Hədiyyə – Şahnaz Kamaldan üç nağıl

Hədiyyə – Şahnaz Kamaldan üç nağıl
12 mart 2022
# 11:30

Kulis.az Şahnaz Kamalın üç yeni nağılını təqdim edir.

Gəlincik

Beş yaşı tamam olanda Umayın atası ona böyük bir gəlincik aldı. Qara saçlı, qara gözlü, qırmızı donlu gəlincik Umayın çox xoşuna gəldi. O, gəlinciyinin adını Göyçək qoydu.

Umay Göyçəkdən heç ayrılmırdı. Bağçaya gedəndə də gəlinciyini özü ilə aparırdı.

Bir gün Umay nənəsi ilə bağçadan qayıdırdılar. Həyətdə yaşıl və sarı rəngli təzə yelləncəklər asmışdılar. Umay yelləncəkləri görüb dedi:

– Nənə, bir az yellənmək olarmı?

– İstəyirsənsə, yellən,- nənəsi cavab verdi.

Umay gəlinciyini nənəsinə verib yelləncəyə tərəf yüyürdü. Nənəsi isə oturacaqda oturan qadınların yanına getdi.

Yelləncəyin yanına xeyli uşaq yığışmışdı. Onlar növbə ilə yellənirdilər. Umay Gülüzdən sonra növbə tutdu.

Bütün uşaqlar növbə ilə yelləndilər.

Oynayıb yorulanda, Umay nənəsinə yaxınlaşdı.

– Nənə, yoruldum və acdım, evə gedək.

Onlar evə gəldilər.

Umay paltarını dəyişdi, əllərini yuyub yemək yedi. Yemək yeyəndən sonra bir az Göyçəklə oynamaq istədi. Nə qədər axtardı, gəlinciyini tapa bilmədi. Çox qorxdu, ağlamağa başladı.

Onun səsinə anası otağa gəldi:

– Nə olub, qızım, niyə ağlayırsan?

– Göyçək itib, gəlinciyim itib, -Umay anasının qucağına qaçdı.

– Yəqin, bağçada qoymusan.

– Yox, mən onu özümlə gətirdim.

Birdən Umayın yadına düşdü ki, yellənmək istəyəndə, gəlinciyi nənəsinə vermişdi.

– Nənə, nənə, mənim gəlinciyimi haraya qoymusan?- Umay mətbəxə, nənəsinin yanına qaçdı.

Nənəsi düşünməyə başladı.

– Yadımda deyil, bəlkə də, oturacaqda unutmuşam.

Umay daha bərkdən ağlamağa başladı:

– İndi yəqin kimsə onu evinə apardı.

Elə bu vaxt qapı döyüldü. Ana qapını açdı. Gələn Gülüz idi, qucağında da Umayın gəlinciyi Göyçək.

Gəlinciyi Umaya uzadıb dedi:

– Bu gəlincik oturacaqda idi. Baxan kimi tanıdım, sənindir. Gətirdim.

Umay gəlinciyini görüb çox sevindi. Onu Gülüzdən alıb bağrına basdı. Sonra da Gülüzü qucaqladı.

Hədiyyə

Orxan Bakıda yaşayır. Yayda isə kəndə, nənə və babasının yanına gedir. Orxan kəndi çox sevir. Çünki orada çay, göl, meşə, futbol oynamağa meydança var. Orxanın kənddə çoxlu dostları var. Onlar hər gün birlikdə ya çayda çimirlər, ya meşəyə, dağa gedib gəzirlər. Axşamlar isə meydançada futbol oynayırlar.

Orxanın babasının və nənəsinin çoxlu qoyunları, inəyi, buzovu, keçisi var. Orxan hər səhər nənəsi ilə birlikdə toyuqlara, cücələrə, qırmızıpipik xoruza, ağ qazlara, rəngbərəng ördəklərə dən verir. Onların Alaş adlı iti, Məstan adlı pişikləri də var.

Orxan yayı, kəndi, kənddəki dostlarını çox sevir. Bakıya qayıtmaq istəmir. Ancaq qayıtmalıdır, çünki məktəbə getmək lazımdır.

Sentyabrın əvvəli atası Orxanı aparmağa gəldi. Elə həmin günü Məstanın beş balası oldu. Pişik balaları o qədər balaca, qəşəng idilər ki! Orxan onlara toxunmaq istəyəndə, Məstan tüklərini qabardıb miyoldadı. Orxan qorxub geri çəkildi.

– Baba, mən pişik balaları ilə oynamaq istəyirəm, amma anaları icazə vermir.

– Onalar hələ çox balacadırlar, oynamaq olmaz- baba dedi.

Səhər Orxan atası ilə Bakıya qayıtdı.

Oktyabrın 15-i Orxanın ad günüdür. Hər il babası və nənəsi onun ad günününə gəlirlər, çoxlu hədiyyə gətirirlər. Bu il də belə oldu. Baba və nənə ad gününə gəldilər. Onların əlində balaca bir səbət də var idi.

– Bu nədir?-Orxan soruşdu.

– Aç, görəcəksən- baba gülümsündü.

Orxan səbətin qapağını açdı. Səbətin içində balaca, qəşəng pişik balası ona baxıb miyoldayırdı. Orxan sevincindən atılıb-düşməyə başladı.

– Bu mənim ad günümə olan ən gözəl hədiyyədir, -dedi və babasını, nənəsini qucaqlayıb öpdü.

Bir az sonra Orxanın sinif yoldaşları, dostları onun ad günü şənliyinə gəlməyə başladılar. Orxan onları qucağında balaca pişiyi qarşılayırdı. Balaca pişik hamının xoşuna gəlmişdi. Uşaqlar növbə ilə onu sığallayırdı.

– Orxan, pişiyinin adı nədir?- Aydın soruşdu.

– Bilmirəm, hələ ad qoymamışam.

– Gəlin, ona ad seçək.

Hərə bir təklif etdi. Ancaq adların heç biri Orxanın xoşuna gəlmirdi. O, pişik balasına baxdı, dedi:

– Balaca, heç bilmirəm sənin adını nə qoyum.

“Myau”-pişik balası miyoldadı.

– Tapdım, tapdım,-Orxan sevinclə səsləndi,-pişiyimin adını Myau qoyacağam. O özü belə istədi.

Bu ad uşaqların da xoşuna gəldi.

Balaca ayı balası

Bir dəfə Aygül atası və anası ilə meşəyə gəzməyə getmişdilər. Onlar meşədə gəzdilər, çiçək topladılar, kəpənək qovdular. Birdən Aygül ağacın koğuşunda balaca, qonur bir heyvan gördü. Onu atasına göstərib dedi:

– Ata, bu nədir?

Atası Aygül işarə edən tərəfə baxdı.

– Bu ayı balasıdır. Qəribdir, o niyə təkdir?

– Gəl, onu koğuşdan çıxardıb evimizə aparaq. Bax, orada tək qalıb, qorxur.

– Yox, ona yaxın getmək olmaz- Aygülün anası dedi. Bəlkə də balaca ayının anası yaxınlıqdadır. Bizim balasına yaxınlaşdığımızı görüb elə bilər, onu oğurlamaq, öldürmək istəyirik. Bizə hücum edər. Yadında saxla, vəhşi heyvanların balalarına yaxınlaşmaq olmaz, bu, çox təhlükəlidir.

– Axı bu balaca ayı tək qalıb acından ölə bilər. Ya da, başqa vəhşi heyvanlar onu yeyərlər – Aygül kövrəldi.

– Gəl gedək, meşəbəyinə xəbər verək. O nə etmək lazım gəldiyini hamıdan yaxşı bilir-atası onu sakitləşdirdi.

# 3433 dəfə oxunub

Müəllifin son yazıları

# # #