İslamdan öncə yaranmış İslam məzhəbi

İslamdan öncə yaranmış İslam məzhəbi
11 iyun 2023
# 10:00

Kulis.az Rəvan Cavidin "İslamdan öncə yaranmış İslam məzhəbi" adlı yeni yazısını təqdim edir.

(“Sufun sirləri” silsiləsindən üçüncü yazı)

“Hər kəslə başa düşəcəyi dildə danışın”
(Hz. Məhəmməd )

Onlar deyir ki, Musa da, İsa da İslamı Adəm oğullarının arasında yaymaq üçün göndərilmişdi. Ancaq bəziləri Musanın nişan verdiyi Allaha yox, Davudun ulduzuna tapındılar. Bəziləri də İsanı Məryəmin bətninə üfürən qüdrət sahibinin yox, İsanın son nəfəsini verdiyi iki taxta parçasının (katoliklərə görə qeybə çəkildiyi qutsal simvolun) təbəəsi oldular. Və beləcə İslamın son çağırışı ibrani Abdullahın oğlu Məhəmmədə qaldı. O nə Musa kimi “ilanı əsaya çevirdi”, nə də İsa kimi “ölüləri diriltdi”. O, gerçək idi. Yatırdı, oyanırdı, küsürdü, ağlayırdı, danışırdı, döyüşürdü, hicrət edirdi, dinləyirdi, şeir yazırdı və öldü. Bəlkə buna görədir ki, o özündən əvvəlki yüz iyirmi üç min doqquz yüz doxsan doqquz peyğəmbərdən daha təsirli ola bildi. Məhəmməd peyğəmbərin ölümündən çox qısa müddət sonra isə İslama tapınan insanlar şəxslərə, səhabələrə, hədislərə, şəriətə, xurafata, şeyxlərə iman gətirdilər. İsrailli-yəhudi, pravoslav-katolik ayrımından sonra İslam üçüncü böyük yoldaş ayrılığının şahidi oldu: Sünni-şiə (Yol və yolçuların son ayrılığı).

Bütün bu məzhəb davalarının, yol ayrımlarının, peyğəmbər savaşlarının ardında uzun yol gəlmiş və İslama bütün dinlərdən daha sadiq qalmış, Allahın ən qədim dostları sufilər var idi. Onlar Musaya yunus cildində, İsaya həvari kimliyində, Məhəmmədə dərviş libasında kömək etmək istəsələr də, tarix onları bəzən Yaradana xilaf çıxanlar kimi qələmə verdi. Vaxt gəldi və tarix özü sübut etdi ki, bu qədər çoxdinli tək İslamın ən təmiz davamçıları elə sufilər imiş.

Musanın yunusları, İsanın həvariləri və Hüseynin şiələri sufi idi...

Təsəvvüf özünü zamandan, məkandan, toplumdan və anlayış sistemindən asılı olaraq fərqli şəkillərdə var edir. Təsəvvüfün ilki və sonu, əsası və təfərrüatı yoxdur. İnsanların tarix boyu məşhur sufiləri qəbul edib bu yolun əsl yolçularını gözdən salmaları İslama gedən yolu həmişə uzatdı.
Kimi sufiliyin tarixini Məkkədəki dərviş cəmiyyətlərinin yaranmasından, kimi də Şəms Təbrizinin Anadoluya gəlməsindən və Mövlanəni qırx yaşında tapmasından hesablayır. Həqiqət isə odur ki, sufilər İslamın yerə endirildiyi gündən var oldular.

Risalələrin, şeirin və rəsmin yaşı qədərdi sufiliyin yaşı.

İlk ney səsi nə vaxt eşidildisə, ilk dəfə söz nə vaxt yazıya çevrildisə, ilk dəfə nə vaxt cisimlərin şəkli qaya daşlarına yonuldusa, sufilik o andan özünü bəşər və insan tarixinə göstərdi.

Sufiliyi digər bütün məzhəb və iman nişanlarından fərqləndirən əsas xüsusiyyəti onun şəxslərdə yox, qutsal adət və vərdişlərdə yaşamasıdır. Hər hansı bir şəxsin adını tutub, kiməsə büt kimi sitayiş edib sufiliyi tapmaq olmur.

Təbii ki, hər coğrafiyanın məşhur sufiləri olub, lakin onlar da sadəcə qum dənizində insan mayakı idilər.

Bir vaxtlar Musanın ayırdığı dənizlərdə ona yol göstərən yunus balıqları səmazən olub səma edəndə Musa quzeyin yolunu tapmışdı.
Səma rəqsinin və səma simvollarının bu gün sadəcə bir neçə təriqət sifətlərindən biri kimi tanınması da təəssüf yaradır. Aya Sofyanın məscid statusu aldığı tarixdən etibarən sufiliyin ən böyük mərkəzlərindən biri hesab edilən İstanbulda bu rəqslərin sadəcə bir neçə ocaqlarda yaşadılması da məyusluq doğurur.

İsanın həvarilərinin dərvişanə həyat tərzi və şəhər-şəhər gəzib hədis, dini rəvayət danışmaqları da sufiliyin qədim ənənələrindəndir.
Əslində, Məryəmin oğlunu Qüdsdən Romaya qədər gəzdirən, əlinə ağ bayraq verən (sonralar bu bayraq Məhəmmədin əlində yaşıla, çox-çox sonralar isə təriqətlərin əlində qara rəngə boyandı) və çarmıxa mindirib qeybə çəkənlər də sufilər idi.

Şəmsi quyuya atan məchulla İsaya xəyanət edən həvari də eyni şəxs idi. Sufiliyə üç ən böyük xəyanətdən biri idi bu.
Dinə təriqət, məzhəb, icma anlayılarını da sufilər və təsəvvüfçülər gətirdilər. Bu onların din tarixindəki ən böyük səhvi idi desək, yanılmarıq. Təriqətlər anlayışı, əslində, sufilərin ilk və son dəfə zaman və məkan konturlarına girmə çabasıydı. Amma alınmadı. Çünki təsəvvüf Nəsiminin izah etdiyi kimi idi: laməkan, biixtiyar və zamansız.

Sufiliyi və qədərincə təsəvvüfü qəbul etməyən, onlara radikal davranan ən məşhur məzhəb şiəlik olsa da, şiələr özləri də Kərbəla faciəsindən sonra daha geniş arealda yayılan əzadarlıqla və mərsiyanəliklə sufi şeirinin və musiqisinin ritmini yaşatmaqdadır.

Mərsiyə iki fərqli dərviş musiqisinin kollajıdır. Səma neyinin ahəstəliyi və yumşaqlığı ilə dərviş ritminin hərəkətliliyi mərsiyə janrında birləşib yeni musiqi komponentini yaradır.

Əzadarlıq isə birəbir Qədiri təriqətinin ibadətində istifadə olunan əl-ayaq jestlərinin kopyasıdır.

Bu gün dünyanın bir çox ölkəsində siyasət, mədəniyyət, təhsil, din sahələrində məşhur sufilər var. Onlardan bəziləri Qərb sufi lojalarının, bəziləri Şərqdəki sufi mədrəsələrinin, bəziləri də Anadolu sufi ocaqlarının yetirmələridir.

Bir gün dünya başdan-ayağa rəqəmlərə bürünəndə, süni zəka bizə düşünməyə belə imkan verməyəndə, insan ulduzların arasında gəzəndə, Yer camaatı Andromedanı kəşf edəndə sufilik yenə var olacaq və Allaha uzanan yolun təqibçisi və sarvanı misiyasını yerinə yetirəcək.

# 1703 dəfə oxunub

Müəllifin son yazıları

# # #