Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında
13 noyabr 2026
# 16:23

Bu gün görkəmli italyan rejissor Vittorio de Sikanın anım günüdür.

Kulis.az onun “Velosiped oğruları" filmi haqqında Sadiq İsmayılın tərcüməsində kinoşünas Rocer Ebertin yazısını təqdim edir.

"Velosiped oğruları" illər keçməsinə baxmayaraq gücünü və təravətini qoruyub saxlayan nadir əsərlərdəndir. 1949-cu ildə "Oskar" mükafatına layiq görülən bu film bütün dövrlərin ən yaxşı ekran əsərlərindən biri sayılır. İtalyan neorealizminin sütunlarından olan ekran əsəri işə ehtiyacı olan sadə bir adamın hekayəsindən bəhs edir.

Filmin rejissoru Vittorio De Sika, ssenari müəllifi isə Çezare Zavattini olub. Onlar İkinci Dünya müharibəsindən sonra yoxsulluq içində qalan İtaliyanın əsl həyatından ilham alırdılar. De Sika inanırdı ki, hər kəs ən yaxşı şəkildə məhz özünü oynaya bilər. Buna görə də o, Hollivud parıltısından uzaq duraraq filmlərində peşəkar aktyorlar əvəzinə adi insanları çəkməyə üstünlük verirdi. Ssenari üzərində işləyərkən Zavattini və De Sika ən aşağı təbəqələri araşdırır, hətta fahişxanalara və ekstrasenslərin yanına gedərək real obrazlar yaradırdılar.

Filmin hekayəsi çox sadədir. Baş qəhrəman Riççi (Lamberto Madjorani) iş axtarır. Nəhayət, ona afişa yapışdırmaq işi təklif olunur, amma bir şərtlə: velosipedi olmalıdır. Lakin onun velosipedi lombarddadır. Arvadı Mariya evdəki yataq mələfələrini girov qoyur və velosipedi geri qaytarır.

Riççi işə düzəldiyi ilk gündəcə velosipedi oğurlanır. O, balaca oğlu Bruno ilə birlikdə böyük Roma şəhərində velosipedi axtarmağa başlayır. Lakin axtarışlar nəticə vermir, polislər də kömək edə bilmir. Riççi təslim olur və oğlunu restorana apararaq ona pizza alır. Daha sonra təsadüfən oğrunu görür və onu fahişxanaya qədər təqib edir. Amma əlində sübut olmadığı üçün polis oğrunu həbs edə bilmir. Filmin məşhur finalında çarəsiz qalan Riççi özü başqasının velosipedini oğurlamağa cəhd edir və yoxsulluq zəncirinin bir halqasına çevrilir.

Bu hekayə dramdan çox ibrətamiz bir nağılı xatırladır. Çıxdığı dövrdə filmə siyasi və sosial mənalar yüklənmişdi. Bəzi tənqidçilər baş qəhrəmanı sadə və dayaz hesab etsələr də, zaman keçdikcə film bütün tənqidlərdən azad olub saf bir insan hekayəsinə çevrildi. Burada əsas məsələ budur: bir ata ailəsini sevir, onları qorumaq və dolandırmaq istəyir, cəmiyyət isə bunu çətinləşdirir. Hər kəs bu hissi özündə tapa bilər.

Filmin təsiri sonrakı illərdə də davam edib. Məsələn, 1999-cu ildə "Oskar"a namizəd olan məşhur İran filmi "Cənnətin uşaqları" bu təsirin bariz nümunəsidir. Orada atanın oğlunu velosipedə mindirib varlı məhəllədə iş axtardığı səhnə "Velosiped oğruları"nı xatırladır.

Rejissor Vittorio De Sika əvvəllər yüngül komediyalar çəkirdi. Lakin müharibənin gətirdiyi sərt reallıq onun yaradıcılığını dəyişdi. O, "Uşaqlar baxır" və "Ayaqqabı boyaçıları" kimi dərin filmlərlə neorealizm cərəyanının əsasını qoydu. Tənqidçi Polin Kael "Ayaqqabı boyaçıları"nı izlədikdən sonra göz yaşlarını saxlaya bilmədiyini və bu filmin insan həyatındakı çaşqınlığı olduğu kimi əks etdirdiyini yazırdı.

De Sika "Velosiped oğruları" və "Umberto D." filmləri ilə bu uğurlu yolu davam etdirdi. Sonralar yenidən komediyalara qayıtsa da, Sofi Lorenə "Oskar" qazandıran "İki qadın" və "Finzi-Kontinilərin bağı" kimi ciddi əsərlərə də imza atdı. 1952-ci ildə "Sight & Sound" jurnalı tərəfindən bütün dövrlərin ən yaxşı filmi seçilən "Velosiped oğruları" bu gün də öz səmimiyyəti və həqiqiliyi ilə yeni nəsilləri təsirləndirməyə davam edir.

# 422 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər