Mənzərə dolu qəzadan keçib gəlmişəm - Əli Şirin Şükürlünün şeirləri

Əli Şirin Şükürlü, şair

Əli Şirin Şükürlü, şair

24 iyun 2022
# 17:00

Kulis.az Əli Şirin Şükürlünün şeirlərini təqdim edir.

Ədəbi suprematizm:

Birləşmə – mənzərə dolu qəza

Sürətlə şütüyən avtomobildən
seyr edirəm həyatı – pəncərədən irəli,
sonra da sağa – sola baxıram tez-tez,
paralel xətlər arasından irəli uzanan yolun
heç zaman bitməyəcəyi təsəvvürü
var düşüncəmdə.

Sağ tərəfə yönəldirəm baxışlarımı –
yaşıllıq daha çox cəlb etsə də məni,
yorulur baxışlarım, uzun müddət tab gətirmir
biristiqamətli müşahidələrə,
baxışlar yeni mənzərələr axtarışında:

Budur.
Göy üzü sanki nəhəng bir çadırdı
bir qırağı çöküb
uzanan yolun uzaqlığına –
yerlə göy birləşib bu “qəza” nəticəsində.
Və gedirsən, gedirsən, gedirsən ... və düşünürsən
artıq çatmalı idim axı mən qəza baş verən məkana.
Amma nə qədər getsən də ötə bilmirsən
mümkün olmayan hadisənin baş verdiyi məkanı:
irəlidə isə hələ də birləşmənin
şəkilə bənzər dəyişməyən əsrarəngiz mənzərəsi.

Evə çatarkən soruşur xanımım:
“Necə keçdi səfərin, necə gedib-gəldin?”
“Yaxşı” – söyləyirəm, sonra
üzümdə təbəssüm düşünürəm:
“Mənzərə dolu qəzadan keçib gəlmişəm – sonsuzluqdan:
mümkün olmayan hadisənin baş verdiyi məkandan”.

2022


Dualizm

Dünya ona görə mövcuddur ki, biz ona baxırıq.

C.Berkli

Olur ki, varlığımda iki adamın
dartışması gedir elə bil.
Sanki siam əkizləridi,
hərə bir tərəfə çəkir məni.

Son dəfə kənddə
uzaqdan sıra dağların boz rəngli mənzərəsinin göründüyü
və hələ uşaqlıqdan sevdiyim məkanda gəzdiyim zaman
içimdəki şəhərli qoymurdu məni kənd adamı olmağa:
“bu yerlərdən gedəcəksən a tezliklə”.

Fəlsəfəsi beynimi məşğul edən
Hissəciklər fizikası yenə də düşür yadıma – birdən
“mən” gəzdiyim zaman sevdiyim məkanların birində
yolum kəsişərsə “antimən”lə, yəni “antiözüm”lə,
(rastlaşdıq, ola bilər də, elm elə-belə deməzdi axı)
o zaman
nə soruşarıq öncə bir-birimizdən – yəqin ki:
“Əziz mən, sən necəsən, sən nə düşünürsən indi?”
Sonra, dəqiq, hər iki “mən” fikirləşər ki,
gerçək olan kimdir, görəsən.

İndi şəhərdə beton piltələr döşənmiş sahilindən
seyr edərkən dənizi
içimdəki bir kənd adamı səsləyir məni
uzaqdan heyrətamiz tabloya bənzəyən
boz rəngli sıra dağların göründüyü
çox sevdiyim məkana:
“Gerçək olan nədir, görəsən, –
doğurdanmı, yalnız baxdığım hər şey?!

04.04.2022


Əlahiddə bacarıq

Əlahiddə bir qabiliyyət var məndə – inanın:
qorxudur məni hərdən. Nə barədə düşünürəm
tez-gec keçir həyata.

Belə ki,
bu bacarıq sayəsində
pozula bilər tarazlığı kainatın:
heç nə elə-belə yaranmayıb ki.

Məsələn:
Böyük bir evdir. Azca aralı zibil qutuları.
Açılır geniş həyət darvazası o evin
və gözəl bir qadın
gözündə iri çərçivəli qara eynək
çıxır küçəyə.
Ürəyimdən keçir ki, bu gözəl qadınla
zibil qutusunda eşələnən adamın
ulduzları barışsın.

Ya da
varlı bir kişi saxlayıb bahalı avtomobilini,
salam versin
hər gün laqeyd-laqeyd ötüb keçdiyi küçəni
süpürən üzü örpəkli qadına.

Beləliklə,
zibil qutusunda eşələn o adam
tezliklə çevrilir yaraşıqlı kişiyə,
küçə süpürən qadın
qara eynək taxmağı sevən gözəl xanıma.

Amma
bir məsələ var burda –
onu demək istəyirdim bayaqdan:
bu çevrilmədə, görən,
pozula bilərmi tarazlığı kainatın,
bir səadət öldürərmi başqa birini.

Axı
heç nə elə-belə yaranmayıb ki.

Bir həqiqət var
qoy onu da deyim:
Həyata keçən hər arzu qatildi əslində.


Biosentrizm nəzəriyyəsi və yanlış zəng

(şeir-esse)

Yaz tətili vaxtı uşaqlıqdan sevdiyim,
kənd evimizdən bir az aralı,
dayandığım yerdən üç tərəfə uzandıqca uzanan
çöllüyə üz tuturam.
Boşluğu və hüdudsuzluğu uzaqlara yollayan yaşıllığı
yarımçevrə boyu qapayan evlərdə sınır baxışlarım. Sınıb
qayıdır gözlərimə və gözlərimdən beynimə süzülür
gətirdiyi mənzərələr bir anın içində.

Yaşıllığın uzaqlara ötürdüyü boşluğun nizamını
adda-budda gözə dəyən iribuynuzlular
və çəmənliyə qonan çöl quşları pozur azacıq.

Yaşıllıqda otlayan mal-qara, hənirtidən ürküb qəfil uçan
çöl quşları yaşamaq və özünü müdafiə instinktindən xəbər
verir. Düşünürəm ki, ağıl – yaşamaq naminə mübarizə üçün yox,
yaratmaq üçün Tanrı bəxşişidir.

Haranı və nəyi seyr edirəmsə sonsuzluqdan söz açır sanki;
uzandıqca uzanan yaşıllığın qoynuna sığınan boşluq, boşluğu
yarımçevrə boyu qapayan evlərin getdikcə gözdən itməsi,
çəmənlikdə gövşəyən mal-qaranın biganəliyi, qəfil pırr edib uçan
çöl quşları, yaxınlıqdakı su kanalı, qışdan sonra çılpaq ağaclar...
məkan və məkanı dolduran nə varsa “mən sonsuzam” –
söyləyir sanki astadan – “son: ani dayanmaları sonsuzluğun,
sürətlə şütüyən qatarın ani dayandığı stansiyalar misalı”.

Bir film kimi gördüyüm mənzərəyə daldığım zaman
ölüm dəyir gözümə birdən,
su kanalının kənarında çürüyən it cəsədinin üstünə qonan. Ölüm –
bu da gözgörəsi son. Amma qulağımda yeni bir pıçıltı:
ölüm bir illüziya, şüurun doğurduğu aldanış, mən sonsuzam,
N sayda kainatda N sayda versiyada mövcudam
azacıq fərqli ehtimallarla –
çoxlu sayda cürbəcür səslər qarışır bir-birinə.

Telefona zəng gəlir, diksinirəm:
gəl oynayaq, təzə zərlər almışam ... – səs
çox uzaqdan gəlir elə bil, lap uzaqdan və getdikcə zəifləyir,
sanki hardasa bir məchulluqda gizlənir yenidən
sirli harmoniyası ilə birgə.

... yanlış zəng.

Amma dinlənildiyimi duyduğumdan
cavab verməyə macal tapıram:
axı mən ancaq şahmat oynayıram.

# 3993 dəfə oxunub

Oxşar xəbərlər

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

Hamı qol saatıynan aldadır yetim uşağı... - Ruzbeh Məmmədin yeni şeirləri

17:00 23 sentyabr 2024
Sağ əlim sənin başına – Yeni şeirlər

Sağ əlim sənin başına – Yeni şeirlər

14:00 28 fevral 2023
Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

17:00 27 fevral 2023
Sevgi vardır ki, dodaqlarda açar güllərini

Sevgi vardır ki, dodaqlarda açar güllərini

12:05 14 fevral 2023
Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

17:00 13 fevral 2023
Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

17:00 9 fevral 2023
# # #