108 il yuyulmayan uniforma, Atatürkü ölümdən qoruyan saat - Gelibolu yarımadasından reportaj

108 il yuyulmayan uniforma, Atatürkü ölümdən qoruyan saat - Gelibolu yarımadasından reportaj
26 oktyabr 2023
# 09:00

Kulis.az Rəvan Cavidin Gelibolu yarımadasından reportajını təqdim edir.

Reportajın bu tarixə təsadüf etməsi gözəl oldu, əslində. Nə vaxtsa oxuyarkən qürurlu tariximizi xatırlamaq üçün bu qeydlə başlayıram.

Oktyabrın on beşi Azərbaycan Bayrağı Xankəndi şəhərində dalğalandı. Həmin bayraq ki, bir kərə orada yüksəldisə, bir daha enməyəcək. Beləcə, üç ildir davam edən ərazi bütövlüyümüzün bərpası yekunlaşdı. Xocalı da, Ağdərə də, Xankəndi də azadlığına, suverenliyinə qovuşdu. Minlərlə şəhidin qanı bahasına, xalqın həmrəyliyi və son əlli ilin mükəmməl tarixi gedişatı və münbit siyasi şəraitin yaranması hesabına Azərbaycan tarixi torpaqlarına qovuşdu.

Bu reportaj da başqa bir xalqın yenidən tarixə doğulmasından bəhs edir. Qardaş Türkiyə Cümhuriyyətinin əfsanəvi Gelibolu müharibəsindən, Atatürkün adını əbədiyyən tarixə yazdırdığı həmin istiqlal davasından. Gəzdiyim yerlər – Gelibolu yarımadası, Conq vadisi və Egenin Çanakkale sahilləri yüz səkkiz il öncə tarixin ən möhtəşəm müharibəsinə şahidlik etdi.

Gelibolu yarımadasının yamyaşıl təbiəti, Egenin masmavi suları peyzaj kimi önümüzdə açılır. Gəmi Çanakkaledən boğazı keçərək Fatih Sultan Mehmetin inşa etdirdiyi qala qapılarının yüz metrliyində limana yanaşır. Rum memarlığında tikilmiş taxta evlər, təmiz tozlu küçələr, balıq və pendir halvası satan xırda kiosklar ta Conq vadisinə qədər uzanır. Buranın yerli sakinləri müharibədən öncə də burada yaşayıb, bəziləri müharibənin davam etdiyi dövrdə də. Döyüş başlayanda müxtəlif şəhərlərə köçürülən sakinlər isə Türkiyə zəfər qazanar-qazanmaz geriyə – Geliboluya qayıdıblar.

Seyid Onbaşı

Bu torpaqlar təxminən üç min il əvvəl də başqa bir əfsanəvi müharibəyə şahidlik edib: Troya müharibəsinə. Keçən dəfəki reportajda qədim Troas torpaqlarında yaşanmış həmin müharibənin izinə düşmüşdük. İndi isə ikinci möhtəşəm döyüşün təsadüf etdiyi bu torpaqlarda ekskursiyaya Seyid Onbaşının əfsanəyə çevrilmiş 275 kiloqramlıq top mərmisini çiyninə alaraq dırmaşdığı təpədən başlayırıq.

Birinci Dünya Müharibəsi dövrü. Həmin dövrün ən güclü dəniz donanmasına sahib ingilislər Çanaqqala boğazındadırlar. Yarıcan Osmanlını buradan fəht etməyə başlayacaqlar. Həm də tək yox, müttəfiqləri fransızlar və ruslarla bərabər. Məqsəd boğazı ələ keçirib Çanaqqala şəhərini, daha sonra isə İstanbulu almaqdır. Beləcə, onlar Rusiya ilə məsafəni azalda biləcəklər. Osmanlı bu böyük müharibəyə Dəniz döyüşləri ilə başlayır. Türklər çox yaxşı komfulyaj edilmiş toplarla ingilis gəmilərini vurur. Həmin topların yerləşdiyi “hərbi küçəni” sizə göstərirəm. Donanmanın ən böyük və ən güclü gəmisi olan, “Okean zirehlisi” adı verilən hərbi gəmini dayandırmaq müşkülə çevrilir. Türklərin topxanası dağılmış vəziyyətdədir. Çoxlu yaralı və şəhidlər var. Elə bu vaxt Seyid Onbaşı (Seyid Ali Çabuk) admiral De Robekin də yer aldığı gəmini vurmaq üçün aşağıdakı mərmilərdən birini dostu Niydeli Alinin köməyi ilə kürəyinə alır. Və atılan həmin mərmi gəminin motorunu sıradan çıxarır. İngilislər geri çəkilir. Bu qəhrəmanlıq Seyid Onbaşını tarixə yazır. Daha sonra o, Atatürklə bərabər Qurtuluş müharibəsində də iştirak edir (1923). Seyid Onbaşı Gelibolu müharibəsinə qatılmazdan əvvəl evlənir və uşağını görmədən səngərə gedir. Nə az, nə çox düz doqquz il sonra evinə qayıtmağa fürsəti olur. Gəldiyi gecə evinin qabağında ağlayır və qapını döyməyə qorxur. Qızı onu pəncərədən görür, təbii ki tanımır, anasını çağırır. Ali Çabuk öz xatirələrində qızının ona illərlə ata deyə bilmədiyini yazır.
Seyid Onbaşının heykəli mərmini daşıdığı yerdə ucaldılıb.

Yarımada boyda qəbirstanlıq

Gəzdiyimiz hər yerdə məzarların olduğunu bilirdik. Bunu bizə kənd sakinləri demişdi. Müharibə vaxtı şəhidləri harda gəldi basdırıblar. Hətta bəzi yerlərdə toplu məzarlar var. Qəbirlərin kimə aid olduğunu isə bilmirik. Burada sadəcə beş simvolik qəbirstanlıq var. Üçü türklərin, biri fransızların, biri də anzakların. Simvolik olaraq qurulmuş məzarlığın biri Şahindərə məzarlığı müharibə dövründə yaralı əsgərlərin müayinə olunduğu düzənliyin yanındadır. Təsəvvür edin, həmin vaxt yaralılar açıq hava şəraitində, kolların dibində müayinə olunurdular. Hətta gigyenik xəstəliklər o qədər çoxalmışdı ki, bəzi əsgərlər mikrobdan yox, güllədən ölmək üçün təkrar davaya qaçırdılar.

Geliboluda gəzirsinizsə, ayağınızın altındakı hər yer məzarlıqdır.

İlk Qızıl Ay xəstəxanası muzeyi (Hilali Ahmer Hastanesi )

Türkiyənin ən böyük humanitar dərnəyi kimi qurulmuş Hilali Ahmer – Qızıl Ay cəmiyyətinin yaranma tarixi də bu müharibəyə təsadüf edir. Hazırda həmin xəstəxananın canlandırma muzeyindəyəm. Bina həqiqi, içində gördüklərimiz isə personajlardır. Bu xəstəxananın arxasında isə quru döyüşlərinin getdiyi və ilk səngər olaraq qazılmış sipərlər var. Sipərlərin başladığı yerə isə belə yazılıb: Siperin arkası Vatan!

1915-ci ildə yaralıları müalicə etmək çox çətin idi. Dərmanların biri vardı, beşi yox... Yüzlərlə həkim, tibb bacısı bu binada, o şəraitdə, üstəlik, mərmi yağışının altında işləyib. Pəncərələrdən səngərlər görünür. Binanın divarlarında hələ də barıt qoxusu var. Əli, ayağı qopmuş əsgərlər, gözləri, çiyinləri yaralılar var. Bəzilərinin yanında molla artıq “Fatihə” surəsini pıçıldayır. Dəhşətli görüntülərin içində ürək ağrısı və qürurla dayanıram. Onlar bizim qardaşlarımız idi. Vətən və torpaq anlayışlarının, sadəcə, bir cansız nəsnə olmadığını onlar və onların qardaşları bizə öyrətmişdi.

Alçıtəpədə yerləşən bu binada orijinal olan bir əsgər uniforması var. Həmin uniformanın sağ ayağındakı qan quruyub və 108 ildir eləcə asılı qalıb. Buranı ziyarət edənlər üçün xüsusi səsləndirmələrlə dövrün dəhşətli döyüş səhnələrini canlandıran səngər də qurulub. Qeyd edim ki, bu səngər real döyüşlərin getdiyi dağılmış səngərin yerində inşa edilib.

Çanaqqala şəhidliyi – Tarix Atatürklə tanış olur

Çanaqqalaya gəlib, Gelibolunu gəzib bu müzəffər, ali yeri ziyarət etməmək günahdır. Müharibə şəhidlərinin yatdığı həmin yerdəyəm – Çanaqqala şəhidlər xiyabanında.

Gelibolunun Seddülbahir qəsəbəsində yerləşən şəhidlər abidəsinin tikintisi altı il çəkdi. 1954-cü ildə inşasına başlanan 41,7 metrlik abidə 1960-cı ildə hazır vəziyyətə gətirildi. Açılışında türklərlə qarşı cəbhədə döyüşən fransız və ingilislər də iştirak etmişdi. Onlar qırx beş il sonra öz əcdadlarının məzarlarını ziyarət etdi.

Abidənin önündə Atatürk və iki əsgərin heykəli qoyulub.

Atatürk Seddülbahirdən Egeyə baxır. Burada minlərlə turist var. Atatürkün fransız və ingilis xalqına xitabən yazdığı məktub isə girişdəki lövhədə əks olunub. Məktubda düşmən əsgərləri də qəhrəman adlandırılır. Mehmetciklərlə qoyun-qoyuna uyuyan bu əsgərləri də unutmayan möhtəşəm sərkərdənin “Məmləkətdə sülh, cahanda sülh” sözləri də elə burada deyilib.

Al qırmızı bayraqların fonunda minlərlə əsgərin adını, rütbəsini oxuduqca Orta Şərqin böyük dövlətinin nə canlar bahasına qurulduğunu xatırlayıram.
Mənim ölkəm də illərdir, belə qəhrəmanların qanları bahasına öz haqq davasından qalib ayrılıb.
İngilis turistlər öz babalarının əbədiyyən yatdığı torpaqlarda şanlı türk əsgərinin qəhrəmanlıqlarını dinləyə-dinləyə gəzirlər. Hansı ki bu məzarlığın arxasındakı səngərlərdə, cəmi beş metr aralıda türkləri öz yurdundan qovub İstanbula keçirmək üçün neçə can almışdılar... İngilislərin Geliboluda torpağa batırılmış qılıncı xatırladan abidəsi də var.

Tarixin tanıyıb-tanıya biləcəyi on ən möhtəşəm sərkərdəsindən biri Mustafa Kamal Atatürk Geliboluya 1915-ci ilin 25 fevralında gəlir. 24 fevralda Tekirdağda aldığı əmrlə Eceabata çatan Atatürk müharibənin və Türkiyənin qədərini dəyişir. Üç böyük Anafartalar döyüşü ilə ingilislər tamamilə geri çəkilir. Bəlkə də, dünya tarixi bu qədər yaxın məsafədən ikinci bir müharibəyə şahidlik etməyib. Cəmi beş metr. Avtobus səngərlər arasındakı yoxuşu qalxarkən sağa-sola baxmaq, o kiçik məsafənin qorxusunu yaşamaq həyəcanverici idi. Yəni avtobusun solunda ingilislər var, sağında türklər, təsəvvür edin. Bu qədər qısa məsafədə döyüşmək gücdən çox qorxmazlıq tələb edir. 18 Mart boğaz zəfərindən sonra ingilislərin Conq vadisinə hücumu bu döyüşlərlə və türklərin qalibiyyəti ilə yekunlaşmışdı. Atatürk o qədər ağıllı plan qurur ki, ingilis yüksəkrütbəliləri sonralar xatirələrində “Bu qədər ağıllı bir düşmənlə döyüşmək qürur idi” yazırdılar.

Conq vadisi – Türk millətinin Atatürkə ikinci dəfə qovuşduğu an

10 avqust 1915-ci ildə bir şarapnel qəlpəsi Atatürkün ürəyinə dəyir. Uniformanın altındakı cibində metal saata tuş gələn qəlpə Atatürkü öldürə bilmir. Həmin saatın parçalandığı yerdə Atatürkün albay formasındakı heykəli ucaldılıb. Türklər bu yerə Atatürkü ikinci dəfə qazandıqları yer kimi ziyarətə gəlirlər. Conq vadisi müharibənin bitdiyi yerdir. İngilislər tamamilə geri çəkilirlər. Gelibolunun ən yüksək nöqtəsi də buradadır. Məhz Atatürkün saatının parçalandığı yerdən baxanda qarşınızda Egenin möhtəşəm mənzərəsi açılır. Türkiyə xəritəsinin qərbdən ən son ucudur bura. Mübahisəli yunan adalarını da görmək olur. Arxanızda isə Trakyanın bərəkətli vadiləri. Solunuzda Çanaqqala, sağınızda “1915” körpüsü.

Səfər vaxtı anzakların və fransızların da məzarlıqlarını ziyarət etdim. Son dayanacağım isə 57-ci piyada alayının məzarlığı oldu.

Tarixdə yeganə alaydır ki, bütün hərbiçiləri şəhid olub. Əsgərlər və rütbəlilər hamısı şəhiddir. Yarısı Geliboluda, yarısı da İraq sərhəddindəki döyüşlərdə həyatını itirib. Hazırda Türkiyə ordusunda 56-cı, 58-ci alaylara rast gələ bilərsiniz, amma 57-ci alay yoxdur. Şəhidlərin xatirəsinə orduda ikinci 57-ci alay qurulmur. Türkiyənin bir 57-ci alayı olub, onlarda burda, bu məzarlıqda yatırlar.

Conq vadisindən limana enəndə xırda bir Gelibolu muzeyini də ziyarət etdim. Bir-birinə girmiş mərmilər, əsgər uniformaları, ingilislərin top mərmiləri buradadır. Hamısı orijinal. Muzeyin ətrafında da mərmilər görə bilərsiniz. Döyüş çox kiçik ərazidə və dediyim kimi yaxın məsafədə olduğu üçün bəzən mərmilər bir-birinə dəyirmiş.

Gelibolu təbiəti ilə, tarixi ilə məni sehirlədi. Burada gördüyüm rəngləri, mənzərələri heç vaxt unuda bilməyəcəm. Gəzdiyim torpaqların altında yatan şəhidlərə bu müthiş məmləkət üçün təşəkkür edirəm.

# 1337 dəfə oxunub

Müəllifin son yazıları

# # #