Dinozavra qalib gələn Millət vəkilimiz

Tahir Kərimli, Millət vəkili

Tahir Kərimli, Millət vəkili

17 fevral 2022
# 11:06

Qədim Çin miflərinə görə, insan xarakteri on iki müqəddəs heyvanın instiklərindən qurulub. Həmin müqəddəs heyvanlardan biri, Darvinin təbirincə desək, ulu əcdadımız meymunlardır.

Yəni hər kəs meymunluq edə bilər, təbiidir. Miflərdəki meymunlar isə əntər kateqoriyalıdır. O birdən-birə kink-konq ola bilməz.

Maraqlıdır, içimizdəki həmin meymun başqa birinin içindəki dinozavrla qarşılaşsa necə olar?

Tahir Kərimlinin məlum videosunda əlində tutduğu dinozavr oyuncağı müəllimi necə əsəbləşdiribsə, o hisslərinə hakim kəsilə bilməyib. A-dan Z-yə bütün tarixi, bütün şəxsiyyətləri gözünün önünə gətirib.

Və özünü onların əli qılınclı, başı dəbilqəli, ağzı maskalı sərkərdəsi kimi hiss edib.

Bəlkə də müəllimi qıcıqlandıran dinozavr hallüsinasiya yaradıb. Tahir Kərimli bir anda özünü Orta Əsrlərdə tapıb. Monqollarla savaşda, macarlarla müharibədə, nə bilim, romalılarla güləşdə.

Qəti surətdə qınamaq olmaz.

Mən də tez-tez özümü on doqquzuncu əsrin Parisində təsəvvür edirəm. Bir az da içdimmi, elə bilirəm, Prustla oturub qara-qura mətnləri redaktə edirəm.

Ancaq əminəm ki, mənim içimdəki meymun heç vaxt dinozavrın üstünə o tonda çəmkirə bilməz. Nə olsun ki, oyuncaqdı. Dinozavr e, a kişi! Onları məhv etməyə ancaq meteoroidin gücü çatıb.

Bilmirəm, bəlkə də Tahir Kərimli özünü meteoroid kimi hiss edib.

Bu ahıl yaşında sosial şəbəkələr onu dinozavrın qarşısında qalib etdi.

Sizi təbrik edirəm, Tahir müəllim!

Siz bizim fəxrimizsiniz.

Siz bütün elmə sübut etdiniz ki, içinizdəki meymun dinozavrlardan qorxmur.

Ümid edirəm, bir gün bu cür canfəşanlıqla ölkəmizdəki problemləri də həll etməyə özünüzdə güc taparsınız.

Hətta həll etməyiniz vacib deyil, elə oturduğunuz yerdəncə dilə gətirsəniz, bəsimizdi.

P.S. Qışqıraraq vardığınız o nirvanada sizə uğurlar arzulayıram və dediyiniz bütün tarixi faktlarla dinozavr kimi iki əlli razıyam.

# 3004 dəfə oxunub

Müəllifin son yazıları

# # #