İslamın Avropadakı mühafizəkarları - Üç prezidentin idarə etdiyi ölkə

İslamın Avropadakı mühafizəkarları - Üç prezidentin idarə etdiyi ölkə
26 sentyabr 2024
# 15:00


Kulis.az Rəvan Cavidin "Milyaska körpüləri" reportajının dördüncü hissəsini təqdim edir.

Üçüncü hissə burada

Hər kəsin istədiyi, amma sadəcə, boşnaqların sahib olduğu şəhər...

Sarayevoda üçüncü günümdür. Artıq şəhəri xəritəsiz gəzirəm. Gedəcəyim yerləri Milyaskaya görə təyin edirəm. Çox yerə də demək olar ki, piyada yeriyirəm. Şəhərin hansı səmti daha ucuzdu, hansı səmti daha bahalıdı, bilirəm. Bilirəm, harda yeməklər daha dadlı olur, harda pivələr və musiqilər daha gözəl ahəngləşir. Şəhərin mərkəzində görmədiyim yer, getmədiyim səmt qalmayıb. Çayın qırağı ilə körpüləri saya-saya Başçarşıya gedirəm.

Günorta Ayla ilə görüşüb Kovaçi məzarlığına getməyi qərarlaşdırmışıq. Başçarşı haqqında yazmışdım. Əlavə etmək istəyirəm ki, buranın memarlığı və qovuşduğu Fərhadiyə küçəsi onun tarixini və müharibələrin sınağından necə ağır yaralarla çıxdığını boşnaq olmayanlara tarixin bilmədiyimiz dili ilə izah edir. Gəzdikcə başa düşürəm, niyə həm qərb, həm də şərq imperatorluqları bu şəhəri bu qədər çox istəyib. Təbii sərvətləriylə birlikdə həm də Sarayevo Avropanın qapılarını açacaq nadir mədəniyyətlərdən birinə sahibdir. Bosniya haqqında digər yazılarda qeyd etmədiyim bir nüansı yazım: Bu ölkə üç prezident tərəfindən idarə olunur.

Bosniya respublikası prezidentliyi Dayton sazişinə görə üç fərqli etnik qrupu (boşnaqlar, serblər və xorvatlar) təmsil edən və refenrendumla seçilən üç dövlət başçısından ibarətdir. Dörd illik müddətdə səkkiz aydan bir dəyişən prezidentlər öz iqtidarları dövründə iki dəfə ölkədə söz sahibi olurlar. Dövlətin xarici və daxili siyasətində hər hansı bir dəyişiklik olarsa, üç etnik qrupu təmsil edən şəxslərin üçünün də razılığı olmalıdır. Hər etnik qrup dörd ildən bir öz prezidentini seçir. Çox vaxt ölkəni xarici tədbirlərdə boşnaqların seçdiyi prezident təmsil edir. Digər iki nəfər isə daha çox ölkə daxilində öz mənsub olduqları millətlərin problemlərini həll etməyə çalışırlar. Bu ölkənin sərhədləri içində yaşayan serblərin Serbiya, xorvatların isə Xorvatiya ilə qanuni olaraq əlaqəsi yoxdur. Onlar hamısı Bosniya konstitusiyasına tabedirlər. Hüquq və vəzifələrini Bosniya qanunları təyin edir.

Dayton sazişi Yuqoslaviya müharibələrinin ən böyüyünün, - təxminən, üç il yarım davam edən Bosniya müharibəsinə nöqtə qoydu. Amerikanın Ohayo ştatındakı görüşlərdə razılığa gəlinən və 1995-ci il dekabrın 14-də Parisdə Aliya İzzetbeqoviç (Bosniya), Slobodan Mileşoviç (Serbiya) və Franjo Tudman (Xorvatiya) tərəfindən imzalanan sülh müqaviləsi Balkanları müharibə caynaqlarından alır. Müqavilədən sonra kantonlara bölünən Bosniya torpaqlarının 51 faizi boşnaqların, 49 faizi isə digər millətlərin oldu.

Qeyd edim ki, boşnaqlar bu günü yox, 1 mart 1992-ci ilə təsadüf edən Bosniyanın Yuqoslaviya sosialist respublikasından çıxdığı günü bayram edirlər. 1 mart boşnaqların respublika günüdür. Hər iki vacib sazişə imza atan Aliya İzzetbeqoviç isə onların ümumilli lideridir.

Saat 12-də Ayla ilə Kovaçi məzarlığına tərəf dik bir yoxuşu qalxdıq.

Kovaçi şəhidliyində həm Bosniya müharibəsində şəhid olan boşnaqlar, həm də Osmanlı dövründə şəhid olmuş türk əsgərləri yatır. Bosniyanın ümumilli lideri Aliya İzzetbeqoviçin qəbri də buradadır. Çox təvazökar bir abidə. İki məzar daşı və qübbə. Məzar daşına Abdullah (Allahın qulu) yazılıb. Bir də Aliyanın öz sözləri: Allaha and olsun ki, biz heç vaxt kölə olmayacağıq!

Rəsulzadə bizim üçün kimdirsə, Atatürk türklər üçün kimdirsə, Aliya da boşnaqlar üçün o ünvandır. Çox sadə həyat yaşayan, bütün ömrünü Bosniyanın azadlığına xərcləyən prezidenti sevməyən yoxdur. Şəhid məzarlığında dəfn olunması isə öz vəsiyyətinə uyğundur. Kovaçidəki məzarların əksəriyyətinə doğum tarixi olaraq 1967/68, şəhid olduğu tarixə isə 1993/94/95 yazılıb. Bosniya müharibəsində çoxu gənc olan boşnaq əsgərlərin xatirəsinə şəhərin bir çox yerində lövhələr, abidələr var. Amma heç bir yerdə heykəl və ya büst görə bilməzsiniz. Bir neçə çox məşhur sənət adamının büstü istisna olmaqla, heç kimə, hətta Aliyaya da heykəl qoymurlar. Bunu İslama zidd hesab etdikləri üçün. Bir çox belə xüsusiyyətlərə görə boşnaqlara İslamın Avropadakı mühafizəkarları deyə bilərik.

Şəhidliyi ziyarət etdikdən sonra Sarayevo Bələdiyyə Binasına (Boşnaqca: Gradska Vijecnica) gedirik. Bura artıq muzey və sənət qalereyası kimi fəaliyyət göstərir. Biletləri alıb qapıları aralayanda möhtəşəm bir memarlıq nümunəsi bizə xoş gəldin deyir.

Viyesnisa Avstriya-Macarıstan imperatorluğu dövründə tikilib. Hazırda şəhərin simvollarından biridir. Müəyyən müddət bura Milli Kitabxana kimi də fəaliyyət göstərib. 1992-1995-ci illərdə Bosniya müharibəsində serblər buranı da dağıtmaq istəyib. Kitabxanaçılar canları bahasına binadakı iki milyondan çox kitabı odun-alovun içindən çıxarıb. Buna baxmayaraq, bir milyona qədər kitab yanıb kül olub.

Muzeydə otuz illik Sarayevo Film Festivalının bütün posterləri, prezidentlərin və baş nazirlərin portretləri, Bosniyanın rəmzlərini və tarixini əks etdirən onlara eksponat və lövhələr var. Divarlardan birinə belə yazılıb: “Bosniyanı hər kəs istəyir, amma onun gerçək sahibləri boşnaqlardı...” Bayrağı göstərib Ayladan rənglərin və ulduzların mənasını soruşuram.

– O sarı Bosniyanın xəritəsidir. Ulduzlar da Avropa Birliyinə girmək istədiyimizi göstərir.
– Bəs mavi rəng?
– Onu bilmirəm... – utanıb gülümsəyir.

Mən deyim sizə. Mavi rəng Bosniyanı məşhur edən çayları, göllərini, həmçinin, Avropa Birliyini işarə edir. Xəritənin sarı rəngdə olması isə bu torpaqların bərəkətliliyini və qədim tarixini nişan verir. Ulduzlar isə Aylanın dediyi kimi, yenə də Avropaya inteqrasiyanın göstəriciləridir.
Muzeydə daha çox komunizmi əks etdirən sərgi var idi. Sərgidəki hər əsərə dəqiqələrcə baxdım. Kafkanın böyük portreti qarşısında içi ayaqqabılarla dolu qayıq var. Bu ayaqqabılar müharibədə qaçmağa məcbur qalan sivilləri təsvir edir.

Çarşıya qayıtdıq. Burada son dəfə görmək istədiyim bir yer var. Qazi Hüsrəv bəy Kitabxanası. Bu kitabxanada əlli mindən artıq tarixi əsər var. Çoxu da əlyazma şəklində. Amma mənim buranı ziyarət etməyimin əsas səbəbi başqadır. Bu tarixi kitabxana Qazalinin 1131-ci ilə aid kopyasının çıxarıldığı əl yazma var. Əlyazma kitabxananın ən qədim eksponatıdır. Buradakı kitabların çoxu İstanbul, Məkkə, Bağdat və Qahirə mənşəlidir. Kitabxana hazırda müasir texnologiya ilə təchiz olunduğu üçün rahatca hər şeyi tapıb oxumaq mümkün oldu.

Gün əyiləndə Ayla ilə sağollaşdım. Onu sabah bu şəhərdə axırıncı dəfə görəcəkdim.

Duyğularımı, hiss etdiklərimi sonuncu hissəyə saxlayıram.
Sabah axşam üstü Sarayevodan İstanbula uçanda onunla necə sağollaşacağımı fikirləşirdim...

İndi təkbaşına hədiyyə, içki və siqaret almaq üçün çarşını son dəfə gəzirəm. Hər şey ucuz və baxımlıdır. İki ədəd məşhur “Blatina” şərabı, bir neçə məşhur brendlərdən siqaret və Sarayevodan xatirə qalsın deyə suvinerlər alıb neçə gündür mənə doğmalaşan yolla hotelə gedirəm. Yüküm ağırdır. Bir azdan Fenerbahçenin oyunu var.

Yadınıza salım ki, dünyaca məşhur futbolçu, hazırda Fenerbahçenin əsas hücumçusu Edin Ceko da bu küçələrdə, həm də müharibə döbründə böyüyüb, dağılmış evlərin arasında futbol oynayıb. Sarayevoda onu yadıma salmasam, rənglərimə xəyanət etmiş olardım.

Bosniyada keçən dörd gün gündüzlər dəhşətli dərəcədə isti, axşamlar isə sərin keçdi. Bu şəhəri yağışlı havada da izləmək istəyərdim. Milyaskaya yağan damcılara baxa-baxa körpüləri saymaq maraqlı olardı. Çünki hələ də bu çayın üzərində neçə körpü var, bilmirəm. Hər dəfə Milyaskanın kənarı ilə gəzəndə hər körpüdə fərqli şeylər düşündüyüm üçün saymaq yadımdan çıxır.

Sabah son gündü. Çamadanı hazırlayıb sonuncu dəfə (bu səfərlik) bu səssiz şəhərdə yuxuya gedəcəm.

Qeyd: Axşamkı oyunda Fenerbahçe 5-0 qalib gəldi.


# 1188 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #