İmperiyalara etiraz edən milliyyətçi yazıçı - İvo Andriç "Bosniya trilogiyası"nda nələri yazmışdı?

İmperiyalara etiraz edən milliyyətçi yazıçı - İvo Andriç "Bosniya trilogiyası"nda nələri yazmışdı?
9 oktyabr 2025
# 18:55

Bu gün yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvo Andriçin doğum günüdür.

Kulis.az bu münasibətlə Rəsul Bulamanın "İvo Andriç və Bosniya trilogiyası" məqaləsini təqdim edir.


İvo Andriç 1892-ci ildə Travnikdə anadan olmuşdur. O, Drina körpüsünün yaxınlığında yerləşən evdə böyümüşdür. “Sarayevolu qadın”, “Drina körpüsü” və “Travnik gündəliyi” adlı əsərləri “Bosniya trilogiyası” kimi tanınır və bu seriyanı İkinci Dünya Müharibəsi zamanı, tənhalığa çəkildiyi dövrdə yazmışdır.

Yazıçılıqdan başqa Andriç həm də mütəfəkkir idi. Siyasi baxışları daim diqqət mərkəzində idi. Onun üzvü olduğu təşkilata mənsub bir gəncin sui-qəsti nəticəsində Birinci Dünya Müharibəsi başlamışdı.

Andriç əvvəlcə həbs edilmiş, daha sonra sürgünə göndərilmişdi. Milliyyətçiliyi ilə tanınan Andriç müharibədən sonra səfir vəzifəsində çalışmış, “Travnik gündəliyi” əsərində həmin dövrdəki təcrübələrini qələmə almışdır.

“Drina körpüsü” əsərində əsas qəhrəman körpü və ətrafındakı məkanlardır. “Sarayevolu qadın” və “Travnik gündəliyi” əsərlərində isə hadisələrdən çox, qəhrəmanların daxili dünyası ön plandadır.

Bu romanlarda dərin psixoloji analizlər və yüksək ədəbi zövq diqqəti cəlb edir. Ölkələrin romanlarda iştirakına baxdıqda, “Drina körpüsü”ndə Avstriya ətraflı şəkildə təsvir edilsə də, əsas rol Osmanlı imperiyasına və onun Bosniyadakı təsirlərinə verilir. “Travnik gündəliyi”ndə isə Osmanlı daha çox ikinci plandadır, əsas xətti Fransa-Avstriya qarşıdurması, Napoleonun Moskva yürüşü və onun nəticələri təşkil edir.

Bu araşdırma ilə “Bosniya trilogiyası”nda Osmanlı izlərinə dair yazıçının mövqeyini təhlil etməyə çalışacaq, üç əsəri bir bütöv kimi qiymətləndirəcəyik.

Andriçi nə tənqid, nə də müdafiə etmək yox, onu ədalətli şəkildə qiymətləndirmək lazımdır. Müəllifin serb milliyyətçisi olması faktdır və bu, əsərlərinə təsir etmişdir. Lakin onun milliyyətçi baxışı yalnız Osmanlıya deyil, həm də Avstriya dövrünə münasibətində özünü göstərir.

Andriç Avstriyanın Osmanlıdan daha çox istismarçı olduğunu vurğulayır.

Biz onun milli baxışları ilə ədəbi həssaslığı arasındakı tarazlığı müxtəlif nümunələrlə göstərməyə çalışacağıq.

Dünya müharibəsinin təsiri altında yazılan, əvvəlki dünya müharibəsi və ondan öncəki regional gərginlikləri ustalıqla əks etdirən bu trilogiyadan sonra yazıçı 1961-ci ildə Nobel Ədəbiyyat Mükafatını qazanmışdır.

Bu gün üçüncü dünya müharibəsi riskindən danışıldığı bir zamanda, hər iki dünya müharibəsinin ədəbi əsərlər çərçivəsində analizi dövrümüz üçün dəyərlidir.

"Sarayevolu qadın"

“Sarayevolu qadın” romanı birbaşa əsas qəhrəmanın ölümü ilə başlayır. Roman bir tərəfdən qəhrəmanın davranışlarını bütün təfərrüatı ilə təsvir edir, digər tərəfdən dünya müharibəsinin ayaq səslərini və cəmiyyətdəki gərginliyi hiss etdirir. Əsərdə qəhrəmanın yaşadığı mühit və bu mühitin təsirləri göstərilməklə yanaşı, bölgə xalqının xarakterik xüsusiyyətləri də vurğulanır.

Uzaqda ikən müharibə maraq və xəbər mövzusudur. Amma içində olanda hər şeyi məhv edən və özündən başqa heç bir həqiqəti qəbul etməyən qüvvəyə çevrilir. Romanın estetik dəyərini göstərən əsas məqam qəhrəmanların yaşadığı şəraiti təsvir edərkən onların insani tərəflərini ustalıqla təqdim etməsidir.

Romanda diqqətçəkən başqa bir cəhət isə zənginləşmə üsuludur. Düşmənlə əməkdaşlıq edərək sərvət yığanların çoxalması “Küləklə sovrulanlar” romanını xatırladır. Hər iki əsərdə də ölkənin yüksəliş və süqut dövrlərində yaranan fürsətlərdən istifadə edənlərdən bəhs olunur.

“Sarayevolu qadın” haqqında çox vaxt “Balzakvari roman” ifadəsi işlədilir. Bəli, təsvirlərdə Balzakı xatırladan incəliklər var, lakin Andriçi rus romançılarına yaxındır və onu yaxınlaşdıran məqam qəhrəmanlarına göstərdiyi mərhəmətdir. Uşaqlıqda gördüyü ziddiyyətlər onu daim düşündürür: “Necə ola bilər ki, bir insanda həm ruhun, həm də bədənin tam zidd xüsusiyyətləri bir arada mövcud olur?”

İnsan davranışlarını səthi dəyərləndirənlər bu ziddiyyətləri ikiüzlülük kimi görürlər.

Ömrü boyu qənaət edən, heç kimə borcu olmayan “qadın” bir insana qarşı zəiflik göstərir və bu zəiflik onu məhv edir. Bütün var-dövlətini itirir, lakin itkisini gec anlayır. Kənardan bir nəfər müdaxilə etmədikcə, korluq uzun çəkir və geriyə nə sevgi, nə də sərvət qalır.

Əsər başladığı yerə qayıdaraq bütövlük yaradır. Hər kəsin ehtiyac duyduğu sərvətə sahib qəhrəmanımız, yalnız bir nəfəs üçün bütün varını verməyə hazırdır. “Kral III Riçard” kimi o da son anda bir nəfəs, bir ümid istəyir, lakin həyat bu şansı yalnız bir dəfə verir.

"Drina körpüsü"

“Drina Körpüsü” əsəri 350 illik tarixi təsvir edir. Yaşar Kamalı xatırladan təsvirlərlə Drina çayını oxucuya təqdim edir.

Əsərdə “türk zamanı” adlandırılan Osmanlı dövrü ilə onun əvvəlki və sonrakı mərhələləri arasında müqayisələr aparılır.

Körpünü tikdirən Sokullu Mehmed Paşadır, lakin memar Mimar Sinanın yox, başqa bir şəxsin adının çəkilməsi izahı çətin bir məqamdır.

Roman boyunca hadisələr və insanlar körpü ilə əlaqələndirilir: “Həyat anlaşılmaz bir möcüzədir - tükənir, əriyir, amma yenə də davam edir. Drina üzərindəki körpü kimi.”

Körpü Şərqlə Qərb arasında qalan bir cəmiyyətin ikili vəziyyətini simvolizə edir.

Osmanlılarla bağlı hissələrdə mənfi obrazlara daha çox yer verilir, müsbət tiplər isə qısa ifadələrlə ötürülür. Sokullunun kəndindən zorla aparılmasını və anaların fəryadını yazıçı çox təsirli təsvir etsə də, həmin uşaqların sarayda təhsil alaraq dövlətin ən yüksək pilləsinə - vəzirliyə qədər yüksəldilməsindən bəhs etmir.

Bununla belə, Andriç Osmanlı mədəniyyətinin gözəl cəhətlərini göstərməkdən də çəkinmir. O, serbcədə yazanda belə türk sözlərini orijinal formada saxlayır. Əsərin sonunda bu türk sözlərinin siyahısı verilir.

Nobel mükafatlı bir əsərdə bu sözlərin qorunması dəyərlidir. Yerli müsəlman əhali barədə son dərəcə ehtiyatlı və hörmətli dildə yazır. Məsələn, intihar edənlər haqqında keşişin dediyi bu sözlər çox təsirlidir:

Onun günahlarını niyə bağışlamayım? Onsuz da həyatı boyu bədbəxt olub, bu azdırmı?

Travnik gündəliyi

Əsərin orijinal adı "Travnik kronika" olsa da, məzmunu xronikadan çox, ədəbi təhkiyə və xarakter analizinə əsaslanır. Əsas qəhrəman Fransız konsuludur.

O, Napoleona aid dövrün yüksəliş və süqut mərhələlərinin Bosniyadakı əks-sədasını təmsil edir. Bir imperiyanın süqutunu insan taleyi üzərindən göstərmək yazıçı üçün böyük ustalıqdır.

Roman boyunca çoxsaylı qəhrəmanlar təsvir olunur, lakin hadisələr arasında keçidlər elə ustalıqla qurulub ki, əsər bir bütöv kimi qəbul edilir.

Trilogiyada davamlı şəkildə Şərq-Qərb müqayisələri aparılır. “Drina körpüsü”ndə dilənçiliyə, “Travnik gündəliyi”ndə isə xəstəliyə münasibət fərqli göstərilir: Qərb insanı xəstəliyi fiziki əlamət kimi görür, Şərq insanı isə onu həyatın təbii nəticəsi sayır. Andriç bu fərqi daha çox bədbəxtlik kimi qiymətləndirir: “Əzab çəkənlər və çəkməyənlər var, biz isə onların arasında yaşamağa məhkum bədbəxtlərik.”

“Drina körpüsü” romanında olduğu kimi bu əsərdə də vəzirin istədiyi zaman adamları edam etdirməsi və ətrafındakı insanları asanlıqla öldürməsi israrla vurğulanır. Tarixə bir az marağı olan hər bir oxucuya məlumdur ki, Osmanlı imperiyasında vəzir və şahzadələrin ölüm hökmünü vermək asan olsa da, təbəə üçün bu qərar çox çətin idi və belə qərarların ağır nəticələri olurdu.

Bu baxımdan, oxucunun insani tərəfini qıcıqlandıran bu bədii uydurmanın qərəzli olduğunu düşünmək lazımdır. “Drina körpüsü”ndə olduğu kimi bu əsərdə də müəllif tənqidlərini yüksək tonda romanlaşdırmağa davam edir, lakin bəzi məqamlarda yenə də müəyyən bir tarazlıq yaratmağa çalışır.

Qiymətləndirməmizi Andriçin uzaqgörənliyi və bədii təhkiyə qabiliyyətinə dair aşağıdakı sitatla tamamlayırıq. 1945-ci ildə yazılmış bir əsərdə bu dərəcədə irəlidən görmək bacarığı başlı-başına təqdirəlayiqdir:

“Gün gələcək, bütün uşaqlar oxuyub yaza biləcəklər, insanlar dünyanın bir ucunda dayanıb, o biri ucuyla danışa biləcəklər, bir-birlərinin bütün sözlərini eşidəcəklər, amma yenə də bir-birlərini anlaya bilməyəcəklər.”

# 169 dəfə oxunub

Oxşar xəbərlər

Aktrisa olmaq üçün ərindən boşanan, məscidlərdə mərsiyə deyən Əminə Yusifqızı haqqında maraqlı faktlar

Aktrisa olmaq üçün ərindən boşanan, məscidlərdə mərsiyə deyən Əminə Yusifqızı haqqında maraqlı faktlar

21:00 9 oktyabr 2025
"Seyid Əzim  ingilislərin Bayronuna bərabər imiş..." - Firidun bəy Köçərli niyə təəssüflənirdi?

"Seyid Əzim ingilislərin Bayronuna bərabər imiş..." - Firidun bəy Köçərli niyə təəssüflənirdi?

17:34 9 oktyabr 2025
Bu gün Nobel mükafatına layiq görülən  Laszlo Krasznahorkai kimdir? - DOSYE

Bu gün Nobel mükafatına layiq görülən Laszlo Krasznahorkai kimdir? - DOSYE

17:00 9 oktyabr 2025
Nazirlik Xalq artistinin ölümü ilə bağlı  məlumat yaydı

Nazirlik Xalq artistinin ölümü ilə bağlı məlumat yaydı

16:53 9 oktyabr 2025
"Səndə mənim cavanlığım qocalır..." - Günün şeiri

"Səndə mənim cavanlığım qocalır..." - Günün şeiri

16:00 9 oktyabr 2025
“Köhnə bakılı: həsrət və duyğular”  sərgisi açıldı

“Köhnə bakılı: həsrət və duyğular” sərgisi açıldı

15:45 9 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər