Ofeliyanın yolu, Hamletin yolsuzluğu - Rəvan Cavid yazır...

Ofeliyanın yolu, Hamletin yolsuzluğu - Rəvan Cavid yazır...
21 may 2023
# 13:00

Kulis.az Rəvan Cavidin "Ofeliyanın yolu, Hamletin yolsuzluğu" adlı yazısını təqdim edir.

Şekspirin "Hamlet"ində monoloqlardan biri belə başlayır:

"Var olmaq, ya da yox olmaq, hər şey budur..."

Kofe dükanlarından birində sifarişi aldıqdan sonra barista soruşur:

- Özünüzü bu gün necə hiss edirsiniz?

Bu sualı bütün müştərilərə verir. Aldığı cavablara uyğun kağız bardaqlara müxtəlif işarələr yapışdırır. Keçən gün yanımdakı müştəri "Bilmirəm" cavabını verdi. Barista hansı işarəni yapışdıracağına tərəddüd etdi. Məyus halda bardağı müştəriyə uzatdı və öz-özünə pıçıldadı:

"İlk dəfədir bu cavabı alıram".

Hamımız tanımadığımız birinin əhvalını maraqlandıq. Kafedəki bütün rənglər soldu, hər kəs qayğılandı. "Yaxşıyam", "normal", "belə də", "pisəm", "yaxşı deyiləm", "havaya baxır", "aşiqəm" cavablarından sonra "bilmirəm" sakit gecədə qəfil partlayan bomba kimi hamımızın içini tərpətdi. Bəlkə də biz də yalan deyirdik. Barın arxasında dayanan baristanı çox məşğul etməmək üçün ağlımıza gələn birinci cavabı verirdik. O isə güzəştə getmədi. Hiss etdiklərini, yaşadıqlarını, səhər necə oyandığını, günlük planını yadına salıb, ağır-ağır, astadan "bilmirəm" dedi. Hər gün getdiyim həmin kafeni ilk dəfə idi sakit gördüm. Seçdikləri musiqilər də sözsüz-sədasız idi. Kofelərin dadı acı idi. Bütün masalarda siqaret tüstüləyirdi. Heç kim qarşısında oturanla ünsiyyətə girmək istəmirdi. O anda sıra da yubanmışdı, amma heç kim narazılığını bildirmədi. Barista da ikinci sualı verməmişdi. Bir az fikirləşib sifarişi təhvil vermişdi. Əlləri boşalmışdı. Yaşıl gözləri boş zəmi sonsuzluğu kimi baxanı çəkib içinə udurdu. Hamı mənalanmışdı.

"Necə yəni bilmir? Elə şey olar? Adam bilməlidir də necə olduğunu, nə hiss etdiyini? Bu, kobud cavabdır. Yola verməkdir, ən yaxşı halda".

Kafedən çıxana qədər o adama baxmadım. Onu müşahidə etmək istəmirdim. İstəmirdim, ondan məndə nəsə qalsın. Çünki "bilmirəm" cavabını hamımız özümüzə veririk. Hərdən boşluğun içində əlimiz-ayağımız yerdən üzülür. Nəyə sevinib, nəyə kədərləndiyimizə tərəddüd edirik. Bu hal insanın ən saf halıdır. Özünüdərkin başlanğıcıdır. Ruhu mühakimə etməkdir. Ruhun bütün cismani ağırlığını atmaq, ona çılpaq baxmaqdır.

Hamletin məşhur monoloqu bu bilinməzliyə verilən sualdır. Və həmin sualdan qorxub içini-çölünü gəmirən intiqam hissinə əsir düşməkdir. Var olmağın fövqündə həm də yox olduğunu düşünmək, bunun ağrısı ilə yaşamaq, dərin bir yuxunun içində qıvrılmaq, ən ali suallara cavab axtarmaq bizi bütün maddi təfəkkürün bir hissəsi olmaqdan qurtarır.

Sufilərin "məndən içəridə mən" anlayışı ruhun nə ilə bütünləşəcəyinə deyil, ruhun elə özüylə tamamlanacağına nişan verir. "Yox" və "ol" sözləri bir ruhun bütün tərcümeyi-halıdır. Biz bu iki sözdən başlayırıq. Var olmağın dərki asandır. Barmaqlarınızla havaya toxunanda o dərkin verdiyi həzzi yaşaya bilirsiniz. Yox olmağın dərki isə əzabvericidir. Yox olduqdan sonra yaşamağın həyəcanı dünya yaranandan Adəm oğlunu məşğul edib. Hara gedəcəyik, necə olacağıq, nə var burdan o yana?

Hamlet obraz olaraq natamam obrazdır. Onun əmisinə qarşı hiss etdiyi intiqam duyğusu da, içindəki soyuqqanlı mələk də, hər saniyə tərəddüdün beşiyində yırğalanan ruhu da yarımçıqdır. Hamlet özünü təsdiq edə bilməyənlərin ümumiləşdirilmiş xarakteridir. Ofeliyanın intiharı Hamletin intiqam arzularının və yarımçıqlığının son dayanacağı olur. Ofeliya ona mənliyi, iradə və azadlığı xatırladan yeganə obrazdır. Ofeliya olmaq Hamlet olmaqdan çətindir.

Olmaq və olmamaq, daha doğrusu, var olmaq və yox olmaq arasındakı seçim insan xislətinin tənliyini həll edə bilən yeganə teoremdir. Bu ifadənin altında bəşəri və ilahi tamaşanın kulisindəki hər şey aydınlanır. İnsan yaradanın mətbəxinin açarıdır bu ifadə.

Hamlet intiqamın və özünütəsdiqin çarəsini tamaşa qurmaqda, yəni sənət yaratmaqda görür, Ofeliya isə bu dərki bilmədiyi bir yola çıxmaqla axtarır - yox olmaqla.

Qərbdə proyeksiyası alınmış Şərq fəlsəfəsinin ən aydın təzahürlərindən biri və ən məşhuru Ofeliya obrazıdır. Sakitliyi, aramlığı, içində baş qaldıran üsyanın xaosu, axtarışları, özünü mühakimələri, ətrafındakıları işarə olaraq dəyərləndirmələri Şərqdə adına yol dediyimiz fəlsəfənin köhnə qitədəki rənglərinin sadəcə bir hissəsidir.

Bertnard Rassel "Qərb fəlsəfəsi"ni yazarkən etiraf etməsə belə, həmin bu yolun uzun bir səfərinə çıxmış sayılırdı. Fəlsəfənin Platon məktəbi də eyni mənbənin suyunu içirdi. Əlbəttə, bunları sübut etmək həm çətin, həm də asandır. Asandır ona görə ki, xronologiya və yaradılış sxematikası bütün dəyərlər və dəyərsizliklər toplusunun Günəş doğan tərəflərdə, iki çayın arasında və peyğəmbərlərin doğulduğu şəhərdə yarandığını göstərir. Qərbin İsası da, İbrahimi də, Süleymanı da, Şərqin Məhəmmədi də, Musası da Qüdslüdür. Onların danışdıqları hekayələrin hamısı isə Babildən xilas edə bildiklərimizdir.

Sübut etmək ona görə çətindir ki, Şərqin alimi qərbin professoru və ya filosofu kimi kağız yığıb saxlamır. Alimin dərdi elmdən çox, elmin işığına çatmaqdısa, filosofun məqsədi bərabərliyi tapana qədərdir. Bu baxımdan Ofeliya Şərqin işıq axtaran alimi, Hamlet isə içindəki məchulları həll etməyə çalışan qərbli professordur.

Ofeliya tin axtarışındadır, Hamlet güc. Ofeliya yaradılışın həzzlərindən imtina etməyi bacarandır, Hamlet o həzzlərin içində qıvrılandır. Ofeliyanın gücü qaranlıqdadır, sudadır, Hamletin gücü instinklərində və duyğularında. Hamlet bütün mənalarda zəiflik təcəssümüdür, Ofeliya güc və ənginlik.

Sənət və tarix isə heç biri üçün əbədi deyil. Əbədi olan onların gəldikləri yoldur. Hər iki yol isə "bilmirəm"dən və bilinməzlikdən başladı.

# 1329 dəfə oxunub

Müəllifin son yazıları

# # #