Kitabımı təhqir elədilər – Səhər Əhməd yazır...

Kitabımı təhqir elədilər – Səhər Əhməd yazır...
1 aprel 2021
# 17:31

Kulis.az şair Səhər Əhmədin Azərbaycan Yazıçılar Birliyinin xətti ilə “Qanun” nəşriyyatında çap olunan kitabı ilə bağlı mübahisəli məqamlara həsr olunmuş yazılı açıqlamasını təqdim edir.

Siz mənə yazanda məsələni aydınlaşdırım , sonra münasibət bildirəcəm demişdim. Gedib AYB-də araşdırdım bu gün. Heç bir müqavilə yoxdu. Tam qanunsuz çap olunub kitab. Rauf bəyə (AYB sədrinin müşviri Rauf Aslanov – red.) söz verdim ki, kitabımı “Qanun”dan alın, söz- söhbəti kəsəcəm. Amma görürəm Rəşad Məcid öz ampulasında müsahibə verib.

And olsun, Rəşad Məcidin o pak məmur vicdanına ki, mən ancaq müqavilə tələb etmişəm. Bu da onu narahat edir. Təbiidi. Mən layihə xəttiylə çap olunmuşamsa kitab niyə satılır, elə deyilsə, müqaviləni kim imzalayıb? Xahiş etdim nə deməkdi? Xahişlə kitab çap olunmur axı. Bəs dövlətin ayırdığı pullar? Bəlkə bu adam o pulları özününkü hesab edir? Pulları yeyib xahişlə kitab çıxarır? O ki qaldı inbox yazışmasına, istənilən vaxt ictimailəşdirə bilərəm. Kimin isterik olması üzə çıxar. AYB də Rauf bəyə onun mənə necə qışqırdığını dinlətdim. Çünki qanunsuz iş görüb. Narahatdı.

Mən heç vaxt Yazıçılar Birliyinin heç bir layihəsinə qoşulmamışam. Bu, ilk idi. Düzünü deyim, elə-belə, mırta, dövlətin ayırdığı puldan bir dəfə də mən yararlanım məqsədilə Rəşad müəllimə zəng elədim. O da inboxuma yazdı ki, Göyçayda nar festivalındayam, kitab məsələsidirsə, Arzunun yanına get və ərizə yaz. Mən də gedib ərizəni yazdım. Düzü, sonra kitabı gecikdirdim, hətta, arada vaz keçmək fikrinə düşdüm. Sonra Rəşad müəllim yenə yazdı inboxa. Kitabı hazırla və nida işarələri. Hazırlayıb elektron poçtuna yolladım. Çap prosesində “Qanun”la işlədim. Sonra bir gün onlayn satışda öz kitabımı gördüm. Kitab çap olunub xəbərim yox. Getdim “Qanun”a. Mənə kitab vermədilər. Evə gəlib Rəşad bəyə zəng etdim. Dedi, get, yüz kitab götür. Səhəri gedib götürdüm.

Dünən “Qanun” nəşriyyatı məni feysdə işarələdi ki, kitab 1 manata düşüb. Şahbaz bəyə zəng vurdum. Dedim, axı cəmi 6 ay deyil, kitab çap olunan. Hələ mən heç təqdimat etməmişəm. İndidən 1 manata niyə salmısız kitabı? Özü də kitabı ilkin qiymətdən alıb feysdə paylaşan adamlar vardı. Nə xəbərdi? Pandemiya vaxtı kimdi kitab alan? “Qanun”un zirzəmilərində 1 manata salmağa kitabmı qalmayıb. Müqavilə tələb etməyə başladım və naşirlə katib fərqli cavablar verdilər. Bu gün AYB-yə getdim. Heç bir sənəd tapıb verə bilmədilər. Yoxdur, çünki. Kitabımın satışdan yığışdırdıqlarını dedilər. Mənə qaytaracaqlarmış. Rəşad bəy əsəbi olub və sair və ilaxır. Klassik müsəlmançılıq söhbətləri. Mənə də nə lazımdı axı. Sakitləşdim. Amma ordan çıxan kimi Rəşad müəllimin açıqlamasını yolladılar mənə. Bir də deyirəm, inbox danışığını ictimailəşdirməyə hazıram. Cavab verim, şedevr sözünü məmur bəy özü işlədib. Sən elə şedevr yaratmısan? Nə olar kitabın bir manat olanda? Mən də demişəm, yox, siz olan yerdə mənə şedevr yaratmaq düşməz. Şedevri mən sizdən tələb etməliyəm

Statusda da yazmışam bunu. Kitabım qanunsuz çap olunub, qanunsuz satılıb və sonra da təhqir olunub. Məhkəməyə müraciət edə və uda bilərəm. Şifahi sözləşmə ilə kitab çap olunmur. Rəşad müəllim bircə onu düz deyir ki, o, doğrudan mənimlə nə edəcəyini bilmədi və bloka qoydu. Yəqin, indiyə qədər həqiqətləri üzünə belə açıq deyən olmayıb. Belə, davam etmək istəyirsə, mən hazıram. Dövlət vəsaitini mənimsəmədiyimə əminəm. Söhbət bitirsə, kitablarımı rəzil durumdan qurtarıb Rauf bəyə söz verdiyim kimi susuram. Hər kəs öz çirkabında rahat yaşasın. Mənə sıçratmasınlar.

Hər cür haqqımızı yeyə bilərlər, amma nə qədər sağam, sözümü ucuz satmağa kimsəyə imkan vermərəm.

# 2672 dəfə oxunub

Müəllifin son yazıları

# # #