Öldürən qəbirlər - Səddam yazır

Öldürən qəbirlər - Səddam yazır
10 fevral 2021
# 12:52

Kulis.az Səddam Laçının “Öldürən qəbirlər” hekayəsini təqdim edir.

Ağlımızın kəsmədiyi günlərdən, kəsdiyini düşündüyümüz illərədək valideynlərimizin cahilliyindən bizə bölüşməyi çox sevdiyimiz bir "miras" qalıb. Bu "zənginlik" ən çox istifadə etdiyimiz, xərcləyə-xərcləyə bitirə bilmədiyimiz, matah şeymiş kimi öz övladlarımıza da vəsiyyət etdiyimiz batil inanclardır. Bizi bir yandan cəhalətin zirvəsinə, digər yandan tarixin dərinliyinə aparan inanclar.

Səhlənkarlığı ucbatından alışıb külə dönmüş evindən “yadigar” qalan darvazaya içini çəkə-çəkə baxan, düz ortasına vurmadığı at nalına görə özünü bağışlamayan əmilər, yenicə boşanmış oğluna çay süzə-süzə, toy axşamı tək səbir gətirən baldızına qarğış eləyən xalalar, yerə tökdüyü bir qaşıq isti suya görə az qala bütün cinlərdən üzr istəyən nənələr və daha nələr-nələr.

Babam rəhmətə gedəndən bir müddət sonra anamın yuxusuna girmişdi. Anam da yuxusunu birinci axar suya, sonra atama danışmış, yarım qalan işini tamamlamaq məqsədi ilə un halvası bişirib yeddi qonşuya paylamış və nəhayət, bir daha evin kişisi ilə məsləhətləşmiş, atam da adət-ənənələri əsas götürərək fətva vermişdi ki, mütləq qəbir üstünə gedilməlidir.

Elə də olmuşdu. Mütləqiyyət öz əksini qəbiristanlıqda tapmışdı. Əks halda qəbiristanlığa diri yox, ölü gedə bilərdik. Əlqərəz, içəri girər-girməz anam ağlamağa başladı. Mən isə yersiz uşaq qısqanclığı ilə iki daşın arasında fikirləşdim ki, görəsən, mən də ölsəm anam belə ağlayarmı?

Anamın ağlamağı mənə qəribə təsir etmişdi. Çünki o vaxta qədər elə bilirdim ki, sadəcə uşaqların atası-anası olur. Axı babamın anamı parka apardığını, nənəmin onu sevə-sevə saçlarını hördüyünü görməmişdim. Anam isə mən qohumlarımızın evində qalanda necə ağlayırdımsa eləcə ağlayırdı.

Atam anama təsəlli vermək yerinə, özümü ağıllı aparmağımı, sakit olmağımı, qəbirlərin üstünə çıxmamağımı tapşırdı. Anam ayağa qalxıb məzarın üst-başını təmizləməyə başladı. Bu vaxt başında qəribə papağı, üzündə qalın saqqalı olan bir kişi bizə tərəf gəldi. "Allah rəhmət eləsin" - dedi.

Mənə elə gəldi ki, o, bu sözü sual kimi dedi. Çünki atam başını yelləyəndən sonra həmin o qəribə papaqlı kişi bilmədiyim dildə bəzən gur, bəzən asta səslə tələm-tələsik nəsə oxudu. Bitirən kimi də atam cibinə on manat pul basdı. Çox pulgir olduğumdan, ya da atamdan nə vaxt pul istəsəm vermədiyindən, onluğu görən kimi anamdan əminin oxuduğu kitabı bizə neçənci sinifdə keçəcəklərini soruşdum. O da ağzımdan vurub, "kiri, Allaha ağır gedər" -dedi. Allah babaya oxumaq istədiyim kitabmı, yoxsa qazanmaq istədiyim pulmu ağır gedər bilmədim, amma kiridim. Anam babamın baş daşını öpə-öpə bir az da ağladı.

Həmin an bizdən bir neçə ölü uzaqda gözümə bir qəbir sataşdı. Hamısından qəşəng idi. O dəqiqə bilinirdi ki, bütün ölülərdən varlıdı. Həm rəngi, həm hündürlüyü, həm də üstündəki gülləri ilə digərlərindən seçilirdi. Acgözlüyümdənmi, yoxsa, uşaqlığımdanmı bilmədim amma dərhal düşündüm ki, görəsən, mən də ölsəm elə qəbrim olarmı ? Sonra əlimi uzadaraq "ana, bax o, de o qəbir kimindi? "- dedim.

Kaş deməz olaydım.

Bircə dəqiqənin içində aləm dəydi bir-birinə. Atam hədsiz dərəcədə əsəbiləşib, "sənə dedim axı uşağı qəbirstlanlığa gətirmə"- dedi. Yazıq anam kor peşman mənə tərəf döndü, mən də nə olub bitdiyindən xəbərsiz, sual dolu baxışlarla ona baxdım. Anam əsə-əsə bir əli ilə məni tutub, o biri əli ilə tənbeh etdi ki, bir də heç vaxt qəbirlərə əl uzatmayım.

Mən də bir az qorxmuş, bir az da küskün halda niyəsini soruşdum. "Adam əlini qəbirlərə tərəf uzatmaz, yoxsa qəbirdəki onu yanına aparar"- dedi. Dəhşətli qorxu içində ağlamağa başladım. Mən artıq əlimi uzatmışdım. Yazı yaza bilməyən uşaq əli ölüm fərmanı imzalamışdı.

Ən maraqlısı da o idi ki, ölümün nə demək olduğunu bilmədiyim halda ölməkdən qorxmuşdum. Amma bir tərəfdən də sevinmişdim ki, ən yaxşı qəbirin, ən varlı ölünün yanında olacam. Bəlkə də ondan pul istəsəm atam kimi xəsislik etməz, nə qədər lazım olsa verərdi. Bir tərəfdən də, özümə təsəlli verirdim ki, onsuz da cənnətə düşəcəm.

Qonşumuzun mən yaşda oğlu öləndə atam demişdi ki, Allah baba uşaqları cənnətə aparır. Sonra birdən yenə dəhşətli qorxu içində ağlamağa başladım. Yadıma düşdü ki, dünən gecə anamdan gizlin dırnaqlarımı tutmuş, qayçının ağzını da açıq saxlamışdım. Çünki anam ikisinə də olmaz demişdi. Mən də etsəm nə olacaq deyə qəsdən iki günahı birdən işləmişdim. Bu da cəzası…

Allah baba məni cəhənnəmə aparacaq. Ağlamağa, ağladıqca da qışqırmağa başladım. Evə gəldik, mən yenə də qəbiristanlıq yadıma düşdükcə ağlamağa davam etdim. Atam-anam da məni kiritməyə çalışdılar, lakin bu çox qısa oldu.

Bir müddət sonra ağlamağımın səbəbini axtarmağa başladılar. Müxtəlif versiyalar irəli sürüldü. Anama elə gəlirdi ki, mənə göz dəyib. Bu gün qəbir üstünə gedəndə hanısısa sonsuz arvad mənə yaman baxırmış. Atam da öz növbəsində düşünürdü ki, bütün baş verənlərin günahkarı anamdır. Axı uşağın çöldə nə işi var ki, ona göz də dəyə. Anam həm atamı, həm də özünü sakitləşdirmək üçün "dərd verən Allah dərmanın da verər" - deyib mətbəxə keçdi.

Mən isə yenə uşaq ağlımla, Allah babanın əgər dərman olacaqsa niyə dərd verdiyini düşünməyə başladım. Bu arada anam Allah babanın göndərdiyi dərman adı ilə yeməyə tökdüyü duzu başıma hərlədi, sonra onu ocağa atdı, ocaqda duz çırtıldadıqca hiss elədim ki, anam bir xeyli rahatlaşdı. Lakin hər zamanki kimi işini yarımçıq qoymaq istəmədi, son olaraq bir topa üzərlik yandırdı.

Vəssalam, bununla da göz yaşım qurumasa da mənə dəyən bütün gözlər çıxacaqdı. Beləcə, borcunu layiqincə yerinə yetirən anam yatmağa getdi. Mən isə həmən gecə qorxumdan yatma bilmədim. Elə bildim ki, yatan kimi Allah baba məni öldürəcək.

Ondan sonra da nə vaxt anamın yuxusuna girsəm, adəti üzrə halva bişirəcək, qonum-qonşuya paylayacaq, atamla məsləhətləşib balaca qardaşımı qonşuda qoyub, məni görməyə gələcək. Atamgili görən kimi o qəribə papağı olan kişi də haradansa peyda olacaq, yenə atamdan on manat alacaq və beləcə növbəti yuxuya kimi məni orada tək qoyacaqlar.

O gecə mən böyüdüm, hətta qocaldım. Bir gecənin içində ölümdən qorxan uşaqdan, öldürməkdən qorxan qocaya çevrildim. Artıq gec idi. Yuxu məni aparırdı. Son dəfə gözlərimi açdım və Allah babaya vəsiyyət elədim ki, mən ölsəm, mənə elə yaraşıqlı sinə daşı, baş daşı qoymasınlar. Hansısa uşaq bilmədən əlini uzatmasın, mən də onu öz yanıma gətirməyim.

# 3704 dəfə oxunub

Müəllifin son yazıları

# # #