“Atam çantamda prezervativ tapdı”

“Atam çantamda prezervativ tapdı”
12 mart 2013
# 08:00

Kulis.az Rəfiqə Məmmədovanın fahişə ilə söhbətini təqdim edir.

Son yazılarımdan sonra e-mailimə gələn məktubların sayı artıb. Bu məktubların içində “Fahişə anadan mesaj” başlıqlı yazı daha çox diqqətimi cəlb etdi. Bu xanımla əlaqə saxlayıb görüşdüm. Əvvəlcə danışmağa çəkindi, ofisianta 2 qədəh tekila gətirməsini rica etdim, bundan sonra söhbət başladı.

- Niyə mənə yolladığınız məktubun başlığını belə kobud seçmişdiz?

- Kobud? Yox, deyərdim çox real başlıqdı. Fahişənin buynuzu olur?

- Deyəsən uşağınız vardı. Neçə yaşı var?

- Üç yaşında bir qızım var.

- Atası maraqlanır sizinlə?

- Maraqlanar? Kim maraqlanar mənim kimi biriylə?

- Yaxşı, belə deməyin. Lap əvvəldən başlaya bilərsiz?

- Hə. Onunçün burdayam da. 17 yaşım olanda bir oğlan sevirdim. Ailələrimiz də aramızdakı münasibətləri bilirdi. O bizə gəlirdi, mən onlara gedirdim, hər gün görüşürdük. Bir gün o bizə gələndə evdə heç kim yox idi. Allah o günə daş salaydı. ( Söhbətə ara verib bir siqaret yandırır) O bizə gəldi. Artıq biz evli sayılırdıq, hamı bilirdi ki, evlənəcəyik. Mənə seks təklif edəndə tərəddüdsüz qəbul etdim. O mənim gələcək ərim idi axı...

- Bəs sonra? Davam edin!

- Biz sevişdik, gözümü qırpmadan ona bakirəliyimi verdim. Çox xoşbəxt idim. Evə gedəndən sonra mənə iki gün zəng eləmədi, zənglərimə də cavab vermədi. Anama hər şeyi danışdım və anasına zəng vurdu. Anası dedi ki, tezləşdirək toyu. Oğlansa mənə zəng vurub dedi ki, qurban ol anana.

- Siz nə dediniz? Razılaşdınız?

- Yox əlbəttə. Anama dedim ki, ölsəm də onunla evlənmərəm. Anam ağlayıb özünü öldürdü, sonra gördü ki, fikrim qətidi. Dedi sənin kimi qızım yoxdu. Mən də evdən qaçdım, getdim rəfiqəmlə qaldım. O mənə dedi ki, pul qazanmaq lazımdı, mənə inan, dediyimi elə. Məni geyindirib bəzəyib bir kişiylə görüşdürdü, şam yeməyindən sonra onlara getdim. Mənə yaxınlaşdığı an başa düşdüm ki, edə bilməyəcəm. Ona dedim: “Я передумала” (“Fikrimi dəyişdim”- R. M.).

- Siz ora bədəninizi satmağa getmişdiniz?

- Hə. Amma edə bilmədim, kişi məni döyüb atdı bloka. Gecə o blokda qaldım, səhər qayıtdım rəfiqəmgilə, hər şeyimi götürüb evə qayıtdım. Atamı görəydin, mənə elə yazıqcasına baxırdı ki...

- Ona heç nə demədiniz? Sizdən heç nə soruşmadı?

- Evə girən kimi çantamı yoxladı, içindən çıxan prezervativi görən kimi ürəyi tutdu, oturdu qabağımda uzun-uzun baxdı mənə, ağladı, mən də ağladım. Mənə dedi ki səni bağışlayıram. Bundan sonra hər şey əvvəlki kimi oldu. Düzdü gözlərindəki qəmi görə bilirdim, amma mənə bir kəlmə də demədilər. Sadəcə dedilər ki, bağışlayırıq.

- Nə gözəl. Hər valideyn bunu bacarmazdı. Şansınızı necə dəyərləndirdiz?

- Çox gözəl (Ofisiantı çağırıb bir qədəh də tekila istəyir. Tekilanı bir nəfəsə, şirə içirmiş kimi içdi, artıq qəmli deyildi. Elə bil hissləri donmuşdu. Çox rahat danışır, əllərini saçlarından ayırmırdı). Anam bir gün evə gəlib dedi ki, qızım, bəxtin açılıb. Moskvadakı dayım nəvəsi şəkillərini görüb, yaxından tanışlıq üçün bizə gəlmək istəyirlər. Səni ərə veririk.

- Sevindiniz yəqin.

- Yox, anama görə sevindim. Məni gəlinlikdə görməyi çox arzulayırdı. Nə isə, oğlan gəldi, bəyəndi məni, iki həftə ardıcıl görüşdük , sonra elçi gəldi.

- Bəs siz narahat deyildiz? Ona hər şeyi danışdız?

- Yox, sən dəlisən ay Rəfiqə? (qəhqəhə ilə bir neçə saniyə gülür). Nişandan sonra toya iki həftə qalmış həkimə getdim, o həkimə, başa düşürsən də.

- Bəli, bəli başa düşürəm, davam edin.

- Həkimdən çıxdım, ona zəng elədim ki, gəl gedək bizim bağa içməyə. Tərəddüd elədi əvvəlcə, gülümsəyərək dedim ki, əşi nə qalıb ki, toya? Getdik bağa. Onu içirtdim, çox içirtdim. Sənin məni indi içirtdiyin kimi, ay Rəfiqə (Çiynimə vurub yenidən qəhqəhə çəkdi). Hər şey planlaşdırdığım kimi olmuşdu, biz evə qayıdanda mən artıq bakirə deyildim, günahkar isə nişanlım idi. Bir həftəyə öyrəndim ki, hamiləyəm. Ona dedim çox sevindi, mənim onun uşağını daşımağım toy günü ikimizin kiçik sirri oldu.

- Bəs bu sehrli münasibəti nə pozdu?

- Uşaq olandan sonra Bakıya köçdük. O Moskvada böyümüşdü. Fikirləşirdim ki, burda tanışı yoxdu, mənim haqqımda heç vaxt heç nə öyrənə bilməyəcək, amma öyrəndi. Hər gün qırğınlar, müharibələr olurdu. Sonda boşanmaq istədiyini dedi.

- Bəs uşaq? Siz boşanmaq istəyirdiz?

- Əlbəttə , “gəl boşanaq” sözüylə o məni təsəvvür edə bilməyəcəyi qədər xoşbəxt elədi. Qızım məndə qaldı, o qayıtdı Moskvaya. Baş verənlərdən sonra mən yenə də kiməsə vuruldum, kimləsə sevişdim, kimdənsə maddi yardım istədim. Uşağa baxmaq lazımdı, ya yox?

- Bəs valideynləriniz sizə kömək etmədi?

- Yox, axı o müqəddəs şansı da itirdim (gülür).

- Hə, başa düşürəm. Uşağınızı dolandıra bilirsiz?

- Hə, necə lazımdı. Kukla kimi qızam, maması ona gündə nələr alır, nələr. Görsəniz onun yerinə olmaq istəyərsiz. O xoşbəxtdi, axı hələ balacadı. Mən də onun yaşında xoşbəxt olmuşam, yəqin. Hə, olmuşam.

# 11695 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #