Sürücüsüz maşınlar gəlir bəs bizim xəyallar?

Sürücüsüz maşınlar gəlir bəs bizim xəyallar?
16 avqust 2016
# 09:00

Qan Turalı

Bu tarixi yadda saxlayın: 14 fevral, 2016.

O gün biz qızlara alınan “mişka”ları müzakirə edirdik amma Amerikada o qədər də nəzərə çarpmayan bir hadisə oldu: İnsansız maşın qəza törətdi.

Amerika yollarında Googlenin sürücüsüz maşınları çoxdan gəzirdi.

Hətta bu maşınlar ilk dəfə şosselərə çıxanda qubernator Googleyə zəng vurub bircə sual vermişdi: Bu maşınlar qəza törətsə günahkar kim olacaq?

Amma Google rəhbərliyi özlərinə əmin idilər.

Google maşınları hələlik kütləvi istehsal üçün nəzərdə tutulmamışdı.

BU maşınlar Google maps üçün video və foto çəkirdi.

Apple firmasının da bu cür maşınlar üzərində işlədiyi deyilir.

Şirkət bu barədə rəsmi açıqlama verməsə belə onun işə qəbul etdiyi vakansiyalar bu haqda danışılanları təsdiqləyir.

Applenin sürücüsüz maşınlarının bir xəbərə görə 2019, bir xəbərə görə isə 2020-də bazara çıxacağı bildirilir.

Tesla, General Motors kimi firmalar da sürücüsüz maşın üzərində çalışır.

Təsəvvür edirsinizmi, maşına oturur, xəritədən gedəcəyiniz yeri göstərib dincəlirsiniz.

Maşın sizi aparır.

Bu tezliklə gerçəkləşəcək olan bir hadisədir.

Amma məncə burda elə də dəhşətli bir şey yoxdur.

İnsansız təyyarələr havaya qalxıb düşmən mövqeləri haqqında informasiya toplamırmı?

Ya da fəza gəmiləri insansız çalışmırmı?

Sadəcə bu dəfə bu cihazlar bizim adi həyatımıza daxil olur.

Bu cihazların üstünlükləri çoxdur.

Misal üçün, gələcəkdə tıxaclar olmayacaq, çünki hər şey xüsusi proqramlarla tənzimlənəcək.

Eləcə də sürücülük vəsiqəsinə də ehtiyac olmayacaq.

O ki, qaldı qəzaya...

Maşın sağa dönməliymiş, sağda qum torbaları olduğuna görə sol tərəfə dönərək avtobusa toqquşub. Tələfat isə... Yoxdur.

Google şirkəti qəzada öz günahını qəbul edir.

Amma avtobus sürücüsünü də günahlandırır.

Ekspertlər isə deyir ki, maşın hər nə qədər düzgün qərarlar qəbul etsə də, misal üçün qırmızı işıqda dayansa, ötüb-küçmə əməliyyatı kimi mürəkkəb əməliyyatları uğurlu icra etsə də onun sırf insan sürücü reaksiyalarını da tərbiyə etmək lazımdır.

Bu yerdə gəlin balaca bir əhvalat danışaq.

Almaniyada maşın gətirən bir həmyerlimiz qayıdarkən səhv yola girdiyini ancaq bir neçə yüz metrdən sonra anlayıb.

Sonra da qəza işığını yandıraraq maşını arxaya sürürmüş.

Amma gələn maşın özünü saxlaya bilməyərək ona çırpılıb.

Məhkəmədə isə həmyerlimizin izahatını nə hakim, nə də qəza törədən sürücü anlayıb: Qəza işığını yandırmışdım da.

Qəza işığını yandıraraq qaydanı pozmaq bir adət kimi bizdə mövcuddur.

İndi Google maşınının da Amerikada olan bu cür yazılmayan qaydaları öyrənməsinə ehtiyac var.

Amma bir milyon kilometrdən artıq test ərzində bu qəza dəryada damla kimi görünür.

Dünyü Səhiyyə Təşkilatının hesabatlarına baxsanız hər il bir milyondan artıq adam yol qəzalarında həyatını itirir.

Azərbaycanda bu rəqəm 1000-dən aşağı düşmür.

Sizə adi gələ bilər, lakin Qarabağ savaşından keçən zaman ərzində yol qəzalarında ölənlərin sayı müharibədə ölənləri sayından artıqdır.

Bəli, yol qəzasında ölüm də tarixə qarışacaq.

Bizi çox gözəl bir gələcək, gözləyir.

Xəyallar gerçək olur.

Bəs biz bu gələcəyin harasındayıq?

Bizə ayrılan rol ancaq bir istehlakçı roludurmu?

Axı bizim də xəyallarımız var.

Uçan xalça xəyallarımız...

# 975 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #