boyu bir səhv belə etmir.

Tamaşa bəyənilir, teatrın yaranması barədə qərar da verilir. Üstəlik, Moskvadan gələn teatrşünas ən yaxşı obraz yaradan aktrisa kimi onun adını çəkir. Vaqif İbrahimoğlu zarafatla “zədənin nəticəsidir” deyir. Vaqif İbrahimoğlu rəhmətlik deyirdi ki, Hicran səhnədə heç nə etməsə belə diqqətdə olur, görünür.

Hicran Nəsirovadan söhbət gedir. Əməkdar aktrisadır, uzun illərdir Milli Dram Teatrında irili-xırdalı obrazlar yaradıb. “İri rolları oynamağa nə var, xırda rolla nə isə demək xüsusi bacarıq tələb edir”, - deyir.

Televiziyada “Evləri köndələn yar” da Reyhan, “İtkin gəlin”də Dünya, onlara qədər də çox teletamaşalarda oynayıb, amma bu iki tamaşa bugünkü tamaşaçının yadındadır.

Kinofilmlərə o qədər də çəkilməyib. “Qaçaq Nəbi” filmində Həcər roluna sınaqlardan keçib, təsdiqlənib. Ona görə də cıdıra at çapmağı öyrənməyə gedirmiş. Artıq at çapmağı tamam mənimsəyən, məşqçinin tərifinə layiq görülən Hicran arxayınlaşıb at belində söhbətlərə də qoşulur. Bu arada ayağını üzəngidən götürür. Üzəngi atın ətini dişləyir və at şahə qalxır.

Aktrisa yerə çırpılır, beli daşın üstünə düşür. Onurğasından zədə alır və uzun müalicədən sonra düzəlir, amma rol artıq başa aktrisa çəkilmiş olur. O vaxtdan aldığı zədə isə həkimin də dediyi kimi illər sonra yenidən özünü büruzə verir.

“1976-cı ildən sənətdəyəm. Adil İsgəndərovun tələbəsiyəm, o da, Rza Təhmasib də tələbələrinə vaxtından tez efirlərə çıxmağa, çəkilməyə, səhnəyə çıxmağa icazə vermirdilər. Püxtələşəndən sonra hə, indi sənətdə ola bilərsən deyirdilər. Mənə ikinci kursdan icazə verdi. Qada, sən səhnəyə hazırsan, get dedi. Televiziyada “Nəğməli sətirlər” verilişi vardı, orda qəzəllər deyirdim. Radio verilişlərində, dublyajda, institutun rəqs qrupunda, komsomol katibi, qurultay nümayəndəsi, hər yerdə vardım. Tələbə yoldaşlarım adımı harda aş, orda baş Hicran qoymuşdular. İnstitutu qurtaran kimi 21 yaşımda pedaqoji fəaliyyətə başlamışam. Heç kimim yox idi, layiq olmasam mənə üçüncü kursa dərs deməyi həvalə etməzdilər. Eyni vaxtda Tədris Teatrında işləyirdim. O vaxt orda “Yuğ” teatrının əsasını qoyanlardanam, həmin özüllə “Yuğ” yarandı. Stanislavski deyib ki, gərək aktrisa ərə getməsin. Ailə qurandan sonra “Yuğ”dan da çıxdım, pedaqoji fəaliyyətimi də dayandırdım, təkcə Milli Dram Teatrında qaldım, çünki sənətimdən uzaqlaşa bilməzdim.

O vaxtlar “Yuğ”da “Balaca şahzadə”də oynamışdım Moskvadan gələn tənqidçi demişdi ki, mən belə aktrisa görməmişəm. Son illər bir dəfə hər şeydən bezib Vaqif müəllimin yanına getdim ki, mən balaca şahzadə olmaq istəyirəm. İçimdə elə qalmışam. Bu gün o qədər haqsızlığa uğramışam ki, insanlara qarşı aqressiya yaranıb məndə .

Allah rəhmət eləsin Heydər Əliyevə, həmişə sənətə, sənətkara qiymət verərdi. Teatrla maraqlanardı. “Aydın”da Böyükxanım, “Fərhad və Şirin”də Məryəmi oynayırdım. Hər iki tamaşaya Heydər Əliyev baxmışdı.

2000-ci ildə ağır xəstəliyə düçar oldum. Onkoloji xəstəlikdən qurtulmaq üçün yoldaşım evimizi satmağa qərar vermişdi, amma başqa qalmağa yerimiz də yox idi. O zaman Heydər Əliyev rəhmətlik mənə maddi və mənəvi dayaq oldu. Moskvada əməliyyat olundum, sonrakı şüa, kimya müalicələrindən də keçdim. İki dəfə kəfəni yırtdım. Qayıtdım teatra, qayıtmağıma peşman oldum. Kollektiv məni çox yaxşı, göz yaşları ilə qarşıladılar. Məsciddə dua edən kim, nəzir verən kim, amma rəhbərlik mənə zərbəni zərbə arxasınca vurdu. Rollarımı artıq başqa aktrisalara paylamışdılar, özüm gələndən sonra hər gün başımı aldatdılar ki, sabah sən oynayacaqsan, axırda truppa müdiri adını çəkmirəm, təzə rəhmətə gedib qışqırdı üstümə ki, əşi, nə istəyirsən e, xəstəsən də get dincəl.

240 manat məvacib alıram, elə həb var ki, bir dənəsinin qiyməti 200 manatdır. O vaxt Heydər Əliyev təqaüd verdi mənə, 2009-cu ilə qədər o təqaüdü alırdım, toplayıb 6 aydan bir Moskvaya müalicəmə gedirdim.

2009-cu ildə təqaüdümü kəsdilər. İki ildir müalicəmi ala bilmirəm, indi iş o yerə çatıb ki, əməliyyat olunmalıyam. Əgər müalicəyə imkanım çatmayıb əməliyyatlıq olmuşamsa, indi əməliyyat üçün vəsaiti hardan almalıyam? İkinci qrup əliləm, əlilin də təqaüdünü kəsərlər? Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim dedilər ki, indi də qoy başqası alsın də, həmişə sən almayacaqsan ki. Təzədən yazılı müraciət etdim ki, əlacım yoxdur, əməliyyat olunmasam ölümə doğru gedirəm, əməliyyat üçün maddi yardım edin. Ərizəmə rəsmi cavab verildi ki, nazirliyin belə imkanı yoxdur.

Deyirəm, filankəslərin heç ehtiyacı yoxdur, amma onlara təqaüd verirsiniz? Cavab verirlər ki, onlar xalq artistləridir. Kim günahkardır ki, mən xalq artisti deyiləm? O fəxri adı hansı meyarlarla verirsiniz? Neçə illərdir sənətdə olan, 11 ilin əməkdar artisti çaşıb qalmışam. Mən əminəm ki, İlham Əliyevlə Mehriban xanımın nazirliyin belə oyunlarından xəbərləri olsa onların cəzalarını verərlər. Hər dəfə deyirlər ki, biz siyahıya adını salmışıq Prezident Aparatında çıxardıblar. Onlar da deyir nazirlik siyahı verib onun əsasında təqaüd verilir, fəxri ad verilir. Mənim o fəxri adlarda heç gözüm yoxdur, amma bir halda ki, haqqımızı almaq üçün xalq artisti olmağımız gərəkdir, onda o adı verin.

Yoldaşım bu saat xəstəxanada yatır, insult keçirib. Uzun illər Milli Məclisdə işləyib. Həyatda heç nə adama elə-belə gəlmir, xəstəlik də. Mən bu xəstəliyi qastrollarda, beton üzərində işləməklə qazanmışam. Niyə mənə nə fəxri ad, nə təqaüd almıram? Ailəliyəm, başımı aşağı salıb namusumla-qeyrətimlə yaşayıram ona görə? Bu qədər oyun olmaz e, başımızı götürək hara gedək?!

Ölkənin bu qədər gəliri var, sən demə, mənim təqaüdüm kəsilməlidir ki, başqası da alsın. Prezident şəxsən özü demişdi ki, təqaüd alanların siyahısı hər il artırılacaq. Bunlar əksinə siyahıdan çıxardırlar. Bu vaxta qədər işləmişəm, indi xəstə vaxtımda əməliyyat olunmalıyam, qalmışam əlacsız. Niyə? Bu niyələr məni öldürür.

Son ümid yerim öz nazirliyimiz idi, orda da imtina aldım... Daha heç kimə ağız aça bilmərəm ”.

Belə... Mən dinləməyi bacarıb dinlədim, təbii ki, sənətə gəlişi barədə sualın burda heç yeri yoxdur. İndi qoy, əlaqəsi olanlar dinləsin. Başqa heç nə deməyə ehtiyac yoxdur, situasiya göz qabağındadır.


Ramilə Qurbanlı
# 1383 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #