Kulis.az maraqlı faktları təqdim edir.
Təkcə çinlilərin deyil, yaponların, Orta və Cənubi Asiyada yaşayanların, hətta eskimosların da gözləri qıyıqdır. Əslində, “qıyıq gözlü” demək tamamilə səhvdir. Göz quruluşu bütün dünya əhalisində eynidir, fərq isə göz qapaqlarındadır.
Sadəcə qıyıq gözlü dediyimiz insanların göz qapaqlarının quruluşu göz üstünə daha çox əyilib. O qədər enib ki, göz bu halda daha dar görünür. Bəs niyə belədir?
Nəzəriyyəyə görə, göz qapağının üzərindəki ikinci təbəqə bu insanların gözlərini möhkəm qar təbəqəsinin gözqamaşdıran işığından qorumaq üçün bir növ qar eynəyi halını alıb.
Yuxarıda sadaladığımız ölkələr nə qədər qarsız, yağışsız olsalar da, sakinləri – yəni qıyıq gözlülərin atalarının son buz dövründə Sibirdə yaşadıqlarını, sonra Asiyanın mərkəzinə doğru köç etdikləri ehtimal olunur. Bu qədər soyuq iqlimdə yaşayanların bədənlərinin iqlimə uyğunlaşmaqdan başqa çarələri yox idi. Sadəcə gözlər deyil, burun da dəyişib; burun dəlikləri də soyuq havanın ciyərə gedənə qədər isinməsinə görə balacalaşıb. Dəriləri də soyuğa görə yağlıdır. Göz qapaqları daha yağlı olduğundan daha sallaq olur, soyuq gözün iç qatlarını qara və buza qarşı qoruyur.
Yəni əslində onlar “qıyıq” deyil, “sallaq” gözlüdürlər.
Niyə tarixdə məşhur rəssam və ya bəstəkar qadın yoxdur?
Tarix boyu “kişi işi” deyəndə fiziki güc tələb edən peşələr ağla gələrdi. Ancaq rəsm, musiqi, elm, mədəniyyət kimi hiss tələb edən sahələrdə də kişi hegemonluğu vardı. Yaxşı əsərlər yaradan qadınlar da olub yəqin, baxmayaraq ki, heç bir muzeydə onlara rast gəlmirik. Yaxşı deyək ki, Rembrant, Rafael kimi rəssamların dövründə rəsm çəkən qadınlara pis baxırdılar. Bəs Dali və Pikassonun dövrü necə? O dövr xeyli sərbəst dövr idi axı. Demək, bunun başqa səbəbi var.
Yüzlərlə uğurlu qadın müğənni sadalaya biləcəyimiz bu dövrdə niyə hələ də qadın dirijora rast gəlinmir? Bəlkə orkestrın kişi musiqiçiləri qadın dirijora itaətsizlik edərlər?
Təkcə bu sahələrdə yox, mühəndis və memarlıqda da kişilər irəlidədirlər. Hətta ən yaxşı aşpazlar da kişilərdir. Niyə?
Bu mövzuda tədqiqatçıların və psixoloqların fikri ortaqdır. Səbəb beynin sağ və sol yarımkürələridir. Hər iki yarımkürə müəyyən funksiyaları yerinə yetirir, cinsiyyətə görə kişilərdə sağ, qadınlarda sol yarımkürə daha işləkdir.
Əslində, yeni doğulmuş uşaqda hər iki yarımkürə “sağ” olur. İki yaşına yaxın bu yarımkürələrdən biri “sol” olur və danışıq mərkəzi yaranır. Oğlan uşaqlarında 6, qız uşaqlarında isə 13 yaşında bu asimetriya tamamlanır. İnsanlar qocaldıqca kürələr arasında yerinə yetirdikləri funksiya fərqi azalır.
Qadınların daha çox işlətdikləri sol yarımkürədə danışıq və rabitə mərkəzləri yerləşir. Ona görə də, hər yaş qrupu üzrə aparılan araşdırmalarda qızların oğlanlara nisbətən daha erkən yaşda danışdıqları, məktəbdə, bağçada, digər sosial yerlərdə daha ünsiyyətcil olduqları ortaya çıxıb.
Kişilərin istifadə etdikləri sağ yarımkürədə isə analiz, sintez və hadisələrə müxtəlif rakurslardan baxma funksiyaları var. Başqa sözlə, bir-birinə bənzəyən bu iki yarımkürənin “sol”unda hissiyyat, “sağ”ında isə analiz gücü hökmrandır. Sol beyin hadisələri deduksiya yolu – bütündən fərdə, sağ beyin isə induksiya yolu ilə – fərddən bütünə, qəbul edir.
Elə bu səbəbdəndir ki, sağ beyin funksiyalarının lazım olduğu işlərdə kişilər daha bacarıqlıdır. Amma şübhəsiz ki, bu ümumiləşdirilmiş məlumatlardır. Qadınların arasında da böyük şahmatçılar, elm adamları, musiqiçilər var. Ən yaxşı nümunələrdən biri də iki dəfə Nobel Mükafatını almış Mariya Küridir. Ancaq yenə də bütün sahələrdə kişi hegemonluğu danılmazdır.