Əzrayıl, nə var, nə yox / Can ala bilirsənmi? – Səhər Əhməddən Yeni Şeirlər

Əzrayıl, nə var, nə yox / Can ala bilirsənmi? – <span style="color:red;">Səhər Əhməddən Yeni Şeirlər
18 aprel 2019
# 13:30

Kulis.az Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

Tıxacdayam, gəlirəm

Pəncərəmin önündə

Ağaclar çiçəkləyib.

Yaz gəlib, bilirsənmi,

Adamlar ürəklənib.

Sevənlər tabsızlaşıb,

Ölümlər dadsızlaşıb,

Yaz gəlib, bilirsənmi,

Tənhalar yalqızlaşıb.

Budaqlar naxışlanıb,

Torpaqlar yağışlanıb,

Yaz gəlib, bilirsənmi,

Günahlar bağışlanıb.

***

Əzrayıl, nə var, nə yox,

Can ala bilirsənmi?

Alverin nə təhərdi,

Dolana bilirsənmi?

Necəsən, ay xatakar,

Ömrün necə ötüşür,

Könlündən kimlər keçir,

Toruna kimlər düşür?

Mən də sənə borcluyam,

Öləsiyəm, bilirəm.

Sən allah, üzrlü bil,

Tıxacdayam, gəlirəm.

Cəbrayıl işdən çıxıb,

Adam çox, sən yazıq tək.

Bilirəm, gileylisən,

Bir vaxt elə, görüşək.

# 3130 dəfə oxunub

Müəllifin son yazıları

# # #