Yusif, yoxsa Mövlud? Bəlkə Mirmehdi? - QAN TURALI YAZIR

Yusif, yoxsa Mövlud? Bəlkə Mirmehdi? - QAN TURALI YAZIR
22 noyabr 2015
# 16:02

Mirmehdi ilə mən ədəbiyyata eyni illərdə, hətta eyni anlarda gəlmişik. Ötüb keçən bu zaman içində mənim Mirmehdi ilə dostluğum daim inkişaf edib. Azərbaycanda adət olduğu üzrə, mən də burda bir əhvalat danışım. İllər əvvəl idi, işlədiyim qəzet üçün Mirmehdidən müsahibə alırdım. Müsahibənin qaydası necədir? Mən sual verirəm, o da cavab. Bir neçə sualdan sonra Mirmehdi özü mənə sual verməyə başladı, mən də cavab verdim. Belə bir maraqlı müsahibə alındı. Oxucu da bilmədi ki, kim kimdir. Bizdən iraq, Oruel demişkən, kim donuzdur, kim adam.

Lakin bu yol elə asan da keçməyib. Fikir baxımından zahirən biz bir-birimizə çox yaxın görünsək də, ən sərt, ən ağır mübahisələri onunla etmişəm. Və əsərlərinin ilk oxucusu da mən olmuşam. “Küləyi dişləyən”in isə həm də redaktoruyam. Mirmehdi ilə mübahisələrimiz az qala hər mövzuda olub, amma ən çox da dil barəsində. Onun bəzən dialektlərə, bəzən arxaizmə yuvarlanan mürəkkəb struktura malik dilini tənqid eləmişəm. O isə mənim dilimin sadəliyini tənqid edib (Mən sadə yazıram, o, bəsit deyir). Belə anlarda Şərif Ağayar ortaya çıxır və deyir ki, ikiniz də düz deyirsiniz. J

İndi yaza-yaza düşünürəm ki, bu, mənim Mirmehdi haqqında ilk yazımdır. Əvvəllər bu faktın heç fərqinə varmamışam. Və ona görə qərara aldım ki, bu yazını “Bir gün səbr elə”nin çap olunması təliqiylə (Mirmehdi bu sözü çox sevəcək – Q.T.) yazsam da müəllif haqqında bir az çox danışım.

Mirmehdini bir sözlə ifadə etmək lazım olsaydı mən “Saf” sözünü seçərdim. Onun saflığı zəmanəmiz üçün çox nadirdir hadisədir. Sonuncu dəfə belə saf adamlara Bakıda neft mədənlərinə iltizam hüququ veriləndən 4-5 il qabaq təsadüf eləmək olardı. Açığını deyim ki, onun saflığı məni bir az əsəbləşdirib də. Bəzən Mirmehdi gözünün qarşısında oynanılan oyunları da görmür. Adi bir hadisəyə heyrətlə, heyrətamiz bir şeyə isə adi yanaşır. Və Mirmehdinin ədəbiyyata münasibəti də bu qədər safdır. O ədəbiyyatı hamımızdan çox sevir. Mirmehdi ədəbiyyat yolunda hamıdan çox qurbanlar verir. Maddi vəziyyətini də, rahatlığını da, sakitliyini də... Bankda yaxşı maaşdan imtina edib Kulisə gəldi. Ədəbiyyat naminə. Amma başqaları ədəbiyyatdan tramplin kimi istifadə edir. Yazıçılar Birliyinin qurultayındakı nümayəndəlik vəsiqəsini bələdiyyə sədrinin gözünə soxan adamların arasında Mirmehdi əlbəttə ki, yad adam təsiri bağışlayır. Lakin o, ədəbi mühitə yad sayılsa da ədəbiyyata çox doğmadır.

Azərbaycan ədəbiyyatında saf şairlər olub. Amma saf yazıçı bir az qəliz məsələdir. Deyirlər, İsi Məlikzadə də belə adam imiş. Lap elə Mirmehdi kimi? İnanmıram! Rafiq Tağı da belə adam idi. Amma elə ki, əlinə qələmi götürürdü, doktor tamam başqa bir adama çevrilirdi. Sonuna qədər amansız, sonuna qədər güzəştsiz, sonuna qədər cəsarətli bir adama. Mirmehdi belədirmi? Əsla!

Di gəl ki, yazmağa girişəndə bu saf adam dönüb olur adı kimi gurultulu və müdrik bir şəxsiyyət! Mirmehdi nə yazıbsa hamısını oxumuşam. Görürsən, Mirmehdi bir neçə gün fikirli gəzir. Bu günlərdə saflığın dozası lap yuxarı qalxır. Ətraf aləmlə kontakt itir. Bu günlərdə görürsən bir gecə zəng vurur: “Hekayəni bitirdim”. Alışmışıq buna. Yazıb qurtarandan sonra düşür əvvəlki halına.

Mirmehdi “Küləyi dişləyən” povesti ilə məni əməlli-başlı təəccübləndirib. Bu balaca povesti mən müasir Azərbaycan ədəbiyyatının ən yaxşı əsərlərindən biri hesab edirəm. Özü də elə ilk səhifələrindəncə gördüm ki, bu nəsə özgə bir şeydi. Sonra əsər çıxdı, müzakirə olundu, haqqında məqalələr yazıldı, fikirlər deyildi. Hamı gördü ki, ədəbiyyatımıza yeni bir nasir gəlib. Özü də saf-saf gəlib. Təhlükəli oyunlardan keçməyib, yaltaqlıq-zad eləməyib, araq məclislərinə, ədəbi mühitə yolu düşməyib. Eləcə gəlib. Hansı yolla? Allah bilir. O yolu tapıb və gəlib.

Bilənlər bilir, o bilənlər bilməyənlərə desin ki, Mirmehdi ilə bir redaksiyada işləyirik. Üzbəüz otururuq. Və hər gün mübahisə edirik. Bizim mübahisələrimiz məşhuri-APA-dır. Tez-tez qonşu otaqlardan da bizim mübahisələrimizə baxmağa gələn olur (Elə bil xoruz döyüşdürürük). Misal üçün, Cavid Zeynallı bu müzakirələrin sadiq tamaşaçısıdır. Bic-bic seyr eləyir, amma heç vaxt tərəf tutmur. Tərəf tutmadığına görə Şərif Ağayar onu möhkəm qınayır da. Kimə deyirsən? Cavid işini bilən adamdır. Dəli deyil ki, ağır artilleriyalı döyüşə girə. İsveçrə kimi müharibəni qıraqdan izləyir.

Misal üçün, elə bu gün də mübahisə elədik. Şəriflə Mirmehdi qəfildən şeirləşməyə başladılar. Füzulidən oxuyurdu yenə müzəffər ordumuz. Sanki Mirzə Cəlilin “Şeir bülbülləri”ndəki ata və oğuldular. Hə, yeri gəlmişkən, Mirmehdinin atası da Füzuli aşiqidir. Yəni, Mirmehdi evdən işə Füzuli barəsində tam hazırlıqlı gəlir. Şərif də məlum məsələdir. Düzü, Füzuliyə bir az dözə bilirəm, amma elə ki, söhbət muğama keçir, onda mənim dramım əsgərlik xatirəsi danışan oğlanların arasına düşən qızın dramına bənzəyir. Axırda bu şeir-sənət söhbətindən bezib dedim ki, başqa vaxt özünüzə Axundovun davamçısı deyirsiz, Axundovsa deyir, Füzuli şair deyil, mən indi hansı sözünüzə inanım? Tez yabanı götürüb üstümə cumdular. Belə amansız mübahisələrdə Mirmehdi mənim “Füzulinin qayıdışı” pyesimi mənə heç cür bağışlaya bilmir. Deyir, o cür mövzunu məhv eləmisən. Şərif belə məqamlarda müdrikcəsinə susur.

Mirmehdi ilə bir mübahisəmiz də sosial tematika üstündədir. O, çox zəhmətkeş adamdır. Lap Maksim Qorki kimi. Yox, bir az dozanı artıq elədim. Qorkidən bir az aşağıdır. Xalqı çox yaxşı tanıyır. Bəlkə həddindən artıq. Bunun üstündə də tez-tez güləşirik. Mən deyirəm ki, sənin istedadın, qabiliyyətin bu sosial temetikada deyil. Başqa yerlərdədi. Düz də deyirəm. Mirmehdi Quran motivləri ilə yaxşı hekayələr yazdı. Amma deyirəm, at qılıncı, keç bu tərəfə. Bəlkə də sözümə qulaq asar, Şərifdən çəkinir.

Çilingərlər, mağaza satıcıları, fəhlələr, ustalar, işıqpulu yığanlar, evdar qadınlar, iş axtaran gənclər, əyalətdən gəlib Bakıda həyat uğrunda mübazirə aparanlar - bütün bu insanları Mirmehdinin qəhrəmanlarıdır. Bu qəhrəmanlar həyatın özü qədər canlıdır. Diridir. Müxtəlif situasiyalara düşürlər. Və bu situasiyalarda onlar mənəvi imperativlərlə həyat gerçəkliyinin toqquşmasında, top atəşləri altında yaşayırlar. Bu həyatda insan qalmaq çətindir. Vəhşi kapitalizminin dövründə insan qala bilmək - budur məsələ! Mirmehdinin hekayələri müasir dövrün panoramasını, yoxsulluğa, şəhər həyatının gətirdiyi tərəddüdlərə dirənən əyalət insanının daxili dünyasını və əlbəttə ki paytaxtın dəyişkən siluetini təsvir edir. Bu qəhrəmanlarla biz hər an, hər gün qarşılaşırıq. Lakin Mirmehdi onları həyatdan götürüb ədəbiyyata gətirmir. Hərəsindən bir xüsusiyyət, bir rəng, bir çalar, bir kolorit götürür və onları müxtəlif situasiyalara salır. Mirmehdinin realizminin gücü bundadır, həyatı yenidən qurmaqda! Həyatı təxəyyüllə yenidən yaratmaqda. Və bu yaratma prosesində öz insanımızı, öz cəmiyyətimizi və əlbəttə ki, özümüzü çox yaxından görürük.

Mirmehdi “Küləyi dişləyən” povestində qədim bir mifi, Sizin mifini yenidən dirildir. Bu yüzdəyüz Azərbaycanın Sizifidir. Bu mif sanki yenidən doğulub. Və görürük ki, bu elə bizim hekayəmiz imiş. Dədə Qorqud qədər, Koroğlu qədər bizə doğmaymış. Sizif bizim Sizif imiş. Bir insanın düşdüyü ağır bəlalarlardan sonra öz sifətini itirməsi, öz mahiyyətinə özgələşməsi... Mirmehdinin uğuru bundadır. Real hadisələri səliqəylə qurduğu süjetlərə yerləşdirməkdir. Bu mənada Mirmehdi üçün gerçəklik ilk növbədə öz beyninin gerçəkliyidir. Onu yüzlərlə realist yazıçıdan ayıran da bu cəhətdir. Mirmehdi reallığı kopyalamır, onu dərindən dərk edərək ideal qurğusunu yaradır. O hansısa hadisəni nəql eləmir, o hadisəni yenidən yaradır. Mirmehdi şəxsən şahidi olduğu bir hadisəni də olduğu kimi yazmır, onun nüvəsini götürürək ideya şəklində tamamlayır. O başdan ayağa həyatla doludur, lakin bu həyat materialı yazıçı süzgəcindən, ruhundan, ürəyindən keçir.

Mirmehdi öz dəst-xətti, mövzusu, yanaşması olan yazıçıdır. Bu ötəri bir söz deyil, çünki bayaq bəhs etdiyimiz qəhrəmanlar qalereyası, eləcə də dəqiq süjet xəttinin qurulması Mirmehdinin özünəməxsus cəhətidir. Onun bir yazıçı üslubu var və problem bundadır ki, bu üslub dayanıqlı üslub deyil, xeyli dərəcədə dəyişkən üslubdur. Yaızçının üsluba malik olması vacib şərtdir. Bəli, əlbəttə daim eyni üsluba sədaqət də uğur sayılmır. Belə olan halda yazıçı üslubun əsirinə çevrilir. Məhz buna görə bizim yazıçıların çoxu, xalq yazıçılarımız da başda olmaqla bir-birinə bənzəyən əsərlər yazırlar. Bir əsər çox yaxşı alınır, digəri daha pis, lakin axtarışlar sanki başa çatır. Üslub əsirliyində yazıçı öz ömrünü başa vurur. Əlbəttə, bu Mirmehdiyə aid oluna bilməz, çünki bir yazıçı kimi onun üslubu az qala hekayədən hekayəyə, povestdən povetə dəyişir. Lakin biz hər hansı bir əsərdə yetkinləşmiş üslubun təzahürlərini deyil, onun həyəcanlarını, işartılarını görürük, bu mənada bir üslub formalaşdırmamış başqa birinə adlamaq, bu Mirmehdinin zəif cəhətidir.

Misal üçün, “Küləyi dişləyəndə”ki üslub heç də hekayələrdə rast gəlinmir, və bu iki roman arasında yazılan çoxlu hekayənin üslubunu, dəst-xəttini biz “Bir gün səbr elə”də görə bilmirik. Mirmehdi yaxşı bir hekayə yazır, biz bunu alqışlayır, yenisini gözləyirik, yeni hekayədə isə bambaşqa bir üslub və yanaşma ortaya çıxır, biz köhnə hekayənin xiffətini çəkirik, üçüncü hekayə çap eidləndə isə deyirik bu yaxşıdır, növbətidə isə bambaşqa bir mətn ortaya çıxır. Fikrimcə bu cür ziddiyyyətli üslub sınamaları bir yazıçı üçün heç də müsbət hal sayıla bilməz, zira Floberin də dediyi kimi, ədəbiyyat üslub deməkdir və ən azı bir müddət üçün dayanıqlı bir üslub deməkdir.

Dediklərimizi misallandıraq: Mirmehdi “Nisyə” adında bir hekayə yazır, nisyə almaqdan utanan adamlar haqqında olan bir hekayədir. Bu hekayənin əhəmiyyəti ondadır ki, yazıçı nisyə almaqdan utanan (bu insanların təfəkkürüdür) insanları təqdim edir, amma onlar nisyəsiz yaşaya da bilməz, bu da gerçəkliyin özüdür. Yazıçı unudulmaz personajlar da yarada bilir, lakin hekayədə bu ziddiyyət sonuna qədər açılmır, insanlar nisyə almaqdan utanırlar, lakin buna məcburdurlar. Əsl konfliktdir, ziddiyyətdir. Lakin bu ziddiyyət hansı dərəcədə açılır, məsələ budur.

Aydın Məmmədov Əkrəm Əylisli ilə söhbətində “Total təfəkkürü” sözünü işlədir: “Total təfəkkürə malik yazıçı odur ki, həyatın bütün qatlarını görə bilir”. Burda Aydın Məmmədov ad qoymasa da başqa bir təfəkkürdən də danışır ki, biz onu lokal adlandıra bilərik: “Biz Mövlud Süleymanlı ilə Yusif Səmədoğlunu eyniləşdirə bilmərik. Bəlkə Mövlud ayrı-ayrı əsərlərində “Qətl günü”ndəki məsələlərin bəzilərini qoyub. Lakin Yusifin mövzuya münasibətində cəmiyyətin bütün qatlarını görən, onu dərindən bilən adam dayanır. Hiss edirsən ki, bu adam ictimai qatların hamısında yaşayıb, həyatından keçirib”. Aydın müəllim məsələnin izah edərkən iki yazıçıdan sitat gətirir və məncə bu iki yazıçı polyar qütblərdə durduğu üçün müqayisə uğurlu alınıb. Mirmehdi isə bu iki polyar qütbü öz daxilində yaşayır: bəzən Yusif Səmədoğluya çevrilir, bəzən isə Mövlud Süleymanlı olur. “Küləyi dişləyən”də həyatın və düşüncənin dərin qatlarına sirayət edən yazıçı bəzən gəlib “Nisyə” hekayəsindəki kimi adi insanların psixologiyasına daxil olur və bu ziddiyyətlər sona qədər açılmayaraq bu idraki azlığı dialektlərlə, sxolastik düşüncələr, mentallıqla aradan qaldırmağa cəhd göstərir. Yəni, bu obrazlar haqqında yazıçı sözü deyilmir, bir növ yazıçı gördüklərini kağıza köçürtməklə kifayətlənir, hadisələrin mahiyyətinə enməyə çalışmır. Fahişə haqqında roman yazmaq da olar, bir şərtlə ki, burda fahişəliyin psixologiyası, sosiologiyası verilə, belə olmursa biz artıq ədəbiyyatdan danışa bilmərik, çünki ədəbiyyat təsvirçi bir sənət deyil, ədəbiyyat fotoqrafiya, ya da jurnalistika deyil, ədəbiyyat hər şeydən qabaq dünyanın dərk edilmə üsuludur, bu mənada Aydın müəllimin dediyi Yusif-Mövlud məsələsində təkcə Mirmehdi yox, eləcə də digər yazıçılar ehtiyatlı olmalıdırlar. Çifayda!!! Biz mövludcuqların arasında yaşayırıq. Faciəyə bax ki, “Dəyirman”ı yazan o əzəmətli Mövlud da mövludcuğa çevrilib.

“Bu gün səbr elə” povestində də Mirmehdinin Yusif, yoxsa Mövlud olduğunu aydınlaşdırmaq çətindir. Çünki burda ikisi də var: həm Mövlud, həm Yusif. Bayaq dediyim üslub dayanıqsızlığı bu povestdən də yan keçməyib. Əsərin mövzusu aktualdır - kreditlə boğuşan bir ailə. Ailənin draması əslində heç də komik deyil. Lakin ortaya tragikomik situasiya çıxır, arvad ərini başqa varlı qadına satmalı olur. Burda biz olanları zarafatla anlayırıq, doğrudan da az qala anektodluq bir vəziyyətdir. Və əsər sona doğru getdikcə biz lətifə kimi oxuduğumuz bir hadisə finalda ərini satan qadının psixoloji böhranına çevrilir. Məncə, ədəbiyyat da elə burdan başlanır. Mirmehdinin əsl qabiliyyəti və istedadı da burda ortaya çıxır. Lakin burda problemli bir məqam var: biz bu əsərin janrını necə nmüəyyən etməliyik? Tragikomediyadırsa, finaldakı qadının əzabları necə olsun? Dramadadırsa onda lətifəyəbənzər süjeti neyləyək? Bu cür üslubi qarışıqlıq əslində Mirmehdinin yaradıcılığı üçün az qala xarakterik bir məsələyə çevrilib.

Ədəbiyyatımıza namuslu münasibət ilk növbədə həqiqətlərin ucadan deyilməsini tələb edir. Mən Mirmehdini bir yazıçı kimi tərifini göylərə qaldıra, ondan yoxdur da deyə bilərim. Lakin ədəbiyyat ilk növbədə dürüst, namuslu söz tələb edir. Ədəbiyyat insana insan olduğunu xatırladırsa, onun haqqında necə qeyrətsiz, namussuz söz demək olar? Biz də 60-cılara qoşulub bir-birimizi tərifləsək, bəs ədəbiyyatın sabahı necə olsun? Hamı “O, mənim dostumdur, yerlimdir, qonşumdur, xalamqızının kirvəsidir” mülahizələrini rəhbər tutub düz sözü demirsə, onda bizim sonumuz necə olacaq?

Biz quyuya salınan Yusifi gözləyirik.

Yaqubun göz yaşlarını silən gərək!

Qardaş xəyanətindən keçən, Züleyxa sınağından çıxan Yusif şah ola gərək!

Bizə əsl Mirmehdi gərək!

# 1213 dəfə oxunub

Müəllifin son yazıları

# # #