Kulis.az Səmra Həsənzadənin yeni yazısını təqdim edir.
Bir dil süni bir yolla xəlq oluna bilməz. Dil təbii bir məxluqdur. Onun xəllaqı (qurucusu) isə üdəba (ədib) və mühərrirlər (jurnalistlər) olmayıb, xalq özüdür. Bir şair ilə bir ədibin ərəb və yа fars qamuslarını (sözlüklərini) vərəqləyib də xoşuna gəldiyi bir sözü həmən mətbuata atmaqla dil islah deyil, xarab olar, pozular....
M.Ə.Rəsulzadə
Təfərrüatına varmadan, sadə dil hadisəsi kimi fikirləşəndə bu, ilk baxışda çox asan başa gələn görünür. Ancaq aysberqin görünməyən tərəflərini də göstərək görək, bizim türk dilini arzulamağımız özündə daha ciddiyyətli nələri cəmləşdirir? O görmədiyimiz tərəflər ki, onların aydın olmaması bəzilərinə “ədəbi dilimizi dəyişməliyik” ifadəsini işlətmə cəsarəti verir.
Nədir ədəbi dil? Ədəbi dil ümumxalq dili əsasında seçmə və əvəzetmə yolu ilə meydana çıxan nitq təzahürüdür. Dilin işlənmiş formasıdır, ümumi qəbul edilmiş normativ dildir. İnsanlar gündəlik ünsiyyətdə olarkən, eləcə də fikirlərini ifadə edərkən bəzi yüksək normativlərə ehtiyac duyurlar. Bunun nəticəsində də ədəbi dil yaranır. Hər bir ədəbi dilin əsasını isə müəyyən bir dialekt və ya dialekt qrupu təşkil edir. Bunları ona görə bir-bir yazıram ki, əvvəla əmələgəlmə prosesinin təsvir etdiyimiz qədər sadə olmadığını, ədəbi dilin yaranması, formalaşmasını yüzilliklər tələb edən bir hadisə olduğunu bildirmək lazımdır. Ədəbi dilin yaradılmasında, inkişafında və eyni zamanda zənginləşməsində bilavasitə cəmiyyət və onun ayrı-ayrı yaradıcı nümayəndələri başlıca rol oynayır. Sadə dillə desəm, xalqın içərisindən çıxmış yaradıcı şəxsiyyət xalq dilinin incəliklərini dərindən bilir və həmin bilikləri öz əsərlərinə elə ustalıqla əks elətdirir ki, nəticədə ondan sonra gələn mədəniyyət xadimləri, görkəmli ziyalılar həmin qaydaları ənənə halına salır. Və bu ənənə özünü norma şəklində göstərir. Yəni, ədəbi dilin əsasında həmin bu norma adlandırdığımız ənənə dayanır. Ənənə demək ata mirası, ənənə yəni, düşüncələrimiz, ənənə dilimiz deməkdir! Yerimizdən qalxıb “gəlin ədəbi dilimizi dəyişək” demək şüursuzca yanaşmadır, ən azından ona görə ki, onun yaranması keçmiş ədəbi nəsillərin yaradıcılıq istedadını, dünyagörüşünü və gənc nəsillərə qoyub getdiklərinin əyani şahididir.
Yəni ədəbi dilin ümumdil kimi qəbulu etnosla yanaşı gedir deyə dəyişmir, sadəcə olaraq təkmilləşir ki, bu proses də norma ilə bağlıdır. Dəyişən normadır. Norma da tarixi kateqoriyadır. Təbiidir ki, dövr dəyişdikcə xalqın həyatında baş verən mənfi, yaxud müsbət hadisələr özünü ən birinci şəkildə dildə göstərəcək. Siyasi, sosial, iqtisadi, mədəni hadisələr istər-istəməz normaya öz təsiri göstərir. Məsələn, XIII-XIV əsrlərdə ərəb və fars dillərinin təsiri ilə leksik qat bu mənşədən olan sözlərin təsirinə məruz qalmışdır. Və yaxud da XIX-XX əsərlərdə siyasi şəraitin dəyişməsi rus və rus dili vasitəsilə Avropa sözlərinin normaya təsiri müşahidə olunub.
Ədəbi dili dövlət dilinə bərabər hesab edən dilçilər var. Dövlət dili bu və ya başqa bir ölkədə yaşayanlar arasında ünsiyyət üçün müəyyənləşdirilmiş dilə deyilir. Bu düşüncə hər şeydən öncə ədəbi dilin tarixi haqqında yanlışlıqlar doğurur. Çox uzağa getmədən elə öz tariximizdən nümunə verməli olsaq, orta əsərlərə baxmaq kifayət edir ki, məsələdən agah olaq: bu zaman kəsiyində dövlət idarələrində rəsmi dəlillərdə ərəb və fars dillərindən istifadə olunurdu. Yəni ədəbi dilimiz hər nə qədər Azərbaycan dili olsa da, dövlət dil fakturası ərəb və fars dilinə məxsus idi. Bu isə öz növbəsində bu və ya başqa xalqın ədəbi dilinin təşəkkülü, dilin lüğət tərkibini, qrammatik quruluşunu, üslub xüsusiyyətləri və s. haqqında düzgün təsəvvürləri öyrənmə məsələsin mürəkkəbləşdirmişdir. Tarix gözümüz önündə canlı şahid olduğu halda “filan dili” dövlət dili kimi qəbul etməliyik” şəklində vaciblik önə sürmək heç bir məntiqə sığmır. Hələ-hələ bu bizə qonşu dildirsə.
Dövlət dili bir neçə prinsipə uyğun olaraq müəyyənləşdirilir ki, onlardan birincisi hakim xalqın dilini dövlət dili etməkdir. Azərbaycan dilinin də daxil olduğu bu prinsip birinci sırada dayanır. Fransada fransız, Almaniyada alman dillərini nümunə kimi göstərmək olar. İkinci olaraq, ölkə ərazisində olan azsaylı xalqlardan birinin dili dövlət dili səviyyəsinə qaldırılır. Məsələn, İndoneziyada indoneziya dili dövlət dilidir (bu, əsrlər boyu çoxdilli İndoneziya arxipelaqında lingua franka kimi istifadə edilən avstroneziya dili olan Malay dilinin standartlaşdırılmış çeşididir). Üçüncü, ölkə kənarında olan millətlərdən birinin dilini götürüb istifadə etməklə müəyyənləşən dövlət dilidir. Hazırda istifadəsi görünməsə də, müəyyən dövrlərdə Yaponiya, Koreya və s. kimi dövlətlərdə klassik Çin dili buna nümunədir. Nəhayət, müstəmləkəçi ölkənin dilini dövlət dili etmə prinsipidir ki, tarix boyu bunun bir çox nümunələrini görmüşük: Keniya, Qana, Misir və s. ingilis zorakılığı, Əlcəzair, Mərakeş və s. fransız müstəmləkəçiləri, SSRİ-nin yürütdüyü dil siyasəti və digərlərini nümunə göstərmək olar. Hər bir dövlətin də özünün müstəqil dövlət dili siyasəti olur; bunu görə-görə öz dilimizi hər hansısa fərqli dilin ayağına verməyi nə vicdan, nə də məntiq qəbul etmir.
Ən nəhayət, ədəbi dil və dövlət dili barəsində olan anlaşılmazlıqlar haqqında onu qeyd etməliyəm ki, ədəbi dil tək və yeganədir. Məsələn, ingilis ədəbi dili. Lakin bu dil bir çox ölkələrdə dövlət dili kimi özünü göstərir. Başlıca olaraq, ABŞ, BK...Hindistanda reginonal şəkildə özünü göstərən dillər, benqal, kaşmir, hindi, urdu, nepal və s. hər biri ədəbi dil səviyyəsinə yüksəlmiş dillərdir. Lakin Hindistanda iki dövlət dili özünü göstərir: hindi və ingilis. Və yaxuda da Pakistanda da belə bir dil situasiyası müşahidə olunur: urdu və ingilis dilləri isə dövlət dili kimi qəbul olunub. Dünyanın dövlət dili ənənəsindən aydın olur ki, bir ölkədə bir və ya bir neçə dövlət dili olduğu kimi, bir dilin bir neçə ölkədə işlədilməsi halları da mövcuddur. Amma dediyim kimi, bu prosesin oturması üçün əsrlər tələb olunur. Bu isə bir xalqın öz dilində tapmadığını müəyyən bir kəsimin (TikTokerlərdən tutmuş böyük nəşriyyatlara qədər) xalq dilinə gətirməyinə əsas qazandırmır. Dilin təbii inkişafına siyasi və ya hansısa bir məqsədlə diplomatik cinayət sayılar.
Dil bilmə mədəniyyəti nə qədər yüksəkdirsə, dilin özü də bir o qədər mükəmməldir və əksinə. Əgər bir dilin zənginliyi onun danışanları tərəfindən tələb olunmazsa, ana dilində danışanlar bu dildə yaxşı yaradıcılıq nümunələrinə qulaq asmırlarsa, o zaman dilin zənginliyi sadəcə olaraq unudulacaq. İstədiyimiz budursa, deməyin siz, əvəlallah Azərbaycan ədəbi dili əzəli yoxmuş. Yoxmuş Molla Nəsrəddin, yoxmuş Axundzadələr, Mirzə Cəlillər, Sabirlər...