Atasıyla yaşıd qız

Atasıyla  yaşıd  qız
27 mart 2013
# 12:59

Atam orta yaşda olanda mən uşaq idim. O məni indi düşündürən mövzulardan danışardı, mən də boş-boş suallar verərdim. Atam bilirdi ki, gün gələcək, mən böyüyüb onu anlayacağam. Mən tələsirdim ki, tez böyüyüm. Özümə söz verirdim ki, böyüyəndə yazıçı olacağam və atamın mənə danışdıqları, ən çox da müharibə illərinə düşmüş kədərli uşaqlığı haqda roman yazacağam.

Mənim böyüməyim uzun çəkdi. Uşaqlıqda atamı anlamadım, gənclikdə qəbul etmədim; gah radikallıqda, gah pessimizmdə qınadım. Orta yaşa çatıb onu anlamağa başlayanda isə artıq gec idi.

Onda mən atamın sevimli mövzularından söz açardım. Ədəbi gənclikdən, yeni yazılarımdan, cəmiyyətdən, ədəbiyyatdan. O isə yorğun-yorğun susardı. Anlayırdım ki, onun həyata itmiş marağını qaytara bilməyəcəyəm. Mən heç vaxt öz atamla eyni mövzularda eyni həvəslə danışacaq qədər yaşıd olmayacağıq. Amma yenə də danışardım. Qarşımdakı yorğun baxışlı qocaya yox, yaddaşımdakı özümlə yaşıd olan atama danışardım. Birinci sinifdə oxuyan qızına romanlar nəql edən, sovet dönəmində bizə türkçülükdən dəm vuran kişiyə.

Evdə hamıdan zəif olduğumdan atam mənim adi soyuqdəymədən ölə biləcəyimə elə inanardı ki. Adi bir zərbədən yaralana, adi bir sözdən sına biləcəyimə. Bəzən gecələr qızdırma içində yananda onun başımın üstündə etdiyi duaları aydınca eşidərdim. Bu məndə ölümə inad, xəstəliyə qarşı qəribə bir güc yaradardı.

Evdə hamıdan zəif hesab elədiyindən hamıdan cox diqqət ayırardı mənə. Sonralar bütün həyatıma yetəcək qədər, ömrü boyu heç bir kişi diqqətinə ehtiyac duymayacaq qədər çox. Və bu məndə zəifliyə inad, hər kəsdən güclü olmaq arzusu yaradardı.

O məni əllərimdən tutub qırx yaşımın kandarına qədər gətirə, ötürə bildi. Kənd məktəbindən, rayondakı şahmat məşğələlərindən, boğaz həkimindən, paytaxtdakı qəbul imtahanlarından keçirərək. Adi bir soyuqdəymədən ölməyəcəyimə inanana qədər. Yetərincə güclü olduğumu görənədək. Əlimi uşaqlarımın əlinə verənə kimi.

İndi mən onsuz getdiyim bu yollarda onun varlığını hələ də hiss edirəm. Hərdən yol keçəndə qulağıma pıçıldadığını eşidirəm, qızımın əlindən tuturam. Ona yol keçməyin qaydalarını öyrədirəm. Atamın mənə öyrətdiyi kimi.

Bir vaxtlar mən öz atamı şagirdlərinə- “xalqın uşaqlarına” qısqanardım. Onun yad uşaqlara sevgisini anlamazdım. İndi mənim də övladlarım məni şagirdlərimə eyni şəkildə qısqanırlar. Başqalarının suallarına daha ətraflı cavab verdiyimə, “xalqın uşaqlarını” daha çox təriflədiyimə görə.

İndi mənim də balalarımın məni qəbul etməməyə, qınamağa öz səbəbləri var, yəqin ki. Amma vaxt gələcək, onlar da məni anlayacaqlar. Yəqin ki, onda da gec olacaq. Onda da mənim üçün bütün mövzular öz mənasını itirmiş olacaq. Anlaşılan, övladlarımla da heç vaxt eyni mövzulardan eyni həvəslə danışacaq qədər yaşıd olmayacağam.

Amma əsas haqlı çıxmaqdı. Bu dünyada olmayanda belə.

# 2739 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #