Bu yaxında kitab mağazalarından birinə getmişdim. Axtardığım xüsusi bir kitab yox idi. Yeni yazarlarla maraqlanıb bir neçə kitab almaq istəyirdim. Uzun çəkən axtarışım zamanı yerli kitablar qoyulmuş rəf diqqətimi çəkdi. Cavid Osmanovun “Mücahidin yolu” kitabını istər-istəməz götürüb vərəqlədim. Yazıçını tanıyırdım, ANS kanalının məşhur əməkdaşı, rok ifaçısı və bəstəkarı bu yaxında öz həmkarı ilə ailə həyatı qurmuşdu. Kitabın mövzusuyla Cavid haqqında olan təsəvvürlərim üst-üstə düşmədi. Kitab Suriya müharibəsi və bu müharibədə iştirak edən azərbaycanlılar barədə idi. Bundan sonra Cavidi tapıb onun öz dilindən kitab haqqında eşitmək, həmsöhbət olmaq istədim. Cavid təklifimi çox səmimi qəbul etdi və biz ofisdə mehriban kollektivin əhatəsində söhbət etdik.
- Gəlin öz adınızdan bir təqdimat alaq. Siz özünüzü necə təqdim edirsiz? Yazıçı kimi, aparıcı kimi, rok ifaçısı, bəstəkar kimi?
- Mənim pafoslu sözlərdən xoşum gəlmir. Sadəcə olaraq dahi. Mən Cavid Osmanov teleradio aparıcısı, musiqiçi və yazıçı. Ümumiləşdirib bir kəlmə ilə də demək olar, sadəcə olaraq bacarıqlı. Mən özümü bacarıqlı adlandırardım.
- Məndə olan məlumata görə peşənizlə ixtisasınızın o qədər də yaxınlığı yoxdu.
- Ümumiyyətlə yaxınlığı yoxdu. Mən Bədən Tərbiyəsi Akademiyasını bitirmişəm. Biz Milli Olimpiya Komitəsinin təqaüd verdiyi ilk 10 nəfər idik. Beynəlxalq turnirlərin təşkil edilməsində iştirak edirdik. Çox təəssüf ki, sonradan mən bu sahədə çalışa bilmədim. Səbəb çox banal idi-müraciətimə cavab olaraq dedilər ki, yer yoxdu.
- Bəs ixtisasınıza uyğun olmayan bu iş seçimi necə baş tutdu?
- Çox sadə. Mən rus dilində kitablar və jurnallar oxuyurdum. Bir gün məni atam o jurnallardan biriylə tutdu və dedi ki, niyə Azərbaycan mətbuatını oxumursan. Mən də dedim ki, çünki bu mətbuat məni maraqlandıran bir şey yazmır. Cavabında dedi ki, mən səni qəzet rəhbərlərinin yanına aparsam üzlərinə deyə bilərsən? Dedim deyərəm. Mənim atam çox prinsipial insandı. “Exo” qəzetində tədbir keçirilirdidi, məni özüylə aparıb qəzetin baş redaktoru ilə tanış etdi. Söhbət əsnasında bizim qəzetlərin məni maraqlandırmadığını, bu səbəbdən də onları oxumadığımı dedim. Redaktor da mənə dedi ki, yaxşı gəl sənə bir köşə verək və səni maraqlandıran şeylərdən yaz, görək sən özün necə yazacaqsan. Bundan sonra mən yazmağa başladım. Düzdü, bir neçə mərhələli redaktədən keçdi yazılarım, amma yenə də yazdım.
İlk yazım bir rok qrupu haqqında idi. 2005-ci ilin mayından mütəmadi olaraq yazmağa başladım. Bundan sonra “Trend”ə dəvət aldım və orda yazmağa başladım. Və bu beləcə davam etdi, müxtəlif qəzet və saytlarda yazmağa başladım. Əsgərlikdə olanda isə artıq gələcək barədə planlar qurmağa başladım; nə edəcəyəm, neçə yaşında evlənəcəyəm və s. Əsgərlikdən qayıdandan sonra “ANS ÇM”-ə “CV”mi yolladım, bir ay sonra stajçı kimi qəbul olundum və ardıcıl olaraq gecə efirində prodüser vəzifəsində çalışdım. Prodüser disk daşıyan deyil, dostlar. Prodüser bir verilişi başdan-ayağa yığan və idarə edən adama deyirlər.
- Kitabınızdan danışaq bir az. Kitabın ideyası hardan gəldi, nə qədər vaxta yazdınız, mövzu hardan gəldi?
- Bu kitab işsiz olduğum müddətdə yazılıb. İyuldan avqustun sonuna qədər məndə durğunluq dövrü oldu və çalışdım ki, başımı nəyləsə qatım. Bu dəfə televizorda təsadüfən azərbaycanlı mücahidin Suriyada həlak olmasıyla bağlı xəbəri gördüm və bu mənə çox təsir etdi. Başladım maraqlanmağa və məlum oldu ki, Suriya torpağında kifayət qədər azərbaycanlı döyüşür. Ətrafımdakı insanlardan soruşmağa, məlumat əldə etməyə başladım. Məlum oldu ki, tanışımın tanışının qapı qonşusunun xalası oğlu Suriyada döyüşür və s. 25 səhifəlik bir hekayə yazıb “Qanun” nəşriyyatına apardım. Şahbaz Xuduoğlu dedi ki, bu yaxşı mövzudu, təklif edirəm ki, bunu roman şəklinə gətirəsən. O mənə müəyyən tapşırıqlar verdi, müəyyən qayda və üslubları izah etdi. Bu kitab əslində çox böyük bir kitabdı. Müxtəlif sayda obrazlar, sosial problemlər və sairə. Burda 11 qəhrəman var, hərəsinin də özünəməxsus həyatı, ümidləri, səbəbləri, hissləri..
- Sizə elə gəlmir ki, Suriyada ölən azərbaycanlı mücahid elə suriyalı mücahiddir? Yəhudiliyi qəbul etmiş bir rus İsrail uğrunda öləndə artıq ölü yəhudi olur, rus yox.
- Ok, kitabda mənim heç bir qəhrəmanım dindar deyil.
- Siz kitabınızdakı obrazları yüksəldirsiz.
- Peyğəmbəri ilk dəfə tutanda onu romalı əsgərlərin əlindən fələstinlilərlə yəhudilərin birləşmiş quldur dəstəsi xilas etdi. Ona görə yox ki, İsanı çox istəyirdilər. Ona görə ki, romalılara nifrət edirdilər. Və İsa cəsədlərin üstündə ağlamağa başlayanda ona “bunlar ki, bizim düşmənlərimizdi, bunlar romalılardı” deyirlər. İsanın cavabı isə sadə olur: “Mən romalılara yox, insana ağlayıram.”
Ona görə bu kitabda mən heç kimə nə müsbət, nə mənfi yanaşmamışam. Məsələn, Kunpərəst adlı bir obrazım var, farscadan tərcümə etsək “arxasevər” deməkdi. Bu obraz anal seksin böyük pərəstişkarıdı. O peşəkar hərbçdi, tapşırılan bir əsgərə şillə vurduğu üçün onu cəza olaraq Suriyaya yollayırlar. Bir qazaxlı qəhrəmanım var, o, partizan dəstəsi yaradıb ermənilərə qarşı vuruşmaq istəyir, lakin evində aparılan axtarışdan sonra tapılan külli miqdarda narkotik, Molotov kokteyli, tank lüləsi və sairə onu məcbur edir ki, ölkəni tərk etsin. Və ən asan çıxış yolu olaraq Suriyaya üz tutur. Yəni ki, burda onları birləşdirən din deyil, sosial vəziyyətdi.
- Aydındı. Bəs sizin kitabınızda elə bir obraz var ki, doğurdan da Suriya uğrunda döyüşə getmək istəyir və gedir?
- Yox.
- Danışığınızdan kosmopolit və tolerant gəncə bənzəyirsiz.
- Mən Vətənimi çox sevirəm, kosmopolitlərə isə demək istəyirəm ki, harda xoşbəxtsizsə orda da qalın. Mən qürbətdə doğulub böyümüşəm. Biz Rusiyada yaşayanda atam mənimlə qardaşıma oyuncaq Kalaşnikov avtomatı almışdı. Məhəllədə “ən bərk gedən uşaq” mən idim. Hamını güllələyirdim. Bir gün məhəllədə bir yaşlı rus qadın mənə dedi ki, nə burda atlanıb-düşürsən? Sənin Vətənində müharibədi indi, get orda kişilik elə. Uşaq idim, amma bu qadının sözlərini hələ də unutmamışam.
- Yazıçılıq fəaliyyətinizi davam etdirmək fikriniz var?
- Sözün açığı bu kitabla hələ məşğul olacağam. Bir neçə müddətdən sonra bu kitabın təqdimatını planlaşdırıram və bir neçə dilə də tərcümə ola bilər. Planlarımız çoxdu, bir neçə ssenari üzərində işləyirəm. Başımda 3 film var hal-hazırda (gülür).
- Sizdən kitabınızın nə haqda olduğunu soruşanda mənə dediniz ki, qısaca “sex, drugs and rock n roll”. Suriya müharibəsindən bəhs edən bir kitabda seks, narkotiklər və “rock n roll” mövzusu necə öz əksini tapıb?
- İran-Ermənistan-Qarabağ-Azərbaycan-Rusiyadan keçən narkotranzit yolu Avropayacqədər uzanır. Narkotrafik uğrunda gedən mübarizələr də bu kitabda yer alıb. Seks məsələsinə gəldikdə isə bizim milli-mənəvi-bədəni-səməni dəyərlərimizə uyğun olmayan səhnələr var. Məsələn, obrazın biri rusiyalı jurnalist xanımla “din-din” oynayır və bu kitabda çox açıq, səmimi şəkildə öz əksini tapıb.
- Mütaliəniz necədi? Mən bilən sizin zövqünüzü rus klassikləri korlayıb.
- (Gülür) Bəli, rus ədəbiyyatı mənim bütün zövqümü korlayıb. Bulqakovu orijinalda oxuyub heç bir hiss keçirməmək mümkün deyil. Məsələn, Turgenevin “Atalar və oğullar” əsərini oxuyub görürsən ki, bu problem günümüzdə də aktualdır. Necə ki, Sabiri oxuyub dövrümüzlə müqayisə edə bilirik, bu da eynilə.
- Gəlin bəstələrinizdən danışaq. Bu fəaliyyətiniz aşiq olduqdan sonra başladı?
- Mən əslində çox gec aşiq olmuşam. Amma xanımlar haqda çox tez düşünməyə başlamışam. Misal çəkməyəcəm, çünki “papam-mamam” oxuyacaq və ələlxüsus yoldaşım oxuyacaq. Mənim sekslə ilk tanışlığım üçüncü sinifdə oxuyanda qonşuda tapdığım bir kitabla oldu. Kitabın adı hələ də yadımdadı: “İntimnaya jizn. Korotko obo vsem”. O kitab mənə çox şeyi başa saldı.
- Biz bəstələrdən danışırdıq. Bura necə gəldik?
- Siz dediz də, dediniz ki, bəstəkarlığa vurulandan sonra başladınız? Demək istəyirəm ki, yox. Ona həsr etdiklərim də var, amma ondan öncə də yazırdım. Mənim bəstələrim mətbəx rok-n-rolludu, çünki mətbəxdə toplaşan dostlarım üçün nəzərdə tutulub. Buna görə də orda vulqarlıq, zarafatlar və s yer alır. Bir müddət sonra gördüm ki, konsertlərdə məndən bu mahnıları oxumağımı istəyirlər. Mahnı bəstələmək istəyi ona görə yarandı ki, mən bizim rok konsertlərdə öz istədiyimi eşidə bilmirdim və qərara gəldim özüm yazım. Alındı da.
- Ədalət anlayışı nədi?
- Ədalət yaxşı aşıqdı, atam onu çox sevir. Amma aşıq Hüseyn Saraclı...
- Belə də yazacam.
- Yazın, deyin ki, Aşıq Saraclı “Ruhani”ni Aşıq Ədalətdən yaxşı çalır.
- Deməli ədalət anlayışı yoxdu.
- Normalnooo taaaak.. (Gülür). Deməli ədalət anlayışı yoxdu, ədalətlilik və ədalətsizlik var.
- Azərbaycan gəncliyi bir cümlədə...
- Oh My God! Çox çətin sualdı əslində, həqiqətən. Azərbaycan gəncləri elə addımlar atır, bəzən, elə şeyləri bilmirlər ki, adamın ağzı açıq qalır. Gələcəyimiz parlaqdı, yolumuz demokratiya yoludur.
- Dini inancınız nədir?
- Deist. Mən inanıram ki, İslam dini gözəl dindi. Əgər yazıldığı kimidirsə bütün dinlər gözəldi. Və mən inanıram ki, Allahla insanın arasındakı münasibət üçün vasitəyə ehtiyac yoxdur.
- Dini kitablardan hansını oxumusuz?
- Avestanın qısaldılmış versiyasını oxumuşam, Qurandan sitatlar oxumuşam, Bibliyanı oxumuşam. Quran mənə çox mürəkkəb gəldi. Məsələn, Bibliyada “Mən yaratdım”, “Mən etdim” deyildiyi halda Quranda “Biz” deyilir. Bax, bu məqam mənə qaranlıqdı. Hər halda inanan-inanmayan, hər kəs bu dini kitabları oxumalıdı, bu mütləqdir.
- Obamanı (pişiyini nəzərdə tuturam-R.M.) evləndirdiz?
- Yox, Obamanı axtaladıq. Bu da mənim Amerika siyasətinə olan mesajım idi (gülür). Yox, doğurdan, mən facebook sosial şəbəkəsində yazdım ki, mənim pişiyimə bir xanım pişik lazımdı, heç kim kömək etmədi. Bu bir neçə cəhddən sonra mən də onu axtaladım.