Mənəviyyatdan qaynaqlanan multikulturalizm

Mənəviyyatdan qaynaqlanan multikulturalizm
2 noyabr 2016
# 15:24

Tolerantlıq da, multikulturalizm də hələ leksikonumuza daxil olmadan, bu sözlərin mənasına varmadan Azərbaycan xalqı, sadə camaat tolerantlıq şəraitində yaşayırdı və multikultural idilər. Yəni ölkə başçısının da dediyi kimi bu bizim həyat tərzimizdir. 60-70-ci illərdə də belə olub, bu gün də, yarın da belə olacaq, çünki başqa xalqları, millətləri, dinləri, adət-ənənələri sevmək, onlara hörmətlə yanaşmaq, onlara qoşulub şad günlərini, bəd günlərini özümüzünkü kimi qeyd etmək, amma heç bir vəchlə onların olana sahiblənməmək bizim mənəviyyatımızdadır. Ədəbiyyatımıza nəzər salmaq yetər ki, bunun deyildiyi kimi də olduğuna əminlik yaransın. Füzulidən tutmuş:

Ey, cəfaçı dünya!

Bildim qəmini sənin ki, çoxdur,

Qəm çəkməyə bir hərif yoxdur.

Gəldim ki, olam qəmin hərifi,

Gəl, təcrübə eylə mən zəifi!

Hər qanda qəm ola, qılma ehmal,

Cəm' eylə, dili-həzinimə sal!

Həm ver mənə qəm yemək kəmali,

Həm aləmi qəmdən eylə xali!

Vaqif Bayatlı Odərə qədər:

Min ildi, milyon ildi

Sənə sarı qaçıram

ayaqlarım sevinir,

yolum sevinir, Allah.

hər gün Sənin Göyünə

mismarlanır qollarım

mismarlanır, dincəlir,

qolum sevinir, Allah.

Sevgin, yalnız sevgin var,

qollarımın gözündə.

Bəs nədən əzab gəzir,

qolumu dəlib yaran

mismarların üzündə?!..

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində tez bir zamanda təsdiq olundu. İşlərin həyata keçirilməsi də özünü çox gözlətmədi.

Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı və artıq 15-dən artıq xarici ölkə ali məktəblərində multikulturalizm fənni tədris olunur.

Fənnin ötən ildən tədris edildiyi Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Gürcüstanın İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Rusiya Federasiyasının Ural Federal Universitetinin Yekaterinburq filialı, Litva Pedaqoji Universiteti, Çexiya Respublikasının Praqa Karlov Universiteti , İtaliyanın Roma Sapienza Universiteti və Belarus Dövlət Universitetinə bu ilki tədris ilindən daha 4 xarici ölkə universiteti - Portuqaliyanın Lusofona Humanitar və Texnologiya Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, İsveçrənin Frayburq Universiteti və Türkiyənin Erciyez Universiteti və sair də əlavə edilib.

2015-2016-cı tədris ilində isə Azərbaycanın 40-a yaxın ali təhsil ocağında - Bakı Slavyan Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Mədəniyyət İncəsənət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Dənizçilik Akademiyası, Dövlət Sərhəd Akademiyası, FHN Akademiyası, Koorperasiya Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Qafqaz Universiteti və Qərb Universitetinin bakalavr və magistr pillələrində də tədrisə başlanılıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin tövsiyəsi ilə Mərkəz ölkəmizdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin daha çox texniki yönümlü, qeyri-humanitar ixtisaslı mütəxəssislər hazırlayan universitetlərdə geniş tədris edilməsinə üstünlük verir: “Texniki universitetlərdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti haqda ümumi biliklərin bir fənn - “Azərbaycan multikulturalizmi” çərçivəsində əhatəli tədrisinə nail olmaq lazımdır”.

Bu fənlərin ölkəmizdə tədrisinin inkişafı özündə yalnız onun tədris olunduğu universitetlərin say artımını etiva etmir, həmin universitetlərdə bu fənlərin kafedralarının yaradılması istiqamətində də fəal işlər görülür.

Bu istiqamətdə ilk addım Bakı Slavyan Universitetində atılmışdı. Bu elm ocağında akademik Kamal Abdullayevin təşəbbüsülə “Azərbaycan multikulturalizmi” kafedrası ötən tədris ilindən fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün reallaşması üçün yaxın gələcəkdə həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında qeyd edilən fənlərin tədrisi daha da genişləndiriləcək.

Qafqaz Universitetində 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir çərçivəsində həm də “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılışı oldu.

Mərkəzin yaradılmasının məqsədi Qafqaz Universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris etməklə yanaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə birgə ölkədaxili və xarici universitetlərdə bu fənlərin tədris olunması üçün kadr hazırlığının təşkili, Azərbaycan və dünya multikulturalizm modellərinin və azərbaycançılıq ideologiyasının elmi əsaslarla öyrənilməsi və bu istiqamətdə yazılmış əsərlərin oxucusuna çatdırılmasını təmin etməkdir.

Tədbirdə çıxış edənlər də bu barədə söhbət açdılar. Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edildiyini xatırladaraq vurğuladı ki, bu gün xalqımızın multikultural ənənələrinin qorunması və inkişafı sahəsində çox mühüm tədbirlər həyata keçirilir. Rektor universitetdə yaradılan “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzini mühüm hadisə kimi əhəmiyyətləndirib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanda multikulturalizmin inkişaf mərhələlərindən danışdı: “Heydər Əliyev multikultural dəyərləri çox yüksək səviyyədə qiymətləndirərək onun siyasi, hüquqi bazasını yaradıb. Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Ümummilli liderin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev bu gün Azərbaycan multikulturalizmini dövlət siyasəti səviyyəsinə yüksəltməyə nail olub. Bu, Azərbaycan ideologiyasının çox böyük qələbəsidir. Azərbaycanda keçirilən Humanitar Forum və digər beynəlxalq tədbirlər ölkəmizi dünya multikulturalizminin mərkəzlərindən birinə çevirib”.

Dövlət müşaviri Qafqaz Universitetində yaradılan “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, təhsil nazirinin müavini Firudin Qurbanov, BBMM-in icraçı direktoru Azad Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu və digər çıxış edənlər Azərbaycan multikulturalizminin əhəmiyyətindən söhbət açdılar.

Hamılıqla müasir avadanlıqla təchiz edilmiş “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzi ilə tanış olduq. Mərkəzin rəflərində multikulturalizmlə bağlı xeyli elmi-kütləvi ədəbiyyat nümunələri var. Bu Mərkəzin yaradılması üçün Qafqaz Universitetinin seçilməsi təsadüfi deyil, Qafqaz müxtəlif xalqların bir yerdə yaşadığı qədim məkandır. Sonda isə tələbələrin ifasında müxtəlif xalqalrın mahnı və rəqslərindən ibarət bədii hissəyə tamaşa elədik. Bir də multikulturalizm, bir də tolerantlıq.

Ramilə Qurbanlı,

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun aparıcı məsləhətçisi

# 1738 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #