Bu sözləri işlətməsək, azərbaycanlaşacağıqmı? - Seymur Baycana cavab

Bu sözləri işlətməsək, azərbaycanlaşacağıqmı? - Seymur Baycana cavab
20 aprel 2023
# 13:24

Kulis.az Səmra Həsənzadənin “Türk sözləri məsələsi” adlı yeni yazısını təqdim edir.

Öncəliklə, (elə məhz “öncəliklə”, “hər şeydən əvvəl” yox!) dilin işarələr sistemi olması dillə az-çox məşğul olan hər kəsə aydın məsələdir. Söz də dil işarəsi kimi bütün dillərə xas olan bir vahiddir. Antik dövrdə əşyanın adı ilə mahiyyəti arasında əlaqə problemi filosofları maraqlandıran məsələlərdən idi, dövrümüzə qədər də çətin ki, elə bir dilçilik cərəyanı tapılsın ki, bu mövzuya toxunmamış olsun. Axır gəlib belə bir mövqedə dayanmışıq ki, adlar əşyaya adətə görə verilir və bunun heç bir məntiqi açıqlaması yoxdur. Bunu ona görə başlanğıcda qeyd eləmək istədim ki, “filankəsin uydurduğu saxta, sintetik sözlər”, “filankəsin uydurduğu sözdən ağına-bozuna baxmadan istifadə etmək” və s. kimi ifadələr işlədəndə, ən azından nəzərə almaq lazımdır ki, dil yaranan gündən bəri onsuz da sözlər uydurma olub. Heç kim şüurlu şəkildə papağın qabağına qoyub gəlin bu sözü bu məntiqə əsasən yaradaq deməyib.

İkincisi, zaman-zaman dilə psixoloji, bioloji, sosial aspektdən baxıblar. Düzdür, indi bunun birini misal gətirib, əldə tutaraq sırf bu istiqamətdə dil yaranıb demək yanlış olar, amma dil, az-çox bu baxış bucaqlarının kombinasiyası şəklində qurulub – deyə bilərəm hər halda. Burda əsas lazım olan sosial baxışdır, çünki dil işarəsi də fəaliyyət prosesində ictimai və ekstralinqvistik faktorların təsirinə məruz qalır. Bu ictimai faktorlar dilə təsir etdikcə artıq işarənin ixtiyari (dil işarəsinin ixtiyariliyi o deməkdir ki, dil birliyi işarənin fəaliyyətinə müdaxilə etmək iqtidarında deyil) olması məhdudlaşır, bir başqa deyişlə, artıq dil daşıyıcıları ona şüurlu təsir göstərməyə başlayırlar. Hə, baxın bundan sonra artıq dil işarəsinin motivləşməsindən danışmaq olar.

Üçüncüsü, gəlirik ekstralinqvistik faktorlara, çünki dillərarası əlaqələr məhz elə ekstralinqvistik amillərin məhsuludur. Əvvəlcə, nikahlar vasitəsilə, sonra tayfa və xalqların toqquşması, daha sonra bütöv bir ölçüdə dil dairələrinin qarışması və s. şəklində dillərin qarşılıqlı əlaqələri yaranır. Müasir dövrümüzdə də istər sosial medianın təsiri, istərsə də müxtəlif seriallar, proqramlar vasitəsilə dilimizə Türkiyə türkcəsindən yüklü miqdarda sözlər daxil olub. O sözlər ki, onların istifadəsi dilimizin keşiyini çəkən “dil qorumacıları” tərəfindən “tənqid edilir”. O şəxslərin milli dil təəssübkeşliyini və sizif əməyini sadəcə alqışlamaq olar. Hələ onu da qeyd edim ki, bu sözlər hazırda dilçilik lüğətlərimizdə yoxdur, amma hansı neologizmlər elə gələn kimi lüğətə oturub?! Söz birinci növbədə müəyyən təsirlərlə dilə daxil olacaq, sonra ədəbiyyatda özün göstərəcək, sonra lüğətdə öz əksini tapacaq (fürsətdən istifadə qeyd edim ki, müasir dövr yazıçıların əsərlərini oxuduqca belə sözlərə rast gəlirəm. Hətta, bu yaxınlarda “Əbuhübb” romanında külli miqdarda Türkiyə türkcəsindən keçmiş sözlər qarşıma çıxdı. Yəni deməyim odur ki, bunlar bütün gününü Yutub, Feysbuk qarşısında keçirən hanısa uşaq-muşağın yazdığı ədəbiyyat örnəklərində (elə məhz örnəklər!) yox, Azərbaycanın ali dərəcəli teatrşünası, romançı, eyni zamanda da dilə və ədəbiyyata dair məxsusi fikirləri olan Aydın Talıbzadədə var). Necə ki, arxaizmlər əvvəlcə insanlar arasında işlənmə tezliyi aşağı düşür, passiv fonda keçərək lüğətdən yığışdırılırsa, bu da elə. A.Şlayxerin ifadəsini mən bu dəfə sözə uyğunlaşdırıb deyim ki, sözlər müəyyən bir dildə doğulur, böyüyür və ölür! Bu qədər sadə. Bunun qarşısında dayanmaq əbəsdir, lazımsız prosesdir və vaxt itkisidir. Artıq deməkdən yorulmuşuq ki, dilin təbii inkişafına müdaxilə eləmək olmaz, bu inkişaf bir-iki nəfərin işi deyil və ən axırda cəmiyyətlə hesablaşmalı olur. Biz nə qədər durub, ay Əli, ay Vəli televiziyada, yazıda bu sözü işlətmə, elə yazma, belə danışma deyib özümüzə əl qatsaq, heç bir xeyiri yoxdur! Axının qarşısını balaca budaqla almaq nə dərəcədə mümkündür? Bu da elə. Təbii haldır, olmalıdır, olub, olur və olacaq. Çünki dil statik deyil, dinamik məhsuldur!

“Uydurma” adlandırılan və işlənməsinin irad kimi tutulduğu bəzi sözlərin, əgər belə demək mümkündürsə, tarixçəsinə baxaq, görək nədir, bu sözlər, doğrudan, uyduruldu, göydən endi və bir hal oldu?!

XIII-XIV əsrlərdə dilimizdə analitizm aqqlütinasiyaya üstün gəlib. Məsələn, “axır olmaq” qutarmaq mənasında, “tamam eyləmək” bitirmək mənasında və s. XX əsrin əvvəllərindən başlayaraq bu proses, necə deyərlər, tərsinə çevrildi. Çünki, Azərbaycan dili aqqlütinativ dildir, sintetik quruluşludur və zaman keçdikcə analitizm elementləri zəifləməyə məhkumdur. İndi kim deyə bilər ki, 100 il sonra “dil tarixi” kitabları “XXI əsrin əvvəllərində analitizm aradan qalxırdı yazmayacaq? Necə? “iştirak etdi” yerinə “qatıldı”, “baş tutdu”, “baş verdi” yerinə “yaşandı”, “seyr edir”, “tamaşa edir” yerinə “izləyir, “xor baxmaq” yerinə “aşağılayır”, “təftiş edir” yerinə “sorğulayır”, “nümayiş etdirir” yerinə “sərgiləyir” deməklə...siyahını istəyən özü n qədər belə sözlər tapıb davam etdirə bilər.

İndi sual edə bilərsiz ki, “qatıldı”, “izlədi” bizim dildə başqa mənadadır. Onda həmin şəxsə cavab olaraq dildə omonimlikdən başlayıb məna transformasiyasından danışıb, eyni zamanda bu hadisənin sırf təsadüfi bir xarakter daşıdığını izah etmək lazımdır. Çünki öyrənmək heç vaxt gec deyil.

Üstəlik, onu da deyim ki, sorğu, sərgi, aşağı varsa, niyə sorğulamaq, aşağılamaq, sərgiləmək olmasın? Dildə sözlər şəkilçilər hesabına çoxalmır, bəyəm? Bunlar nə vaxtdan və hansı Türkiyə türkcəsindən keçmə sözdür axı?

Qərəz, bu yaxınlarda Seymur Baycan bir yazısında nümunə kimi bir xeyli söz göstərdikdən sonra (elə yuxardakı nümunələr də ona aiddir) yazır ki, “Akop Martayanın uydurduğu saxta, süni, sintetik sözləri ağına-bozuna baxmadan gətirib Azərbaycan dilinə doldurmaq, istifadə etmək azərbaycanlılara qətiyyən yaxşı heç nə vəd etmir”. Gəlin, müəllifin nümunə kimi göstərdiyi sözlərin tarixinə baxaq, sonra əlinizi vicdanına qoyub hökmü xalq özü versin.

Anmaq, anılmaq (xatırlamaq) – Orta türkcədə bir neçə qaynaqda rast gəlinib, məsələn: munı ke aŋa(bunu yaxşı xatırla) Əhməd Yüknəki “Аtаbətül Həqаyiq”

Yetinmək (gücü çatmaq, qane olmaq) - Əski türkcədə, uyğur abidələrində işlənib. Nümunə M.Kaşğarinin “Divani-lüğat-ittürk”dən “andaġ süke kim yéter” (belə orduya kimin gücü çatar)

Evren (kainat) – Əski türkcədə “evirmek” sözündən yaranmışdır, döngü sözünə sinonimdir. Y.Balasaqunlunun “Kutadqu-bilik”, M.Kaşğarinin lüğətində “çarx, döngü” mənasında işlənib, sonralar kainatın həmişə bir döngü halında olmasına uyğun olaraq mənası köçürülüb.

Ərgən (yeniyetmə) – “çatmaq” mənasında işlənən “ər” sözündən yaranmışdır. Əski türkcədə həddi-büluğa çatmış şəxslərə qarşı istifadə etməklə yanaşı, subay oğlan nəzərdə tutulub. “Divani-lüğət-it-türk”də nümunəsi var.

Aşırı (ifrat) – Əski türkcədə “aşru” sözündən yaranmışdır. Aġırladı aşru tükel boldı kut (böyük ehtiram göstərdi, ikbalı tamam oldu) Y.Balasaqunlu “Kutadqu-bilik”.

Sonra “duyğusal” sözünü göstərərək müəllif iddia edir ki, türk dilində “sal” şəkilçisi yoxdur. 1665-ci ildə Övliya Çələbin “Səyahətnamə”sində belə bir cümlə keçir:Akdeniz kenārında bir körfez nihāyetinde bir düz kumsāl”. İndiki fakt gözümüzün qabağındadır, bir prosesin işləkliyin az olması ona “yoxdur” deməyə bizə haqq verməz. Yaxşı ki, Övliya Çələbi “Səyahətnamə” yazıb, yoxsa Akop Martayan “sal” şəkilçisi üçün də qəbrində bir xeyli dönməli olacaqdı.

Sözlərimi çox uzatmaq istəmirəm, ona görə də geri qalan sözləri toplu şəkildə göstərirəm: Yorum, özət, yöntem, önəmli, dəngə... bu sözlər, düzdür, XX əsrdə yaranıb istifadə edilməyə başlasa da, hər birinin kökü (yor/yoz, öz, yön, dən/tən) qədim türk kitabələrində işlənmişdir. Maraqlananlar gedib baxa bilərlər. Eyni qaydalar, yayğın, yetinmək, toplum, ortam və s. kimi sözlərə də aiddir.

Əvvəlcə demişdim qərarı siz – bu xalqın nümayəndələri verərsiz. Nə düşündünüz? Bu sözləri Akop Martayanın ayağına yazsaq belə (ki vəziyyət elə deyil), heç biri saxta, süni, sintetik deyil. Onu da deyim, Seymur müəllimin yazısını oxuyanda əllərimi bir-birinə sürtə-sürtə bəh-bəhlə, “bəs sənin qarşılıq kimi göstərdiyin sözlər Azərbaycan sözləri deyil, ərəb-fars sözləridir” deməyə hazırlaşırdım ki, nə görsəm yaxşıdır? Yazır ki, “mənim qarşılıq kimi göstərdiyim sözlər Azərbaycan dilinə belə deyək, oturublar, bir növ bu sözlər artıq çoxdan azərbaycanlaşıblar”. Düzü, burda əsəbimi cilovlaya bilmədim, indi mən bu yazını bura qədər boşuna oxumuşam?! Bu bircə cümlə, xarab meyvə məsəlinə döndü lap. Dilxor oldum, bəs bu ərəb-fars sözləri ilk dəfə gələndə dili korlamırdı? Niyə icazə vermirsiz ki, bu yeni gələn binəva sözlər də dilimizə oturuşsunlar, necə deyirsiz, azərbaycanlaşsınlar? Üstəlik, onlar hər hansısa yad millətin, yad dilin sözləri olduğu halda, mən niyə ortaq abidədə istifadə edilən sözləri Azərbaycan dilində işlətməməliyəm? Bir də bu sözlər hardan tək türkiyəlilərin oldu? Hələlik bu sözlər bizə hər nə qədər əcaib görünsə də, qarşısında durmağa sosial, məntiqli və s. heç bir əsas yoxdur.

Dil haqqında müzakirə olunacaq çox məsələ var, amma bu, heç də Azərbaycan dilinin əsas məsələsi, problemi deyil. Bu yazını da özümü sıxıb-sıxıb, ədəbi dil mövzusunda yazdığım dissertasiyanın ortasında və daha başa düşülən tərzdə iraq Seymur Baycana formatında yazdım ki, bəlkə, bu mövzu bir az səngimək bilə.

Qayıdaq daha ciddi milli problemlərimizə. Bu sözləri işlətməsək, biz çox azərbaycanlaşacağıqmı? Cavabı, mənə elə gəlir ki, sadədir: Seymur Baycan ədəbiyyatı çox irəli apardı, indi də istəyir öz mübarizəsini dillə davam etdirə...

Sonda təklif edirəm ki, gəlin dilimizdən “bilmirəm” sözün çıxaraq. Onsuz millətimin əziz nümayəndələri hər şeyi bilir. Söz (!) yerinə, yurduna, ziyalısına, xalqına çəkər, Əziz Nesin burda deyirdi ki, “Bilmediğin hiç bir şey yok/ Her şeyi sen biliyorsun”...

# 4787 dəfə oxunub

Müəllifin son yazıları

# # #