Əslində üzərində çox işləyib iri həcmli, fəlsəfi əsaslı, tarixə ekskurs tərzində bir şey yazmaq istərdim. Lakin bu cür situasiyalarda operativ reaksiyalar çox vacibdir. Ona görə də insanları düşündürən, mübahisə doğuran mövzular haqqında qısa qeydlərini yazmağı vacib saydım.
Niyə Yaxın Şərqdəki ölümlər bu qədər reaksiya doğurmur?
Boko Hram bu ilin əvvəlində Nigeriyada 2 min dinc sakini öldürüb - Əsl Orta Əsr sadizmi! Belə hadisələr bu qədər böyük itki olmasa da Yaxın Şərqdə az qala hər gün olur. Amma bu xəbər dünya mediasında çox az yer alır. Ümumiyyətlə, bu tendensiya çox güclüdür. Jurnalistikada buna xəbər xətti deyirlər. Avropadan başlayıb Amerikaya qədər uzanan bu xətdə, bəzən iki nəfərin ölümü də çox geniş işıqlandırılır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Dünya mediasının mərkəzləri Avropa və Amerikada yerləşir. Üstəlik, burda terror çox nadir hadisədir, tutaq ki, İraqda az qala hər gün olan şey Norveçdə (Breyvik) heç olmamışdı.
Digər tərəfdən, Avropa ölkələrində media hər şeydən dərhal xəbər tutur və tirajlayır. Lakin, misal üçün, hələ o zaman SSRİ Çernobıl faciəsini bir neçə gün gizləyə bilmişdi.
Və sonda yenə adiləşmə məsələsi...
Özünüz bir yoxlayın, İraqda, Suriyada ölümlərə hamımız alışmışıq, amma Fransada terror bizi dəhşətə salır. Və qəribədir ki, Livanda 30 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi də məhz Paris soyqırımından sonra xatırlanır: Parisə ağlayırsınızsa Livana da ağlayın deyirlər, lakin Paris olmasaydı o sözü deyənlər Livanı xatırlayacaqdımı? Heç vaxt!!!
İmperializmin məsum üzü
Terrorçular Fransanın Suriyanı bombalamasına etiraz əlaməti olaraq bu addımı atdıqlarını deyirlər. Düzdür, Suriya keçmiş fransız müstəmləkəsidir və Fransanın orda strateji maraqları var. Lakin buna da birmənalı baxmaq olmur, çünki koalisiya qoşunları olmasaydı İŞİD yezidiləri yer üzündən siləcəkdi. Yəni, Fransanın müdaxiləsinin nəticələri də birmənalı deyil. (SSRİ xalqlar həbsxanası yaratmışdı, bununla belə sovet ölkələrində təhsil, səhiyyə, mədəniyyət çox güclü inkişaf etdi). Üstəlik, Qərb dövlətləri öz maddi maraqlarının yanında həm də mənəvi bir missiya da daşıyırlar. Yezidilərlə bağlı Obamanın çağırışlarını xatırlamaq kifayətdir. Qərbin israrı olmasaydı bu gün yezidilər də olmayacaqdı.
Almanları niyə öldürməli?
Mülki şəxslərin bu cür amansızlıqla öldürülməsi Fransanın və digər ölkələrin hərəkətlərinə cavab ola bilməz. Fransa vətəndaşı hökumətinin qərarlarına görə cavabdehlik daşımır. Bu məntiqlə kürdlər Humus şəhərini şumlayan Hafiz Əsədə görə Türkiyəyə gələn suriyalıları öldürməlidir. Ya da nə bilim, biz Hitlerə görə Bakıda qabağımıza çıxan almanın başını daşla əzməliyik.
Yadıma Kuba inqilabı haqda çəkilən "Lost city" filmi düşür. Fidelin inqilabından sonra Avropanın az qala hər şeyi, hətta saksofon aləti də qadağan edilir. filmin qəhrəmanı deyəndə ki, saksofonun inqilaba nə dəxli, bu aləti belçikalı Adol Saks ixtira edib. Kommunist belə cavab verir: “Siz bəlkə unuda bilərsiniz, lakin biz belçikalıların Konqoda törətdikləri qırğınları unutmamışıq”.
Fransanın Əlcəzair zülmünü bu gün baş verənlərlə əlaqələndirmək də Adolf Saksı Belçikanın Konqoda törətdiyi soyqırımla eyniləşdirmək kimidir. Mənadan məhrum, mərhəmətsiz, kiçik beyinlilik, məhdud zəka!
Zəruri qeyd: Sartr Nobel mükafatından imtina edərkən bildirmişdi ki, onu Əlcəzairə müstəqillik tələb edən müraciətə görə Nobel mükafatı versəydilər, həvəslə qəbul edərdi. Yəni, Fransanın günahını da elə Sartr kimi bəşərin vicdanı olacaq şəxslər yuyur.
Bizi, yəni, Türkiyə və Azərbaycanı Fransa parlamentinin qəbul etdiyi qondarma erməni soyqırımı haqda qərar da qıcıqlandırır. Bu qərara görə “erməni soyqırımı yoxdur” deyən cəzalandırılacaqdı. Lakin bir dəqiqə əl saxlayın, yoldaşlar. Hər şeydən əvvəl Fransa dəyərlərinə zidd olan bu qanunu Fransa Ali Məhkəməsi ləğv elədi. Fransa öz günahını yudu. Hə, bu arada hakimiyyətin bölünməsi (icra, qanunverici, məhkəmə) prinsipi də Fransa filosofu Monteskyonun bəşəriyyətə verdiyi töhfədir.
Ölüləri yarışdırmaq
Terroru yaradan səbəb də bəzi adamların ölülərə fərq qoyması səbəbi ilə eynidir. Yəni “Fransaya əcəb olur” deyirlər, elə İŞİD də belə deyir, ya da mülki iraqlıları qıran ABŞ da belə deyir.
Dünya bizim evimiz, bütün terror qurbanları isə qardaşlarımız və bacılarımızdır. İnsan öz bacı və qardaşlarına fərq qoymamalıdır. Meyiti sahilə atılan kürd Aylanın, Misirdəki rus təyyarəsində ölən uşaqların, Fransada ölən çağaların və Suriyada öldürülən körpələrin hamısı eyni dərəcədə qəlbinizi ağrıtmırsa, üzr istəyirəm, siz hələ insan olmağı bacarmamısınız.
Və bu terror da məhz sizin kimi ürəyi mərhəmət görməyən, qəlbi qatılaşmış insanların sayəsindədir. Necə deyirdi böyük ustadımız?
Yaşamak bir ağac gibi tek ve hür
Ve bir orman gibi kardeşcesine
Terroru islam əmr edir?
Bir neçə ildir ki, islam mənbələrində terrora istinad verən, onu leqallaşdıran bir prinsip, bir ayə, bir hədis, bu da olmasa bir şərh tapmaq istəyirəm. Tapa bilmirəm. Hətta müharibə dövründə belə mülki əhaliyə toxunulmaması barədə hökmlər var. Amma kimə deyirsən? Marks da, digər klassiklər də terroru dəstəkləməyiblər, lakin bu qədər sol terror var. Bu fakt da sübut edir ki, bu dava ideya davası deyil, başqa davadır.
Məqsəd vasitəni təyin edir. İslamı, eləcə də marksizmi yaymaq da onların öz daxili prinsiplərinə uyğun olmalıdır.
İslam terrorda günahkar olmasa da onun ağır nəticələri müsəlmanlar sinə gərməli olur. Baxın, Şarli hebdo terrorundan sonra Fransada ifrat sağlar seçkidən daha çox səslə çıxdılar. İslamafobiya dalğası güclənir. Bu dalğadan ən çox müsəlmanlar əziyyət çəkir.
Terror bütün hallarda öz işini görür.