Musa Yaqubun qızı: "Atamın ölümünü görəydim, amma o günü görməzdim" - Müsahibə

Musa Yaqubun qızı:  "Atamın ölümünü görəydim, amma o günü görməzdim" - Müsahibə
7 may 2024
# 10:10

Bu gün Xalq şairi Musa Yaqubun anım günüdür.

Kulis.az qızı Yaqut Yaqubova ilə müsahibəni təqdim edir.

- Yaqut xanım, ailədə neçə uşaqsınız?

- İki qız, bir oğlan.

- Atanız sizinlə qalırdı, yoxsa Buynuzda?

- Yox, bizimlə qalmırdı, o, Buynuzda qalırdı. Çox ağır günlər keçirirdi. Qardaşımgil işləyirdilər. Əsasən, mən yoluxurdum. O qədər gəlib-gedən olurdu ki... Yoldaşım, uşaqlar gəlirdilər yanımıza. Elə olurdu, bir ay qalırdım, sonra qardaşıma zəng edirdim ki, bir az da siz gəlin qalın. Dədəmi tək qoymaq olmurdu. Deyirdi, gəlməlisiz, qurtardı.

- O biri bacınız xaricdə yaşayır?

- Hə, o xaricdədi. Avstriyada yaşayır. Əvvəllər heç gələ bilmirdi, sonralar vətəndaşlıq aldı.

- O, mühacir kimi gedib?

- Hə, o vaxt işdən çıxıb getdi.

- Ananızın dəfninə gələ bilmədi...

- Yox. O məndən üç yaş balacadı. İndi də danışanda nəfəsim kəsilir. Çünki insan belə vaxtlarda bir göz axtarır; doğma insan, sənin kimi ürəyi yanan... Mən o gözə həsrət qaldım.

- Hər kəsin anası özü üçün əzizdi, amma sizin ananız başqa aləm olub...

- O, bir başqa idi. İndi oturub onun bir ana kimi yox, bir qadın kimi elədiklərini düşünəndə… Onun kimi fədakar insan heç görmədim. Öz ömrünü yaşamırdı.

- Bacınızı neçə il görə bilmədiniz?

- Əslində, anamın ölümündən bir ay qabaq atamla anam onun yanına getmişdilər. Anamın pis vaxtları idi. Göndərdik, bir ay orada şüa alıb qayıtdı. Ondan sonra 20 gün yaşadı. Amma rahatladı. Bacımın getməyi onu başqa cür ağrıtdı. Hərdən oturub ağlayırdı. Bəzən ağlamasın deyə, qəsdən acıqlanırdım ona. Deyirdim, ay ana, ölməmişik ki. Gül kimi həyatı var. Doğurdan, Səhərin heç bir problem olmadı orda.

- Amma görə bilmirdiniz. Ona görə ağlayırdı?

- Çox nigaran idi. Bilmirdi harada, necə yaşayır. Sonra o bir ayı orda qaldı, hər şeyin yaxşı olduğunu gördü, bir qədər rahatladı. Anam ağciyər xərçəngi idi. Mənim ən böyük ağrım anam oldu.

- Səhər xanım bildi Zöhrə xanımın öldüyünü? Gizlətmədiniz ki?

- Yox, niyə gizlədək? Orada alman həkim baxıb demişdi ki, uzağı bir ay yaşayacaq. Anam da qayıdıb ki, nə deyir, bu nemes sizə? Mənim nə vaxt öləcəyimi? Atam deyib ki, ay Zöhrə, nə ölmək? Deyir ki, yaxşılaşırsan. 62 yaş nə idi ki…

- Musa Yaqubun vəziyyəti necə idi o vaxt?

- Yaxşı idi. Rəhmətə gedəndən bir ay sonra kəndə getmişdim. “Persona” verilişi gedirdi. Orada atamı gördüm, elə darıxdım ki… Atam orada necə gümrah, sağlam görünürdü. Atam xəstələnəndən sonra səsini itirmişdi. Mənə elə gəldi ki, neçə illərdi mən atamı itirmişəm. O gecəni yata bilmədim. Mən onun məqamını, kim olduğunu, ruhunu bilirdim. Qızından çox ruh balası idim.

- Ağrılarını hiss edirdiniz?

- Hiss edirdim. Sizə qəribə gələr, bəlkə də, amma kəndə nə vaxt getsəm, ev dolu olurdu. Azərbaycanda onun qədər ziyarət olunan insan olmayıb. Avtobuslarla gəlirdilər. Növbə ilə girib-çıxırdılar. Amma o çoxluğun içində onun gözlərində bir darıxqanlıq olurdu ki… Bəzən o darıxqanlıq olanda istəyirdim, qışqırsın, ağlasın. Başını aşağı salıb susqun-susqun dururdu, danışmırdı. O vaxt deyirdim ki, kaş ölümünü görərdim, belə gününü görməzdim. Məni çox yandırırdı bu. Çünki bizim evimiz həmişə qonaqlı-qaralı, sevgi dolu bir ev olub. Elə günümüz yox idi ki, qonaq olmasın. Atamın dostları… Necə qarşılayardı onları. O gün Sabir Rüstəmxanlıyla danışıram, atamın qəbir daşını paylaşmışdı. O gün o qədər darıxdım ki… Yazmışdı ki, Musa, evin yox, məzarın çəkdi məni. Buynuz mənə necə yad gəldi doğma adamsız. Oturub yapışmışdı daşından. Onda dəli oldum, götürdüm yazdım ki, o qədər darıxdım sizlərdən ötəri. Onun özündən, təbəssümündən ötəri. Çox saf idi mənim atam, çox səmimi idi. Bütün paxıllıqlardan uzaq idi. Bu adam sevgi ilə, dostları ilə axarlı-baxarlı yaşayırdı. Düzdü, hamının atası onun üçün əzizdir. O da belə seçilmiş insan ola... Onun məqamını, fərqliliyini, dəyərini bilirsən. O mənim üçün dəyər idi.

- Bəs atanızın sizə münasibəti necə idi?

- Bilirsiniz, hamının atası kimi ata idi. İşə gedib-gəlirdi. Bir fərqi vardı, mütləq həftədə bir dəfə bizi evdən çıxarmalıydı. Süfrə arxasında iki saat otururduq. Bir az içib maraqlı söhbətlər edirdi. Anam çox gözəl yeməklər bişirirdi. Axşamdan sifariş verərdi ki, onu bişir, bunu bişir. Həmişə bir qədəh içər, şeirlər deyərdi. Abbas Tufarqanlıdan aşıq havası ilə zümzümə edərdi. O süfrə adi süfrə deyildi. Ədəbiyyat idi, bilmədiyimiz bir şeir idi. Biz ərköyün böyüməmişik. Dediyi hər şeyi o dəqiqə edirdik. Heç nəyi iki dəfə deməzdi. Çay istəyəndə ikinci dəfə deməzdi, gedib özü süzərdi. Deyərdi ki, namərdə yalvarınca qoy aparsın sellər məni. O bir sözünün iki olmasına öyrəşməmişdi.

- Ananızla aralarında 11 yaş fərq olub. Necə idi münasibətləri?

- Çox gözəl. Bu yaşa qədər mən onların arasında bir dəfə söz-söhbət görməmişəm. Bilirsiz, anamın anası olmayıb, ögey ana əlində böyüyüb . Düzdü, nənəsi olub. Amma 16 yaşından atamın yanında formalaşıb. Atam onun hər şeyi idi. Atası, anası, güvəndiyi idi. Ona görə də ona bir başqa sevgisi, hörməti vardı. Anamdan sonra atama çox ağır oldu. İndiki zəmanə uşaqlarında qayğı bizim dövrdəki kimi deyil, ola da bilməz axı. Düzdü, biz də gənc idik, amma müasir gənclər tamam başqadı.

- Ananızı qısqanırdı?

- Yox .Heç vaxt. Anam da onu qısqanmırdı. Anam bilirdi, o şeirlər kimlərə yazılıb. Yenə də qısqanmırdı.

- Onun böyüklüyünü bilirdi.

- Bilirdi ki, “Öyrətmə özünə, öyrətmə məni” başqa mənbədən doğulan mövzudu, amma atamın sevgisi də başqa idi. Ailəyə diqqəti elə böyük idi ki...

- Bilirik ki, şairlərin sevdiyi qadınlar olur. Elə xanım var ki, deyir mənim həyat yoldaşım şair olub başqasına şeir yazsa, qısqanaram. Musa Yaqub başqa qadınlara şeir yazanda xanımı necə olurdu ki, qısqanmırdı?

- Bir söz deyim, xanımlarından başqa qız uşaqları da atalarını qısqanırlar. Bizim ona, onun bizə sevgisi elə böyük idi ki, onu qısqanmırdıq.

- Hiss eləmişdiniz kimisə sevdiyini?

- Yox, hiss elətdirməzdi. Onun bütün şeirləri mənim əlimin altından keçib. Mən doğuluşdan ədəbiyyatı sevirdim. Altıncı sinifdə oxuyanda şeir dəftərim var idi. Orada atamın yox, başqa şairlərin şeirləri var idi. Atamın şeirlərini səsləndirməyi sevərdim. Çingiz Ələkbərzadə bizə gələrdi. Atamın ən yaxın dostu idi. Səhər piano çalardı. Mən şeirlər deyərdim, kasetə yazardıq. O qədər gözəl alınırdı ki... Çingiz əmi bizdə qalanda səhərə kimi o kasetə qulaq asardı. Atamın poeziyası həyat, düşüncə tərzim olub. İndi də elədir.

- Kimlərlə dostluq edərdi?

- Çingiz Ələkbərzadə, Sabir Rüstəmxanlı, Tofiq Bayram, Ramiz Rövşən. Tez-tez görüşərdilər. Atam məclis adamı idi. Şeirləri onun səsində bir başqa cür mənalanırdı.

- Mənim atam insult keçirəndən sonra səsi batdı. Və bundan sonra heç vaxt mən onun güldüyünü görmədim.. Sizin atanızda da elə oldu?

- Hə, danışmırdı. Nə istədiyini işarə ilə başa salırdı. Səsindən ötrü darıxırdım. Amma dostları gələndə çox sevinirdi. Onun üçün “Kulis”də yazılanları, şeirlər oxuyurdum. Əli Kərimdən, Nazim Hikmətdən. Soruşurdum ki, necədir? Deyərdi, daha yaxşı yazmaq olar. Ən zəif şeirə də pis deməzdi. “Qəlbindən belə gəlib” deyərdi. Cavanlıqdan heç kəsi pisləməz, hamını olduğu kimi qəbul edərdi. Ən pis vəziyyətində belə dostları gələndə əhvalı düzələrdi.

- Bir videoyaya baxdım, Yaqub Zurufçu gəlmişdi. Musa Yaquba baxıb ağlayırdı.

- Onda atamın ən pis vaxtları idi. Amma ondan sonra dörd il yaşadı. Onun yaşamağı bir möcüzə idi. Deyirdi, görürsən, Yaqut, oxucuların duası məni yaşadır. Ona o qədər dua edirdilər ki. Onun həyatı nümunə idi. Kişi kimi yaşadı, nə boyda sevgi qazandı. Sizə bir şey deyim, o nirvanada idi, ona heç nə təsir etmirdi. O qədər xoşbəxt insan, xoşbəxt şair idi ki... Ailəsi, onu sevən dostları. Dostları Qəbələyə gedəndə də, gələndə də onu ziyarət edirdilər. İndi də məzarını...

- Yaşadığı ev boşdur?

- Yox. Qardaşım baxır. O vaxtlar da, əsasən, maydan sonra adam çox olurdu. Şəhərdə qala bilmirdi. Elə deyirdi, bala, gedək Buynuza. O öz torpağı ilə bütünləşmişdi.

- Neyləyirdi orda?

- O orada özünə bir dünya qurmuşdu. Birincisi, eşidən kimi Musa Buynuzdadı, hamı onu görməyə gəlirdi. Tək qalmırdı. Yeyib-içib zarafatlaşırdılar.

- Musa müəllim içirdimi?

- Hə, özü hazırladığı araqlardan azca içirdi. Dostları ilə olanda da, bizimlə olanda da. Anam toya gedəndə istəmirdi atam içsin, düzdü, o heç vaxt sərxoş olmazdı, anam içib özünə ziyan vurmağını istəmirdi. Anam narahat idi ki, mən gedərəm, Musa qalar.

Mənim dan ulduzum batdı qəfildən

Batdı batmağına mən inanmadım.

Birdən bəxtimin də yuxusu gəldi.

Yatdı yatmağına, mən inanmadım.

Ömründə inanmazdıq ki, anamız gedər, həmişə atamızı düşünərdik ki, o olmasa, mən bu həyətə necə girəcəm? Atamın videolarına baxanda kövrəlirdim ki, bir gün atam olmayanda necə olacaq? Anam o qədər gümrah, o qədər həyat dolu bir insan idi, inanmazdım gedər. Onun gedişi həyatımı elə dəyişdi ki, körpə uşaq kimi tək qaldım dünyada. Atamın bütün otaqlarda şəkili var. Ona baxıb “sabahın xeyir” demədən günə başlamıram.

O qədər gözəl şerlər yazıb ki... İçindəkiləri töküb şeirlərə.

Dünyanın ən bəxtəvər adamısan ki,

Mənim ölməyimi görməyəcəksən.

Ən gözəl şeirlərini anama yazdı. Amma anam gedəndən sonra çökdü. Elə bil birdən-birə 15 il qocaldı anamsız.

- Heç ağladığını görmüsünüz?

- Hə. Hərdən ikimiz olanda. Bir dəfə Əli Kərimin “O, dünyada yoxuymuş” şerini oxudum ona. Elə hönkürüb ağladı ki...

Dünyanın ən qərib, darıxqan yeri

Sənin olmadığın yerdi mənimçün.

Məni də yaşamağa qoymadı. Onun qayğısı, acısı ruhuma çökdü. Məni həm çox güclü, həm də çox zəif etdi.

- Necə yazırdı? Yazı prosesi necə idi?

- Bir dəfə atam haqqında ”Yanğı” adlı bir film çəkmişdilər. Mən orada dedim ki, atamın yazı masası olmayıb. Hərdən gecələr oturub yazardı. O vaxtlar qəzet alardıq. Qəzetlərin qırağında bir misra görərdik. Biz onları elə qoruyurduq. Hər şeyi hazırlayıb, sonra köçürürdü. Arada yemək yeyəndə beynində olanları mahnı kimi oxuyurdu.

- Çap olunmayan şerləri varmı?

- Yox. Bir dəfə arxivini tökdüm. Əmimin qırxına getmişdim. Dedi, get arxivimi gətir, işləyək. Dedim, Bakıdakıları da gətirim, sonra. Məni gözləmədi, qəflətən rəhmətə getdi. Üç gün qabaq Ramiz Qusarçaylı getmişdi yanına. Onda elə yaxşıydı ki… Üç günün içində getdi. Qəflətən şəkəri qalxıb, ürəyi üç gün işləməyib.

- Məişətdə nələri xoşlayardı?

- Yaxşı yeməyi. Qurmanı idi. Anamla birgə xəngəl, qutab hazırlayardılar. Bir dəfə bizə gəlmişdi, mən də qulyaş hazırlamışdım. Yanına düyü hazırlayanda atam dedi, tez ol ver. Məndə axşam bişirdiyim makaronu isitdim. Qarşısına qoyan kimi dedi ki, mənə boyat makaron verir. Ağız dadı çox gözəl idi.

- Nə bişirə bilirdi?

- Ətlə bağlı olan hər şeyi. Anamla xəmir xörəkləri hazırlayardılar. Aşı da sevirdi, həlimini də. İnsan onunla darıxmırdı.

- Gənclər gəlib-gedirdilər yanına. Zəifləmişdi. Onunla şəkil çəkib paylaşırdılar. İnsan istərdi xatirələrdə əvvəlki kimi qalsın. Yorulmurdu ki?

- Yox, əksinə, sevinirdi. Böyüklə böyük, kiçiklə kiçik idi. Təbiəti çox sevirdi. Deyirdi, təbiəti o qədər sevdim ki, Allah əsanı mənə hədiyyə etdi.

- Təbiətlə ünsiyyəti necə idi?

- Ağaclara o qədər şeir yazıb ki... O şeirlərin hər biri insan taleyi idi. Təbiətlə cəmiyyəti bütövləşdirirdi. Bütün həyatının ağrısını, acısını o ağacların üstündən verirdi. O qədər gözəl təsvir edirdi. Bütün bitkiləri, ağacları tanıyırdı. Onun təbiət sevgisi Buynuz idi. Qala bilmirdi şəhərdə. Sabir əmi deyirdi ki, barmağına əsgi bağla, elə sən də müqəddəsən. Kənddə dağdağan ağacı vardı, altında oturardı. Təbiəti duyurdu. Uşaqlar üçün bitkilər barədə şeirlər yazmışdı. Deyirdi, bala, uşaqlar bitkiləri tanımır. Kitab balaca coğrafiya kitabına bənzəyirdi.

- Musa Yaqub özünün kim olduğunu, hansı səviyyədə olduğunu bilirdimi?

- Bu dünyada insanlıqdan uca şey yoxdur. Atam olduğuna görə demirəm, Musa Yaqubun şəxsiyyəti ilə poeziyası üst-üstə düşməsəydi, onu bu qədər sevməzdim. Bütün şairləri çox gözəl tanıyıram. Çox sevdiyim şair var ki, tanıyandan sonra demişəm ki, deməli, bu ancaq yazanda bu duyğuları yaşıyır. Sonra mən onu oxuya bilmirəm. Əzbər bildiyim şeirlərini dilə gətirməmişəm. İnsan nəyəsə hərtərəfli inanmaq istəyir, ortası yoxdur. Başa düşmürəm, necə olur ki, sənin həyatın elə olsun, yazdıqların belə. Musa Yaqub elə deyildi. O, tərtəmiz, ümid dolu idi. Onun şerlərini indi də oxuyanda görürəm ki, insanı hər məqamda insan olmağa səsləyir. Onun şeirlərini əsəbi halda belə oxuyanda sənin insanlığın oyanır. Onun nuru, işığı var idi. Şeriyyətində kin, qəzəb deyilən şey yox idi.

Tərtəmiz baxışla.dumduru gözlə,
Dünyaya baxanda dünya nə gözəl.

Ya da deyirdi ki;

Bu gözəl dünyamız insafa qalsa,
Ürəkdə məhəbbət ayağa qalxsa,
Ürəkdə ülviyyət ayağa qalxsa,
Bəlkə, bir bənövşə kövrəkliyilə,
Nə bilim, bir çəmən çiçəkliyilə,
Bir gül baxışıyla, yarpaq diliylə,
Mehr olsa, bir məsum uşaq əliylə
Dünyanı idarə eləmək olar.

Musa Yaqub budu mənim üçün, Mənə bu dünyada mizan-tərəzi tutmağı öyrətdi. Musa Yaqub mənim üçün bir meyardır. O bu insanlığı saxlaya bildisə, biz kimik saxlamayaq.

- Ən çox kimləri oxuyurdu?

- Nazim Hikmət, Yesenini. “Odlu diyar” əsərini çox sevirdi. Bir dəfə Yusif Səmədoğlunun “Qətl günü” əsərini oxuyub bütün günü dostları ilə müzakirə etdilər. Çox kitab oxuyurdı.

- Onu son illər şeiri ilə, nəsri ilə təəcübləndirən olmuşdumu?

- Əvvələr Səhər Əhmədin bir neçə şeirini oxumuşdum. O vaxtlar ruhuma uyğun idi. Məsələn deyərdi ki, Yaqut, mənə Ramizi sən sevdirdin. Mən Ramiz Rövşənin şeirlərini dəli vaxtlarımda çox oxuyardım. Xaqanini çox sevirdi. O bizim evimizin ən çox sevilən şairi idi. Ona əsər də həsr eləyib. Əli Kərimdən, Əliağa Kürçaylıdan, Qabildən sevdiyi misralar vardı.

- Dostlarından çoxu vəfat etmişdi. Ən çox hansının ölümü təsir etmişdi ona?

- Qabil, Tofiq Bayram, Məmməd Araz. O, atamın “Bu dünyanın qara daşı göyərməz” şeirinə cavab da yazmışdı. Xəstə olanda dədəm yanına getmişdi. Demişdi ki, Musa, doğrudan da dünyanın qara daşı göyərməz. Gedən qayıtmaz. Həll olunmayan problemlərimiz qara daşdı, əslində, göyərmir. Məmməd Arazı çox sevirdi. Ruhları yaxın idi.

- Əşyaları rayondadı. İndi iş masasını görmək istəsək, rayona getməliyik?

- Heç nəyə toxunmamışıq, dedilər, bəlkə, muzey oldu.

- Son günlərini necə xatırlayırsınız?

- Həmin gün yanında deyildim. Mən gəlməmişdən üç dəqiqə qabaq keçinmişdi. Əlləri hələ isti idi. Əllərindən tutdum, sıxdı əllərimi. Elə şəklimiz də var. Heç hazır deyildik. Hər dəfə pis olurdu, yenə ayılırdı. Son günlər çox narahat idi. Yuxu yatmırdı, məni də yatmağa qoymurdu. Çox yorulmuşdum. Bir az dincəlmək istədim. Ondan bezmirdim, sadəcə yorulmuşdum.

- Yuxuda görürsünüz?

- Bircə dəfə görmüşəm. Qəbiristanlığın yanındaydım. Böyük maşınla gəldi, dedim, məni də apar. Qapını açdı, oturdum, getdik...

# 2018 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #