Qara qızın ən yaraşıqlı oğlana vurulmağı

Qara qızın ən yaraşıqlı oğlana vurulmağı
17 fevral 2015
# 08:00

Keçilmiş yollarda

Yeni sevdalar doğular,

Söndürün gözünüzü, mən,

Ardını görmüş kimiyəm.

Hər iki-üç ildən bir qarşıma yeniyetmələrdən ibarət təzə dəstə çıxır. Lap futbolçuların yeniyetmələrdən ibarət komandası kimi. Tezliklə əsas hissədə oynamaq üçün məşq edən “oyunçu”lar. Siz buna orta məktəbin on-on birinci sinfi deyin, mən cəmiyyətin, zəmanənin kiçik modeli. Bütün modellər müşahidə üçün orijinaldan daha əlverişlidi.

Və mən hər dəfə cəmiyyətin o balaca kəsimini çox dəqiqliklə analiz edirəm. Lap məşqçi dəqiqliyi ilə. Kim gələcəkdə necə oyunçu olacaq, kim müdafiədə küllənəcək, kim hücumda xarüqələr yaradacaq, kim yarımmüdafiədə nala-mıxa vuracaq. Hansının alnına qapıda dayanmaq yazılıb. Təxmini də olsa, hərə öz sırasını asanlıqla nişan verir.

Bu mənim nəyimə lazımdı, nə axmaq vərdiş, sağalmaz xəstəlikdi-deyə düşünmədiyimi sanmayın. Amma həyat da bədii kitab kimidi, oxumağa başladınsa, əlindən yerə qoya bilmirsən.

Kimlər olmur orda, - mənim məşqçi olduğum komandada, yəni, sərkərdə olduğum orduda, nə bilim, kapitan olduğum gəmidə- gələcəyin qəhrəmanları, satqınları, müdrikləri, avaraları.

Şairləri, rəssamları, nağara çalanları, ayaqqabı yamayanları. Xeyirin, şərin, biganəliyin övladları. Və daha maraqlısı hər yeni nəsil nə qədər modern sayılsa da, mütləq keçmişə daha güclü bir kök atmış olur. Lap o misaldakı kimi “yeni-yaxşı bildiyin köhnədi”.

Bir də görürsən, qarşıma üstündə zamanın etiketi olmayan elə gənclər çıxır ki. Sanki keçmişdən-sovet dövründən, hətta on doqquzuncu əsrdən indicə çıxıblar. Balaca şəxsiyyətlər-keçmişin Mikayıl Müşfiqi, məsələn. Sonra nə bilim, Rəşid Behbudovu. Afroditası, Zevsi, Əhriməni... Elə bil qarşındakı partada təzə bədəndə dünyaya qayıtmış tanış ruhlar oturub.

Bu xarakterlər arasında mənim ən çox tanıdığım, ən çox sevdiyim və hərdən hətta üşəndiyim, belə deyək, favoritlərim olur. Bir səhnə təsəvvür edin ki, tənəffüsdə telefonla oynayan, mesajlaşan, şit zarafat edən, bir-birinin belinə minən yeniyetmələrin içində bir qız uşağı sakitcə öz yerində oturub bədii ədəbiyyat oxumaqla məşğuldu.

Bu qızlar adətən qaradinməz, həm də qarabəniz olurlar, heç saçlarını da əməlli-başlı daramır, zahiri görkəmlərinə fikir vermirlər. Sonralar nə qədər qəşəngləşsələr də “Səfillər”dəki Kozetta kimi uşaq vaxtı zədələnmiş özgüvənləri çox çətinliklə bərpa olunur. Amma üzlərində qəribə bir nur, gözlərində fantastik bir parıltı olur ki, onu heç zaman heç nə əllərindən ala bilmir.

Bu qızcığazlar bəzən başqa sinifdən, başqa məktəbdən gəlmiş olurlar. O zaman gözlərimin önündə sanki “Müqəvva” filmi təkrarlanır. Sinif qızları dərs əlaçısı olan bu çağırılmamış qonağa ağız büzür, oğlanlar başını kitabdan qaldırmayan bu qızı işlərinə yaramaz hesab edirlər. Bədbəxtlikdən, ya xoşbəxtlikdənmi bu qızlar çox vaxt sinfin ən ucaboy, ən qəşəng oğlanlarına vurulurlar. Bu oğlanlar çox vaxt etibarlı dost, arzulanan həmsöhbət, bütün məktəbin sevimlisi, ən yaxşı basketbolçusu kimi tanınırlar. Yəni, burdan o yana bizim qara qızın qara günləri başlayır. Çünki artıq oxuduğu kitablar öz işini görüb, ruhu artıq zərbə üçün tam yetişib.

Mən bu qızlara yerə düşüb sınmasından qorxulan bahalı qablar kimi yanaşıram. İlk addımlarını atan uşaq kimi ətrafında dolaşıram ki, yıxılmasınlar. Amma təcrübə də, nəzəriyə də göstərir ki, onların yıxılıb yaralanmaması mümkün deyil.

Çox vaxt o qızlar öz seçimlərində yanılmırlar. Vurulduqları oğlan nə qədər zəmanə uşağı olsa da, nə qədər modern qızların ətrafında dolaşsa da, o qara qızlarla nəsə gizli bir bağları olur. Yəni, bütün gün çevrəsində başqaları olsa da bir gözləri həmin o qızcığazlarda qalır.

Onların arasında bədii kitab mübadiləsi başlayır. Qız o gizli bağdan yapışıb oğlanı öz dünyasına səsləməkdə inadlıdı. Onuçün hər cür fədakarlığı etməkdə də. Bu nə qədər baha başa gəlsə də, bəzən böyük bir qoşunla vuruşası olsa da, tənələrə, eyhamlara tuş gəlsə də, yolundan dönmür.

Bir gün riyaziyyat müəlliməsi onun dərslərində axsamasını hiss edir. Bir gün ədəbiyyat müəlliməsi onun dəftərinin arxasında müəllifini bilmədiyi bir bənd oxuyur:

Özün də bilmədin, bilmədin ki, sən.

Bir dəniz qoynunda şirin bulaqsan.

Səni məndən sonra taparlar çətin.

Axıb şor sulara qarışacaqsan.

Bu durumda o qızın ədəbiyyat müəllimi olmaqdan oyundankənar vəziyyət təsəvvür eləmirəm. Yaxşı bilirsən ki, o oğlan eynən “Müqəvva” filmindəki kimi bir gün o qızı öz çevrəsinə-köhnə, doğma sinif yoldaşlarına satacaq. Öz ömrünü həmin ağbəniz qızların ətrafında sürdürəcək, amma heç nə həyatına o qara qızların qara gözləri qədər işıq sala bilməyəcək.

Sənətin də, həyatın da proqnozu belədi. Amma bunları gözləri par-parıldayan o qıza necə başa salasan. Necə deyəsən ki, bir az aşağıdan uç, qanadların çox qırılmasın, ehtiyatlı ol, qarşıda sərt döngə var...

Bəlkə, heç başa salmaq lazım da deyil. Ən azından bir oğlanı şor sulardan qoruya bilməsə də, ona şirin suların varlığını sübut etsin deyə. Gözlərindəki inamın dəfələrlə çiliklənməsi hesabına özünə gələcəkdə daha böyük, yenilməz bir özgüvən qazanması naminə. O qızlardan da, o oğlandan çox güclü olduğunu hiss eləməsi üçün.

# 1135 dəfə oxunub

Müəllifin son yazıları

# # #