“Vatsap”da Şah İsmayılın şəklini paylaşanlar

“Vatsap”da Şah İsmayılın şəklini paylaşanlar
18 iyul 2022
# 11:20

Kulis.az Rəvan Cavidin yazısını təqdim edir.

Bizim adamlar tarix boyu o qədər əzilib ki, indi ulu babalarımızın aldığı travmaları genetik kodlarımızda daşıyırıq. Hər əsr bir bəla, bir müharibə. Hamısının da öhdəsindən gəlmişik, çox şükür. İndi bizim cəmiyyətin belə axsaq düşünməyinə baxmayın, o boyda Səfəviləri, Əfşarları qurub. Şərq deyəndə Nizamisi, Nəsimisi, Qərb deyəndə Lütfi Zadəsi yada düşən millətik.

Kimə gəldi qılınc çəkən babalarımız kaş o vaxt bircə əsr bir yerdə oturub bu adamlara fikirləşməyi öyrədərdi. Babək orda ərəbi qılıncdan keçirirdi ki, bizə sənin dinin lazım deyil, məmləkətin bu biri tərəfində artıq namaz qılırdılar. Bax belə natamamlıqdan əziyyət çəkirik.

Əsrimizin əvvəllərində qələm adamları, yazı-pozu qurbanları bu barədə yazdılar, yazdılar, gördülər alınmır, hərəsi bir yerə çıxıb getdi. Yadımdadır, o vaxtlar Şah İsmayılın səhvlərindən, düzlərindən, arada da şeirlərindən danışan adamlar var idi televiziyada.

Şah İsmayıl demişkən... Dünən şahımızın doğum günü idi. Təəssüflənirəm ki, niyə bu boyda tarixi şəxsiyyətin, bu cür rəngli, çoxşaxəli dühanın doğum günü ölkə səviyyəsində qeyd olunmur. 50 yaşlı Xalq artistinin doğum gününü üç gün, üç gecə televiziyalarda bayram edən adamlar Avropaya, Şərqə qan udduran şəxsiyyətinin mövludunu niyə bayram kimi qeyd eləmir?
Amma adamın üstündə, içində Allah var, bir-iki nəfər cəmiyyətin işıqlı adamları bu millətin yadına saldı ki, bu gün şahımızın doğum günüdür. Komediya da ondan sonra başladı.

Özünü istiqlalçı, vətənpərvər aparmaq istəyən hamı Vatsapda Şah İsmayıl Xətainin şəklini paylaşıb ad gününü təbrik edirdi. Elələri var idi ki, uzun ömür də arzulayırdı. Bax budu saxta sevgi. Tarixi bilməmək, tarixi səviyyəsizləşdirmək, tarixə hörmət etməmək belə olur. Məmləkətimin gözəl adamları elə bilir ki, şahın şəklini hekayə bölümündə paylaşmasalar, vətən xaini ola bilərlər.

Bu cür hekayələr ciddi güvənsizliyin yaratdığı problemlərdir. Şah İsmayılın və ya qeyri birinin şəklini hekayədə, sadəcə kontaktında olan adamların baxa biləcəyi bir yerdə paylaşmaq bilirsiniz nə deməkdir? Yəni mən bilirəm. Yəni mən tanıyıram. Yəni mən sevirəm. Mən... Mən... Bəli, mən...

Zarafat deyil ee, üç milyon beş yüz min kvadrat metrlik bir imperiyanı dağıdıb yerində bir-iki vilayət saxladılar. O vilayətləri də rusla fars arasında bölüşdürdü. Bunun verdiyi məğlubiyyət travması min bu millətə bəsdir.

İndi bu qara camaat da eşidəndə ki, şahın ad günüdür, özünü qızılbaş kimi hiss edir.

Təkcə Şah İsmayılın şəklini yox, bir də görürsən ki, hansısa məmurun, yüksəkvəzifəli şəxsin şəklini paylaşıb ad gününü Vatsapda hekayə bölümündə təbrik edir. Bu artıq psixi xəstəlikdi.

Ay əziz adam, zəng elə özünə yaltaqlan da, ya da yaz yaltaqlan, bütün hallarda onun da, sənin də könlün şad olacaq. Yox, əgər nömrəsi yoxdursa və ya o adam səni it yerinə qoymayacaqsa, niyə mənim gözümə soxmalısan ki, bax bu gün filankəsov filankəsin ad günüdür. Vüqar demişkən, mənim nəyimə lazımdır sənin kiməsə dərin ehtiramın?!

Hə, bir də bunu yazım, fikriniz qarışmasın. Sosial şəbəkə profilində hansısa tarixi və ya ictimai şəxs haqqında paylaşılan statusların yuxarıda əziyyətini çəkdiyimiz nüansa dəxli yoxdur. Birincisi, Vatsap konkret təyinatı olan sosial şəbəkə deyil, ikincisi də, sosial şəbəkə hazırda media rolunu oynayır, Vatsap isə maksimum çayxana.

# 2844 dəfə oxunub

Müəllifin son yazıları

# # #