“Sənsiz belə havaların, ləzzəti yoxdu, dostum”

“Sənsiz belə havaların, ləzzəti yoxdu, dostum”
18 dekabr 2013
# 11:10

Kulis.az Səhər Əhmədin şeirini təqdim edir.

***

Yenə Bakıya qar yağır,

Yenə soyuqdu, dostum,

Sənsiz belə havaların

Ləzzəti yoxdu, dostum.

İndi bir çay dəmləyəsən,

Gələm, oturub içək,

Bu həyatın sağlığına

Hərdən bir qurtum içək.

Gecikirəm telefon aç,

Gör bir harda qalmışam.

Men danışım, sən qulaq as,

Yenə yaman dolmuşam.

Yenə qapını mən döyüm,

Yenə qapını sən aç.

Mən marketdən konfet alım,

Sən evdən mürəbbə aç.

Sərxoş olmaq istəyirəm,

Bir tünd çay dəmlə, dostum.

Sənə bir söz deyəcəyəm,

Lap təzə dəmli, dostum.

Bu tindənmi dönməliydim,

Bu yol gedirmi sizə,

Bilirəm, şəhərdə yoxsan,

Axtarıram evinizi.

Neynim, Bakıya qar yağır,

Neynim, soyuqdu, dostum,

Sənin kimi çay dəmləyən

Bir dostum yoxdu, dostum.

# 3081 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #