Ramiz Rövşənin dekolte geyinən qadına məğlubiyyəti

Ramiz Rövşənin dekolte geyinən qadına məğlubiyyəti
3 oktyabr 2019
# 10:43

Kulis.az Səhər Əhmədin “Son döyüş” yazısını təqdim edir.

Bəzən silahlanırmış kimi bəzənər qadın.

Silah-sursatını qurşanıb həlledici vuruşa hazırlaşan döyüşçünün üzündəki ciddi ifadə olar komodun güzgüsü qarşısında oturub bəzənən qadının üzündə.

Sanki bir şahmat ustası oyundan qabaq fiqurları yavaş-yavaş taxtaya düzür.

Koftasındakı ən xırda gülün rəngində sırğa taxar qadın. Dodağının küncündə gizlənmiş təbəssümə uyğun burar saçlarının ucunu. Gözlərinə ən çox yaraşan nəvazişli baxış seçər, körpücük sümüyünün gözəlliyini ən çox qabardan dekolteni geyinər.

Ən gizli kombinasiyalar qurar ən nəfis işləmlərlə. Bu rəssamın ən sirli rəngləri tapması kimidi, musiqiçinin ən incə xalları vurması, yazarın ən gözəl söz oynatması kimi.

İlk görüş üçün bu qədər səy göstərməz o. İlk görüşdə qələbə qaçılmazdır, o qələbə məğlubiyyətə bərabər qələbədir, elə də istək tələb etməz.

Əgər bir qadın silahlanırmış kimi bəzənirsə, son görüşdü o görüş. Və əgər bir qadın son görüşə döyüşə gedirmiş kimi, ən son silahına əl ataraq gedirsə, demək qarşı tərəf öldürücü zərbəni haqq etmişdir, demək qadın can yaxmaq istəyir, demək, onun canı yanmışdır, demək “revanş” dəhşətli olacaq. Bu revanş iki cins arasındakı tarixi ədavətin milyonuncu təzahürüdü, bəlkə də...

Ümid eləməyin, rəqibin o minalanmış sahədən sağ çıxmaq şansı yoxdur. O minaların hansısa mütləq partlayacaq. Ya bir baxış, ya bir təbəssüm, ya bir qayğıkeş jest. Düz ürəyi nişan alar qadın.

Bu gəlişin mehribanlığı ilə gedişin qəddarlığı arasındakı əlaqəni tapa bilməz əks cins. Ramiz Rövşənin bu misralarını düşündükcə düşünər: “Bəs niyə mənimlə son ayrılığa, ən gözəl donunu geyib gəlmişdin?” Məqsədə çatılmışdır, hədəf vurulmuşdur, bu, artıq məğlubiyyətdir. Bu “niyə?” həmin o partlamış minadan əks cinsin ürəyində həmişə gəzdirəcəyi qəlpə kimidir. Qadının son döyüşə saxladığı qırxıncı fəndidir, “zərif güc” dedikləri budur, yəqin ki.

Bəli, “bəs niyə?”. Şah və mat. Oyun bitmişdir. Komediya qurtarmışdır. Dekorasiyaları sökə bilərsiz.

...Və sonra öz evində, komodun güzgüsü qarşısında oturub sırğalarını çıxaran qadın ağır döyüşdən sonra hərbi geyimini soyunan sərkərdə kimi yorğun görünər...

# 5566 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #