Ədəbiyyatı tövləyə çevirənlər

Ədəbiyyatı tövləyə çevirənlər
27 fevral 2024
# 12:00

Kulis.az Rəvan Cavidin "Ədəbi tövlə" adlı yeni yazısını təqdim edir.

“Kulis”in məlum layihəsindən dolayı hər həftə yerli müəlliflərin yeni hekayələrini oxuyuruq. Həmkarlarım fikir bildirməyim üçün mənə də həmin hekayələri göndərirlər, oxuyuram, nəsə yazmağa çalışıram.

Səmimi etiraf edirəm, elə hekayələr olur ki, hövsələmi basıb finalacan oxuya bilmirəm. Oxuduğum bir-iki abzas məndə müəyyən fikirlər yaradır. Vəssalam, həmin fikirlərlə də özümü ifadə edə bilirəm.

Yaşlısından cavanına qədər əksər qələm dostlarım sosrealizmin sentimentallığından, quru romantikasından, ala-bula utopiyasından qurtula bilmirlər. İndi ağlıma gələn iki imza var. Ən son Qəşəm Nəcəfzadənin, bir də Tural Turanın hekayələrini yadımda saxlaya bilmişəm. Amma bu iki imza, sadəcə, misaldır. Qəşəmindən tut Turalına qədər hamısı eyni şeyi yazır: Bir xala var idi, kasıb idi, yazıq idi, Allah onu bağışlasın!

Son vaxtlar bu mövzuda yazılmış bütün hekayələr (istisnasız!) “Səfillər”in bir abzasından daha yüngül səviyyədədir. Viktor Hüqo yüz il əvvəl bu fəqirlik məsələsini müqəddəs mətn kimi yazıb həll edib. Nəyə lazımdı, ilin-günün bu vaxtında hansısa kasıbın evində olanları dramatikləşdirmək?

Əlbəttə, dramatik mövzu seçib onun psixoloji qatlarına enməklə, vizual olaraq güllü xalat, yaylıq, hörülmüş saçları göstərmək arasında fərq var. Bu fərqi 80-lərin imzalarına, özümdən əvvəlki nəsillərə izah etməyə ehtiyac duymuram.

Həm də Azərbaycanda yazılan hekayələrin obrazları kimi fəqirlər yoxdu axı. Varsa da, onları ədəbiyyata gətirmək gərəksizdi.
Əgər yanılıramsa, bağışlayın, Azərbaycanın ən ucqar kəndi Xınalıqdı. Onun qədər ucqar və ondan qat-qat kasıb olan kəndlərindən biri də Qrızdır. Hər iki kənddə olmuşam, gəzmişəm, qalmışam. Oralarda uşaqların əlində telefon, evlərində LCD ekran televizorlar var. İnşallah, bir-iki ilə pulsuz internetdən də istifadə edəcəklər. Texnologiyanın ucqar kəndlərə bu qədər cani-dildən inteqrasiya elədiyi bir vaxtda niyə həmin kəndlərin altı cırıq qaloşlarından yazırıq, başa düşmürəm.

İndicə bir-iki sayta göz gəzdirdim ki, təzə nə var, nə yox, bilim.

Birinci xəbər:

“Amerika insansız kosmik peykini əlli ildən sonra Aya endirdi”.

İkinci xəbər:

““HUMANE” şirkəti Aİ PİN telefonlarını istifadəyə verdi – 699 dollar”.

Üçüncü xəbər:

“Beyin transplantasiyası üçün 5 mm-lik çiplər hazırlanır...”

Dördüncü xəbər:

“Alı kişi inəyini itirib!”

Yerli müəlliflərimizin qocasına, cavanına, klassikinə, gənc yazarına texnologiyanın ayaq açdığı kəndin əhvalatları yox, inəyini itirib zar-zar ağlayan Alı kişisi maraqlıdır. Onlar Alı kişilərin psixoloji vəziyyətini yox, cibinin yırtığını oxucuya göstərməyə can atırlar. Həmin yazıçılarımız, əlbəttə, istedad sahibidirlər. Lakin, istedadlarını avtobus gözləyəndə yandırdığımız siqaret kimi əbəs yerə sömürüb, tüstüsünü də biz oxucuların gözünə üfürürlər.

Həqiqətən, Azərbaycanda hekayə kitabları yekə bir mal-qara damını xatırladır.

Mətnlər təzək qoxur.

İmzaya baxırsan, fikirləşirsən ki, yaxşı nəsə oxuyacaqsan. Və birinci cümlə:

“Bir gün Rəfiqə xala təndirə çörək yapırdı...”

Əgər Şərq əhvalımızı tərk edə bilmiriksə, doğrudan da, bizi insan duyğuları və əzabları bu qədər narahat edirsə, Şərqin başqa mövzularına müraciət edə bilərik.

Qosqocaman Şərqdə, mədəniyyətin ayaq açıb indi də Marsa getdiyi bir coğrafiyada bizim yazıçılar axtara-axtara gedib kasıblıq mövzusunu tapırlarsa, yaxşı mətn, dünya səviyyəli hekayə, roman gözləmək nafilədir. Bu haqda bəs qədər ciddi əsərlər onsuz da yazılıb. Yazılmışların suyundan süzülə-süzülə nəsə təqdim etmək bekarçılıq əlamətidir.

Azərbaycanda, qonşu coğrafiyalarda elə mövzular var ki, həm milli, həm də bəşəri ideyalara xitab edir. Və ya bu qədər qədimiliyin tozu burnunuzu qaşındırırsa, texnologiyanın insanı hansı vəziyyətə saldığından da yaza bilərsiniz. Çünki hamımız elə o vəziyyətdəyik.

Bir də məlum məsələ də var, yazıçı eyni mövzunu bir hekayədə, bir romanda, maksimum bir kitabda bitirə bilmirsə, deməli, dayazdır, zövqsüzdür.

# 2308 dəfə oxunub

Müəllifin son yazıları

# # #