Mirmehdi Ağaoğlu oğlunun çöpçüsündən yazdı

Mirmehdi Ağaoğlu oğlunun çöpçüsündən yazdı
29 iyul 2011
# 15:27
Mən yalnız elmə inanıram və elmdən başqa heç bir şeyə inanmıram. Ömrümdə cəmi iki dəfə ara həkimi və falçı yanında olmuşam. Hər ikisində də sadəcə, maraq üzündən getmişəm.

Mənim düşüncəmə görə insanı yalnız həkim sağalda bilər. Əlbəttə, hələ də elmə məlum olmayan, elmin cavabını tapa bilmədiyi anomal hadisələr, qeyri-adi xüsusiyyətli insanlar mövcuddurlar. Amma bunlara da özlüyümdə həmişə elmi cavab tapmağa çalışmışam. Cavabsız suallara isə elmin bir gün mütləq cavab tapacığına, hər şeyin elmi izahı olduğuna inanmışam.

Çöpçüləri ciddiyə almırdım

Çöpçülər barəsində həmişə tərəddütlü olmuşam. Onları da falçılar, baxıcılar kimi fırıldaqçı sanmışam.

Birinci: çöpçü insanın ağız-burun-boğaz boşluğunda qalmış yad cismi üfürməklə çıxara bilirsə, bunu həkim də edə bilər. Üstəlik, həkimlər tibbi ləvazimatlara, daxili müşahidə cihazlarına sahibdirlər.

İkinci: əgər ağız-burun-boğaz boşluqlarında qalan yad cisimləri həkimlər çıxara bilmirlərsə, çöpçü isə fövqəlinsani varlıqların köməyi, ilahi qüvvələr vasitəsilə bunu edirsə, deməli, burda bir fırıldaq vardır əlbət.

Bu iki səbəbə görə çöpçüləri ciddiyə almamışam.

Məsələ oğlumsa...

Ta ki ötən ilin sentyabr ayına qədər. Doqquz aylıq, dostların “Ka” deyə çağırdıqları oğlum bir aydan çox xəstə yatırdı. Sahə həkimindən tutmuş uşaq həkimlərinə qədər bir çox həkimə göstərsək də, palaz-palaz reseptlərdə yazılmış dərmanlarla müalicə etsək də nəticəsi olmurdu.

Arada-sırada qohum-qonşudan kimsə uşağı çöpçüyə aparmağı məsləhət görsə də, bu qulağımdan alıb o birindən buraxırdım.

Taksi sürücüləri çöpçülərin ünvanlarını əzbər bilirlər

Amma bir gün sahə həkimimiz uşağı çöpçüyə aparmağı məsləhət gördü. İnanılmaz idi. Bunu mənə savadsız bir adam yox, tibb təhsili almış, “Hippokrat andı” içmiş, bu vaxta qədər Allah bilir nə qədər spirt qoxlamış, “iynə vurmuş” bir adam deyirdi.

Söz konusu oğlum olunca razılaşası oldum. Əlac nə idi? Həm də bütün bu məşəqqətlərin tezcə bitməsini istəyirdim.
Tanış taksi sürücüsünə zəng vurduq. Yunan ilahisi Hermes kimi bir andaca peyda oldu. Allahdan yaşlı sürücü, hələ üstəlik dindar, əhli-sünnə camaatından olan (onun dini məzhəbi bir işə yarayar deyə qeyd edirəm) Oqtay kişi işi ilə əlaqədar tanıdığı bir-iki çöpçü ünvanını bildiyini söylədi. Uyğun bildiyi və bizim mənzilə yaxın olan birinin ünvanına sür dedik.

“O nəydi, o...”

Çöpçünün qapısına çatdıq. Bizi kandarda qarşıladı. Xəstələrini elə burdaca, küncə qoyulmuş nimdaş kətilin üstündə otuzdurub, işinə baxırdı. Uşağı aldım qucağıma. 50 yaşlarındakı çöpçü qadın əlimi uşağın çənəsinin altına tutmağı tapşırdı.

Mənim təsəvvürümə görə, çöpçü qadın uşağı piləyəndən sonra ovcuma buğda dənəsi boyda bir şey düşməli idi.

Ovcumu uşağın çənəsinə tutmuşdum ki, “ay b..n” deyib ucadan bağırdım. Ovcumda nə olsa yaxşıdı? Əzgil boyda və rəngində kiflənmiş yemək qırıntısı. Dəhşətə gəlmişdik. İlahi, körpə uşağın boğazında da belə şey qalarmı?


Hər həftə beş manat taksiyə, iki manat çöpçüyə

Uşağı çöpçüdən gətirəndən sonra yaxşılaşdı. Bir müddət yaşadıqlarımın təsirindən çıxa bilmədim. Gördüyüm hər kəslə bölüşür, fikirlərini öyrənməyə çalışır, google-da axtarışlar aparırdım.

Təqribən bir aydan sonra biz proseduru təkrarlayası olduq. Yenə də xəstələnmişdi, qızdırması düşmürdü. Hər dəfə çöpçüdən qayıdandan sonra uşağın qızdırması düşür, sağalırdı.

Üç-dörd “seans”dan sonra uşağı çöpçüyə apardığımız ərəfələr arasındakı interval xeyli qısalmış, həftəyə düşmüşdü. Bu proseduru indi də təkrarlayırıq.

“Ka”nı ilk dəfə çöpçüyə apardığım gündən bir ilə yaxın vaxt keçib. Uşağın boğazında fəsədlar əmələ gələ biləcəyindən qorxaraq burun-boğaz həkiminə də göstərmişəm. Həkim isə uşağın boğazında heç bir problem olmadığını və üstəlik çöpçüyə getməyin normal olduğunu da söylədi.

Məsələyə elmi nöqteyi-nəzərdən yanaşaq

İnsanın burun, ağız, boğaz nahiyəsində 13-ə yaxın boşluq var ki, bu boşluqlarda yad cisimlər qala bilər. Bunu tibb elm inkar etmir. Amma çox vaxt həkimlər yad cisimləri əməliyyat yolu ilə çıxarır, ya da alətin vasitəsilə edirlər.

Həkimlər isə bu məsələdə iki qismə ayrılırlar. Bir hissə boğazında yad cisim qalan insana qeyri-tibi müdaxilənin imkansızlığını iddia edir.

İkinci qisim isə üfürməklə boğazdan yad cismin çıxarılmasının mümkünlüyünü qeyd edir, amma təhlükləli olduğu üçün məsləhət görmür.

Əskidən çöpçülər yox imiş?

75 yaşlı, sözün həqiqi mənasında dünyagörüm nənəm çöpçülərə inanmır və qəbul etmir. On bir övladından heç birini çöpçüyə aparmadığını iddia edir.

Yaşlı nəslin nümayəndələri əskidən belə şeylərin nadirən olduğunu söyləyirlər. Bəndəniz də uşaq ikən çöpçü üzü görməyib.

Çöpçülüyün geniş vüsət almasının səbəbi nədir? Yeni nəsillərin sağlam olmaması, yoxsa çöpçü adlanan türkəçarəçilərin sayının artması?

Adamın burnunu üfürməklə və eyni zamanda əllə bəzi müdaxilələr etməklə ağız, boğaz, burun nahiyələrində yerləşən yad cisimləri çıxarmaq mümkündür. Amma bu hər həvəskarın yemi deyil, bunu bacarmaq üçün xüsusi biliklərə yiyələnmək lazımdır.

Gizli çəkiliş apardım

Çöpçülər iki cürdürlər. Birinci qisim bu işə heç bir dini don geyindirmir, sadəcə, işlərini icra edib pullarını qazanırlar. Məsələn, “mənim çöpçüm” yanına gələn adamları kandarda, həyətda darvazanın ağzında və ya müştərinin maşınındaca - harada rast gəldisə elə oradaca qəbul edir.

Buradaca bir haşiyə çıxaraq qeyd edim ki, bəzən çöpçünün ağzında bir şey gizlətdiyindən şübhələnsəm də diqqətli müşahidələrim və gizli kamera çəkilişlərimin tədqiqi nəticəsində bu şübhələrimdən vaz keçmişəm. Çöpçü bəzən gözümün qabağında üç-dörd müştərini bir-birinin ardınca qəbul edib. Onun çöpü ağzında saxlaması və ya mədəsindən qaytarması fikri tamamilə əsassızdır.

“Müqəddəslər”lə ortaqlıq edirlər

İkinci qisim çöpçülər isə bu işi sırf mövhümatla bağlayırlar. Çöpçülüyün vergi olduğunu, hansısa müqəddəsin əli, ağzı ilə etdiklərini söyləyir, bununla müştərini xof, vahimə içində saxlamağa çalşırlar.

Bu cür çöpçülər əksər hallarda fırıldaqçı olurlar.Çöpçülüyün gəlirli sahə olduğunu düşünüb, fırıldaqçılıqla məşğul olanlar çoxdur. Babat tanınan çöpçü bir günə ən əzı 20-30 manat qazanc əldə edir.

İnsanlar çöpçülərə niyə müraciət edirlər

Çöpçülərin xidmətləri çox ucuzdur.

Xəstəxanalardakı kimi heç bir bürokratik əngəl yoxdur.

Həkim müdaxiləsi daha çox əməliyyat vasitəsilə olduğu üçün insanlar təhlükəli hesab edirlər.

Çöpçülüyə barmaqarası baxmaq lazım deyil. Bu iş həkimlər tərəfindən ciddi araşdırılmalıdır. Əgər bunda bir hikmət varsa, nədən həkimlər bu metoddan istifadə etməsinlər, həm ucuzdur, həm də qansız-qadasız.

Tibb işçiləri bu qədərmi təkəbbürlüdürlər?

# 1374 dəfə oxunub

Oxşar xəbərlər

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

10:00 4 may 2024
"Kaş mənim anam bir dülgərə ərə gedəydi..." - Stalinin həyat yoldaşı niyə özünəqəsd etmişdi?

"Kaş mənim anam bir dülgərə ərə gedəydi..." - Stalinin həyat yoldaşı niyə özünəqəsd etmişdi?

15:00 3 may 2024
"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Mir Cəfər Bağırov kim idi? - Elçin

Mir Cəfər Bağırov kim idi? - Elçin

17:00 2 may 2024
Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
# # #