Axmaq qoca

Axmaq qoca
18 mart 2014
# 12:10

Cavanlıqda məsləhəti heç sevməzdim. Təcrübəsini yeri gəldi- gəlmədi adamın gözünə soxan yaşlılar məni qıcıqlandırardı. Düşünərdim ki, təcrübə heç nədi, “ağıl yaşda deyil, başdadı”. Özümə söz verərdim ki, qocalanda gəncliyə olan sevgimi itirməyim.

Aradan iyirmi ilə yaxın vaxt keçib. İndi də həqiqəti bir az özümə tərəf sürüşdürüb fikirləşirəm ki, təcrübə hər şey olmasa da, çox şeydi. Bu, orta yaşda belə bir ortaq məxrəcə gəlmişəm, ağıl həm yaşdadı, həm də başda.

Çox güman ki, iyirmi il sonra həqiqəti bir az da özümə tərəf çəkib təcrübənin hər şey olmasını düşünəcəm. Qərara gələcəm ki, ağıl qətiyyən başda deyil, tamamilə yaşdadı.

İnsanın hər yaşda, hər vəziyyətdə özünü haqlı sanması kimi instinkti var. Bunu bir dəfə yazmışam, uşaqkən valideynlər haqsızdı, valideynkən uşaqlar. Tələbəsənsə müəllimlər “köhnə fikirlidi”, müəllimsənsə tələbələr “zəmanə uşağı”. Sükan arxasındasansa, piyada “özünü maşının altına atır”, piyadasansa sürücü “maşını düz üstünə sürür”.

Bir sözlə, “Qaçan da allahı çağırır, qovan da”. Allah (burda həqiqət) isə təkdi.

Uşaqlıqda yerdə olan çörək qırıntılarını götürər, öpüb gözümüzün üstünə qoyardıq. Bunu hardan, nə vaxt öyrəndiyimizi xatırlamıram. İndi mənim uşaqlarım da belə eləyir, onların da bunu hardan öyrəndiyini bilmirəm. Çörəyi ayaq altından götürüb hündür yerə qoymaq adətdi. Tapdanmasın deyə... Əslində, həqiqətlə də belə davranmaq lazımdı. Ayaq altında qalmasın deyə, çalışıb onu özündən yuxarıda saxlamalısan. Öz mənafeyindən bir az aralıda.

Odur ki, hərdən indiki gəncləri anlamayanda, nəsə etiraz etmək istəyəndə öz gəncliyimi xatırlayıram. İçimdəki yaşlı gənc içimdəki cavan qocaya barmaq silkələyir. Ramiz Rövşənin bir şeirindəki kimi:

Bəsdi, bəsdi, axmaq qoca,

Gülməlisən, gülməli.

# 3474 dəfə oxunub

Müəllifin son yazıları

# # #