Azadlıq

Azadlıq
2 noyabr 2012
# 08:15

- Kim deyər, azadlıq nəyə deyilir?

Boş yerə axtarmayın, bu sualın cavabı kitabda yazılmayıb. Azadlıq-heç bir fənnin predmeti deyil. Onun nə olduğunu bilmədən də savadlı olmaq mümkündür.

Düzü, heç mən də sizə onun konkret tərifini deyə bilmərəm, uşaqlar. Çünki azadlıq mücərrəd anlayışdı. Biz sizinlə mücərrəd isimləri keçmişdik, eləmi? Ay sağ olun, əllə tutulması, gözlə görülməsi mümkün olmayan məfhumlar. Bax, azadlıq bu mücərrəd anlayışların ən mücərrədidir.

Bu dünyada insanlar ancaq həbsxanalarda məhkum olmurlar, mənim balalarım. Bu dünya özü elə ən böyük cəzaçəkmə müəssisəsidir. Onun ən gözəl otaqlarında azadlıqdan ömürlük məhrum olmuş insanlar yaşayır. Ən gözəl geyinib-keçinmiş, dodaqlarını qulaqlarının dibinə qədər dartıb gülümsəyən adamlar. Amma bu təbəssümlər saxtadır, inanmayın. Çünki onlar həyatının təsir qüvvəsini itirmiş adamlardır, azadlığını qurban vermiş adamlar.

Köməkçi nitq hissələri nəyə deyilirdi, yadınızdamı, məsələn ədat? Leksik mənası olmayan, cümlənin ancaq təsir qüvvəsini artıran sözlərə, elə deyil? O sözlərə ki onları cümlədən çıxarıb atanda heç bir məna dəyişikliyi baş vermir.

Bax, azadlıq da belədir. Varlığı ilə yoxluğu o qədər də nəzərə çarpmayan, həyatın təsir qüvvəsitək. İlk baxışdan adama elə gəlir ki, onu həyatından asanlıqla çıxarıb atmaq mümkündür. Batan gəmini xilas etmək üçün ondan ən lazımsız əşyaları dənizə atırmış kimi.

Axı kimə lazımdı sənin həyatının təsir qüvvəsi?! Onun yoxluğunu kim hiss edəcək, bunun üçün kim səni qınayacaq axı. Yalnız özünə aid olduğuna görə sən onu asanlıqla qurban verəcəksən.

Amma çox keçmədən öz həyatının təsir qüvvəsi üçün, öz azadlığın üçün darıxmağa başlayacaqsan. Havasız bir otaqdan balkona çıxmaq istəyən kimi. Çünki insan oğlunun bu dünyada ən çox korluq çəkdiyi məhz azadlıqdır. Yer üzünün ən azad adamı yer üzünün ən varlı adamıdır, həm də.

Əsl azadlığın tərifi Mark Tvenin “ Şahzadə və dilənçi” əsərində verilib. Bu əsər azadlığını itirib taxt-tac sahibi olmuş bir dilənçinin faciəsidir. Bir vaxtlar bu sözləri öz müəllimimə demişdim. O da qayıtmışdı ki, sənin fikirlərin maraqlı olduğu qədər də cəmiyyət üçün zərərlidir.

O gündən mən özümü cəmiyyət üçün zərərli biri hesab edirəm. Bəlkə indi sizin beyninizi bu fikirlərlə doldurmaqda da haqlı deyiləm. Amma o əsəri oxuyanda mənə haqq verəcəksiniz. Siz də taxt-tacdan ayrı düşüb azad həyata qovuşmuş Şahzadədən daha çox, sərbəstliyini itirib kral taxtında əsirə çevrilmiş Dilənçiyə acıyacaqsınız. Çünki bu əsərdən çıxan nəticə belədir. Çünki azadlıq ən asan itirilən, ən çətin tapılan şeydir. Yəni ən böyük itkidir. Və nəinki ədəbiyyatın, bütövlükdə həyatın da ideyası elə budur. Sadəcə biz bu həyatı diqqətlə “oxumuruq”.

Çalışın, həyatınızın təsir qüvvəsini itirməyin, mənim balalarım, azadlığınızı qurban verməyin. Çünki onu bir daha qazanmaq şansınız olmaya da bilər.

# 2641 dəfə oxunub

Müəllifin son yazıları

# # #