“Pulu görüb quduranlardan dərs alıram”

“Pulu görüb quduranlardan dərs alıram”
11 mart 2013
# 08:45

Türkiyədə televiziya dünyasının ən uğurlu şəxslərindən olan Acun Ilıcalı Azərbaycanda da sevilir və izlənilir. Kulis.az Acunun müsahibəsini təqdim edir.

Medianın ən tanınmış simalarından biri olsa da, oyuncaqları, dostları, hobbiləri və özünəxas prinsipləri ilə idarə etdiyi iş həyatında əslində saqqalı uşaqdır Acun Ilıcalı. İş yerində məni şortik və çəkələkdə qarşıladı. Mənim üçün ən çətini odur ki, Acuna indiyə qədər verilməmiş sual qalmayıb. “Dərd eləmə, nə danışsaq, oxunacaq”-dedi.

- Həyatında istədiyin yerdəsən, ya yox?

- Xəyalımda qurduğum həyatdan 3 mərhələ qabaqdayam hər halda. Müxbir olduğum vaxtlarda gələcəklə bağlı belə bir xəyal qur desəydilər, indi olduğum yeri xəyalımda canlandıra bilməzdim. Məncə, buranı fikirləşmədiyim üçün burdayam.

- Yəni?...

- Sən qabağına bir hədəf qoyursan və özünə bir yol cızırsan, ancaq bunun doğru olduğunu hardan bilirsən? Mən müxbir işlədiyim vaxt xəbər oxumağa cəhd edirdim. O vaxtkı hədəfim bilirsiniz nə idi? İnşallah gün gələr, hər gün xəbərləri mən oxuyaram. Sonra bir iş yoldaşım mənə belə dedi: “Acun, sən pis oxuyursan xəbərləri, bilirsən bunu?”. Mən inadkar cavab verdim. Onun cavabı isə belə oldu: “Acun, sən manyaksan? Sən, məsələn, küçədə daha rahat danışan, istiqanlı adamsan. Zəif olduğun işə özünü niyə məcbur edirsən ki?”

- Yəni hədəflərin yanlış idi?

- Bəli, çünki sən də yaxşı bilirsən ki, xəbər sahəsində ən prestijli iş spikerlikdir. Ancaq mənim xəyallarım yanlış idi. Mən səhv yolla gedəcəkdim. Heç vaxt yaxşı xəbər aparıcısı ola bilmərəm mən. Belə bir istedadım yoxdur çünki.

- Biznes həyatında da deyəsən uğursuzluğun olub?

- Hə... Əvvəl küçədə şalvar satırdım. Arzum isə bir mağaza açmaq idi. Amma iflasa uğradım. İnsanın qurduğu arzular həmin andakı statusu səviyyəsində arzular olur. Bəlkə də səhv yoldasan. Qoy, həyat səni başqa bir yerə aparsın. Özünü o həyata burax. Daha xoşbəxt olacaqsan.

- Keçmişinə baxanda “yaxşı ki, filan-filan şeylər olmayıb, Allah məni qoruyub, daha yaxşı şeylər qarşıma çıxıb” deyirsənmi heç?

- Həyatımda bəzi döngələr var. O döngələrdə başıma pis şeylər gəlməsəydi, mənim bu nöqtəyə gəlib çıxmaq şansım yox idi. 2002-ci il Dünya Çempionatına müxbir olaraq gedə bilsəydim, “Acun firarda”nı hazırlaya bilməyəcəkdim. Sonrakı hədəfim - bu veriliş çox reytinq qazansa, daha bir neçə səyahət proqramı hazırlamaq idi. Ancaq veriliş efirə gec saatlarda çıxdığına görə qanım qaralmışdı. Dedim, onda başqa veriliş hazırlayacam. “Fear factor”u hazırladım.

- Belə başa düşürəm ki, sən əslində fürsəti görürsən və inadkarlıq edirsən. Özünü tamamilə həyatın axarına da buraxmırsan...

- Haqlısan. Məsələ belədir: istədiyim mövzunun üzərinə gedirəm mən. Fürsəti görmək deyəndə, bir şey beynimə girirsə, onu etmək üçün əlimdən gələni edirəm.

- Deməli, xəbər aparıcılığını, idman müxbirliyini o qədər də çox istəməmişdin.

- Əlimdən gəlmirdi axı. Əlimdən gəlməyən işlə məşğul olmuram mən. Yeni fürsətin mənim üçün daha yaxşı olduğunu hiss etməliyəm yəqin ki.

- Valideynlərini yol qəzasında itirmisən… Neçə il keçib üstündən?

- 20 il oldu. Elə bil dünən baş verib. 25 yaşında valideyn itirməklə, 35 yaşından sonra itirmək arasında fərq var. Birinci, psixoloji olaraq özünüzü hazırlayırsınız artıq, çünki dost-tanışın ata-anası yavaş-yavaş bu dünyadan köçüb getməyə başlayırlar. 35 yaşdan sonra artıq ata-ana yasına gedildiyi dönəmdir. Amma 19-20 yaşında ana elə-belə dünyadan köçmür. Həmin yaş dövründə, ikisini də eyni gündə itirən adamın sağlam qalması çox da asan məsələ deyil. Hətta bu gün də məndə həmin hadisənin travmaları qalır.

- Valideynlərini itirdikdən sonra bu günə kimi heç vaxt ağlamamısan, deyirlər.

- Ağlamıram. Bir psixoloq dedi ki, mənim dost-tanışlarla həddən artıq isti münasibətdə olmağım, onlara çox vaxt ayırmağım məhz atamla anamı itirdiyimə görədir.

- Bu faciə səni necə dəyişdirdi?

- Mənim ruhi vəziyyətimi dəyişdirdi. Bir il evdən çıxmadım. Eləcə evdə oturdum... Dostlarım gəlib gedirdilər, ancaq qəlbimin dərinliklərində bir ağrı yerləşmişdi o vaxt. Elə bir ağrıdır ki, izah edə bilmirəm. Haransa ağrıyır, amma ağrıyan yerini əlinlə tapa bilmirsən. Çox xoşbəxt ailə idik. Deyirdik, gülürdük. Evdə hər istədiyim yerinə yetirdi.

- Sənə ayrıca yemək bişirilirdi?

- Elə istəyim olmurdu heç. Ağıllı uşaq idim.

- Valideynlərin də sənə heç nədə korluq verməyib...

- İndinin uşaqları elə nəsə aldırmaq istəyirlər. Amma məndə elə istək olmayıb. Halbuki 18 yaşımda artıq maşınım vardı. Böyük qızım da mənim kimidir, bu günə qədər bir şey istəməyib.

“Qızım Banu qəzadan sonra ağlamayıb”

- Bəs balacalar? Yasəmənlə Leyla...

- Onlar dəhşətdirlər. Birinə alsan, o biri inciyir...

- Bəs Banu niyə fərqlidir?

- İlk uşaq mənim üçün ona görə fərqlidir ki, valideynlərim onu görmüşdü. Qızlarımın üçünü də sevirəm, amma Banu mələkdir mənim üçün. And içirəm, bir dəfə də məndən bir şey istəməyib. Heç dəcəl deyildi. Valideynlərimin öldüyü qəzada o da maşında idi. O gündən bəri ağlamır. Uşaqlar nəsə istəyəndə ağlayır məsələn, Banu heç vaxt ağlamazdı.

“Pula görə heç kimin xətrinə dəymərəm”

- Köhnə iş yoldaşların deyirlər, çox vəfalısan. Nəyə görə vəfalı deyirlər?

- Yaxşılığı və pisliyi unuda bilmirəm, bir az kinliyəm. Çox aşağıdan bu pilləyə qalxdığıma görə, bir çoxlarını tanıya bilmişəm. Yaxşı insanları da unutmamışam, o vaxtkı Acuna həm maddi, həm mənəvi dəstək verənləri də.

- 20 il əvvəlki Acunla indiki çox fərqlidir?

- Dəyişmədiyimə görə uğurlu olduğumu düşünürəm. Düzünü danışaq, çox pul qazanıram. Pulu görüb quduranların başlarına gələnlərdən dərs alıram.

- Pul səni heç dəyişməyib?

- Pula görə heç kimin xətrinə dəyməmişəm. Özümü qarşımdakının yerinə qoyuram maddi məsələlərdə.

- Yəni işçilərinə qarşı əliaçıqsan...

- Bəli.

“Hər yerə gecikirəm, canlı yayımlara da”

- Sənin gecikməyin çox məşhurdur...

- Hər yerə gecikirəm. Artıq zarafat mövzusu olmuşam. Nə qədər özümü tərbiyə eləməyə çalışsam da, alınmır. İndiyə qədər gözlətdiyim adamlara demək istəyirəm, haqlarını halal eləsinlər.

- Hörmətsizlik kimi çıxır gecikmək...

- Mən universitet imtahanına da gecikmişəm. Bunun məni gözləyən insana hörmətsizliklə əlaqəsi yoxdur. Bir dəfə jurnal almağa başım qarışıb, təyyarəyə gecikmişəm.

- Canlı yayımlara necə vaxtında çatırsan?

- Çata bilmirəm ki. Ən azı 3-4 veriliş buraxmışam belə. Ona görə, nifrət edirəm canlı yayımlardan.

“Mənim qədər populyar olub serialda çəkilməyən adam tapmaq çətindir”

- Serial təklifi gəlir?

- Əvvəllər gəlirdi, indi yox. Mənim qədər populyar olub serialda çəkilməyən adam tapmaq çətindir.

- Heç “bunu oynayardım” deyə düşündüyün rol olmayıb?

- Rol oynaya bilmirəm ki! Xalqın gözünün qabağında olan birinin aktyorluq eləməsi üçün gərək yüksək istedada sahib olasan.

- Bəlkə özünüzü bir yoxlayasınız...

- Bu da spikerlik kimidir. Bir-iki filmdə çəkilmişəm, əslində. Mətni əzbərləyə bilmirəm. Nə deyəcəyimi fikirləşənə qədər, rol da yadımdan çıxar.

Mənbə: “Milliyet” qəzeti

# 4672 dəfə oxunub

Müəllifin son yazıları

# # #