Kulis.az Qardaşxan Haqqararın Rafiq Tağının xatirəsinə həsr etdiyi "Şeytanbazarda yaşıl bazarlıq" şeirlər silsiləsini təqdim edir.
Qələmə, Sözə terrora etiraz şeirləri – ədəbi cəsarət simvolu Rafiq Tağının xatirəsinə
Rafiq Tağılar “aşağılar”a sağlığında, “yuxarılar”a öləndən sonra gərək olur.
Rafiq dağını deyirəm,
Bax bu görünən Rafiq dağını.
Görünən dağa nə bələdçi
Rafiq dağını deyirəm,
Sinəmizə çəkilən Rafiq dağını.
Nabələd işi deyil deyirəm
Əbədiyyət sarayının
Daha bir tağını deyirəm
Rafiq Tağını deyirəm
Rafiq Tağını...
Tum ağ çıxdı qara qabıqdan
Ay sarvanı ulduz karvanı
karvansaray oldu göy üzü
qaranlığı alaq eləmək
əldən saldı ayı ulduzu
tum ağ çıxdı qara qabıqdan
günəbaxan gün baxdı yerə
çırtlayan kim bu günü tum tək
toxum kimi əkən kim ömrə
Soldan sağa yazılanı sağdan sola oxumaq
Dünya beş gündür
19-dan 23-nə kimi
özü də 2011-ci il noyabr ayının
əlbəttə hicri şəmsi yox
miladi
lap sadə mil mil adi
hicri qəməri
hicranı Qəmərin
yanı njdesi
at ilinin müjdəsi
icra atı dayanıb
icra gəmisi batıb
ey qatil
ey qafil
ey batil
ey baxil
naqafil çıx üzə
süni qəsdçi
süst araşdırıcıları yanılt
məst qızışdırıcıları soyut
et icrasızlara qarşı bunt
çıx yaşıl düzə
milsiz qəhrəman ol
mil mil tarixdə qal
hə dostlar mən deyim
siz məsələni necə qoyun
soldan sağa yazılanı
sağdan sola oxuyun
***
Gücü dahisində uca millətim
qatilliyə enən cahillərin var
dalğasında qanad açan dənizin
ilan tək sürünən sahilləri var
dalğanın silləsi güllədən betər
tutur sahillərin qumlu üzünü
o yan bu yanı da sahillər olan
dəniz dalğa dalğa döyür dizini
dənizin dibi də sahildir amma
bu sahil bənizdə olmaq istəmir
bu yastı yapalaq sahilə anam
adam heç dəniz də olmaq istəmir
Şeytanbazarda Yaşıl bazarlıq
Yaşıl bazardan Şeytanbazara
gör neçə bıçaqlıq dəmir yolunun
bir neçə bıçaqlıq ömür yoluna
iynə iynədir bu taykı relsi
19-23 sim-sim kəsim
bu beş gün Beşgünlük dünyaya jestin
yazıb altı üstə çevirən Usta
yenə noyabr
Bizə Qəzanı bağışlamağa
yazını Yazana bağışlamağa
ədəbi qazini bağışlamağa
deyin gəlsin
balan gəlsin
Bir tale ki pəncərədən daş kimi gəlsin
Bir tale ki pəncərədən daş kimi gəlsin
bir ömür ki xumar gözdən yaş kimi gəlsin
kim görüb ki belə bəxtin xoş günü gəlsin
ay ana elə bil bizə it ağız açıb
it ağzından çıxır səhər öz aramızdı
ay nə bilim xoruz banı quşların səsi
nə bilim Ay dan ulduzu hamısı sözdü
azanı da qarşılayır it hürüşməsi
it ağzından çıxan dəniz söz burda qalsın
hanı səndə o mavilik yamyaşıl yosun
dənizsənsə tufan qopar fırtınan olsun
görüm sənin göl üzünü okean yusun
Baskervillərin iti tap itən yamyamı
İtağzıgül it ağzını açır hər gülə
inanmayanın ağlına keçə yamayım
it qursağı yağ götürməz deyən aqilə
Ölməmişdən qabaq öldürülmüşüm
Avropa bizdə lüks oteldi azı
Avropa və Biz də beşulduz yazı
Ey Qloballaşma qaçılmazlığı
mübarək sayğacın beş ildi yazır
Aşıq ha köynəkdən çıxarsın sazı
sakit okeandı Kürlə Arazım
sən sahibi qaçaq yasaq ərazim
get ey zalım fələk gəlmədi lazım
Beş ildi soyuqlar bu aydan düşür
beş ilin soyuğu bir aya düşüb
min belə beş illər araya düşüb
ölməmişdən qabaq öldürülmüşüm
Sübhün azan vaxtında, vaxtın azan yerindən
Uçulur gecə sökülən dan yerindən
uçunur toran üfüq boyunca
əcəl tək hərləyir öz oxu
Axillesdaban Yeri gündoğan yerindən
dünyaca cəh-cəhi batırırsa it səsi
sübhün azan vaxtında vaxtın azan yerindən
balıqçısı balığı
balıq yoxsa tilovu suya batırıb yesin
buruqla tor qurublar Dəmir daban yerindən
it rəddidir sahil boyu uzanıb gedir
insan izi görən yerdən qayıtdım geri
bu Tövrat bu İncil Quran yerindən
antik yunan attik Roma əntiq Şərq
əshabələrlə kral keçir
əsrlər keçir
qırx incəbel qızla xotkar qızı Nigar keçir
pəncərədən daş kimi gələn günəş
özünü asan yerindən
siqaret yandırır səhər
bir papiros kötüyü tək tapdanır şəhər
külqabıya dönür ölkə tiran yerindən
külək xəmir yoğurur kündə tutur dənizdə
acıb açıb kündələri yapır sahilə
zərrin ləpələr göz qaş edir sahilə göz qaş
par par yanan ehtirası gözlə bir azdan
bütün bu cahan yatıb duran yerindən
Qan suyla yuyulmur
Həllac Mənsurdan, Nəsimidən, Eldar Baxışdan Rafiq Tağıyadək bütün Söz, Düşüncə şəhidlərinə
Şəhəri su basır beşmərtəbədən
on beş mərtəbəlik su qalxır göyə
onun beş qatını göy qan yaş tökür
tökülən qan suyla yuyulsun deyə
beş
doqquz
on altı mərtəbələrin
qat qat üst qatından qan iyi gəlir
mantiya qatından nüvəsinədək
yerin bəd zatından qan iyi gəlir
lap göyün yeddinci qatından yağır
yeddi qatdan keçən bu təbil döhül
vurub keçir yerin yeddi qatından
qan suyla yuyulmur
yuyulan deyil...
Söz Rafiq Tağıydı
Söz bəxt deyil ki
Söz bəxtəbəxtdi.
Söz Rafiq Tağıydı
öz uca vaxtı
Uca Söz gəpgəncdi
qosqoca vaxtı.
Havaxtdı
payızın noyabrı qış
o qış noyabrın payızı şaxta
noyabr sazağı bıçaq tək
zəhər tək kəsir adamı
bu hüzr damı üzür adamı
sanki yeddisidi
yeddi il deyil.
Hər payız daş gəlir
pəncərədən daş
bir daşa dönmə var
hər Bəri baxda
Qiyamət gün gəlir
Yeddi oğul istərəm
Yeddi min yeddi yüz
yetmiş yeddi dəli
birdən atlanıb
tapsın qatili
Yeddi bıçaq zərbəsilə
səkkizinci kərə
noyabr tiyəsi yortur qart ili
Dəmir atlar da yortur
ağ zolaqlı qıl körpüdə
Yumalanır xəstəxana otaqlarında
iynəli ağdöş kirpilər
Qızım əmi sözündə
ata kəlməsi cilvələnir
Qışın qiyamətindən sonra
qiyamət gün gəlir
Azadlıqda görüşənədək
Və daha neçə rayon
Qatilin altı bıçaq zərbəsi
Cıdıra çıxıb
əbədiyyətin Cıdır düzündə
Rafiq Tağı
Zəhərləndi
Güllələndi
Asıldı
Qarabağ türbəsinə
Şuşa türməsi qənim kəsildi
Doğma ikən ögey qarabəxt
Azadlıqda görüşənədək
Rafiq Tağı
Okey Qarabağ
“Müharibədə Şopen prelüdləri”
Noyabr Böyük Qələbə və... Rafiq Tağı ayıdır. İnanırıq ki, bir gün unudulmaz yazarla bağlı da möcüzə baş verəcək,– bu qətlin üstü açılacaq, el-obasından “məcburi köçkün” düşmüş Rafiqin ruhu öz doğma yurd-yuvasına qayıdacaq.
Suqovuşana
su kimi qovuşdum ana
Bu neçə on ili hardaydım deyim
bu bir neçə günə qovuşduğuma
Suyla qovuşanı od ayıramamış
Oda qovuşanı su ayırarmış
Odlar yurdu odla su arasında
od-alov içində oda tapınmış
Qarabağla ayrılıq anılarında
Şopen prelüdləri
ölümsüz faciələrdə
yaşatdı ümidləri
Daş və çiçək
Toz içində çiçəkdin,
İndi Daş və çiçəksən
Amma hind filmi olmaz
Səndən nə film çəksən
Baş daşı üstə belə
qatillərinə gülən
təbəssümün çiçəklər
Məzarın üzərində
təbəssümlü çiçəklər.
Soyulan soyundansan
Doğrandın ləçək-ləçək
Əlin çatmadı ilin
günün çatdı yetmişə
Nə deyərdin bu gün sən
Qarabağa yetmişə