“Müharibə miniatürləri “ qoydum bu silsilənin adını. Müharibədən yox, müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazacağam. Orda bu həqiqətlər öz əksini tapacaq. Məhz həqiqətlər.
Birinci hekayə
Ayrılıqdan o yana
Bayaqdan yırğalana-yırğalana gələn avtobus yolun kələ-kötüründən qurtulub hamar hissəsinə keçəndə əzabdan yaxa qurtarırmış kimi dərindən nəfəs alaraq şəhərə tərəf yönəldi. Şəhər yolunun hamarlığı tək avtobusu yox, artıq neçə saatdır atılıb-düşməkdən içalatı oynayan Fərhadı da sakitləşdirdi, bekara gözlərini yumub mürgüləmək istədi, bacarmadı. Gözlərini yuman kimi son vaxtlar düşüncələrinə rahatlıq verməyən hadisələr bir-bir gözləri önündən keçməyə başladı. Sanki yolun ağırlığı, gözlərini, ürəyini, əlini-ayağını yorub taqətdən salsa da, beyninə qəti təsir eləməmişdi, əksinə bu yorğunluğun içində unutduğu şeylər də yadına düşürdü.
…Növbəti döyüşdə göstərdiyi fədakarlığa, əla döyüş bacarığına görə komandanlıq onu üç günlük məzuniyyətlə mükafatlandırmışdı. Bunu eşidəndə elə sevinmişdi ki... Burnunda yalnız ətrinin xatiratı qalan nişanlısının ad günündə məzuniyyət almaq hər döyüşçüyə nəsib olası xoşbəxtlik deyil. Məzuniyyət dediyi də üçcə günlük verilmiş icazə idi. Anasını sevindirmək, nişanlısını təbrik eləmək, müharibənin pərən-pərən saldığı dost-tanışdan xəbər tutmaq, bir sözlə onun dünya ilə hal-əhval eləməsi üçün cəmi üçcə günü var idi.
Hələ bunlar azmış kimi yola düşməzdən əvvəl son döyüşdə itirdiyi əsgər yoldaşının dəfnində də iştirak etmişdi. Şəhidi yaxınlıqdakı kənddə dəfn edəcəkdilər. Ailəsi də öz kəndləri işğal olunandan sonra uzağa getməyib həmin kənddə məskunlaşıblar.
Fərhad kəndə çatanda onu dəfn eləməyə aparırdılar. Tez qabağa keçib çiynini səngər yoldaşının tabutunun altına verdi. Qəribədir, onlar səngərdə də həmişə çiyin-çiyinə vuruşardılar, amma onda çiyinlərində bu qədər ağırlıq, az qala dizlərinə qədər onu yerə basan ağırlıq hiss eləməmişdi.
Qəbiristanlıqda iki qəbir qazılmışdı. Çox keçmədi kəndin başqa bir tərəfindən daha bir izdiham onlara sarı yaxınlaşdı. Oğlanın şəhid olduğunu eşidən istəklisi də intihar edibmiş. «Zavalı, bəs deyirlər tay Leyli-Məcnun zəmanəsi deyil» - ürəyini didən fikirlərin üstünə biri də gəldi. Artıq ləngər vuran avtobuslarda, soyuq səngərlərdə yuxusunu ərşə çəkəcək, beyninə rahatlıq verməyəcək bir fikir də qazanmışdı. Sevgililəri qoşa dəfn elədilər. Görəsən dünyada nə qədər qoşa qəbir var – əsil məhəbbətin son ünvanı olan qoşa qəbirlər.
Kimsə qoluna toxundu. Fikirlərini dağınıq qoyub gözlərini açdı. Yanındakı sərnişin idi.
- Bağışlayın, deyəsən narahat etdim sizi, yol yaman uzanır, saat neçədir?
- İkinin yarısı
- Sağ olun.
Adam yenə nə isə soruşmaq istədi, amma müsahibinin başını oturacağın arxasına söykəyib gözlərini yummaq təhrindən onu dinləmək istəmədiyini duyub susmalı oldu. Dünyada nə qədər yersiz saat soruşanlar var, ilahi. Dərinə getsən heç onları vaxt maraqlandırmır, elə belə vaxta acıq vermək, vaxtı öldürmək üçün soruşurlar, vəssalam.
Gözlərini yumar-yummaz Fərhad yenidən fikir burulğanına düşdü. Cəbhəyə gələndən ilk dəfə idi şəhərə qayıdırdı. Görəsən indi Aydan neyləyir? Yəqin ad günü üçün hazırlıq görür. Hökmən məni gözləyir. Eh... Bu müharibə olmasaydı indi ailə qurmuş olardıq, qonaqları da birlikdə qarşılayardıq.
Ona çağırış gələndə toyları da təyin olunmuşdu, kəbinlərini belə kəsdirmişdilər. Bir il əvvəl kəndləri işğal olunmasaydı, toyları kənddə olacaqdı. Anası, qardaşları bunu üçün iki ildir ki, bir cöngə də bəsləyirdilər. Heyvanın daha öhdəsindən gəlmək olmurdu. Bu gün sabah toy təyin olunacaqdı ki, rayon yağmalandı, camaatla birgə onların da ailəsi didərgin oldular doğma ocaqdan.
Qohum - əqrəba bir az silkələnib düşdükləri vəziyyətin stressindən çıxmaq istəyirdilər. Bir az zaman keçdi, hamı anlamağa başladı ki, bu xəmir çox su aparacaq. Düşündükləri, ümid etdikləri kimi martda rayonlarına qayıtmayacaqlar, hələ çox belə martlar gəlib keçəcək, onlar məskunlaşdıqları yerlərdə möhkəmlənib qalacaqlar. Toy Bakının şadlıq evlərindən birində danışılıb təyin olunmuşdu. Bir gün Fərhada çağırış vərəqi gəldi, bir belə çağırış vərəqi Sovet vaxtı gəlmişdi ona, Sovet ordusunda qulluq edib qayıtdığı az qala ona xəyal kimi görünürdü.
İndi də belə. Getməmək barədə heç ağlına belə gətirə bilməzdi. “Doğulduğum, böyüdüyüm torpaq işğal altında ola, mən də gələn çağırışdan yayınam-bu heç kişilikdən deyil” - dedi. Çox düşünəndən sonra Fərhad toyu təxirə salmaq qərarına gəldi. Anası təkid etdi ki, heç olmasa toyunu eləyək sonra get, daşı ətəyindən tökmədi. “Niyə xalxın qızını alıb gətirib bədbəxt eliyim, otursun atasının evində. Kim bilir nələr olacaq. Qayıdaram evlənərik, qayıtmasam heç olmasa bilərəm ki, kimisə bədbəxt etməmişəm...”
Beləcə getmişdi cəbhəyə. Odun-alovun içində ura-deyib irəli gedəndə də, məcburiyyət qarşısında geri çəkilməli olanda da gözləri önündə onun surəti canlanıb. Yaşamağının mənasını yalnız düşmənə qələbə çalandan sonra Aydanla qovuşmağında görürdü. Bütün çətinliklərdən onu çıxardan, ölümə sinə gərməyə güc verən elə bu arzu idi.
Avtobus şəhərə çatanda günəş qüruba enirdi. Düşündü ki, məhz bu gün Aydanı təbrik etməlidir. Tələsik bir taksi saxladıb əyləşdi:
- “Tolkoçkaya” – zəhmət olmasa.
Sürücü dodaqaltı gülümsünüb:
- Baş üstə əsgər balam,- deyə cavab verdi.
Hə... ilk addımda gülərüz insana rast gəlmək yaxşı əlamətdir-şəhəri gözdən keçirə-keçirə düşündü. Şəhər o qədər də dəyişməmişdi, amma nədənsə ona soyuq təsir bağışladı, yad göründü. Ərazisində müharibə gedən bir ölkənin paytaxtına bənzəmirdi. Elə bil heç nə olmamışdı, əvvəlki kimi geyim-keçimli adamlar o tərəf-bu tərəfə gedir, maşınlar şütüyürdü. Bəlkə elə belə də olmalıdır.
- Çatmışıq mənim balam-sürücünün mehriban müraciəti onu düşüncədən ayırdı. Əlini cibinə apardı.
- Lazım deyil, düş, gecikmə, bir azdan “talkoçka”nın yığışılan vaxtıdır.
Fərhad cibindən çıxartdığı pulu ona uzatdı.
- Səndən pul götürsəm bu ağ saçlar qınayar məni-deyə yaşlı sürücü əli ilə başına işarə elədi.
- Çox sağ ol, dayı.
Qapının zəngini basdı. Aldığı hədiyyəni qoltuğuna sıxmışdı. Həyəcandanmı, yaz axşamının soyuğundanmı titrəyirdi. Bircə rahat üz-üzə oturub onunla doyunca söhbət etsəydim. Onsuz keçən günlərin əzabını, onu görmək sevincimi bölüşə bilsəydim. İndi yəqin qapını açıb boynuma atılacaq. Axı o, da darıxıb mənim üçün, əlbəttə darıxıb.
Qapını Aydanın anası açdı.
- Salam, ana.
Ana duruxdu... Sonra etinasız-etinasız dönüb içəri keçdi. Nə salamı aldı, nə onu içəri dəvət etdi. Sifətində isə heç bir ifadə yaranmadı, etinasızlıqdan başqa.
Gözün aydın, təşrif gətirdi külüng çalanın-deyə kresloda oturub əlində pult televizora baxan Aydana eyham etdi. Fərhad çox pərt olsa da qeyri-ixtiyarı, alqoritmik gediş kimi içəri keçdi. Aydan oturduğu kreslodan qalxıb onun üzünə ötəri bir nəzər salıb, doğma, həm də çox soyuq səslə:
- Mənim nişanlım yoxdur-dedi.
Fərhadın bayaqdan yorğunluğu unudub par-par yanan gözlərinin elə bil işığı söndü. Olanları anlaya bilmirdi, bəlkə zarafat edirlər-deyə beynindən ani bir fikir də keçdi. Yox, bu zarafata oxşamır. Hər şey ağlına gəlmişdi, belə qarşılanmaqdan başqa.
- Eşitdin? - qayınanasının səsini quyunun dibindən gəlirmiş kimi aldı – get, mən onu sənin kimisinə verməyəcəm.
- Aydan mənim nişanlım yox, kəbinlimdir-deyə Fərhad zəif səslə, özünəinamsız tərzdə bildirdi.
- Məhkəməyə ərizə vermişik, kəbini geri oxudacağıq.
- Hər şey mənsiz həll olunub?
- Başqa yol buraxmadın.
Qoyun, öz məsələmizi Aydanla ikilikdə həll edək-cavab gözləmədən yan otaqdakı Aydanı səslədi:
- Aydan, axı, bu gün sənin ad günündür, sənə hədiyyə gətirmişəm.
Yan otaqdan eşidilən söz onu sillə kimi tutdu:
- Apar çırp başuva. Aydan ürəyi soyumayıbmış kimi cəld addımlarla yaxınlaşıb Fərhadın iki əlləri ilə sinəsinə sıxdığı hədiyyə qutusunun altından bir dürtmə vurdu. Qutu yuxarı qalxıb sonra döşəməyə çırpıldı. Çilik-çilik olmuş ətirin qoxusu otağı başına götürdü. Büllur çil-çırağın işıqlandırdığı ev Fərhadın gözlərində qaraldı, dizləri əsdi, dumanlı bir səhnə keçdi xəyalından.
Düz bir il əvvəl həmin bu otaqda Aydanla vidalaşdığını xatırladı. “Ayrılıqdan o yana həyat olmur, sən olmasan yaşaya bilmərəm”-dedi ona Aydan. Gözlə, sənin gözləməyin məni sağ-salamat qaytaracaq, Aydan. Aydan ona sarılıb “ölüncə gözləyəcəm” demişdi. Bu o, Aydan deyil...
Fərhad bayaqdan açıq qalmış qapıdan çıxıb pilləkənləri necə düşdü bilmədi. Özünü küçəyə atıb qarşısına çıxan maşınlara bir-bir əl elədi. Heç birisi saxlamadı. Növbəti maşının qarşısına keçdi, sürücü güclə əyləci basmağa imkan tapdı. Maşın vahiməli bir səs çıxardıb dayandı. Sürücü başını pəncərədən çıxardıb qışqırdı:
- Neynirsən alə, özün cəhənnəm məni niyə zibilə salırsan?
Fərhad ayaqlarını sürüyərək özünü maşına saldı:
- 8-ci km-ə sür.
- Puluna minnət, 3 “şirvan”ın var?
Fərhad başının işarəsi ilə hə cavabı verdi.
Qapını öz açarı ilə açdı, istədi sakitcə otağına keçsin. Gecələr yuxusu, gündüzlər rahatlığı qaçmış anası elə bil oğlunun hənirtisini duydu, onu dəhlizdə qarşılayıb boynuna sarıldı.
- Can bala, tər-su içindəsən, paltarın da bütün tozdur.
Səhər yerindən qalxıb təmiz ütülü əsgər paltarını geyindi, anası ilə vidalaşıb evdən çıxdı. Məzuniyyətinin bir günü ona bəs eləmişdi. Qalan iki günü anası ilə keçirsə onun da qəlbini öz qəlbi kimi qan edəcək. Yaxşısı budur özü kimi qəlbi qan olanların-döyüş yoldaşlarının yanına qayıtsın. Orda onu daha yaxşı anlayarlar.
Şəhərə gələndə qanadlanıb uçurdu sanki. İndi qanadları sınmış quş kimi geri qayıdırdı. Elə bil su söndürülmüş böyük bir tonqal indi löyün-löyün tüstülənirdi. Avtobus birbaşa Ağdama yola düşdü, Ağdamın işğal olunmamış kəndi indi bütün Ağdamı əvəz etməli olub. Sürücü radionun düyməsini burdu. Flora Kərimova oxuyurdu:
Gözlərimin önündə açılır bir pəncərə
Ayrılıqdan o yana həyat olurmu görən...?!