Dövr dəyişdikcə duyğular da dəyişirmi?
Bu sual mənə elə gəlir ki, ən çətin suallardan biridir.
İki film haqqında yazacağam. Mənə elə gəlir ki, bu iki film əsas insan duyğularından olan sevgi hissi ilə ona birbaşa bağlı fədakarlıq hissinin dövr keçdikdə necə dəyişdiyini göstərir.
Şəhərin işıqları… (“City lights”) Bu filmi xatırlayırsınızmı?
Çarlz Çaplinin məşhur filmi.
1931-ci ildə istehsal olunub.
Çarlz Çaplin kor gülsatan qıza aşiq olur, onun gözünün sağalması üçün cinayət törədir.
Həbs olunur. Həbsdən çıxandan sonra artıq gözləri sağalan qızla rastlaşır. O qız indi gül dükanının sahibidir.
Aşağıda gördüyünüz səhnə mənim dünya kinematoqrafiyasında ən sevdiyim səhnədir.
Çarlzın baxışlarına fikir verin.
Onun içində sadəcə bir fədakarlıq hissi vardı, bir sevgi vardı və bu sevgi onu oğurluğa sövq edir.
Nə qədər saf bir duyğudur!
Uzaqdan sevdiyin çarəsiz bir qız üçün bütün həyatını məhv etmək necə bir hissdir?
Bu hiss bizə nə qədər uzaq görünür.
Amma uzaq olduğu qədər də ürəyimizi də qızdırır bu duyğu.
İndi keçək başqa filmə.
Lars fon Trierin filmidir: “Dalğaları aşarkən” (“Breaking the Waves”)
1996-cı ildə istehsal olunub, Çaplindən 65 il sonra.
Bəri başdan deyim, çox qeyri-xarakterik bir nümunə verirəm.
Təzə qurulmuş ailə. Jan-kişi, Bess-qadın. Bir-birilərinə böyük sevgiylə bağlanıblar. Xoşbəxtdirlər. Jan neft buruğundan yıxılır. Əlil qalır. Və Jan Bessə, yəni ər arvada özünə başqa bir sevgili tapmasını, onunla sevişməsini və bu sevişmələr haqda ona danışmasını istəyir. İsrar edir. Bess bütün bunların Tanrının istəyi olduğuna inanmağa başlayır.
İstəməsə də edir bunları. Filmin sonunu danışmayaq.
Ən qəribəsi odur ki, “Dalğaları aşmaq” filmi hər nə qədər erotik, hətta adi qavrayışa sığmayan bir anlayış haqqında danışsa belə müqəddəs bir duyğuya hazırlayır bizi, filmin sonundakı zəng səhnələri bir katarsisdən, tövbədən xəbər verir.
Tənqidçilər və rejissor filmi sevgi və fədakarlıq haqqında çəkilən ən yaxşı filmlərdən biri hesab edir.
Bir hiss və bu qədər müxtəlif bir film.
Məncə, məsələ ancaq rejissorların məsələyə yanaşması deyil, həm də dövrün, zamanın gətirdiyi fərqlərdir.
Hisslər əlbəttə bu qədər kəskin şəkildə dəyişmir, amma...
Sənət də zamanın ruhundan doğulur.