30 ilin yengəsi: “Yengəsiz toy nə toydur?!” - MÜSAHİBƏ
1 avqust 2011
06:00
Uzun müddət yengəlik eləmiş bir nəfər tapıb onunla söhbətləşməyi mənə tapşıranda ilk ağlıma gələn uzaq qohumumuz İradə xala oldu. Axşam İradə xalaya zəng eləyib məsələni ona danışanda əvvəlcə tərəddüd elədi: “Nəriman əmin bilsə məni öldürər. Ondansa bibimlə söhbət elə. 30 ildən çoxdur yengəlik eləyir. Yaşı yetmişi keçib, əri də yoxdur ki, hirslənsin”.
İradə xalanın nişan verdiyi Münəvvər nənə Ağsuda yaşayır. Amma onunla Sulutəpədə görüşdük. Bəxtimdən Münəvvər nənə Sulutəpəyə oğluna qonaq gəlmişdi.
Dəftərimi və diktofonumu götürüb axşam “Şamaxinka”dan Sulutəpəyə yollandım.
Sərin, kondisionerli evdə kresloda əyləşmiş Münəvvər nənənin yaşı 4 ildir ki, 70-i keçib. Sakit, işıqlı üz cizgilərindən hiss olunur ki, həyatda o qədər də əziyyət çəkməyib. Salamlaşıb diktofonu yandırmaq istəyəndə oğlu mane olur:
- Qardaşoğlu, tələsmə. Əvvəlcə nə danışmalısan onu de, görək mama razıdır?
Diktofonu söndürüb gəlişimin məqsədini Münəvvər nənəyə danışıram. Münəvvər nənə gülə-gülə “Əlindəki zadı neynirsən? Söndür, danışaq da...” Diktofonu söndürmək mənə sərf eləmədiyindən, Münəvvər nənəyə yalan danışıram: “Söndürdüm, nənə, narahat olma”.
Yengəlik nədir?
Münəvvər nənəylə söhbətimizi təqdim etməmiş istəyirəm yengənin nə olduğu barədə bir az məlumat verəm.
Azərbaycan toyları qədimdən özünəməxsusluğu ilə qonşu xalqların toylarından seçilib. Toylarımızın onlarla yaddaqalan adətlərindən biri də yengəlikdir.
Yengəlik qədimdən bəlli olan bir toy atributudur. Ancaq nə vaxt yarandığı, harada mövcud olduğu, necə ortaya çıxdığı heç kəs tərəfindən məlum deyil və tarixçilərimiz də bu barədə yalnız təxəyyülə, əfsanələrə söykənir, söylənilənlərə əsaslanaraq öz fikirlərini bildirir, yengəlik haqqında çox az məlumat verirlər.
Güman ki, yengəlik qəbilə formasının tədricən dağılıb ailəyə çevrildiyi dönəmdə mövcud olub, az qala müqəddəs bir toy atributu hesab olunub. Yengələr toyun əsas təşkilatçısı sayılır və toylarda hər zaman iki yengə olub. Oğlan tərəfini təmsil edən “oğlan yengəsi”, qız tərəfini təmsil edən “qız yengəsi”.
Toylarda əsas sima “oğlan yengəsi” sayılır. İndi də bəzi regionlarımızda “Oğlan yengəsi” böyük nüfuza malikdir.
Yengə yalnız yaxın qohumlardan və inanılmış yaxın adamlardan təyin olunur.
Tarixən yengələrə bir çox vəzifələr tapşırılıb. Məsələn, oğlan yengəsi qızı görür, bəyənir, elçiliyə getmək üçün məsləhət bilir.
Yengənin bəyəndiyi qızın təmiz yolda olmaması üzə çıxarsa, bu zaman yengənin üzərinə də ləkə düşür. Çünki tarixən yengə təmizliyin, müqəddəsliyin, saflığın, namusun rəmzi olub, toyun atributu sayılıb. Dediyimiz kimi, qız pis yola qulluq edərsə, müəyyən cəza tədbirləri görülür.
Bəzi yerlərdə, qızı eşşək arabası ilə kəndin içindən öz evinə geri qaytarıblar. Beləliklə, onun hansı yola qulluq etməsi bütün kənd adamlarına məlum olub. Eyni zamanda, “üzüqara” çıxan qızın yengəsinin də başı qırxılırmış. Bu ciddi cəza tədbiri sayılırmış və həmin ailənin el arasında nüfuzu aşağı düşərmiş.
Bəzi yerlərdə qızla yengənin başını dibindən qırxdırıb eşşəyə mindirər və uzunqulağa bir təpik vurub onları hara gəldi buraxırmışlar. Bunun da öz mənası var, yəni “qız və qızın yengəsi artıq yolunu azıb və hara getdiklərini özləri də bilmir” anlamına gəlir.
Qız yengəsinin əsas vəzifələrindən biri də ev bəzəməkdir. Oğlan yengəsi isə bəyin bəxt güzgüsünü daşımaqla vəzifələndirilir.
Əvvəllər yengə toyun sonuna qədər qalar, son vəzifəsini yerinə yetirib sonra evinə gedərmiş. İndi bu adət demək olar ki, yoxa çıxıb.
Toyun sonunda oğlanla qız onlara ayrılan otağa daxil olurlar. Yengələr də qapının arxasında pusquda dayanırlar. Bəzi bölgələrimizdə bəy otağıdan şad xəbər gətirilərsə, bu zaman bəyin dostları göyə tüfəng atırmış. Bu, hər şeyin yolunda olduğunu bildirən siqnaldır. “Tüfəng atmadan” sonra “bəy otağı”ndan üstündə qan ləkəsi olan döşək ağı çıxarılır və oğlan yengəsi həmin döşək ağını qız yengəsinə təhvil verir. Bu, toyun ən məsuliyyətli və ən önəmli hissəsidir.
Qız yengəsi həmin “qanlı” döşəkağını qız anasına təhvil verir, qız anası da toydan sonra baş tutan “yengəyanı” (bəzi bölgələrdə “yenganı”) mərasimində həmin qanlı döşəkağını qohumlara, qonşulara nümayiş etdirir. Bu qanlı döşəkağı qızın “üzağlığı” adlanır və ailənin şərəfini qoruyan atribut sayılır.
Yengəlik, əsasən, mühafizəkar-patriarxat toplumlarda mövcud olan bir adətdir. Bizim cəmiyyətdə hələ də qadının toydan əvvəl cinsi “toxunulmazlığına” (bakirəliyinə) böyük önəm verilir. Bakirəliyin ənənəvi rəmzi toy gecəsi bəy otağından çıxarılan döşək ağının nümayişindir.
Yengənin bir vacib vəzifəsi də həm qızı, həm də oğlanı gərdək gecəsi üçün maarifləndirməkdir. Bəzən yeni ailə quran gənc oğlanlarda “ilk gecə sindiromu” adlı impotensiyanın pozulması prosesi olur. Bunun baş verməməsi üçün yengələr qızı təlimatlandırmalı, onun oğlana mehribanlıq etməsini, bakirəliyin pozulması kimi önəmli prosedurun həyata keçirilməsinə yardımçı olmasını öyrətməlidir.
Ən əsası yengələr həmişə “sirr dağarcığı” sayılıb.
Münəvvər nənənin söhbəti
“Çoxdandır ki, yengəlik eləyərəm. 30 ilə yaxındır. Mən yengəlik elədiyim qızların bəzlərinin indi nəvələri var. Dünyasını dəyişənlər də var, mənim yengəsi olduğum qızlar arasında. Amma bir dənə də olsun üzüqara çıxan qız olmayıb”.
- Münəvvər nənə, yəqin ki, maraqlı əhvalatlar, hadisələr olub toylarda. Xatırladığın varmı?
- Çox maraqlı əhvalatlar olub. Elə olub ki, gecə səhərə qədər bəy otağının qabağında oturub şad xəbər gözləmişik. Amma bəy gəlinin biz yadından çıxmışıq, yıxılıb yatıblar səhərə qədər. Vaxtında qanlı mələfəni aparmadığım üçün danlanmışam. Ancaq üzağlığını görən kimi hər şey yaddan çıxıb. Elə olub ki, bəyin problemi olub, çıxıb çölə məni çağırıb yanına deyib “Xala, bu qızın bakirə olmağına inanıram. Amma indi heç nə eləyə bilməyəcəm. Elə et ki, nə mən, nə də qız rüsvay olsun”.
- Bəs neynəmisiniz ki, gənclər rüsvay olmasın?
- Heç nə. Bəy bir yerini azacıq kəsib, qanını döşəkağının üstünə silib. Mən də götürüb həmin döşəkağını aparıb qız anasına vermişəm. Bir aydan sonra bəy mənə məlumat verib ki, artıq hər şey yolundadır. Çox olub belə hadisələr. Çoxusu da yadımdan çıxıb.
- Münəvvər nənə, heç bakirə olmayan gəlin olmayıb? Ola bilməz ki, 30 ildə yengəsi olduğun bütün qızlar bakirə olsun.
- Düzünü deyim ki, olub. Amma danışmaq istəmirəm bu barədə. Sonra eşidib küsərlər. Bu, namus məsələsidir.
- Ad çəkməyin də, Münəvvər nənə. Hadisəni danışın.
- Ay sənin saqqalın ağarsın. (gülür) İstəmirəm yaşımın bu vaxtında imanımı yandırım. Bilirsən qohum-qonşu, kəndimiz mənə necə hörmət edir!? Bütün kənd məni ən təcrübəli yengə hesab eləyir. Olub ki, qız anası qızının bakirə olmadığını bilib. Uşaq vaxtı yıxılıb bakirəliyini itirdiyini deyib. Yapışıb məndən ki, məsələni həll elə. Mən də toydan əvvəl qıza başa salmışam ki, neynəsin. Oğlana da danışmışıq məsələni. Razılaşıb. Görüb ki, qız su sonası kimi keçməli can deyil, sevgi də üstün gəlib bu məsələyə. Razılaşıblar. Mən də mələfəni qana bulayıb aparmışam qız evinə. İndi o ailə qız köçürüb, oğul evləndirib.
- Yenə yengəlik edirsiniz?
- Yox, daha qocalmışam. Daha bəy otağının qapısı ağzında saatlarla gözləyə bilmərəm. Axırıncı dəfə 4-5 il qabaq qardaşımın nəvəsi Bakıya gəlin köçürdü. Özüm boynuma çəkdim ki, yengəlik eləyə bilərəm. Bəy toyda xəbər göndərdi ki, “mənə yengə lazım deyil”. Gördüm ki, mənə ehtiyac yoxdur, toydan çıxıb yollandım evə. Ondan sonra nə qədər desələr də, daha getmədim yengəliyə. Maşallah indiki cavanlar hər şeyi bilir. (gülür)
- Çox sağ ol, Münəvvər nənə. Səni çox yormayım.
- Sağ ol, ay bala. Amma yengəsiz gəlin köçənə, evlənən ailəyə yaxşı baxmıram. Əgər yazsan, mənim dilimdən yaz ki, yengəsiz toy toy deyil.
Yengə lazımdırmı?
Münəvvər nənəylə söhbəti bitirib evə gələndə yolda düşündüm ki, bizə yengə lazımdırmı?
Məncə, lazım deyil. Niyə?
Çünki müasir gənclər yetkin, ağıllı, savadlı, dünyagörüşlüdür. Onların yengəyə ehtiyacları yoxdur, çünki hər şeyi bütün çılpaqlığı ilə bilirlər. Gününün bir neçə saatını internetdə keçirən, kitab oxuyan, televizora baxan insan köhnə təfəkkürlərini beyinlərindən atmalı, həyata başqa cür baxmalıdır.
Yengəlik keçmişdə insanlara ehtiyacdan, bilməməzlikdən, savadsızlıqdan lazım olub. İndi dünya dəyişib, yengəyə müraciət etməkdənsə həkimə, psixoloqa müraciət etmək daha məqsədəuyğundur. Dünyagörüşü, mütaliəsi, elmi olan gəncə yengə lazım deyil. Məncə, yengəyə müraciət etmək müasir gəncə, yeni qurulan ailəyə başucalığı gətirmir. Müasir dövrdə yengəlik artıq unudulmaq üzrədir.
Bir sözlə, yengəlik artıq tarix olur.
Cəlil CAVANŞİR
Rəssam: Əziz Əzimzadə

13782 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024