Əlağa Vahidi AzTV Mədəniyyətə buraxardılarmı?

Əlağa Vahidi AzTV Mədəniyyətə buraxardılarmı?
20 fevral 2013
# 16:16

İctimai rəyin televiziyaları qeyri-intellektuallıqda qınamasını həmişə ironiya ilə qarşılamışam.

Televiziya mahiyyəti etibarı intellektuallıq yuvası deyil, bu qədər kütləvi və vizual bir qutu intellektual ola bilməz.

Şopenhauerin yoxsa Hegelin əsl kantçı olduğu barədə müzakirə kimin üçün maraqlı ola bilər?

“Molla Nəsrəddin” ilə “Füyuzat”ın bədii-ictimai qovğası nə qədər adam üçün maraqlıdır?

Sadəcə bizim insanların çoxu hər şeyin hazırını almağa öyrəşiblər, canlarına əziyyət verib bir kitab oxumaq əvəzinə divanda ayaqlarını uzadıb biliyin arvadın mətbəxdən gətirdiyi çay kimi qabaqlarına gəlməsini istəyirlər.

Halbuki əsl zəkanın, intellektin yeri kitablardır, jurnallardır.

AzTV-nin Mədəniyyət fərqi

Bir neçə il qabaq televiziyaların intellektual olması ilə bağlı iradlar intensiv idi, halbuki indi də intensivdir.

Hərgah AzTV Mədəniyyət açılmasaydı, bu iradları haqlı saymaq olardı.

Lakin AzTV Mədəniyyət sözün həqiqi mənasında intellektual kanaldır.

Bu kanal SSRİ-nin maarifçilik ənənəsini tam gücüylə davam etdirir.

AzTV-də uzun illər boyu şahmat verilişi yayımlanır, cəmi bir adam baxsa belə televiziyanın siması üçün o veriliş orda olmalıdır.

Lakin televiziyadan intellektuallıq gözləyən adamlar o kanala baxmırlar.

Gəlin, AzTV Mədəniyyətin dünən üçün proqramına nəzər salaq:

12:00 “Buta” mədəniyyət xəbərləri.
12:15 Cizgi filmi.
12:30 “Bəbək”. Televiziya Uşaq teatrı.
12:50 Bədii film. “Dayə əməliyyatı”.
14:20 Dünya səyahəti: “Luaranın qəsrləri”
15:20 Macarıstanın Dana Simfonik Orkestrinin konserti.
Dirijor Dik Andras. Solist Yeganə Axundova
16:30 “1001 Sual”. İntellektual oyun.
17:00 Bədii film. “Teatr”.
18:30 “Oskara gedən yol”
19:00 “Buta” mədəniyyət xəbərləri.
19:15 “Musiqi xəzinəsi”
20:45 “Səyahət”
21:10 Televiziya filmi “Fikrət Əmirov”
21:50 “Mahnı qanadlarında”
22:15 Bədii film. “Nəsimi”
00:45 Çıxış edir: “Conas Brozers” qrupu.

00:25 Bədii film. “Bildirişli məhəbbət”

Əmması

Bu proqramı təhlil edən istənilən şəxs onun ortadan da yüksək estetik zövqə malik insanlar üçün nəzərdə tutulduğunu görə bilər.

Amma...

Ancaq...

Lakin...

İndi köhnə zəmanə deyil, internetdən hər şeyi tapmaq mümkündür, ən müxtəlif konsertləri, filmləri, kitabları...

Rusiya kimi piratçılıq cənnətinin qonşuluğunda yaşayırıq.

Youtube ən maraqlı kanaldır artıq.

Yəni xalis məhsulun özü maraqlıdır, amma bir yerə qədər.

Televiziyanın işi isə hazır məhsulu efirə verməkdən çox böyükdür.

Bəs hanı AzTV Mədəniyyətinin mədəniyyət ətrafında tok-şouları, müzakirələri?

Bəs hanı o estetik polemikalar, fikirlər toqquşması, diskussiyalar, o qaynar mübahisələr...

Olmayan o mühazirə adıyla yuxugətirici söhbətlərlə insanları efirə cəlb etmək istəyirlər?

Bir filmi efirə verdikdən sonra o filmlə bağlı bir polemika açmaq kimə ziyandır?

Ölkədə istehsal olunan filmlərin, səhnəyə qoyulan tamaşaların, çap edilən kitabların müzakirəsi nə zaman olacaq?

Əslində tamaşaçı azlığının da əsl səbəbi budur, DVD-ləri efirə verməyin fakturası reytinqə kəsilir.

Mədəniyyəti illərlə bizə başa çatmış proses kimi təqdim ediblər.

Sağlığında efirə çıxması qadağan edilən Əlağa Vahid haqda sənədli filmi AzTV Mədəniyyət elə bu həftə efirə verəcək.

Qəzəlxan sağ olsaydı onu efirə buraxardılarmı?

Bu günün mədəni prosesi niyə AzTV Mədəniyyətdə görünmür?

Yoxsa, orda görünmək üçün ölməkmi lazımdır?

Necə deyirdi Əli Kərim?

“Sən mənim qədrimi biləsən deyə

Bu cavan yaşımda ölümmü indi?”.

# 3716 dəfə oxunub

Müəllifin son yazıları

# # #