Dollar yandırmaqla xoşbəxt olan azərbaycanlı

Dollar yandırmaqla xoşbəxt olan azərbaycanlı
11 fevral 2017
# 21:00

Kulis.az Samir Sarının “Saxta əskinaslar” hekayəsini təqdim edir.

Bu əhvalatın proloq hissəsi 3 il öncə İstanbulda, Merter tərəflərdə, bir topdansatış mağazasında baş vermişdi.

Bir gün mağazanın sahibi Qasım (yaş 35) yaxınlıqdakı lokantada qıymalı pide və kola ilə nahar edərək mağazasına qayıtdıqda köməkçisi, yəni mağazanın satıcısı Sərvət (yaş 18) onu müjdələdi:

- Abi, 30 tanə İzmir ayakkabısı satdım. Orta fiyata.

Orta qiymət o demək idi ki, Sərvət İzmirdə istehsal olunan dəri ayaqqabıların cütünü 19 dollardan satıb. Yuxarı qiymət 20 dolları nəzərdə tuturdu. Əlac kəsiləndə onlar ayaqqabıları 18 dolların lirə ekvivalentinə də satırdılar. Sərvətin 30 cüt ayaqqabını sataraq, 570 dollar qazanması sevindirici xəbər idi. Ona görə də Qasım Sərvəti təriflədi:

- Malades sənə, qaqa. Afərin. Oğulsan.

- Görünür, bu tərif kayserili Sərvətə azlıq elədi. O, ikinci müjdəni verərək daha bir “malades” qazanmaq istədi.

- Abi, ayakkabıları səninkilərə satdım. Sənin məmləkətdən gəlmişlərdi...

Əksinə oldu, bu xəbəri eşidəndə Qasımı elə bir 220 voltluq cərəyan vurdu, səsi dəyişdi:

- Qaqa, sən nə qayırmısan? Kəsin səni dolandırıblar...

- Yok, abi, nə dolandırması... 30 tanə satdım, parasını da dolarla nakit aldım.

Əslində onlar dollarla alış-veriş etməzdilər, amma etibarlı, sınanmış müştərilər olanda edirdilər, adamları əbəs yerə valyutadəyişmə məntəqəsinə göndərmirdilər.

Sərvət dollar əskinaslarını cibindən çıxarıb Qasıma uzadanda belə, mağaza sahibinin içinə dolmuş şübhə onu tərk etmədi. O, masasında oturub pulları sürətlə saydı. Düppədüz idi: 570 dollar. Amma Qasım pulları bir də, bu dəfə asta-asta, həm də işığa tutaraq saydı, sonra hirsindən qızarmış halda üç dənə 50 dollarlıq və bir 20 dollarlıq əskinası ayırıb qırağa qoydu və dedi:

- Sərvət, mənimkilər anamızı, bilirsən, neyləyiblər, Sərvət? Anamızı .... dansa qaldırıblar, Sərvət.

Sərvət “dansa qaldırmaq” söhbətini tutmadı:

- Nasıl yani? - deyə key-key baxaraq soruşdu.

Qasım zəruri izahat verdi:

- Dədə-baba qaydasıyla qaldırıblar, Sərvət....

Onun əl hərəkətindən sonra situasiyanı anlayan Sərvət nisbətən gənc anasının İstanbulda bu şəkildə rəqsə dəvət edilməsi söhbətindən heç xoşlanmadı. Ona görə də Qasım “dans” söhbətini bir az da konkretləşdirdi:

- Sənə 170 dollar qəlp para soxuşdurublar. 120 dollar qazanc edəcəkdik, ama indi 50 dollar ziyandayıq, Sərvət. Anladınmı?

Sərvətin gözləri əvvəlcə bərəldi, sonra doldu, dodağının qanı qaçdı, boğazı qurudu, nə deyəcəyini bilmədi, bəlkə də anasını gerçəkdən də rəqsə qaldırsaydılar, heç bu qədər sarsılmazdı. O, handan-hana dilləndi:

- Abi, vallah... nə bileyim. Qüsura bakma, abi. Beni kandırmışlar, anlaşılan. İnandım onlara. “Bir devlət-iki millətiz”, “kardeşiz” dedilər. Bakdım ki, sənin məmləkətdən gəlmişlər... Paraları kontrol etmədim. Nə bileyim, abi...

Söz yox, Qasım çox hirslənmişdi, amma təkcə əməzəklik etmiş Sərvətə yox, ona kələk gələn eloğlularına da. Onlar 15 milyonluq İstanbulda məhz ona – öz eloğlularına kələk gəlmişdilər. İndən belə o, Sərvəti döysəydi də xeyri yox idi, söysəydi də, qovsaydı da...

Qasım Sərvətə əlavə suallar verdi, soruşdu ki, onlara saxta dollar sırıyanlar danışanda “qaqa, başına dönüm”, “qadan alım, ay lələ”, “ə, bə biz də türkük da, bə”, “ha şimdi, bunun bir az aşağı yeri varmı”, “Alə, bir az, aşağı eliyün də” kimi sözlər işlədiblərmi. O, bu ifadələri ləhcələrə uyğun olaraq söylədi ki, Sərvət xatırlayıb desin və, o, fırıldaqçıların təxminən haralı olduqlarını müəyyənləşdirsin. Belə olardısa, tanış-bilişdən soraqlayıb kələkbazları tapmaq olardı. Ancaq Sərvət şokdaydı, dedi ki, onunla alver edənlər təmiz türkcə, ləhcəsiz danışıblar.

Axırda Qasım ona belə bir xəbərdarlıq etməyi lazım bildi:

- Bak, Sərvətcim, səni son kəz uyarıyorum. Bundan böylə mən olmadan Baküdən gələn heç kəsə, qarabağlılara, nahçıvanlılara, gəncəlilərə, qubalılara, lənkəranlılara mal satmayacaqsan.

Sərvət başını tərpətdi:

- Anladım, abi, - dedi və soruşdu: - Bəs azərilərə satıyımmı, abi? Onlar da dolandırıcıdırmı?

Qasım əvvəlcə elə bildi ki, Sərvət onunla məzələnir, istədi ona bir qapaz vursun, amma onun sifətindəki saf-məsum ifadəni görərək:

- Tupoyların qırılsın, Sərvət, - dedi və onun sifətindəki “tupoy nə, abi” sualını oxuyub ciddiləşdi:

- Yox, Sərvət, hamısı dolandırıcı deyil də, amma içində bu cür oğraşlıq edənlər var.

Sərvət o sözün mənasını bilirdi, pərt-pərt gülümsədi.

Saxta dollar əskinasları bir müddət mağazadakı masanın siyirməsində, bir küncdə qaldı. Sonra Qasım qorxdu ki, bir gün bu pullar mağazada aşkarlanar, işə düşər, başı ağrıyar. Onun saxta əskinasları atmağa, yandırmağa, cırmağa əli gəlmirdi, ürəyinin dərinliyində ümid edirdi ki, bir gün o da bu pulları bir yerdə kiməsə soxuşdura bilər. Ancaq elə bir fürsət düşmürdü, ona görə də Qasım saxta dollarları Yeni Bosnada kirayə qaldığı evə gətirdi və xeyir-şər kostyumunun qoltuq cibinə qoydu. Bu pul onun yadına yalnız kostyumu geyəndən-geyənə düşürdü.

Ancaq gün gəldi, Türkiyədə elə bir hadisə baş verdi ki, saxta dollarların məsələsi Qasımın şüuruna hakim kəsildi.

2017-ci ilin yanvar ayının ortalarında Qasım televizora baxarkən xəbərlər bülletenində gördü ki, bir dəstə məhəllə muxtarı burunlarını dollarla silir, sonra od vurub yandırırlar və bununla da ölkədə milli valyutanın dəyərdən düşməsinin qarşısını aldıqlarını düşünür, ABŞ-ın aqressiv monetar siyasətinə əngəl olmağa çalışırlar.

Bu mənzərə Qasımın yadına həm kostyumunun cibindəki saxta dollar əskinaslarını, həm də məhəllə muxtarı Sami əmini saldı. Onların arası yaxşıydı, hər gün səhər və ya axşam mütləq rastlaşır, görüşür, hal-əhval tuturdular. Sami əfəndi ona çox hörmət bəsləyirdi, görüşəndə mütləq “biz azerilərlə kardeşiz, Kasım” deyirdi. Qasımın ağlına gəldi ki, o saxta dollarlar nəhayət bir işə yaraya bilər. O özü də həmin əskinasları nümayişkaranə şəkildə yandıra bilərdi, amma bunu muxtarın etməsi daha yaxşı olardı. Nə də olmasa, telekanallar muxtarların aksiyasını çəkirdilər.

Axşam məhəllədə rastlaşdıqları zaman Qasım niyyətini Sami kişiyə (yaş 55) açıb dedi, öz saxta dollarlarını yandırmaq üçün ona təklif etdi.

Hakim partiyanın əqidəli üzvlərindən olan Sami əfəndi təklifi qəbul etmədi, dedi, bu, manipulyasiyon (o, savadlı adam idi) olar, ”din-iman adamına yakışmaz”. Qasım daha bir söz demədi, evə getdi. Bu söhbətin üstündən iki saat keçmiş Sami bəy özü qonşusu Qasımın qapısını döyüb əskinasları istədi. Məlum oldu ki, partiyanın rayon təşkilatından çağırıb ona deyiblər ki, o da dollaryandırma aksiyasına qoşulsun.

- Rəis ulusa səsləniş edib, Kasım kardeş, yapacak bir iş yok artık.

Qasım əvvəlcə istədi desin ki, “din-iman adamına manipulyasiyon yakışmaz axı, amca”, amma demədi, saxta pulları gətirib muxtara verdi.

Ertəsi gün aralarında Sami əminin də olduğu muxtarlar, əsnaflar dəstəsinin dollaryandırma aksiyasını telekanallarda göstərdilər. Operator Sami kişinin yandırdığı 50-lik əskinasları və onun ABŞ imperializmini qınayan hiddətli sifətini iri planda xalqa nümayiş etdirirdi.

O süjeti görəndən sonra ayaqqabı topdançısı Qasımın üstündən sanki ağır bir yük götürüldü. Nəhayət, o yaşıl rəngli kağızlar bir işə yaramış, türkün sözü, gerçək paralar misali cayır-cayır yanmışdılar.

Pullar yandı, getdi, amma iş bununla bitmədi. Ertəsi gün Sami kişi Qasımla rastlaşanda ona müjdə verib dedi ki, bu hadisə rayon təşkilatında böyük maraq doğurub, onun səxavəti dillərə düşüb, deyəsən, ona mükafat verəcək, “yakılmış paralarını telafi edəcəklər”. Qasımın kefi lap kökəldi, zarafatla dedi ki, bu əla oldu, amca, mükafatı bölərik.

- Muhaqqaq böləriz, kardeş, ben hakk yeməm, - deyə Sami əfəndi ona vəd verdi.

Bir neçə gündən sonra məhəllə muxtarı ona zərfdə 170 dolların son məzənnə ilə qarşlığı olacaq qədər türk lirəsi uzatdı, dedi ki, bu rayon təşkilatının göndərdiyidir, amma şəhər təşkilatı da bu məsələ ilə bağlı onu qərargaha dəvət edib.

Əsl dollar kimi yandırılmış kağızların, yəni saxta əskinasların əks-sədası davam edirdi. Sami əfəndi hakim partiyanın qərargahında layiq görüldüyü mükafatı Qasımla bölmədi, amma müjdə verdi ki, partiya sədrinin yardımçısı onunla şəxsən maraqlanıb və “bu cür adamlar mütləq qiymətləndirilməlidir” deyə tapşırıq verib.

Bu hadisədən sonra məhəllə muxtarı artıq nəinki məhəlləyə, hətta Yeni Bosnaya sığmırdı. Adam şöhrət, hörmət qazanmışdı. Onu tez-tez televizorda göstərirdilər. Allahdan Sami əfəndi fotogenik idi, ekranda xarizmatik görünürdü.

Bir dəfə o, Qasımla rastlaşanda dedi ki, şəhər təşkilatı növbəti seçkilərdə onun deputatlığa namizədliyə namizəd olmasını məsləhət görür. Artıq rəisə də onun haqqında danışıblar.

- Amcan parlamentoya girəcək, Kasım kardeş, - gələcək deputat ona əvəzsiz yaxşılıq göstərmiş Qasıma dil-ağız elədi. – O zaman “bir millət-iki devlət” nasıl kardeş olur, hər kəs görəcək.

Bu, onun ilk seçki vədiydi, deputat olacağı təqdirdə Azərbaycan və Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyinə dair söz verirdi.

Beləliklə, səmimi dostluq-qardaşlıq münasibətləri növbəti dəfə qalib gəldi. Bu hadisədə iştirakçı olanların hamısı mənfəət qazandı. Sami əfəndi saxta dollarları yandırmaq hesabına böyük hörmət, şöhrət əldə etdi və növbəti seçkilərdə Yeni Bosnadan deputat seçiləcəkdi ( bu səbəbdən Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcəkdi);

saxta dollarla aldadılmış Qasım üç ildən sonra olsa da öz halal pulunu geri aldı; Saxta əskinaslar Türkiydə dövriyyədən çıxmış oldu; qəlp əskinasları satıcı Sərvətə “itələmiş” naməlum azərbaycanlı alverçilər 570 dollarlıq malı 420 dollara alaraq və iki qat bahasına sataraq qazanc əldə etdilər.

Olan bircə Sərvətə oldu. O, hələ də gənc anasının Bakıdan gələn dolandırıcılar tərəfindən “dans”a qadırılmasını həzm edə bilmir, rakını bir az artıq içəndə orda-burda deyir: “O uğraşlara görə annemə laf edildi, abi”.

# 2154 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #