Azərbaycan klassiklərini peşələri üzrə klassifikasiya etmək kiminsə ağlına gəlibsə nəticə çox güman ki, onu heyrətləndirib. Mirzə Cəlil, Sabir, Üzeyir Hacıbəyov, Əbdürrəhim Haqverdiyev, Abdulla Şaiq, Abbas Səhhət, Nəriman Nərimanov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə müəllim idi. Bu müəllimlər yaradıcılıq təbiəti ilə çox fərqlənsələr də çarizmə ürəkdən nifrət edirdilər. Onların hamısı Sovet hökumətini alqışlamasalar da Sovet rejimi dini cəhalətin, savadsızlığın ləğvi kimi böyük və işıqlı ideallarını gerçəkləşdirəcəkdi. Bütün parametrləri ilə olmasa da Sovet idealları onlara yaxın idi. Öz əsərləri və müəllimlik fəaliyyətləri ilə kütlənin gözünü açan, onları maarifə səsləyən müəllimləri Sovet hökuməti də təbliğ edəcəkdi. Amma sovetin də öz müəllimləri olacaqdı.
O müəllimlərdən biri “Bizim Cəbiş müəllim” (Ssenari: Maqsud İbrahimbəyov, rejissor: Həsən Seyidbəyli) filmində təsvir edilib. Film müəllim imperativlərindən bəhs edir.
İmperativ: Heç bir səbəbə bağlı olmayan, bir işi başqa heç bir şeyə görə yox, yalnız içindən gəldiyi üçün edən, mənası özü-özündə olan hökm. Şəxsiyyətin daxili hökmü, ürəyinin istəyi. Kant belə hesab edir ki, bu hökmlərin qanun olmasını da istəməlidir.
Bütün film sadə bir konflikt üzərində qurulub: Cəbiş müəllim sabun bişirsin ya yox?
Sabun bişirsə bütün maddi problemlər yox olacaq.
Amma bu yolun qarşısında ciddi bir imperativ dayanıb: Müəllif adı şərəflidir və Sovet rejimin təhqiramiz formada işlətdiyi “alver” sözünə o bulaşa bilməz. Müəllim sabuna ancaq əlini yuyanda toxuna bilər, başqa zaman o sabun müəllimin mənəvi əxlaqını çirkləndirəcək. Çox güman ki, sabun burda simvoldur, sabun bişirmək deyən kimi əksər adamlar ehtiyac üzündən sabun tiyanının böyründə oturan böyük şairimizi-Sabiri xatırlayacaq. Burda ironik bir arayışa da zərurət yaranır: Sabiri tiyan qarşısından qaldırmağa Sovetin ömrü yetmədi. 1905-ci ildə məğlubiyyətə uğrayan kommunistlər 1917-ci ildə inqilab etməyi bacardılar. Amma Sabir artıq həyatda yox idi, “arizi qəmlər əlindən şişmiş ciyəri” çoxdan onu öldürmüş, sümüklərini sürməyə çevirmişdi. Kommunistlərin inqilabı ancaq Sabirə 1922-ci ildə heykəl qoymağa çatdı. Bu Bakıda bir şairə qoyulan ilk heykəl idi. Və sanki Sovetlər heç zaman bir ziyalıya sabun bişirtməməyə and vermişdilər.
İnqilab ruhunda böyüyən, inqilab illərində doğulan Cəbiş müəllim də bu ruhda böyümüşdü, müəllim adının romantikası onu ömürlük çulğalamışdı. Alverçini düşmən sayırdı, ona heç salam da vermirdi, maddi həyatın bütün problemləri onu öz idealist yolundan sapdıra , ürəyində gəzdirdiyi təmiz hisslərə toxuna bilməmişdi. Sovet idealizmi müəllim adını ən yüksək mənəvi pilləyə çatdırmışdı, Leninin də əsas epitetlərindən biri də belə idi: “Bəşəriyyətin müəllimi”. Leninin atası da müəllim idi, təbliğatda bu da xüsusi qabardılırdı. Müəllimə olan bu yüksək münasibət 30-cu illərin ovqatında, ruhunda var idi, Atatürkün müəllim haqqında dediyi sözləri-“Müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır”- xatırlamaq kifayət idi. Bu konteksdə məşhur "Hababam sinifi" filmindəki Mahmud Hocanı xatırlamaq kifayətdir. "Sovetlərin ruhu maarifçiliklə yoğrulmuşdu, indiki Təhsil Nazirliyi də o zaman Maarif Nazirliyi adlanırdı. Azərbaycan kommunistlərinin rəhbəri Nəriman Nərimanov idi, Maarif Naziri postunun Mirzə Cəlilə təklif edildiyini də xatırlayaq. Bu mənada müəllim adı sadə bir şey deyildi, müəllim maarifçi idi, həvari idi, missiyanın daşıyıcı idi, missioner idi. Partiyanın ali məqsədi olan sovet insanını tərbiyə etməli idi. Ali məqsədin icrası müəllimə tapşırılmışdı. Müəllim adı bu mənada şərəfli idi, hətta bəzən müqəddəs, sakral mahiyyət kəsb edirdi, misal üçün o illərin şagirdləri belə hesab edirdilər ki, müəllim nə çörək yeyir, nə də su içir. Su içib, yemək yeməyən adam sabun sata bilərdimi? Əlbəttə ki, yox.
Maqsud İbrahimbəyov 60-cılara xas bir yaradıcılıq metodu ilə qəhrəmanı ziyanın yarısından qaytarır, günah qapısının dəstəyinə qədər aparır. Elçin Əfəndiyevin “Şuşaya duman gəlib”in qəhrəmanı Cavanşir, Rüstəm İbrahimbəyovun “Ezamiyyətdə” hekayəsinin qəhrəmanı Mərdanov da cinsi aktın bir addımlığından dönüb arxaya qayıdırlar, hər ikisində akt başa çatmır, çünki bu günahdır, günahdan qorunmaq isə mənəvi imperativdir, şəxsiyyətin daxili nizamnaməsi, qaydasıdır. Bu qaydanı pozmaq insanı fərdiyyətdən, tapındığı əxlaqi normalardan məhrum etmək deməkdir, bu şəxsiyyətin yozlaşması, pozğunlaşmasıdır.
Amma Cəbiş müəllim sabun bişirir…
Onun günahdan saqınması da dramatikdir, ömrü boyu şagirdləri mənəvi saflığa səsləyən Cəbiş müəllim əlindəki sabun çemodanı ilə bazara gedərkən cəbhəyə gedən şagirdləri ilə rastlaşır. Özü də kadrda iri planda Cəbiş müəllimin “Bəlkə səndən nə vaxtsa adam oldu” dediyi Makedon görünür. Bu anda operator Cəbiş müəllimin üzündəki iztirabı göstərməsə də biz müəllimin ürəyindəki iztirabı hiss edirik. Bundan sonra konfliktin həlli üçün yazıçının təklif etdiyi variant-cəbhəyə gedən əsgərlərə paylanılmasına-inanmamaq bizim ağlımıza da gəlmir, burdakı həll invariantdır, yəni başqa cür ola da bilməzdi.
Filmdəki hadisələr II Dünya Müharibəsi illərində baş verir, tez-tez Stalinqrad döyüşünün vurğulanması ilə biz dəqiq tarixi də çıxarda bilərik, bu 1943-cü ildir. Amma filmin ictimaiyyətə təqdim edildiyi 1969-cu ildə həmin sovet idealizmi artıq laxlamağa başlamışdı, Stalinin hərbi kommunizmi öz yerini Xruşşov liberalizminə buraxmışdı, kommunist idealları getdikcə ziyalılar arasında daha çox istehza doğururdu, maarifçi missiya da əlbəttə ki, şübhə altına alınırdı, Sovet sistemi getdikcə bürokratlaşırdı, bu mənada Trotskinin “bürokratik kapitalizm” tezisləri hər keçən gün daha artıq aktuallıq qazanırdı.
Amma idealistlər vardı, çünki onları zəmanə özü yaratmışdı, təbiət özü yaratmışdı və həm də onların ölüb getməsi üçün kifayət qədər zaman keçməmişdi. Yeni nəsil isə çox daha praqmatik, çox daha realist idi.
Məşhur “iyirmi yaşında liberal olmayanın ürəyi, 40 yaşında mühafizəkar olmayanın ağlı yoxdur” məsəlini Sovet rejiminin özünə bütün parametrlər üzrə tətbiq etmək mümkün idi və bu məsəl eyni zamanda Sovet vətəndaşlarına da aid idi.
60-cılar isə gəncliyini bolşevik romantikasıyla yaşamış, kommunizmə ürəkdən inanan ataların oğulları idilər. “Bolşevik yazı” şeirinin müəllifi Rəsul Rzanın oğlu Anar türk kommunist dostu Ataol Bəhramoğlunun ehtirasla danışdığı kommunist ideallarına güldüyünü etiraf edirdi. 60-cılar öz atalarından daha çox rasional idilər. “Cəbiş müəllim” nəsli fiziki mənada ləğv olunurdu, qocalıb-ölmək şəksiz ki, həyatın qanunlarından sayılırdı, işin faciəvi tərəfi “Cəbiş müəllim” ideologiyasının da can üstə olması idi, ideologiyanın aqibəti də qanunuyğun idi. Cəbiş müəllimlər artıq nəsil kimi yox olmuş, fərdlər qalmışdı. Həvarisi olduqları din tənəzzül edirdi, Sovet rejimi sürətlə kommunist ideallarından uzaqlaşır, Qərbdəki kommunist partiyalarını, inqilabçıları siyasi mənafe naminə öz hökumətlərinə satırdı. Oruelin “Heyvanıstan” romanının sonluğunu xatırlayın, donuzlar (kommunistlər) adamlarla (kapitalistlərlə) rəqs edir, viski içirlər, roman isə bu sözlərlə qurtarır: “Lakin artıq onları biri-birindən fərqləndirmək, kimin kim olduğunu soyləmək mümkün deyildi”.
Bir nəsil ölə bilərdi, yeni nəslin idealları tamam fərqli ola bilərdi, amma hər bir nəslin içində idealizm qalacaqdı, sayları az olacaqdı, idealizm dəliliyə çevriləcəkdi, (filmdəki replikanı xatırlayın: “bu dəliyə baxın, sabun paylayır) amma mütləq idealizm yaşayacaqdı. İnsan təbiəti idealizmi ölməyə qoymayacaqdı. SSRİ dünyanın gəlmiş-keçmiş ölkələri arasında ən ideoloji olanı idi və şəksiz ki, hər bir ideologiya kimi onun özündə də idealizm elementləri güclüydü.
Macar filosofu Karl Manheym “İdeologiya və utopiya” (1929) əsərində etdiyi kəşf mövzumuzu anlamaq üçün bizə faydalı olmalıdır. Manheymə qədər ideologiyalarla utopiyaları bir-birindən ayırmırdılar. Misal üçün marksizmlə kommunizmi, ya da din ilə cənnəti. Hər bir ideoloji sistemin öz utopiyası, öz cənnəti vardı, onun yer üzündə ya da başqa bir yerdə qurulması isə ayrı bir söhbətin mövzusudur. Manheym ideologiyaların hakim sinfin mənafeyini təmsil etdiyini deyir, marksizmi də bu baxımdan istisna etmir.
Utopiyaları “gələcəyin nağılları” sayan filosofa görə utopiyalar əzilənlərin, məzlumların dünyagörüşünü ifadə edir.
İdeologiyaların gerçəkliyi təsviri etdiyi hissəsində gerçəkliyi təhrif etdiyini, şəxsi mənafesi naminə həyat həqiqətlərini saxtalaşdırdığını deyən Manheym həqiqətin özlərini heç bir sinfə mənsub hesab etməyən “sosial cəhətdən müstəqil intellektuallar”ın ortaya çıxaracağını düşünür, çünki intellektualların heç bir sinif ya da iqtisadi qayğısı, başqa cür desək həqiqətin dərk edilməsindən başqa marağı yoxdur. Zaman keçdikcə, rejim aşındıqca, xantallaşdıqca nəsillər də praqmatikləşirdi, Qərb kommunistləri (misal üçün Sartr) idealizmi nə qədər güclü idisə maddi nemətlərə münasibət mənasında Sovet kommunistləri o qədər də materialist idilər. Amma bayaq da xatırlatdığımız kimi idealistlər qalırdı, onlar, doğrudur, həyatda əziyyət çəkirdilər, başqalarının asanlıqla nail olduğu şeyləri əldə etmək üçün ikiqat-üçqat layiqli olmalı idilər, amma həmin bu idealistlər yeni idealistlər yetişdirməklə rejimi və “eşşəklərdən törənən yeni nəsli” idealistsiz qoymurdular, bu nəsildəyişmə davam edirdi, keçəlhəmzəlik ölmədiyi kimi koroğluluq da ölmurdu, tüfəng çıxsa da mərdlik qalırdı.
Sovet rejiminin ali məqsədi Sovet insanını yaratmaq idi, məhz bu İNSAN kommunizmi qurmalı idi, Mərkəzi Komitə kommunizmi üfüqdə görürdü, amma o insanı görmürdü, çünki gözü-könlü tox o idealist insanlar, sovet vətəndaşlarının arasında kifayət qədər idi, rejim onların sayını artırmaq əvəzinə onları yox edirdi. İdealizmə qarşı repressiya rejimin öz dayaqlarını sarsıtmaq idi, mindiyi budağı baltalamaq idi. Xərçəngi metastaz vermiş SSRİ müalicəyə qərar verdi və sürətlə dağıldı. İdealist nəsillər isə çoxdan yoxa çıxmışdı.
Artıq o kommunist idealları heç kimin yadına düşmür, kommunist partiyası çoxdan buraxılıb, bir milyon üzvü olan partiya artıq keçmişdə qalıb, bu partiyanın özü-özünü buraxmasına heç kim etiraz da etməyib, bütün köhnə kommunistlər keçmiş sistemi ifşa etməklə məşğuldurlar, dünənə qədər gizlində güldükləri kommunizmi bu gün mətbuatda məsxərəyə qoyurlar.
Dünənki kommunistlər bu günün alovlu millətçilərdir, idealistlər isə dünən olduğu kimi bu gün də idealistdirlər və hər şeyin belə sürətlə dəyişməsinə heyrət edirlər.
“Otel otağı”nda ölən idealizm
Köhnə kommunistin bu günkü antisovetliyi Anarın “Otel otağı” sseanrisi əsasında çəkilən filmdə (rejissor: Rasim Ocaqov) ətraflı təsvir edilib, dünənin alovlu kommunisti, qəhrəmanın atasını ifşa etmiş Çopur Cabbar bu gün eyni ehtirasla Kərimin özünü ifşa edir.
Müəllim idealizmi “Otel otağı”nda da davam etdirilir. Kərim sovet rejiminə qarşı xüsusi sədaqətli ilə fərqlənməsə də onun əxlaqi kodeksini çox yaxşı mənimsəyib, “o müsbət sovet adamıdır”, türkoloq atasını repressiya edən rejimlə ürəkdən barışmasa da əxlaqı əsl kommunist əxlaqıdır, rüşvət almır, heç kimin üzünə durmur, yaxşı alimdir. Amma o Türkiyədə çalışmalıdır, çünki qızı Rəna üçün cehiz alınmalıdır, pul isə bir çox hallarda olduğu kimi yoxdur (“Dedik ki, xırda pulumuz yoxdur, əslində böyük pulumuz da yox idi”. Mirzə Cəlilin “Saqqallı uşaq” hekayəsinin müəllifinin dediyi bu sözlər yüz ildir ki, ziyalılar üçün aktualdır).
Türkiyədə dərs demək Əsgər müəllim üçün əslində imperativlərinin pozulması demək deyil, ümumilikdə bu filmdə imperativlər gözə dəymir, Əsgər müəllim öz həyat yolunda şüurlu olaraq formalaşıb, mübarizədə bişmiş adamdır və o dəyişmək fikrində deyil, filmdə də onun dəyişməsi üçün heç bir sınaq qoyulmayıb. Lakin dünən atasını və özünü ifşa edən Çopur Cabbar var, bu psevdoziyalı zehniyyətidir, bu ziyalı kürkünü geymiş əclafın özüdür, o simasızdır, şərin qulluqçusudur, onun üçün elm boş şeydi, əsas şəxsi mənfəətidir, o dövrün adamıdır, hər dövrdə belələri olub və yəqin ki, olacaq.
Filmdə üçüncü bir ziyalı tipi də var-kafedra müdiri Sədyar müəllim. O xarakter baxımından əks qütblərdə dayanan Əsgərlə Çopur Cabbarın arasında yer alıb. O alim deyil, sadəcə bir boşboğazdır, elmə vasitə kimi baxır, bununla belə onu birmənalı şəkildə Şərin təcəssümü də saymaq mümkün deyil, zira, o mərd hərəkətlər də (Əsgəri Türkiyəyə göndərmək, onu Çopur Cabbardan müdafiə etmək və s.) edir, lakin mahiyyətcə o da alim deyil, onda elm yanğısı yoxdur, yaxşı oğlandır, vəssalam.
Obrazların aqibətinə nəzərə salaq. Sədyar otel otağında Nadejda ilə eyş-işrətlə məşğul olur, Çopur Cabbar isə oğlunu İstanbula göndərməyə hazırlaşır. Kərim isə “Otel otağı”nda ölür. Anar bu qəhrəmanı öldürməklə əslində bu idealizmin öldüyünə insanları inandırmağa çalışır və epiqraf verdiyi şeirdə deyilir:
Ağlayın, âşinasız, sessiz, can verenlere,
Otel odalarında, otel odalarında!...
Nəcib Fazil
Bəli, doğurdan da Kərim müəllimin fiziki ölümü, onun “aşinasız” ölümü 90-cı illər üçün tamamilə xarakterik idi. Film üçün xarakterik olan təkcə Kərim müəllimin formasında idealizmin ölümü deyil, həm də onun Türkiyəyə olan idealist sevgisinin ölümüdür, onların Türkiyə haqqında xəyalları çox romantik idi, amma Türkiyədə Türkiyə romantikası başa çatır. Maraqlıdır ki, Mustafa müəllim üçün də Türkiyə ümidlərin öldüyü yerdir.
Qlobusdakı İstanbul və Kapalıçarşı
Mustafa müəllim (“Həm ziyarət, həm ticarət” filminin qəhrəmanı; ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissor: Rasim Ocaqov) Cəbiş müəllimin mənəvi varisi idi.
Gəlin, bu yerdə Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” povestini və bizim Cəbiş müəllimin rusca versiyasının adını-“Я помню тебя, учитель” (Mən səni xatırlayıram, müəllim) xatırlayaq.
Mustafa müəllim də həyat yoldaşı Nuriyyənin təzyiqi ilə (Cəbiş müəllimin və Kərimi müəllimin xanımlarının gileyləri təsadüfdürmü) Türkiyəyə getmək, ordan bir az şey-şüy gətirib burda satmaq istəyir.
Amma Mustafanın daxili mübarizəsi sürəkli və aramsızdır, hətta o, Türkiyəyə getdikdə belə bu mübarizə davam edir, başqaları kimi dərhal Qapalıçarşıya cummur, Qarabağ müharibəsində valideynlərini itirmiş uşaqlar üçün açılmış interneta gedir, İstanbul televiziyasında çıxışa hazırlaşır. Bir sözlə, Sovet insanı üçün az qala əxlaqsızlıq nümunəsi sayılan alverdən başqa hər şeylə məşğul olur. Onun aldanışı da atipikdir, adətən bu cür filmlərdə fırıldaqçının obrazı sona qədər gizli saxlanılır, kuliminasiya məqamında bu maska düşür, gerçək ortaya çıxır.
Lakin Davudun fırıldaqçı olmağı bizə ilk kadrlardan bəlli olur. Rejissor sanki qəsdən Davud müəllimin zahiri nəzakətinin arxasındakı fırıldaqçılığı elə onun filmə daxil olduğu ilk dəqiqələrdə göstərir, çünki idealist sovet müəlliminin sadəlövhlüyü ilə hətta ilk baxışdan aydın şəkildə sezilən fırıldaqçılığı, dələduzluğu sezmək mümkün deyil, Mustafa müəllim hamını elə özü kimi bilir, onun “şagirdləri Qarabağda vuruşa-vuruşa” o alver etməyi öz vicdanına sığışdıra bilmir və alveri də fiasko ilə nəticələnir.
Filmin sonluğu Mustafa müəllimin mənəvi təmizlənməsi kimi xarakterizə edilə bilər, o film boyu tərəddüddədir, zəmanənin diqtəsi ilə alver etməyə də can atır, lakin Türkiyədən aldığı bircə qlobus olur. Hərgah Mustafa müəllimin alveri uğurla nəticələnsə belə o mütləq qlobus alacaqdı, operator onu dəfələrlə qlobusa həsrətlə baxan yerdə kadra köçürür. Amma onun aldığı bircə qlobus olur, çox güman ki, Şəkidə yaxşı qiymətə gedən şey-şüy alsaydı belə, Mustafa müəllim o qlobusu təntənəli şəkildə əlində tuta bilməyəcəkdi və o qlobusa baxanda orda olan yüzlərlə şəhərin içində birinci gözünə İstanbul sataşacaq və bu alverinə görə o, ömrü boyu əzab çəkəcəkdi. Amma qlobus coğrafiya müəllimi Mustafanın təkcə əyani dərs vəsaiti deyil, həm də onun mənəvi təmizliyinin vəsiqəsidir.
***
İdealizm ən ali insani keyfiyyətdir. Dövrün axınına uyub getməyən keyfiyyətdir, insandakı insanlıqdır, ruhi haldır, mənəvi yetkinlikdir. İdealizm insanın ucalığıdır, insanı ucaltmaqdır. O insanın məişətdən, carilikdən xilasıdır, onun inam yeridir, insan özünü orda rahat görür və özü ilə birlikdə bütöv bir cəmiyyəti də o ucalığa qaldırmaq istəyir. İdealistlərin sayı az olsa belə cəmiyyəti ayaqda saxlayan, onu rəzilləşməyə qoymayan da onlardır. İdealistlər dövrümüzün peyğəmbərləridir. Daşlansalar da, söyülsələr də, lağa qoyulsalar da...
Bizə o idealizm və o idealistlər lazımdır.