Ərinin onu döyməsindən xoşbəxt olan müğənnilərimiz

Ərinin onu döyməsindən xoşbəxt olan müğənnilərimiz
10 mart 2022
# 15:00

Səhər oyanıb eşidirsən ki, dünya qarışıb, müharibə başlayıb, gündəm yüz səksən dərəcə dəyişib. Okeanın o tərəfindən bu tərəfinəcən hamı təlatümdə, tərəddüddədir.

Tarixi günlər yaşadığımız vaxtlarda “qara camaat” ölkələrinin siması olan ziyalıların, sənətçilərin ağzına baxır ki, görək onlar nə deyəcəklər, necə reaksiya verəcəklər. Bir az keçir, o ziyalılar, o sənətçilər öz fikirlərini bir yolla çatdırmağa çalışır. Bu adamların reaksiyaları manşetlərə düşür, nələrisə dəyişməyə, alternativlər fikirləşməyə səbəblər yaradır.

Gün doğandan gün batana kimi bəlkə yüzlərlə sənətçi dünyada gedən proseslərə öz idealları və öz prinsipləri çərçivəsində qiymət verirlər.

Yazıçı öz oxucusuna, müğənni öz dinləyicisinə, aktyor öz fanatlarına səslənir. Alim yuxarı instansiyalara cavab verir. Tanınmış jurnalist xronoloji müqayisələrə əl atır, televiziya aparıcısı öz proqramını dəyişir. Beləcə, hamılıqla, kütləvi, ciddi, ictimai-sosial fikirlər formalaşır.

Sosial şəbəkələrdə yarızarafat, yarıciddi postlar paylaşanlar, öz bildiklərini sərgiyə çıxaranlar da tez bir zamanda hadisələrin axarına qarışır. Hətta cəmiyyətin fikirləri birbaşa ölkə səviyyəsində, dövlət strukturları müstəvisində digər ölkələrin rəyini alır.

Belə vaxtlarda gözəlim məmləkətimdə sənətçilər iki yerə bölünür: ya ağzına su alıb vəziyyətin sabitləşməsini gözləyirlər, ya da öz savadsızlıqları ilə gündəmi dəyişməyi bacarırlar.

Son günlər yaşanan hadisələrə – müharibə və postmüharibə janrında hələ ki yol alıb gedən gündəm haqqında bir nəfər sənətçimiz belə ciddi fikirlərlə camaata xitab edə bilmədi. Elə Qarabağ müharibəsi dövründə də bu belə idi. Ya pafos, ya da dayaz cümlələrin əsirinə çevrilmiş yazıçı yenə oturub şəhərə baxdı, müğənnisi toy gözlədi, aktyoru giley-güzarla tamaşa zallarını gəzdi.

Səbəblər çoxdu. Çox olduğu qədər aşkardı.

Heç tərəddüd etmədən deyə bilərəm ki, Azərbaycan ziyalılarının, elitasının, sənətçilərinin böyük qismi savadsız, barbar və lokal düşünür. Xanəndəsindən tutmuş gənc yazarına qədər. Alimindən tutmuş artistinə kimi.

Təbii, ictimai fikrin formalaşmadığı bir cəmiyyətin elə bu cür də sənətkarı olmalıdır. Kar olmalıdır, kor olmalıdır, lal olmalıdır.

Neçə dəfə şahidi olmuşam ki, hansısa bir müğənnidən, aktyordan müsahibə almaq istəyəndə “mənə kitablar haqqında, ədəbiyyat haqqında, siyasət mövzusunda sual vermə” deyib. Niyə soruşmağa adam utanır. Ondan yox, özündən utanırsan ki, belə bir adama material üçün möhtac qalmısan. Səbəbi isə vaxtlarının azlığı və gözlərinin yorulmağı olur. Bilirəm, gülməlidir, amma həqiqətdir. Nə təəssüf ki, həqiqət elə çox vaxt gülməli görünür. Aciz görünür. Yetim kimi qalır ortalıqda.

Mən əminəm ki, bu gün müəyyən səviyyədə tanınmış, kütləyə istiqamət verə bilən adamların çoxu, ümumiyyətlə, dünyada hansı prosesin getdiyini anlamır. Çünki siyasi savadı yoxdu, analiz edə bilmir. Çünki öz fikirlərini ifadə edə biləcək cümlə qura bilmir. Muğam oxuyan ərəb dilində danışacaq, şeir yazan yenə göylə əlləşəcək, aktyor da ağlayacaq. Bu qədər dərin hisslərin içində bir dənə düz-əməlli cümlə tapıb çıxara bilməyəcək.

O gün şou-biznes xəbərləri ilə özünə çörək pulu qazanan bir saytın xəbər lentinə baxıram. Fransız rejissor müharibə tərəflərindən birini boykot edib. Amerikalı reper sülh haqqında treklərini yenidən miks edib. Yenə amerikalı bir yazar kitablarının nəşrini dayandırıb. Başqa bir italiyalı müğənni milyonlar qazanacağı konsertini təxirə salıb.

Və bütün bunları açıqlayanda o qədər özünə inamlı, o qədər səlis cümlələr qurub ki, deyirsən, adamlardan öz axmaqlıqlarınla aldığın pullar halalın olsun.

Sonra bizimkilərə baxıram: “Mən onunla oynamıram!”, “Alma desəm çıxarsan, armud desəm yeyərsən...”, “ “Arılar və böcəklər” mahnımın təqdimatı olacaq”, “Geylə nə danışacam?!”, “Ərim məni döydü!”, “Onun iki evi, bir maşını, üç bağı var...”.

Adamın yazığı gəlir. Mənim ölkəmdə musiqi niyə vannada bəstələnir, şeir niyə xanımların inboksuna yazılır, komediyalar niyə mütləq “18+” çəkilir, filmlər isə niyə ət tökür?

Sənəti anladım, kapital dəyərlər formalaşmayıb, industriyalar qurulmayıb, qara çadırdan çıxıb qızıl çadıra da girə bilmirik. Bəs sənətçilərin özü niyə bayağıdı? Niyə cümlə qurub danışa bilmirlər? Niyə səviyyəsizdilər?

Günün günorta çağında, müharibənin barıt qoxusunun min kilometrlərdən hiss olunan bir vaxtında azərbaycanlı sənətçi çıxıb deyir ki, ərim məni döyəndə xoşbəxt oluram. Ay xanım, bu mazoxistliyindən mənə nə, türkə nə, slavyana nə, farsa nə?! Ya da bir yazıçı öz ali dəyərlərin toz bağladığı masasının arxasından çıxmayıb deyir ki, mənim kitablarım satılmır. Sonra kimsə vicdana gəlib olanlar haqqında danışmaq istəyir, o da alınmır.

Necə alınmır, deyim. Çünki o adamlar tamamilə təsadüf nəticəsində elit təbəqəyə qalxıblar. Başqa ölkələrdə elita deyilən mərtəbə bu cür küçə uşaqları ilə dolu deyil. Əgər on illərdi hansısa problemlər dilə gətirildiyi, danışıldığı halda həllini tapmırsa, səbəblərdən biri bu elitanın qanmazlığındandı.

İctimai bir hadisəyə Üzeyir Mehdizadə necə münasibət bildirirsə, Xalq artistlərimiz də o cür münasibət sərgiləyir. Elə mövzular var ki, orda bayağı müğənni ilə ciddi sənətçi eyniləşir gözümüzdə. Xalq artisti, Xalq yazıçısı, Xalq şairi çevrilib olur Xalq “kukla”sı.

Çünki danışmağı bacarmır.

İdeologiyası yoxdu, prinsipləri yoxdu (sənət müstəvisində).

Çünki intellektual səviyyəsi yoxdu.

Ziyalılarımızın bu cür ağrılı formaya düşməsini görməmək üçün adam istəyir ki, bütün gün gündəmdə onların paltarından, maşınlarından danışasan. Qoy onlara asan olsun. Qoy onlar da bizimlə iki kəlmə kəssinlər.

Hələ ki, dünyanın qara günləri davam edir. Bu qara günlərdə ziyalılarımıza ağ düşünməyi arzulayıram.

# 5415 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #