Şərqin ən məşhur əhvalatı haqqında roman

Şərqin ən məşhur əhvalatı haqqında roman
8 aprel 2019
# 16:58

Kulis.az Rəvan Cavidin "Şeyx" romanı haqqında bir neçə abzas” yazısını təqdim edir.

Ədəbiyyat sevmək sənətidir. Bütün dövrlərdə ədəbiyyatın insanlara təklif etdiyi hiss sevgi və barış olub. İrfani və ya bəşəri sevgi, fərq etməz, mayasında özündən imtina, ona çatmaq diləyi varsa, bu, müqəddəsdir. Səmavi kitabların ikincisi olan "İncil" bu cümlə ilə başlayır: "Sevin!" Sonuncu səmavi mətn isə "Oxuyun!" deyə əmr edir. Həmişə ədəbiyyat əxlaq, tərbiyə dərsi, ictimai mesajlar vermək prinsipinə yox, fərdi azadlıq və düşüncə zövqünün formalaşmasına, özünü ifadəyə xidmət edib. Klassik Şərq əfsanələrində ölməz məhəbbət rənglərinin olması, dünyanın ən gözəl sevgi hekayələrinin Şərqdə yaranması da təsadüfi deyil. Adəm və Həvvanın əhvalatından tutmuş günümüzdəki ənənəvi lirik poeziya xəttinə qədər şərqlilər ədəbi mətnlərə sevgi azadlığı verərək onları həm də əbədiləşdiriblər. İslamın bu coğrafiyada yaranması və yayılması məlum əhvalatçılığa daha böyük məna yükləyərək insanın sevgisinin təməlində Allaha və əbədi ruha olan inamı göstərdi. Füzulinin "Leyli və Məcnun"unda Məcnunun Kəbədə etdiyi dualar bu danışdıqlarımıza epiqraf kimi düşünülə də bilərdi. Amma bu şablon başlığı keçib əsas qəhrəmanımız - Şeyx Sənan haqqında danışmaq yerinə düşər.

Orta əsrdə Yaxın və Orta Şərqdə ard-arda bir neçə eşq macərasına, ölümsüz və bir o qədər də əziyyətli sevgiyə rəvayətlər, hekayələr qoşuldu. Şərq folklorunun əsasını təşkil edən bu əhvalatçılıq üslubu Qafqaza, daha sonra isə Qərbə qədər öz səsini duyurmağı bacardı. Günümüzdə təkcə bizlər, yəni şərqlilər deyil, həm də Avropa ədəbiyyatı, o cümlədən, Latın Amerikası nəsri də bu cür hekayələrdən xammal kimi istifadə edir. Metafizik mətnlərin, magik-realist üslubun müəllifləri sufi hekayələrinin əla biliciləridir.

"Şeyx Sənan" əfsanəsi təkcə məhəbbət deyil, həm də dini motivləriylə diqqəti çəkir. Məhz bu baxımdan da bu əfsanə daha çox bəşəri yükə sahibdir. İslamın şeyxlərindən olan, ətrafına yüzlərlə mürid toplamış Şeyx Sənan xristian dininə mənsub bir gözələ aşiq olur və bundan sonra həyatı dəyişir. Ən ali duyğuların, hisslərin insanın özündən imtinasına, müqəddəsliyə çatmasına həsr olunmuş əfsanə Fəridəddin Əttar tərəfindən ilk dəfəyə yazıya alınır (yazılı ədəbiyyat nümunəsinə çevrilir). Daha sonra bir neçə ərəb, fars və türk müəllifləri bu əfsanəni müxtəlif final səhnələri ilə işləyir. Ən gözəl nümunələrdən birini isə Hüseyn Cavid yaradır.

Yaradıcılığının şah əsərlərindən olan "Şeyx Sənan" faciəsi əsər kimiona qədər yazılmış bütün "Şeyx Sənan"lardan üstün idi. Həm də əfsanəyə daha çox istinad olunmuş nümunə idi.

"Şeyx Sənan" əhvalatının günümüzdə də aktual olduğunu yazıçı Sahilə YaYa (İbrahimova) sonuncu romanı "Şeyx"lə təsdiq etdi. Müəllifin digər romanlarndan öz üslubu, dili ilə kifayət qədər fərqlənən əsər "Şeyx Sənan"a başqa bir baxış bucağından baxdı. Dövrümüzdəki hadisələrlə paralelliyi, Qarabağ problemi, 90-cı illərin məişət hadisələri, Qərb mədəniyyəti və ən əsası yaradıcı fərdin bu hadisələrə göstərdiyi münasibət, yazıçı Şumeysatın yazmaq haqqındakı fikirləri romana fərqli rənglər qatdı. Bir az da romanın daxili strukturuna uyğun alqoritmlə, eyni xətt və üslubla qəhrəmanlar və romandakı hadisələrin baş verdiyi dövrlərin xarakteristikasılarına uyğun ətraflı danışaq.

1990-cı illər, Bakı

Romandakı hadisələr üç fərqli zaman fasiləsində baş verir. Şumeysatın uşaqlığı dövrü - 90-cı illər, romanın bəhs edildiyi zaman - təhkiyəçinin indiki zamanı, Şeyx Sənanın həyatı - təxminən onuncu əsr.

90-cı illərdə baş verənlər azərbaycanlı bir ailənin SSRİ dağıldıqdan sonrakı - müstəqillik illərində yaşadığı məişət problemləri və faciəsidi. Şumeysat romanın təkcə baş qəhramanı olmaqla qalmır, həm də romanı bu zaman kəsiyində xatırlayan müəllif kimi də görünür. Varlı bir məhəllədə yeganə orta təbəqədən olan ailənin bədbəxtçiliyini göstərmək sinfi mübarizədə məğlub olanların portretini çəkmək idi. Ki bunu da müəllif bacarıb. Ata obrazı öz natamamlıq kompleksinin və sevgisizliyinin qurbanıdı. Adlerdən gələn psixoanaltik natamamlıq kompleksi özünü romanda ata ilə ögey oğul arasındakı münasibətdə aydın göstərir. Ana obrazı isə Qafqaz qadınının ənənəvi cizgilərini xatırladır bizə. Daha çox isə azərbaycanlı qadının qayğılarını, övladına qarşı olan refleks sevgisini və ya klassik formada desək, fədakarlığını. Şumeysatın bacısının gələcəkdəki məktubu bu ailədə yaşanan problemlərin o qızın həyatında necə ağrılı bir travma yaşatdığından xəbər verəcək. Eşitməsə, bilməsə də, şüuraltındakı o zorakı münasibət ailənin kiçik üzvünə daxili narahatlıq yaşadacaq. Bütün bu problemlərin fonunda ən çox bizi üzən isə ailəyə ögey olan İnamın keçmişi və gələcəyi olacaq. Yazıçı sevgi naminə özündən və gələcəyindən imtinanı birinci burada göstərir. İnam bacısına olan sevgisi naminə, onu qorumaq naminə ömür boyu Şumeysatla yaşayacaq günahı öz üzərinə götürür. Bir az daha danışıb əsərin dadını qaçırmayaq. Sənanın ailəsi isə bu dövrün elit təbəqəsini, keçmiş zamanda danışsaq, tacir ailəsini oynayır. Milli mənsubiyyətlərinin fərqliliyi (hələ ki fərqli) baş qəhrəmanın ailəsi ilə arada soyuqluq yaratmasa da, Şumeysat bu fərqi hiss edir. Maddiyatın - kapitalizmin insan düşüncəsində, yaradıcı təxəyyülündə izi açıq-aşkar nümayiş olunur. İstər romanın 90-cı illərində, istərsə də 2010-larında. Bu bölüm "Şeyx"in ümumi məzğini tam açıqlamasa da, hətta bəzi nüansların məntiqi həlli olmasa da, nəticəyə və əsas mesaja bizi aparan əsas yoldu.

X əsr, Şeyx Sənan...

Yazının əvvəlindəki əhval-ruhiyyəyə qayıdacağıq. Nəsturi qızın eşqinə düşüb öz şəhərini tərk edən Sənan şeyxlikdən də imtina etdikdən sonra özün musiqiyə və sevməyə həsr edir - bütün dövrlərin ən yaxşı ictimai-sosial həlli. Sənət və məhəbbət. Bütün inancların sevgiyə təslim olduğu, Nəsiminin diliylə desək, kamil insanın prototipidir Şeyx Sənan. Əslində, inancında maddi həqiqət olduğunu, istədiyi yerdə, mərtəbədə olmadığını dərk edən, hər şeyini atıb dünyanı yenidən öyrənmək cəhdi, qorxuya qalib gəlməyi onu Allahına daha yaxın və öz içindəki Allahı tapa bilir. Şumeysat Şeyx Sənan haqqında roman yazır. Və o, öz qəhrəmanının sevgisindən ilham alaraq uşaqlıq dostu, daha sonra müharibənin ondan uzaq saldığı Sənanı yenidən sevmək istəyəcək. Əlbəttə, müharibə buna əngəl ola bilməz. Onuncu əsrlə indi arasında heç nə dəyişməyib. Sevgi hələ də coğrafi təsvirlərlə, dini rənglərlə, milli səslərlə qarşısıalınmaz bir duyğudur. Şeyxin irfani sevgisi bir qadına, bir qadına olan sevgisi isə dünyaya olan əbədi-bəşəri sevgiyə çevrildiyi kimi, Şumeysatın məhsum uşaqlıq hissləri onun acıları ilə böyüyüb cəsarətli bir məhəbbətə çevrilməyə hazırdı. Dinlər arasında olan gərəksiz mənfi münasibətin fərqindədir Şeyx. O, Quranın içindəkilərə inanır, kitab kimi onu yandırmaq ona qorxulu gəlmir. Xaç bir simvoldu. Simvol əşyadır. Dünyadakı maddi heç nə onun inancına toxuna bilməz və o xaçı boğazından asmağa razıdı. Və ya donuzlar... Onlar da onu yaradanın əsərləridi. İlahi qatda (Şeyxin inandığı) onlar pis heyvanlar deyil, donuzlara çobanlıq etməyi qəbul edir. Onun vacib olan içindəki sevgi və mərhəmət hissin aliliyidir. Sonda onu xilas edən də elə sevgisi olacaq. Bu bölümdə Şeyxin həyatına işarə kimi müəllif Umay ananın oğlu obrazını əsərə gətirir və onun üçün bənzərsiz bir hekayə qurur. Sevgi bəşəridi, kosmopolitdi. Bu da romanın əsas ideyasını artıq açıqlayır.

Dövrümüz, Almaniya...

Baş qəhrəmanların ikisi ilə də Almaniyada tanış oluruq. Niyə Almaniya bəs? Romanın baş obrazlarından Şumeysat azərbaycanlı, Sənan isə ermənidir. Sevgi fonunda millətlərin düşmənçiliyi gözümüzdən yayınmır. Almaniya keçən əsrin ən patriot (daha mədəni belə səslənir), milliyətçi kəsimi kimi yadda qaldı. Dünyanı öz milli mənsubiyyəti altında əzən Almaniya bu dəfə məhz eyni problem səbəbi ilə uzaq düşən iki gəncin qarşılaşmasına şahidlik edir. Yəni müharibə geridə qaldı. Yəni sülh daha gözəldi. Yəni sevgi daha çox xoşbəxt edə bilər. Sənan obrazı qafqazlıdan daha çox qərbli təsiri bağışlayır. Atasının biznesi ona həvalə olunub, rahat yaşamağa meyllidir və sevgisini axtarır. Uşaqlıqlarını bir yerdə keçirən iki gəncin dialoqlarında mövcud vəziyyət və xarakterik qısqanclıq da görünür. Roman elə Almaniya da bitir. Sonluğu demək xəyanət olardı.

"Yazmaq - qurtuluş idi"

"Şeyx"in Şumeysatı yazıçıdır. O, həm də sənət sevgisiylə yaşayır. Obrazlar, talelər axtarışındadı. Həssasdı. Keçmişi üzərindən ata bilmir. Xatırlamaq bəzən ona əzab versə də, bu əzabı mətnə çevirməyin tərəfdarıdır. Yazıçı özünümü təsvir edib? Mən bilmirəm. Amma uğurlu bir yazıçı təsəvvürü yaradıb. Ədəbiyyatın insanı xilas etdiyini dəfələrlə bizə xatırladıb.

"Şumeysat səhər oyanandan gecə yatana kimi yazırdı. Bəzən düşünərək, bəzən hamının bildiyi tərzdə, hərflərlə, cümlələrlə... Onun üçün hər şey yazmaqdan asılı idi. O, hər bir hadisəni, hissi, zehni, əməli, - fərqi yoxdur, - yazaraq dərk edirdi. Yazmaq qurtuluş idi".

Yazını elə burda bitirək, yazmaq haqqında danışa-danışa. /525.az/

# 2887 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #