"Bəzən şirə dönürlər, gah quzutək yatırlar..." - Coşqun Xəliloğlunun şeirləri

"Bəzən şirə dönürlər, gah quzutək yatırlar..." - Coşqun Xəliloğlunun şeirləri
24 mart 2026
# 11:30

Kulis.az Coşqun Xəliloğlunun şeirlərini təqdim edir.


DÜNYA NİYƏ DÜZƏLMİR

Dünyada ahəngi pozduq özümüz,
Gah açıldı, gah yumuldu gözümüz,
Danışmağa qurtaranda sözümüz,
Söylədik ki, dünya niyə düzəlmir?

“Bəxşiş” verdik, “bəxşiş” aldıq həvəslə,
Nadanlara çəpik çaldıq, həvəslə,
Dinləyərkən bir yanıqlı “Şikəstə”,
Söylədik ki, dünya niyə düzəlmir?

Öyrənmədik, nə haram, nə halaldı,
Qənd qatıb and içdik, “Tər-təmiz baldı”,
Bülbül töhmət, qarğa mükafat aldı,
Söylədik ki, dünya niyə düzəlmir?

Min oyundan çıxdıq gəlməkçin xoşa,
Ürək qızdırmadıq dosta-sirdaşa,
Nankoru keçirdik yuxarı başa,
Söylədik ki, dünya niyə düzəlmir?

Torpaqdan, zəhmətdən soyuduq yaman,
Çoxumuz istədik ucuz şöhrət-şan,
Görəndə hardasa pozulub sahman,
Söylədik ki, dünya niyə düzəlmir?

DÜZ AD

Xəstə tələsməklə deyil,
Armud vaxtında dəyəcək.
Ağac barlı- bəhərlisə
Barı budağın əyəcək.

Kim gəncliyin keçirsə boş,
Qocalığı olarmı xoş?
Payız keçib gələndə qış,
Ötən ömrə neyləyəcək?

Kamilliyə can atmayan,
Yatan ağlın oyatmayan,
İşləməyən, yaratmayan
Ən sonda dizin döyəcək.

Yağacaq, bulud dolarsa,
Bir də açmaz gül solarsa,
Yük daşdan ağır olarsa,
Tərəzi gözün əyəcək.

Başa salmaq deyil asan.
İnadkarsa, tərssə insan.
O görürsə sökülür dan,
“Qaranlıq düşür”, -deyəcək.

Coşqun, ömrü vermə bada,
Bir qonaqsan bu dünyada,
Layiq ol düz, təmiz ada-
“Düz ad” dünyaya dəyəcək.


14.08.2025


DEYİR


Qorxaq hünərdən danışır,
Nankor sədaqətdən deyir.
Aciz təpərdən danışır,
Simic səxavətdən deyir.

Əyri səhv çıxarır düzü,
Astar bəyənməyir üzü,
Qıyıq tənqid edir bizi,
İynə cəsarətdən deyir.

Dovşan şiri qorxaq sanır,
Tülkü fili sarsaq sanır,
Eşşək atı axmaq sanır,
Donuz ləyaqətdən deyir.

Arı halal işindədir,
Milçək zibil içindədir,
Zəhər ilan dişindədir,
O da ədalətdən deyir.

Mis qızılı salmır saya,
Lampa lağ eyləyir Aya,
Göl: - Arxdır, - söyləyir çaya,
Təpə əzəmətdən deyir.

Çox işlərə qalmışam mat,
Adsız özünə verir ad,
Dəvə arzulayır qanad,
Siçan dəyanətdən deyir.

Nə tənbəl ol, nə də ərin,
Hər addımda düşün dərin,
Ay Coşqun, varmı xəbərin,
Hamı siyasətdən deyir?


2002

XƏZƏRİM


Hər gün qəmli baxışla gözlərim sənə baxır,
Qəlbimdə göy gurlayır, başımda şimşək çaxır,
Suyunun çəkilməyi ürəyimi çox sıxır,
İncim, gövhərim mənim, Xəzərim, ay Xəzərim.

Sən, Bakımın həmdəmi, doğması, əzizisən,
Milyard ilin şahidi, yaddaşısan, izisən,
Şairlərin ilhamı, min mənalı sözüsən,
İncim, gövhərim mənim, Xəzərim, ay Xəzərim.

Dalğaların sahilə necə də can atırlar,
Bəzən şirə dönürlər, gah quzutək yatırlar,
Qırçın-qırçın ləpələr aləmə naz satırlar,
İncim, gövhərim mənim, Xəzərim, ay Xəzərim.

Günəş üfüqdən çıxır, bax, necə də gözəldir,
Sanki suyun üstünə səpələnənlər zərdi,
Bu gözəl ehtişamın məkanı göy Xəzərdir,
İncim, gövhərim mənim, Xəzərim, ay Xəzərim.

Suyun yenə artacaq hökmüylə təbiətin,
Sənə kömək olacaq, dözümün, dəyanətin,
Əlini sıxacaqsan əbədi səadətin,
İncim, gövhərim mənim, Xəzərim, ay Xəzərim.

DOST OLSA

Hər qələm qaşlıya gözəl deməzlər,
Hər söz yığınına qəzəl deməzlər,
Qozbelə heç zaman “düzəl” deməzlər,
Qozbeli düzəldən qəbir olacaq.

Qəlbimi doldurub qüssə, qəm, kədər,
Fikirlər içində gəzdim nə qədər,
Gözlədim, ümidim oldu boş, hədər,
Evimizi yıxan fikir olacaq.

Nəsihət eyləmə yüz yol nadana,
Heç vaxt bel bağlama şərə-yamana,
O gələn deyildir dinə, imana,
Kafir doğulubdur, kafir olacaq.

Nakəsə sirrini, qəlbini açma,
Dar gündə yüzünün üstünə qaçma,
Hər kəsi dost bilib qardaştək qucma,
Dost olsa, ya iki, ya bir olacaq.


# 99 dəfə oxunub

Oxşar xəbərlər

Tanrım, yaxşılara tən gətir məni... - Günün şeiri

Tanrım, yaxşılara tən gətir məni... - Günün şeiri

10:30 24 mart 2026
"Kim gətirmiş adımı sоlğun dоdaqlarına?.." -Almas İldırımın şeirləri

"Kim gətirmiş adımı sоlğun dоdaqlarına?.." -Almas İldırımın şeirləri

10:00 24 mart 2026
Nə desə yaxşıdır, belin qucanda... - Günün şeiri

Nə desə yaxşıdır, belin qucanda... - Günün şeiri

14:40 22 mart 2026
21 Mart - Ümumdünya Poeziya Günüdür

21 Mart - Ümumdünya Poeziya Günüdür

13:00 21 mart 2026
Saatımı itirmişəm Nizami küçəsində - Səttar Temuçinin şeirləri

Saatımı itirmişəm Nizami küçəsində - Səttar Temuçinin şeirləri

12:56 21 mart 2026
Başımdan getmişdi sevdanın qəmi... - Günün şeiri

Başımdan getmişdi sevdanın qəmi... - Günün şeiri

12:30 21 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər