Biz necə sağala bilərik?

Biz necə sağala bilərik?
1 avqust 2013
# 12:57

Bu günlərdə Ray Monkun Vitgenşteyn haqqında həcmi 800 səhifədən artıq olan “Dahinin missiyası” adlı bioqrafiyasını oxuyuram.

Vitgenşteynin fəlsəfəsinin mürəkkəbliyi, onun məntiq, riyaziyyat haqda ideyaları məni qətiyyən narahat eləmir, halbuki məntiq hələ universitet illərindən sevmədiyim fəlsəfi elmlərdən idi. (Riyaziyyat haqda danışmasaq yaxşıdır)

Onun fəlsəfəyə münasibəti də dağıdıcıdır, ən əvvəlki bütün filosofları inkar edir.

Filosofun fikrincə fəlsəfə yanlış dildən qaynaqlanır, halbuki elm dili ilə hər şeyi dərk etmək mümkündür.

Elm dünyanı öz riyazi formulları ilə izah edə bilirsə fəlsəfə nəyə gərəkdir?

Getdikcə bu pozitivist yanaşmadan uzaqlaşan Vitgenşteyn sağlam şüurun, adi insanların dilinin dünyanı anlamaq üçün ən önəmli açar olduğunu qeyd edir.

Arqumenti də çox sadədir, axı adi insanların dilində filosofların materiya, şüur, təfəkkür kimi problemləri olmur.

Onun fikrincə filosoflar xəstələnmiş adamlardır, bu cür qurama sözlərin haləsində yaşayırlar.

Bu baxımdan Vitgenşteyn fəlsəfəsi həm də terapiya adlanır.

Hansısa bir təlim hansısa bir başqa təlimin əleyhinə ortaya çıxır.

Lakin Vitgenşteynin təlimi bütövlükdə fəlsəfəyə qarşı səlib yürüşüdür.

Bu cür melanxolik ovqatdan, dünyaya bu qədər nihilist bir yanaşmadan məni ancaq və ancaq həyat dolu bir kitab xilas edə bilərdi.

Şərif Ağayarın “Xanım T” kitabı kimi bir kitab…

Hərçənd böyük filosofun bu kitabı sevəcəyinə zərrə qədər də şübhəm yoxdur.

Filosof ömrü boyu sadə insanların arasında yaşamağı sevirdi, Kembrici atıb Norveçin bir kəndində yaşayırdı, öz şagirdlərini sadə insanların arasına göndərirdi, onları fəhlə kimi çalışmağı tövsiyə edirdi, deyirdi ki, Kembricin havası sizə görə deyil.

Özü də bir fəhlə, ya da kolxozçu kimi Sovet Rusiyasında çalışmaq istəmişdi, lakin ona Leninqrad universitetində fəlsəfə müəllimliyi təklif edildiyi üçün bizimlə eyni ölkənin-SSRİ-nin vətəndaşı ola bilmədi, çünki o fiziki işdə çalışmaqda israrlı idi.

Dünyanın ən sayılı filosoflarından sayıldığı yaşlarında tibb təhsili almaq istəyirdi.

Onun məsləhəti ilə həkim olan şagirdinə olan məktubunda yazırdı: “Xəstələrinə daha yaxşı, dərd içində olan adamlar kimi bax. Bu qədər çox adama "gecən xeyrə qalsın" deyə bilməyin həzzini yaşa. Bir çox adam səni qısqanacaq, çünki sən cənnətin bir küncündə dayanmışcasına xoşbəxtsən”

Şərifin də qəhrəmanları elə əslində Vitgenşteynin sevdiyi sadə adamlardır.

Onların dərdləri ağır dərdlərdir.

Amma əsla uydurma deyil, onlar özləri üçün əzab yaratmırlar, özlərini müxtəlif düşüncələrin burulğanına atıb ziddiyyətlər içində həyat yaşamırlar.

Onların düşüncəsi, həyatı bəzən çox adi bir şeydən asılıdır: Kiçik bir humanitar yardımdan, balaca bir maaşdan…

Bu insanların dərdi-səri əslində bizi həyatın özünə qaytarır, halbuki bu həyat çox keşməkeşli, problemlər burulğanında olan həyatdır.

Kim bilir bəlkə də biz elə bu həyatdan xilas olmaq üçün ədəbiyyatla məşğul olmağa başlamışıq, müxtəlif süjetlər düşünüb, formalar fikirləşmişik, ən müxtəlif terminlərin, nəzəriyyə və prinsiplərin arasında azmışıq.

Bəlkə biz əsl həyatdan xilas olmaq üçün Vitgenşteynin dediyi filosoflar kimi xəstələnmişik?

Bəlkə Şərifin bu kitabı bizim terapiyamızdır?

# 2753 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #