Nazım Hikmet Atatürkün dəvətini rədd eləyib? - Türk araşdırmaçı ilə müsahibə

Nazım Hikmet Atatürkün dəvətini rədd eləyib? - Türk araşdırmaçı ilə müsahibə
3 iyun 2024
# 12:00

Kulis.az Rəvan Cavidin araşdırmaçı-yazar, professor Haluk Oralla müsahibəsini təqdim edir.

- "Nazım Hikmetin yolculuğu" kitabınız alternativ bioqrafiyadır. Bu kitabda Nazım haqqında əksər oxucuların bilmədiklərini və ya yanlış bildiklərini araşdırmısınız. Kitabı yazarkən sizin özünüzü də təəccübləndirən hansısa faktlar oldu?

- Nazımın ana tərəfdən nənəsinin babası Müşir Mehmet Alinin Berlin konfransında yazdığı bir şeir var. Bu şeir 1878-ci ildə Almaniyada bir qəzetdə çap olunub. Nazım Hikmetin 1918-ci ildə ilk çap olunan şeiri "Hala servilerde ağlıyorlarmı?" idi. Bu şeirin bəzi misralarının dədəsinin yazdığı şeirlə sözbəsöz eyni olması məni çox təəccübləndirmişdi.

- Sanki Nazım dədəsinə bir cavab kimi yazıb o şeiri...

- Bəli, bəli. Heç vaxt oxumadığı bir şeirə elə o şeirin sözləri ilə cavab verməsi çox qəribədir. Çox şey öyrəndim Nazım haqqında. Amma ən çox təəccübləndiyim bu olmuşdu.

- Eyni janrda Orhan Veli haqqında da maraqlı araşdırma kitabınız var. Yaşadıqları dövrdə ədəbiyyat müstəvisində münasibətləri olub. Bu münasibətləri əsas götürsək, onların ortaq və fərqli cəhətləri nələr idi?

- Məncə, ən böyük ortaqlıqları şairlikləridir. İkisi də bir-birini nə qədər tənqid etsə də, həmişə aralarındakı hörmət hissinin itməməsi də ortaq xüsusiyyətləridir. Hətta Orhan Velinin ölümündən səkkiz il sonra Nazım Hikmetin Praqada yazdığı bir şeir var (Nazım Hikmetin "Slavya kahvesinde dostum Tavferle" şeiri nəzərdə tutulur). Kitabda o şeirə də yer vermişəm. Həmin şeirdən Nazım Hikmetin Orhan Velini nə qədər çox sevdiyini aydın görmək olur. Orhan Veliylə Nazım Hikmet eyni siyasi görüşdə deyildilər. Nazım kommunistdir, Orhan Veli isə demokrat biri olsa da, bu siyasi görüşə bir qədər uzaq idi. Buna baxmayaraq, Nazım həbsxanada aclıq aksiyası keçirdiyi vaxtlarda, hansı ki, həmin dövrdə Ankarada Orhan Veli, Melik Cevdet və Oktay Rıfat da aclıq aksiyası başlatmışdılar, hətta buna görə onlara kommunist damğası da vurulmuşdu, onlar isə qorxuya düşmədən, cəsarətlə "Yaprak" dərgisində Nazımı müdafiə edən yazılar yazırdılar. Nazıma həsr olunmuş şeirlər dərc edilirdi. Bu ondan irəli gəlirdi ki, Orhan Veli və Nazım Hikmet arasında qarşılıqlı bir hörmət var idi, sənətlərinə, şairliklərinə dərin sayqı göstərirdilər. "Ortaq nöqtələri şairlikləridir" deyəndə də bunu nəzərdə tuturam. Bunun xaricindəki hər şey isə onları ayıran təfərrüatlardır. Məsələn, biz səninlə ilk dəfə bu müsahibə üçün tanış olduq, bir masa arxasında çay içib söhbət edirik. Bizim hazırda ortaq nöqtəmiz Nazıma olan sevgimizdir. Bunun xaricində nə varsa, bizi ayıran şeylərdir və onlar haqqında danışmaq da lüzumsuzdur.

- Nazım Hikmet Orhan Velini və üslubunu tənqid edən xeyli yazılar yazmışdı...

- Əlbəttə. Lakin o yazılardakı tənqid şeirə olan münasibətlərinə görədir. Məsələn, Kemal Tahire, Mehmet Fuata məktublarında "Bir vaxtlar mənim etdiyim səhvləri təkrar edirlər..." yazırdı. Bu cümlə bir atanın bir oğula nəsihəti kimi səslənir. Onu "ata" edən o səhvləridir. Yəni tənqidlərinin alt qatında pis niyyət yox idi, daha çox təcrübələrini bölüşmək, tövsiyə vermək xarakterli tənqidlər idi. Vacib olan son düşüncələridir. Budapeşt radiosunda Orhan Veli haqqında düşüncələrini paylaşarkən "Türk şeirinin ölümsüz şairi" kimi tanıdır onu (Budapeşt radiosuna olan müsahibəsi də kitabda yer alıb). Bir də Nazım Hikmetin tənqidləri bir az da siyasi dünyagörüşündən irəli gəlirdi. Devrimçi bir şəxsin "Sizin dövrünüz bitdi, mənim dövrüm başlayır!" cümləsi kimi. Klassikləri tənqid edərkən daha aydın görürük Nazımın kommunist ruhunu. Eyni çağırışları Orhan Veli də edirdi. İkisi də modern şeirin tərəfdarı idilər. Modern olmaq isə tənqid etməklə başlayır.

- Nazım Hikmetin ailəsi Almaniyadan və Polşadan Osmanlıya köçüblər. Sonradan türkçülüyü və İslamı qəbul edib, bu torpaqlarda şəhid veriblər. Görünür, Nazım Hikmetin içindəki vətən, məmləkət sevgisi dədə-babadan gəlir...

- Anasının ulu babaları deyək, daha dəqiq olsun. Ata tərəfdən köç edən babaları yoxdur. Mən ata tərəfdən şəcərəsini babasının babasına qədər araşdırıb tapdım. Onlar da elə bu torpaqlarda doğulub böyüyən türklərdir. Anası Celile xanımın bir babası Almaniyadan köç etmiş Müşir Mehmet Ali Paşadır. Digər babası isə Polşadan köç etmiş Mustafa Celaleddin Paşadır. Əsl adı ilə Konstantin Borzaçski. İkisi də orduda xidmət edib və ikisi də paşalığa qədər yüksəlib. Biri 1876, digəri isə 1878-ci ildə şəhid olub. Başqa bir yurddan gəlsələr də, bu torpaqlar üçün canlarından keçiblər. Mustafa Cəlaləddinin yazdığı bir kitab var: "Qədim və Modern türklər". Türkologiyanın ən qədim araşdırmalarından biri hesab olunur. Bir çox türkoloq, hətta Azərbaycandan gələn alimlər də bu kitaba istinad edirlər. Atatürkün masaüstü kitablarından biri olub. Mənə görə, türklük bir mədəniyyətdir. Atalarımızdan, analarımızdan dinlədiyimiz, öyrəndiyimiz hekayələrdir, görüb-götürdüyümüz tərbiyədir. Nazım Hikmetin ulu babaları xarici olsa da, türklüyü elə bir səviyyədə öyrəniblər ki, onların uşaqları, nəvələri də əsl türklər kimi tərbiyə olunub. Başqa cür necə türk olmaq olar, mən bilmirəm. Nazım daim türk olduğu ilə fəxr edib. Çox az hallarda mavi gözlü polyak əcdadından bəhs edib. Nazımın vətən sevgisi ulu babalarının türk mədəniyyətini bu qədər dərin mənimsəmələri ilə də bağlıdır.

- Polşalı babalarının Osmanlı ordusuna qatılması, sonra Osmanlının Polşanı Prusiya və Rusiya işğalından azad etməsi haqqında oxuyarkən mistik bir hekayə ilə qarşılaşdım. Nazım Hikmetin "Dəvət" şeiri və məşhur Polşa əfsanəsi: türklər Vistülə gələndə Polşa azad olacaq...

- Sən əvvəldə sual vermişdin ki, hansı fakt təəccüblü idi? Bax məni təəccübləndirən faktlardan biri də bu oldu. Məşhur peqasus rəsmi ilə Nazımın "Dəvət" şeiri arasındakı oxşarlıq. Bəlkə də Henrik Büntinqin məşhur xəritəsi (Xəritədə Anadolu başı Ağ Dənizə uzanmış qanadlı at kimi təsvir edilib) Celaleddin Paşanın kitabxanasında olub, ya da necəsə Nazım o xəritəni bir yerdə görüb. Əslində, bu xəritənin əsli bir polyak əfsanəsindən gəlir. 18-ci əsrdə polyak kahini Vernihora Polşanın azadlığını türk əsgərlərinin Vistül çayından atlarına su içirdikləri vaxt qazanacağını deyirdi. Həqiqətən, elə oldu. Bir şeyi də deyim. Osmanlılar polyaklara həmişə yaxşı davranıb. Ona görə indinin özündə də polşalıların türklərə simpatiyası var.

- Qəribədir, Nazımın ulu babaları Türkiyəyə köçüb, burda yaşayıblar. Amma Nazım həmişə mühacir həyatı yaşadı. Öz vətənində də təqiblər, həbslər...

- Kitabın adını buna görə "Nazım Hikmetin yolculuğu" qoydum. Nazımın getdiyi yerləri təqib etdikcə bütün həyatı ortaya çıxır. Məsələn, Orhan Veli Ankarada, İstanbulda yaşayıb, Geliboluda əsgər olub, bu qədər. Bu izlər Orhan Veli haqqında nəsə ifadə etmir. Amma Nazımın upuzun bir yolçuluğu var. Özü də doğulan kimi başlayıb. Selanikdən gəliblər buraya, atasının işinə görə gah Hələb, gah Diyarbakır, gah Konyaya gediblər. Sonra SSRİ-yə keçir, qayıdır, həbslər, müxtəlif şəhərlərdə həbsxanalarda olur, sonra yenə xaricə üz tutur.

- Son dayanacağı babalarının gəldiyi yerlər olur...

- Bəli, təəssüf. Özü də maraqlısı budur ki, Moskva Nazıma pasport vermir...

- Hətta bir çox başqa kommunist partiyalar da Nazıma soyuq münasibət göstərir...

- Doğrudur. İndinin özündə də Nazımın kommunistliyini bəyənməyən türk kommunistlər var. Mənə görə, Nazım ilk növbədə şairdir və buna görə onu sevirəm. Özü deyir ki, mənim siyasi dünyagörüşüm şeirlərimə yansıyır. Nazımın şeirlərindəki davakar ruhun özülü əslində, buradan gəlir. Sən kommunist ola da bilərsən, olmaya da, vacib olan şey sona qədər doğru bildiyin yoldan dönməməkdir. Nazım başına gələn o qədər şeylərə rəğmən, həmişə kommunistliyini müdafiə etdi. Amma özünəməxsus şəkildə. Buna görə də, Türkiyə Kommunist Partiyası ilə yola getmirdi. Hətta Moskvadakı kommunist iclaslarından türk solçuların əli ilə uzaqlaşdırılmışdı. Rusiya məhz türk solçuların təsiri altında ona pasport vermirdi. Lakin Polşa ona qucaq açmışdı. Onsuz da babaları oralıydı, bir dünya qohum-əqrəba var idi. Polşa pasport verəndən sonra Moskva "Biz də verərdik" minnətinə girdi.

- Anadolunu uşaqlıqda, çox az yaşlarında görmüşdü. On ildən artıq həbs yatıb. Yəni o torpaqları təzədən gəzmək şansı olmayıb. Buna baxmayaraq, "Məmləkətimdən insan mənzərələri" möhtəşəm müşahidələrlə doludur...

- Çox yaxşı təxəyyülçüdür Nazım. Hətta Tamburi Cemilin ölümü bağlı yazdığı şeir haqqında dostu, Tamburi Cemilin oğlu Mesut Cemil deyirdi ki, şeiri oxuyanda elə bildim, atam son nəfəsini verəndə otaqdakılardan biri də Nazım olub. Halbuki Nazım Tamburi Cemilin ölümünü görməmişdi. Və ya "Məmləkətimdən insan mənzərələri"ndə Qurtuluş Savaşına dair hissə var...

- Dayısı Mehmet Ali bəyə də şeir həsr edib...

- Çanakkale şəhidi idi dayısı. Nazımın mənzum roman yazmaq sevdası var idi. Bir çox mənzum roman da yazmışdı. Bu sevdadan dolayı eşitdiklərini, duyduqlarını yaxşı təsəvvür edə bilirdi.

- Nazım Hikmetin Bakı yolçuluğuna kitabda rast gəlmədim... Amma Əkbər Babayevlə münasibətlərinə və müsahibələrinə istinad etmisiniz.

- Bakı və Sovetlər Birliyi yolçuluğunda əsas istinad nöqtəm Əkbər Babayevlə müsahibəsi oldu. Həm də Əkbər Babayevlə müsahibəsi SSRİ-yə yeni köçdüyü vaxta təsadüf edir. Bu kitab Nazımın Türkiyədəki günlərindən söz açır. Mühacir həyatı haqqında yazmamışam. Səbəbi budur ki, qaynaqları tapsam da, rus dilindən dostlarıma tərcümə etdirsəm də, düşünürdüm ki, gözümdən qaçan faktlar ola bilər. Bir kitab yazıramsa, onun doyurucu olmağını, yeni faktlarla dolu olmasını istəyirəm. Təəssüf ki, Türkiyədən axırıncı dəfə çıxandan sonrakı həyatı haqqında faktlar toplamaq çətin oldu. Buna baxmayaraq, deməliyəm ki, Bakının, əlbəttə, Nazımın həyatında çox önəmli yeri var. "Günəşi içənlərin türküsü" 1928-ci ildə Bakıda çap olunub. Məsələn, Nazımın ilk şeirinin nə vaxt, harada çap olunduğunu da Əkbər Babayevlə müsahibəsindən öyrənirik.

- Bakıda bir oğulluğunun olduğu iddiası da var...

- Bilirsən, Nazımın şəxsi həyatı haqqında çox iddialar var və çoxu yanlışdır. Mən belə bir fakta rast gəlməmişəm. Trotskinin də Böyük Adada oğlunun olduğunu deyirdilər. Hər kişinin başına gələ biləcək bir şeydir, diqqətli olmalıyıq.

- Nazımın kommunistliyi yadımıza Neruda ilə dostluğunu salır.

- Neruda Nazım haqqında çox yaxşı fikirlər söyləyib. Çox yaxşı da münasibətləri olub. 1950-ci ildə Nazım həbsdə olarkən Sülh mükafatını Nazımın yerinə Neruda alır. Daha sonra Fransada özünə qaytarır. Mənim şəxsi bir xatirəm var: 1984-cü ildə Kanadaya getdim. Orada çilili bir iqtisad professoru ilə tanış oldum. Türk olduğumu biləndə mənə dedi ki, bizim gəncliyimizin iki şairi olub: Neruda və Nazım Hikmet. Təsəvvür et, 1984-cü ildə Türkiyədə Nazımın adını çəkmək qadağan idi, kitabları yasaq idi. Nazımın şeiri oxuyana vətən xaini kimi baxırdılar. Belə bir vaxtda kapitalist bir ölkədə mənə Nazımdan danışırdılar. Məncə, Nazım dünyada ən çox tanınan türkdür.

- Sülh mükafatını aldığı vaxtlar Sartr kimi məşhur yazıçılar da Nazıma dəstək verdiklərini bildirmişdilər. Dünyada bu qədər tanınmasına rəğmən, Türkiyədə hələ də həbsdə idi...

- Məncə, Nazımın həbsdə qalmasının ən vacib səbəblərindən biri Fevzi Çakmakla bağlı olub. Kommunizm fobiyası var idi desəm, yalan olmaz. Sosializmə, kommunizmə qarşı çıxan Çakmak həm də Qurtuluş Savaşının öndə gedən komandirlərindən idi. Ona görə, təsir qüvvəsi böyük olub.

- Nazımla Pasternak qonşu imişlər...

- Bağ evləri qonşu olub. "Doktor Jivaqo"dakı şair bəlkə də Nazımdır. Həm də "Doktor Jivaqo" və "Məmkələtimdən insan mənzərələri" İtaliyada eyni nəşriyyatda çap olunub ilk dəfə. Naşirləri də eyni imiş. Bəlkə də "Jivaqo"nun nəşrində Nazımın təsiri olub. Bu, təbii ki, mənim təəssüratımdır.

- Mayakovskidən də təsirləndiyi deyilir.

- Nazımın Mayakovski ilə tanış olduğu dövrlər rus dilini yaxşı bilmədiyi dövrlərdir. Ciddi şəkildə təsiri ola bilməzdi. Nazıma daha çox babası Mehmet Paşa təsir edib. Uşaq vaxtı yazdığı şeirlərdə mövləvi babasının şeirlərinin təsirini açıq görə bilirik. Ümumilikdə isə, Nazıma ciddi şəkildə təsir edən bir imza yoxdur. Buna görə orijinaldır.

- Atatürklə bir dəfə görüşüblər - Ankarada...

- Əslində, iki dəfə ola bilər. İkinci dəfə də Yalovada Atatürkün təşkil etdiyi bir məclisə Nazımın da dəvət olunduğu deyilir. Bəziləri deyir ki, Nazım revmatizmasını bəhanə edib həmin görüşə getməyib. Mən buna inanmıram. Nə Atatürkdə, nə Nazımda belə bir mənfi əxlaq yox idi. Bunlar bir az əfsanələşmiş qeybətlərdir. İdeologiyaları çox fərqli idi. Atatürk böyük bir imperiya dönəmini bitirib cümhuriyyət qurmuşdu. Nazım isə könlünü başqa bir ideologiyaya vermişdi. Buna baxmayaraq, mən inanmıram ki, Atatürk onu məclisinə dəvət etsin və o getməsin. Nazım bu qədər xırda düşüncədə ola bilməz. Ankarada isə onu Atatürklə qohumu Ali Fuat Cebesoyun atası tanış edir. Çox qısa bir görüş olub.

- Yaxın dostu Vala Nuretdin imiş. Daha sonra araları dəyib.

- Nazım yolundan dönənləri sevmirdi. Vala Nuretdin kommunizmdən dönmüşdü deyə 40-cı illərin ortalarına qədər danışmırlar. Lakin Nazım həbsdə olarkən Vala Nuretdin və həyat yoldaşı ona geyim, qida göndərirlər. Hətta 1950-də həbsdən çıxandan sonra bir müddət Nazım onlarda qalır.

- Elə əsərlər var ki, Nazımınmı, yoxsa Valanınmı yazdığı bilinmir...

- O şeyləri kitabda çox diqqətli işləmişəm. Bəzi əsərlər var ki, onları ortaq yazıblar. Məsələn, bir şeir var, imzası Nazım Hikmet olsa da, Vala Nuretdinin şeiridir. "Daşdan qəlb" adlı bir tamaşaları var. İkisi bərabər yazıb. Sonra o əsər itib və Vala təzədən özü yazıb. Əsərin əvvəlində Nazımla bərabər yazdığını qeyd edib amma.

- Məzarının üstündə küləyə qarşı yeriyən adam var...

- O şəkil Nazımın "Küləyə qarşı yeriyən adam" şeirindən təsirlənərək çəkilib. Həmin şeiri Nazım Sadık Ahiyə həsr etmişdi. Kastomonuda tanış olmuşdular. Sadık Ahi Nazıma kommunizmdən gizli bir təriqət işi kimi bəhs edir. Sonralar CHP-dən millət vəkili də oldu. Ziya Hilmi də var. Nazımı kommunizmlə tanış edənlərdən biri də odur. Prokuror olub. Sosialist bir prokuror. Nazımın beyninə Rusiyaya getmək fikrini də o salmışdı. Sonralar narkotik maddələrin satışına görə həbs olunur. Çox qəribə adam imiş. Kommunist partiyasına maddi dəstək olmaq üçün heroin istehsal edib satdığı deyilir. Yanğında həyatını itirir. Çox tragik həyatı olub.

- Vera ilə məşhur bir şəkli var. Vera Nazımın cansız bədəninə baxıb ağlayır. O şəkilə baxanda həmişə düşünmüşəm ki, görəsən, orda Nazımı şəxsi tanıyan başqa biri də olubmu?

- Həyat yoldaşı Münəvvər və oğlu Mehmet Hikmetin orda olduğunu dəqiq bilirəm. Türkiyədən ora gələcək başqa bir ad təxmin edə bilmirəm. Münəvvərlə oğlu da Moskvada olduğu üçün rahat qatıla bilmişdilər dəfnə.

- Pirayə, Münəvvər və Veradan başqa əvvəllər evli olduğu iki xanım da var: Nüzhet və Lena.

- Bəli, Nüzhet xanımla 1922-ci ildə Moskvada evlənmişdilər. Nüzhet xanım 50 ildən artıq Nazımın ona verdiyi iki şeir dəftərini qoruyub saxladı. Bəzi araşdırmaçılar "Mavi gözlü dev, minnacık hanım ve hanımelleri" şeirinin ona yazıldığını deyirlər. Nüzhet xanım çox ədəbli, hörmətli qadın olub. Son dəfə teatr binasının qarşısında rastlaşırlar. Nazım deyir ki, mənə tərəf baxmadı belə və mən anladım ki, ayrılmışıq. Lena ilə də 1927-ci ildə Moskvada tanış olub. Nazım Türkiyəyə qayıdanda Lenanı tək qoyur. Lena da ölənə kimi Nazımla məktublaşır.

- Xanımlardan ən çox Pirayəni sevib, deyəsən...

- Bu barədə danışmaq, məncə, lüzumsuzdur. Həm də bu kitaba və Nazımın həyatına yeni nəsə qatmayacaq artıq. Külliyyatının böyük hissəsi Pirayədə olub və Pirayə də onları qoruyub. Məktubları həssasdır bu mövzuda. Vera yanında uyuyur. Məzarları qoşadır. Hər qadında Nazımdan nəsə qalıb. Nazım da hər qadından nəsə saxlayıb.

- Məzar demişkən, Nazım Hikmetin məzarının Türkiyə gətirilməsini istəyərdinizmi?

- Yox. Orada rahat yatsın, yanında da sevgilisi. Nazımı gətirsələr, Veranı da gətirəcəklərmi? Ya da hardan bilmək olar, Nazımın məzarına hər gün hücum edilməyəcəyini? Nazımı ifadə edən yerlər elə oradır, orada da qalsın.

# 1610 dəfə oxunub

Müəllifin son yazıları

# # #