İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

Samir Mirzə, jurnalist

Samir Mirzə, jurnalist

25 noyabr 2024
# 15:22

Kulis.az Samir Mirzənin "Kədərlidir, onları sevməmək kədərlidir..." adlı yeni yazısını təqdim edir.

- Sizi sevməyən adamlar nəyə görə sevmir? – aparıcı soruşur.

- Çox kədərli sualdır. Mənə elə gəlir ki, bizi sevməyənlər bizi tanımayanlardır, – şair Ramiz Rövşən belə izah edir.

Doğrudan da, çox gözəl ifadə edib. O qədər yaxşı insanlar var ki, yanlış anlaşılan cümlələri ilə gündəmə gəlib deyə, bir çoxları həqiqətə varmadan, ötəri yanaşmaları ilə böyük insanların üstündən “xətt çəkiblər”. Zatən çəkməsələr, heç nə dəyişən deyil. Sadəcə, doğrudan da, kədərlidir ki, onları sevməyənlər, faydalı sözlər eşitmək istəməyənlər var.

Ümumiyyətlə, sənin sözlərini, hərəkətlərini, davranışlarını kimlərsə mütləq öz arşını ilə ölçəcək və kimlərsə ən qəribə, ağlasığmaz mənalara yozacaq. Nə qədər qəribə səslənsə də, onların sırasında həmişə cahillər yer almayacaq. Elə nüfuzlu, savadlı şəxslərin də belə münasibətini az görməmişik. Adama elə gəlir ki, bunun qaynağı vaxtı ikən aldığı travmalardandır və həmin travmalar üzərindən mülahizələr irəli sürülür. Onlar travmalarından nəticə çıxarmaq əvəzinə, zədələri sağaltmağın yerinə bloklanırlar və bütün gücləri ilə qarşı tərəfin fikirlərini rədd edirlər, yaxud yaxına belə buraxmırlar.

Bir dəfə müzakirələrimizdə davamlı danışan, öz düşündüyünü diktə edən və lağlağı şəkildə “mən hər şeyi bilirəm, siz manipulyasiya olunursunuz” ədasında danışana birtəhər fürsət tapıb suallar verdim, o, ədalı şəkildə cavablardan yayınırdı, durğunluq yaranırdı, mövzu dəyişirdi. Bu halla hamı qarşılaşa bilər, məlumatı az ola bilər, amma o qədər əmin danışırdı ki, sualları verməyə məcbur idim, cavablar isə qane etmirdi. Sonda “özüm qıcıq yaradıram ki, müzakirə maraqlı olsun” söylədi. Bilmədim nə qədər səmimi idi.

İndi ağın qara, qaranın ağ kimi təqdim olunduğu dünyada yaşayırıq, indi yaxşı adam olmaq əfəllik, axmaqlıq da sayıla bilir. İndi ayıq baş da tapmaq çətin işə çevrilib. Əlbəttə, söhbət ondan getmir ki, hamı içki içib sərxoşdur, amma sərxoş vəziyyətə salacaq o qədər vasitələr var ki, insanlar qəribə nəticəyə gəlirlər və azad qərar verdiklərini düşünürlər.

Fərqli-fərqli anlayışlar, düşüncələr formalaşır günü-gündən, asan olan dünyanı elə çətinləşdiriblər ki, hərənin öz tutarlı arqumenti var, az qala, bütün mövzular mübahisəlidir.

Qalmaqalları ilə gündəmə gəlmiş keçmiş futbolçu Arda Turan deyir ki, psixoloqun qəbulunda olarkən ona söyləyib: “Çox dürüstsən, çalışqansan, cəsarətli, ədalətli birisən. Həyatımda gördüyüm ən yaxşı insanlardansan. Mən də qürurlandım. Sonra isə dedi ki, sən yaxşı xüsusiyyətlərini pis yerlərdə istifadə edirsən. Ona görə də pis insanam”.

Onun necə biri olduğu mübahisəlidir. Bununla yanaşı, demək lazımdır ki, bəzi insanlar, doğrudan da, belə xüsusiyyətləri ilə özünə düşmən qazanır, nəticədə, aldığı münasibətə görə “hər şeyin başını buraxır”. Bu, ən pik, yaxud pis örnək üzərindən misal idi.

Elə insanlar var ki, onları sevməyənlər az deyil, sevməmək sözü azdır hələ, nifrət edənlər də var. Amma həmin “sevimsizlərin” faydalı işlərini görəndə nəyinsə düz getmədiyinin fərqinə varırsan.

Axı biz harada səhv edirik? Niyə qiymətləndirməmizdə yanılırıq, nə üçün nəticələrimiz aydın olmur? Səbəbləri səhv yerdəmi axtarırıq, yoxsa nəticələrin üzərində oynayıb başını buraxırıq?

Düşünək, düşünək ki, doğru nəticələr çıxaraq. Yoxsa hərənin öz dünyası olacaq, hərənin öz düşüncəsi olacaq, o zaman insanlar bir-birinə “bir çıkkan da” dözə bilməyəcək. Təsəvvür etmək belə, kədərlidir...

# 881 dəfə oxunub

Oxşar xəbərlər

Coni bu nominasiyada ilk dəfə qalib oldu

Coni bu nominasiyada ilk dəfə qalib oldu

18:00 11 aprel 2025
Pənahəli xan və onun soykökü - Tural İbrahimov

Pənahəli xan və onun soykökü - Tural İbrahimov

17:30 11 aprel 2025
Cəfər Cabbarlının pyesləri türk dilində

Cəfər Cabbarlının pyesləri türk dilində

17:00 11 aprel 2025
“Park”  nəşriyyatının təqdimatı olacaq

“Park” nəşriyyatının təqdimatı olacaq

16:40 11 aprel 2025
Rasim Balayev kimdir?

Rasim Balayev kimdir?

16:10 11 aprel 2025
Etibar Əliyev:  "Tərbiyəm imkan vermir ki, sizə ayıb olsun deyim"

Etibar Əliyev: "Tərbiyəm imkan vermir ki, sizə ayıb olsun deyim"

15:26 11 aprel 2025
#
#
# # #