O, qadını bütləşdirirdi – Rahid Ulusel yazır...

O, qadını bütləşdirirdi – <span style="color:red;">Rahid Ulusel yazır...
24 iyul 2017
# 16:02

Kulis.az Rahid Uluselin “Oqyüst Roden: gərilmiş ruhun heykəltəraşı” essesini təqdim edir.

Rodenin həməsri, dahi rəssam Van-Qoq deyirdi: "İnsanı sevməkdən də böyük bədiilik yoxdur".

Dünya heykəltəraşlıq sənətinin korifeylərindən olan Oqyüst Roden bu danılmaz sənət prinsipinə ömrü boyu sadiq qalıb...

Eşidəndə ki, XX əsrin gəlişini bayram etmək üçün Parisdə 1900-cü ilin Ümumdünya sərgisi açılacaq – Roden bərk sevindi. O, rəqiblərinin hay-küyünə məhəl qoymayaraq, özünün ən yaxşı əsərlərini camaatın gözü qabağına çıxartmaq istədi. Ancaq onun əsərləri guya müasir sənətkarlıq tələblərinə cavab vermədiyinə görə, sərginin bir qırağında yığıldı... Axır ki, tilsim qırıldı; şəhər meri lütf edib müsyö Rodenin heykəllərinə baxdı. Zövq sahibi, yenilik tərəfdarı olan mer, Rodenin heykəllərini çox yüksək qiymətləndirdi, xüsusilə "Cəhənnəm qapısını" "vətəndaş-fransızın layiqli əsəri" adlandırdı...

Bundan sonra Roden yaradıcılığına maraq artır. Sonra həmin sərgidə Rodenin məşhur əsərlərindən biri – "Mütəfəkkir" nümayiş etdirilir. Mühafizəkar sənətkarlar və quru akademiklər bu əsəri kəskin tənqid edirlər. Nüfuzlu İncəsənət institutunun nümayəndələri "Mütəfəkkir"i – "Heybətli meymun-insan" adlandırırlar. Tənqidçilər yazır: "Hələ bir bu dəhşətli əllərə baxın, bu ağıllı məxluqun əlləridirmi, yox, bu insana nifrət oyandıran parodiyadır. Müsyö Roden özü qəsdən insan heykəlini belə eybəcər, yöndəmsiz və kobud yonub. O, ənənənin nə olduğunu bilmir. Elə bilir ki, təzə bir şey yaradıb. Xeyr. Əslində, o çox köhnəlib". Dünya heykəltəraşlığında yeni iz salan bir sənətkar köhnəlikdə təqsirləndirilirdi...

Fidiy və Mikelancelo yaradıcılığı öz dövrlərində heykəltəraşlıq sənətinin zirvəsi sayılmışdı. Bütün sonrakı dövrlərdə də Fidiy və Mikelancelo üslubu aparıcı olmuşdu. Rodenədək heç kim bu klassik məktəb ənənələrindən kənara çıxmağa cəsarət etməmişdi. XIX əsrin sonu XX əsrin əvvəllərində yalnız Oqyüst Roden durğun akademizmdən imtina etdi. Fəqət Paris Akademiyası, Zərif Sənətlər Məktəbi Roden novatorluğunu dərk etməyə qadir olmadılar... Heykəltəraşın başqa bir müasiri, alman şairi Rayner-Mariya Rilke onun parlaq istedadı ilə bütün Avropanı tanış etdikdən sonra isə məlum oldu ki, doğrudan da, XX əsr heykəltəraşlığında dönüş baş verib.

Roden atasının büstünü 20 yaşında ikən yaradıb. Gənc sənətkar yaradıcılığının elə ilk mərhələlərindən mifik, romantik mövzulara yox, real hadisələrə müraciət etməyə başlayır. Övlada ata dünyası hər şeydən yaxındı. Atanı tanıyıb dərk edəndən sonra gerçək dünyanı da tanımağa yol tapılır... "Ata" əsəri sanki belə bir fikir yaradır: Roden doğulmalı idi!..

Heykəltəraşlıq sənətinin biliciləri "Cəhənnəm qapısı" əsərini Roden yaradıcılığında ən parlaq monumentallıq nümunələrindən sayırlar. "Cəhənnəm qapısı" – Dante və Mikelancelo ənənələrinin misilsiz davamıdır. Hər üç dahi əsərlərində dini təsəvvürdən çox, bəşəri faciənin təcəssümünə can atıblar. Ancaq Roden sələflərindən fərqli olaraq fərdin taleyinin və əsrin ziddiyyətlərinin faciəsini ön plana çəkib.

"Cəhənnəm qapısı" arxitravından "Qarı" Rodenin özünün ən çox sevdiyi əsər olub... Demək, vücud əzəli deyilmiş, o, bax, beləcə əriyib tökülür... Əfsanəvi Ana Həvva! Bakirə Mələk günahını duyur. Başını utancaqlıqla qolları arasında gizləməyə çalışır.. Sustalıb... Peşiman da deyil... Canlı həyat onu haçansa yeknəsəq mələklər aləmindən ayırmalıydı...

Oqyüst Roden "Cəhənnəm qapısı" arxitravı üzərində 37 il – 1880-ci ildən 1917-ci ilədək – öldüyü iləcən yorulmadan işləyib. Bu monumental arxitrav görümlü bir məkanda – Sena çayının sol sahilində yerləşdirilməliydi. Roden bu əsərində Dantenin "İlahi komediya"sındakı epik genişliklə Bodlerin "Cəhənnəm"inin faciəvi pafosunu birləşdirməyi nəzərdə tutmuşdu. Əslində, Rodenin bütün əsərləri bu monumental arxitravın tərkibinə daxildir. Bu əsər – klassika önündə XX əsr dahiliyinin pərəstişi deməkdir.

Rodenin "Əbədi büt" monumenti: insan, qadın gözəlliyini həmişə uca tutub, ona pərəstiş edib. Ancaq bu dəfə uçunaraq özünü unutduğu anda – qadını bütləşdirib. "Qadın-kentavr" monumentində isə Roden bilərəkdən onu yarıat, yarıinsan kimi təsvir edib... Qeyri-insani duyğular onu əbədi büt taxtından yerə salıb. Bu dəfə o sevgilisinin boynunu yox, adicə kobud bir ağac sütunu qucaqlayıb...

Rodenin yaşadığı zaman Avropa incəsənətinin elə bir tarixi dönüş dövrü idi ki, bu çağlarda müxtəlif sənətkarlıq məktəblərinin nümayəndələri – impressionistlər, sürrealistlər, absurdçular və digər modernistlər simvolikaya, təsvirdə qeyri-adi şişirtmələrə, hətta gerçəkliyin qəsdli təhrifinə bərk can atırdılar. Ancaq Roden yalançı forma axtarışlarına uymadı. Öz dövrünün bütün sənətkarlıq məktəblərinin öncül prinsiplərindən bəhrələndi, çağının sənət nailiyyətlərini öz yaradıcılığında birləşdirməyi bacardı... "Qadın-kentavr" və "Dinaida" buna canlı sübutdur. Roden monumentin ayrı-ayrı hissələrini bir-birinə uyğunlaşdırmaqda misilsiz istedad göstərir. Roden insan əzalarına hərəkət verir, onu statik vəziyyətdən, donuqluqdan xilas edir...

Rodenin ən kamil əsərlərindən biri – "Allahın əli": adicə palçıqdan gözəl insanlar yaradan tanrının barmaqları... Yaradıcı qüdrətin simvolu... Ümumiyyətlə, insan əllərinin təsviri Rodenin əsərlərində xüsusi həyati-bədii məna daşıyır. Qüssədən yorulmuş əl, sirr dünyasına tuşlanan barmaqlar..., düşüncəyə səfərbər edilmiş əllər..., əzablı əllər.., fəryad edən əllər.., oyanan, həyəcanlı əllər.., güclü, ehtiraslı əllər.., şər əməllərə fitva verən barmaqlar.., insanları qırğına, qardaşlığa səsləyən əllər...

"Cəhənnəm qapısı" arxitravından sonra Rodenin ən böyük abidəsi "Kale vətəndaşları"dır. Hər iki əsər üzərində Roden eyni vaxtda işləyib. Heykəltəraş "Kale vətəndaşları"nın süjetini XIV əsr fransız salnaməçisi Fruassarın yazdığı tarixi hadisədən götürüb: İngilis kralı III Eduard Kale şəhərini mühasirəyə alır... Şəhərdə aclıq başlayır. Kral bildirir ki, yalnız bir şərtlə şəhəri azad edər: gərək Kale şəhərinin altı ən nüfuzlu adamını edam etmək üçün onun yanına göndərələr. Şəhərin burqomistri kilsə zəngini çaldırıb camaatı bir yerə yığır. Kralın əmrini onlara çatdırır. Bu dəhşətli əmrdən şəhərlilər sarsılır. Hamı həyəcanlı halda susur. Edama göndəriləcək adamların adları sadalanır. Onlar özləri edam paltarı geyib, boyunlarına kəndir salıb meydançanın ortasına gəlirlər.

Roden xalq tarixinin məhz bu dramatik situasiyasını – şəhəri ölümdən xilas etmək üçün könüllü olaraq edama yollanan altı seçkin sakinin yerindən tərpəniş anını monumental abidəsində həkk edib. Bu elə bir andır ki, özündə sınağı, böyük əqidəni və zamansızlığı birləşdirir. Roden yaradıcılığında tarix – məhz bu şəkildə əbədiyyətə çevrilir. Dünənəcən özlərinin ayrıca, sakit həyatını yaşayan adamları bu gün eyni bir fədakarlıq duyğusu birləşdirib... Ancaq Roden abidədəki heykəllərin hər birini fərdi yaşantıda təsvir eləyib.

Kale vətəndaşının əlinin hərəkətini Qustav Jeffer "həyatın içindən gəlib keçən işarə" adlandırıb. İnsan Qurban gedir. Ancaq o, son dəfə qanrılıb geri baxır. – Yox, tərk etdiyi doğma şəhərə, doğma adamlara yox..., öz keçmişinə dönüb baxır!..

"Kale vətəndaşları" abidəsi həmin tarixi hadisənin baş verdiyi yerdə – Kaledəki bazarın ortasında qoyulmalıydı. Ancaq Rodenin çağdaşları – Kale sakinləri buna razı olmadılar. Çünki abidə postamentsiz, yer səthində olacaqdı. Ona görə də Roden başqa yer seçir. Dənizlə, küləklə, əbədiyyətlə üz-üzə dayanan Kale şəhərinin sıldırım sahilini... Burada abidənin Homersayağı pafosu, ölməzlik ruhu daha qabarıqlaşır. Fiqurların möhkəm ayağından, bu ayağın altındakı torpaqdan onların başına, əllərinə, nəhayət, fəzaya doğru nəzər saldıqda iztirabın və gərginliyin də artdığını görürsən. Ana torpaqdan dikələn İnsan Səma ruhunun mahiyyətinə ucaldıqca, düşüncə miqyasları da artır, fikir sonsuzluğuna yüksəlir...

Roden keçən əsrin sonlarına yaxın müasirlərinin obrazını yaratmağa daha çox meyl edir. O, xüsusilə çağdaş sənətkarların əzəmətli xarakterini canlandırmağa, onları gələcək nəsillər üçün tanıtmağa çalışır...

Roden "Balzak" heykəli üzərində illərlə işləyib. Balzakın yaşadığı yerləri – Tureni gəzib. Olub-qalan portretlərinə baxıb, məktublarını, kitablarını dönə-dönə oxuyub... Roden, Balzak görünüşünün təsvirini verən Lamartinin bu qeydlərini özü üçün əsas götürüb: "Onun siması – stixiyasıdır". Roden "Bəşəri komediya"nın dahi müəllifini çılpaq, zahid əbasına bürünmüş şəkildə təsəvvür etdi... və onu beləcə də canlandırdı! Bitib-tükənməz iztirabların sıxdığı Balzak! Ancaq vüqarının əyilməzliyini sübut edən Balzak! İndi o hər şeydən ucadır! Bütün dünyaya da bu ucalıqdan baxır!..

Viktor Hüqonun abidəsi: yenə də adiliklərdən uzaq, əbədi həqiqət axtarıcısı olan dahi obrazı... Bəşər dərdinin girdabına düşmüş şəxs... Fikrin müdhiş dərinliyi və əhatəliliyi... Rodenin həm "Balzak", həm də "Hüqo" monumental abidəsi o dövrün sənətşünaslarının kəskin hücumuna məruz qalmışdı.

Anri Sear yazırdı: "Roden nə Balzakı, nə də Hüqonu başa düşüb. İnqilabilik iddiasında olan bu əsərlər bizi, əslində, şablona aparıb çıxarır. Burada Balzak – şikəst, Hüqosa – çılpaqdır..." Məşhur rəssam Klod Mone isə hər iki əsərin böyük dəyərini qeyd edir. Roden, Hüqo obrazına əfsanəvi əzəmət verir, onu əsatir qəhrəmanları kimi dəniz sahili qayalar üzərində canlandırır. Hüqonun başı üzərindəki ilham pərisi deyil, Cavidin dediyi kimi, "insanı haqdan ayrı salan" nazlı, işvəli qadındır. Ancaq Hüqo əlinin kəskin hərəkəti ilə nəinki onu, onun vəd etdiyi dünya nemətlərinin ləzzətini, insanı daldığı fikirdən, tutduğu yoldan ayıran hər şeyi rədd edir...

Roden irsinin müəyyən qismini də rəsm əsərləri təşkil edir. Roden özü bu barədə yazırdı: "Bu şəkillər mənim üçün yeni təkamülə doğru çıxış nöqtəsidir, ancaq mən indi onlara düşüncələrimin məhsulu kimi baxıram..." Roden rəsmlərinin çoxu dolğun, bənzərsiz sənət əsərləridir. Onların bir qismi isə yapılacaq heykəllərin eskizləridir...

Dahi Roden yaradıcılığı ilə sübut etdi ki, insanlığın sənət tarixinin bu yeni dövründə də monumental heykəltəraşlıq üfüqlərini xeyli genişləndirmək olar. Roden sənəti, şüurlu şəkildə, lakin daha yüksək əsaslarla antikliyə qayıdışın gözəl timsalı, eyni zamanda, heykəltəraşlığın gələcək inkişafı üçün bünövrə daşı oldu. Roden heykəlləri, abidələri ilə sanki demək istəyir ki, insan, qüvvəsinin axarını axtarmalı, özünün daxili ahəngini tapmalıdır. İnsan qüdrətlidir, lakin O, Mikelancelo kimi də qüdrətli ola bilər. Roma imperatorları kimi də. İnsandakı yaradıcılığın və dağıdıcılığın təzadları və sirli qovuşuğu Roden heykəllərində faciəvi pafosu üzə çıxarır. Roden çox vaxt insan həyatının zirvə çağına müraciət edir. İnsan həyatında, heç olmasa, bircə dəfə bütün mahiyyətini tam dolğunluğu ilə bəlli edir, bütün taleyini birdən yaşayır. İnsan bu vaxtda hədsiz dərəcədə dərin və anlayan olur.

Roden də məhz bunu – ömrün ali məqamını – idrakın və hissiyatın dəruni qatını tuncda əks etdirir. Sənətkar, beləcə gil, daş və mərmərdən gərilmiş ruhun və üsyankar mənəviyyatın obrazını yaradır. Roden əsərlərinin ideya-fəlsəfi pafosu məhz buna görə qüvvətlidir. Onun yapma sənətində dramatik vəziyyətlərin, hədsiz psixoloji gərginliyin təsvirinə, ekspressiv vəcdə meyl üstündür. Roden daxili səsi, qəlb tüğyanlarını görür. Rodenin tişə üslubuna dərin cizgilərin, qalın əyrintilərin, qanrımların, çopurluğun sərt təsviri, konturların aydınlığı, ifadə dolğunluğu, məkan atmosferası ilə harmonik uyarlıq xasdır...

...Ömrü boyu bircə dəfə tale Rodenin üzünə güldü. Prezident Falyer onu Yelisey sarayında qəbul etdi. Dəvətnamədə yazılmışdı: "Əsərləri ilə Fransa incəsənətini zənginləşdirdiyi üçün müsyö Roden ehtirama layiqdir"... Ancaq 77 yaşlı bu qocaya hörməti ehtiyac içində boğulduğu çağlarda etmək lazım idi. 1917-ci ildə Rodenin öldüyü günün səhəri Almaniya Fransaya qarşı müharibə vəziyyətində olsa da, belə bir elan vermişdi: "...Hərçənd Oqyüst Roden fransızların heykəltəraşıdır və Fransada doğulmuşdur. Ancaq o, Şekspir və Mikelancelo kimi Almaniyaya da məxsusdur..."

Rodenin ölümündən 6 gün sonra isə... onun əbədi düşməni – Fransa Akademiyası sənətkarın yaratdıqlarını ölməzlər cərgəsinə daxil etdi...

# 2671 dəfə oxunub

Müəllifin son yazıları

# # #