Xalası zəncilərin qucağında qalan Ülvi – SAMİR SARININ HEKAYƏSİ

Xalası zəncilərin qucağında qalan Ülvi – <span style="color:red;">SAMİR SARININ HEKAYƏSİ
5 noyabr 2015
# 15:00

Kulis yazıçı Samir Sarının “Avtoritetin çırpılması” hekayəsini təqdim edir.

Mirzəmmədin xarizmasının və özünün yerlə bir edilməsinin əsas günahı özündə oldu. Bu işə görə ikinci və üçüncü günahkar axtarası olsaq, gərək yeniyetmə olduğu üçün ağzında söz saxlamağı bacarmayan, hətta gedib xalasının ərinə, jarqonlarla desək, “sukalıq” edən Ülvini və uşağın sözyülə gəlib məhəllənin avtoritetini o günə qoyan Ramizi də hesaba qataq. Dördüncü və beşinci günahkar qismində 9 mərtəbəli binanın önündəki istirahət guşəsində - talvarda oturub laqqırtı vuran, hadisə baş verən günü hırıldaşa-hırıldaşa ortalığı qızışdıran, ancaq Ramiz gəlib Mirzəmmədi bir kriminal avtoritetə yaraşmayan hallara salanda davaya qarışmadan durub baxan məhəllə cayıllarını da nəzərə almaq olar.

Hər halda, əsas günahkar Mirzəmməd özüydü. Çünki türmədə yatıb-çıxmış, bununla fəxr edən və “srokda olmağı” əsas üstünlüyü sayaraq, özünü sanki Harvard Universitetinin məzunu kimi aparan 33 yaşlı adam dilinə yiyəlik etməyi bacarmalıydı.

Düzdür, bu məhəllədə yetkin adamların heç biri Mirzəmmədi nəinki avtoritet, ümumiyyətlə adam da saymırdı, amma yeniyetmə və təzə-tər gənclərin arasında onun avtobioqrafiyasına hörmət edənlər çox idi. Onlar onun içəridə necə “blatnoy”casına yatması, “zon”da neçə-neçə özündənrazı adamı “sındırması”, əlinin altında “şestyorka” saxlaması barədə söhbətlərinə həvəslə qulaq asır, irəlilərdə türməyə düşərlərsə, məhz Mirzəmməd kimi yatmağı arzu edirdilər. Mirzəmməd onlar üçün “kişi kimi yatıb-çıxmış” adam nümunəsiydi, örnək idi. O, gənclərə və yeniyetmələrə tez-tez vəd verirdi, deyirdi, bir az yekəlin, sizə nəşə çəkmək də öyrədəcəm, bazlığa da aparacam.

Ancaq bir dəfə qonşu məhəllədə hüzr məclisində daha bir yatıb-çıxmış adam Mirzəmmədin reputasiyasına zərbə vuracaq hərəkət elədi, barmağıyla onu yanına çağırdı və pul verib nəsə (deyəsən, nəşə) almağa göndərdi, Mirzəmməd də qaça-qaça getdi. Bu mənzərəni görənlərdən biri şübhələndi ki, Mirzəmməd öz 55 kiloluq çəkisi ilə türmədə “blatnoy” olmayıb, bu tip cantaraqların “şestyorka”sı olub. O, bu söhbəti öz məhəllələrində dostlarına danışdı, ancaq üstünə gedən olmadı, dedilər, türmə yoldaşlığı başqa şeydir. Həmin cantaraq “blatnoy”u bir müddətdən sonra yenə tutdular, ta Mirzəmmədi ora-bura buyuran olmadı.

Onun xarizmasının və özünün yerlə bir edilməsi əhvalatı isə belə oldu. Yay axşamıydı. Mirzəmməd həmişəki məhlə uşaqlarını – yeniyetmə və gəncləri başına yığıb ordan-burdan, əsasən də türmə xatirələrindən danışırdı. Bu dəm çoxmərtəbəli binanın önündə, Ülvigilin blokunun qabağında ağ bir CİP dayandı. Maşının içindən bazburutlu cavan bir kişi və yüngül geyinmiş gənc xanım düşdü. Onlar CİP-in baqajından sellofan torbalar götürərkən Ülvi xalasını tanıdı.

- Bay, xalamgil gəlib, - o, sevincək oldu, gendən – Ramiz dayııı, - deyə ayağa qalxıb onlara tərəf getmək istəyəndə Mirzəmməd dilləndi:

- Hansı xalondu, alə, bu? O vaxt veçerinkada bayılb neqirlərin qucağında qalan xalon?

Gənclər və yeniyetmələr hırıldaşdılar, Ülvi pərt oldu. Onun göyçək xalası belə şey eləməzdi. Ancaq informasiya o qədər gözlənilməz idi ki, uşaqlardan “oy biləəə” deyənlər də oldu. Ülvi onlara hirsli-hirsli baxaraq, gözləri dolmuş halda xalasının və onun ərinin girib görünməz olduqları bloka girdi.

Mirzəmməd pələng öldürübmüş kimi müzəffər ədayla əhvalatı danışdı:

- Alə, deməli, skoruda işləyən vaxtımdı, smendəyəm...

O, 6-7 il əvvəl təcili yardım maşınında işləməyini karyerasının zirvəsi sayırdı, vaxtaşırı bundan elə bəhs edirdi, sanasan, minimum nazir müavini olub. Heç bəzi idarə rəisləri o qədər qürurla “rəis olduğum vaxt” deyə keçmiş işindən bəhs etmir.

- ... Bir gün vızıv gəldi ki, bəs filan restoranda atravleniya var. Təcili getdik ora. Gördük ki, atravleniya-zad yoxdu, xarici şirkətin işçiləri banket keçirirlər, yeyb-içiblər, çoxlu oynayıblar, ya başqa neynəyiblərsə, biri özündən gedib. Baxdım ki, Ülvinin xalası... İçib... Piyan olub. Məhləyə gəlib-gedirdi deynə, tanıyırdım. Alə, görürəm, zəncinin biri bunu qucağına alıb ora-bura aparır, kitayın biri masaj eləyir, ingilisin biri yelpikləyir-filan. Onsuz da qısa geyinmişdi, donu da çırmalanıb, tumuşu görünür. Birtəhər ayıltdıq. Özünə gələndə deyirdi, mən hardayam. Sonra dedilər, bir neməsə ərə gedib. Bəxtə bax də, indi də CİP-də gəzir...

Uşaqlar bu maraqlı və erotik söhbətə diqqətlə, irişə-irişə qulaq asırdılar və ürəklərində fikirləşirdilər ki, Ülviylə məzələnməyə əcəb söhbət tapdılar, indən belə ona “Xalası zəncilərin qucağında qalan” deyə biləcəklər.

Elə bu dəmdə blokun ağzında Ülvi və xalasının əri göründü. Onlar düz Mirzəmmədin liderlik etdiyi mərəkəyə sarı gəlirdilər. Mirzəmməd də, onun çevrəsi də məsələnin nə yerdə olduğunu dərhal anladılar: Ülvi “sukalıq” eləmişdi.

Mirzəmmədin sifətindəki rişxəndli gülüş dərhal çəkildi, indi o, Ülvinin göyçək xalasının tumuşunu şəxsən görmüş bir adam olmağın qürurunu yaşamaqdansa, bu situasiyadan necə çıxacağını düşünməliydi. Ülvinin xalasının əri Ramiz onlara tərəf qətiyyətli addımlarla gəlirdi. Mirzəmməd durub qaçmağı özünə sığışdırmadı, əslində artıq gec idi, aradan çıxa bilməzdi, Ramiz çatıb peysərləyərdi. Onun yeganə ümidi şalvarının arxa cibindəki yaylı bıçağa qalmışdı. Bəlkə onun açılarkən çıxardığı şaqqıltı səsi Ramizi qorxudub sakitləşdirə bilərdi.

Ramiz və Ülvi onlara çatdılar. Ülvi əlini Mirzəmmədə uzadıb dedi:

- Bax, bu dedi.

Təxminən 30 yaşı, 100 kilo çəkisi olan oğlan ta soruşmadı ki, Mirzəmməd doğrudan da belə söz deyib, yoxsa deməyib. Əgər soruşsaydı, Mirzəmməd sözü fırladacaqdı, and içib, söyüş söyəcəkdi ki, elə söz deməyib, başqa cür deyib, Ülvi səhv başa düşüb. Ramiz heç nə soruşmadı və artıq inersiya üzrə ayağa qalxmış Mirzəmmədin qulağının dibindən bir şillə tutuzdurdu. Ya Ramiz qoldan qüvvətliydi, ya da Mirzəmmədin fiziki çəkisi çox az idi, hər nə idisə, zərbə onu top kimi atdı. Söhbətxananın dəmir məhəccərini aşıb o tərəfə düşən Mirzəmməd qeyri-insanı səslə:

- Neynirsən, alə, sən? – deyə çığırdı.

Əslində, bu , ritorik suala heç bir ehtiyac yox idi, Ramizin nə etdiyi, nə etmək istədiyi göz qabağındaydı.

Mirzəmməd əlini şalvarının arxa cibinə atdı, əsas güvənc yeri olan bıçağının düyməsini basaraq, şaqqıldadıb açdı, amma bu qorxunc səs də, bıçağın havada oynadılması da Ramizi saxlamadı. O, çəkisinə uyğun olmayan cəldliklə havaya tullanaraq, qövs cızdı və bir ayaq zərbəsi ilə bıçağı Mirzəmmədin əlindən saldı, o biri ayağı ilə də onun çiyin nahiyəsinə zərbə endirdi. Mirzəmməd yenə yerlə bir oldu və əsas silahına – söyüşlərə əl atdı. Bu, onun xala söhbəti eləməsindən və bıçaq çıxarmasından sonra üçüncü səhviydi.

Ramiz artıq yerdə olan Mirzəmmədə qarşı namərdlik elədi. Prinsipcə, o, idmançılara (fırlanıb təpik atmasından görünürdü ki, bu adam idmançı olub, bəlkə hələ də idmançıdır) xas təmkin nümayiş etdirməliydi, yerə yıxılmış rəqibinə zərbə vurmamalıydı. Ancaq Ramiz yıxlmağa meyllənmiş rəqibinə ikinci zərbəni vurmayan və onun yıxılmasını gözləyən boksçu Məhəmməd Əli deyildi, ona görə də Mirzəmmədin yıxılısından da əl çəkmədi, böyrünə, qarnına bir-iki təpik də ilişdirdi, əyilib saçından yapışdı, döşəmə şəlpəsi kimi bir-iki metr o tərəf-bu tərəfə sürüdü, “alçaq, oğraş, dəyyus, qurumsaq” - deyə-deyə onu qapazladı, şillələdi – ta o vaxta qədər ki, Mirzəmməd susdu, yerindən qalxmadan, qarnını, başını tutaraq zarıya-zarıya uzandı.

Ramiz ikinci namərdliyi də etdi, telefonunu cibindən çıxarıb harasa zəng etdi, operativ qrup çağırdı. Çağırılan adamlar gələnə qədər o, Mirzəmmədin başının üstündə dayandı, arada qalxmaq istəyəndə ayağı ilə belindən basıb, “Sakit ol, səni bir də bu besedkada görməyəcəm, görsəm, öldürəcəm” - dedi. Mirzəmməd əlacsız-əlacsız başını tərpədirdi: “Yaxşı, yaxşı”.

Bu müddətdə məhlənin gəncləri və yeniyetmələri sakitcə dayanıb onlara baxırdılar. Heç kim nə yerdəkinə kömək, nə də onun başının üstündə dayanan bu yekəpərə etiraz etmirdi.

Beş-altı dəqiqədən sonra “Fiat Dobla” avtomobili ilə həyətə gələn polislər Mirzəmmədi yerdən qaldırıb maşına basdılar və apardılar.

Ülvi Ramiz dayısı ilə evə getdi. Məhəllə uşaqları baş verənlərin müzakirəsinə başladılar və vaxtilə zəncilərlə oturub-durmuş xalasına görə Ülvinin bu cür “sukalıq” eləməsini kəskin pislədilər.

Ertəsi gün məlum oldu ki, Mirzəmmədə 15 sutka iş kəsiblər – hökumət qulluqçusunun üstünə bıçaq çəkdiyinə görə. Danışırdılar ki, onu döyən oğlan insaflı tərpənib, cinayət işi açılmasını istəməyib, yoxsa onu yenidən 3-4 illiyə içəri basacaqlarmış.

O gündən sonra Ülvi bir daha məhəllə uşaqlarına qoşulmadı. Uşaqlar elə bilirdilər ki, o, xalası ilə bağlı məsələyə görə adam arasına çıxmır. Yəni, banketdə bayılıb əcnəbilərin qucağında qalan və alt paltarı görünən xalasının xəcalətini çəkir. Amma Ülviyə uşaqlardan uzaq durmağı Ramiz dayısı tapşırmışdı, demişdi, onlardan adam olmaz, orda gələcək məhkumlar nəsli yetişir.

Vaxtı çatdı, Mirzəmməd azadlığa buraxıldı, amma kişi kimi sözünün üstündə durdu, bir daha məhəllənin talvarına gəlmədi.

# 2634 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #