Kulis.az dünən vəfat edən şair, publisist, tərcüməçi Zülfüqar Rüfətoğlunun şeirlərini təqdim edir.
Çıxdım siqaret almağa...
Çıxdım siqaret almağa,
Qərib London gecəsinə
Bu qaranlıq lap oxşadı,
Şərifzadə küçəsinə
Qərib London gecəsində
“Şərifzadə küçəsində”...
Qəfil anam düşdü yada,
Qəfildən də xatırladım
Daha yoxdu bu dünyada.
Daha vətən qürbətləşib,
Daha qürbət vətənləşib,
Hansısa şəhəri sevmək
İnnən belə çətinləşib...
Nə Liverpul, nə də Kentdə
Nə Yasamal, Çəmbərkənddə,
Bu xaraba məmləkətdə,
Bu avara planetdə,
Daha anam yoxdu mənim...
Siqareti tüstülətdim,
Tanış qaranlıqda itdim...
29 avqust 2016, London
Getsin
Nə var dayanmışıq yenə göz-gözə?
Nə ağır yük olub bu sevgi bizə?
Şərikli veriblər hər ikimizə -
Yapış bir ucundan daşıyaq getsin.
Səndə bu davayçün qaşınmaq nədi?
Verim pencəyimi, üşünmək nədi?
Camaat nə deyər, boşanmaq nədi?
Bu axmaq sözləri boşayaq getsin...
Söz gəzmə bağrımı közləmək üçün
Sevirsən, axtarma söz demək üçün
Ömür çox qısadır gözləmək üçün,
Gəl onu tezbazar yaşayaq getsin...
Hirslənmə, lap uzun yaşayaq getsin,
Qalmasın bir arzun yaşayaq getsin,
Qoy olsun bu şeir başayaq getsin,
Amma ortadır o şərikli yük,
Yapış bir ucundan, daşıyaq getsin!...
İşıldaquş
İşıldaquş quş deyil,
Qaranlıqda uçsa da,
Böcəkdir, bayquş deyil...
“Böyütmüşük” biz onu
Zülmətdə yanır deyə,
Günəş batıb, yatanda,
Qəfil oyanır deyə...
Doğulandan alışır,
Parlayır ölənədək.
Günəş oyanıb, gəlib
Yerinə dönənədək.
Bapbalaca cücüdü
Qaranlığı yarır o,
Zülmətdən qorxanları
Allaha qaytarır o...
Reanimasiya
Bəzən yay səhəri insan üzülür,
Qonur mürəbbəyə bir sırtıq arı,
Gözün ayağının altını görmür -
Tapdayıb keçirsən qarışqaları...
Dəniz də kefini açmayır sənin,
Nə olsun dənizdir? Axır ki, sudur...
Heç bir gül oxşamır ruhunu sənin,
Elə bil hamısı alaq otudur.
Dünyanın rəngləri düşür gözündən:
Nə mavi, nə yaşıl, nə də ki sarı –
Xəstəlik bax belə xəlvətcə gəlir,
Əynində qapqara oğru paltarı...
O gəlir ağrıya bürünür aləm,
Daha vızıldamır o sırtıq arı,
Dostları nə vaxtdır dəfn eləyiblər,
Sənin tapdadaığın qarışqaları.
Amma bu nə səsdir qopur uzaqdan?
Min ildir yol gəlir düz sənə sarı,
Göydə mələklərdir belə ağlaşan,
Yerdə ambulansın sirenaları.
Qulağın tutulur bu səsdən sənin,
Arı vızıltısı, dəniz ləpəsi...
Açılır gözlərin, hardan biləsən,
Ki, necə olurmuş Allahın səsi?
Açılır gözlərin və innən belə,
Ölümdən ayrılır sənin xəyalın-
Möcüzə həmişə qəfildən gəlir,
Qırmızı köynəkdə, ayağı yalın...
Gecəyarı qapıları döyməyin
Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.
Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.
Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ,
Bu dünyadır, vallah- billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq?
Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!”- deyən var,
Gecəyarı evinizə tələsin,
-Bəlkə, sizin qapını da döyən var.
Şuşaya gedirəm
Hər gün Şuşaya gedirəm
Google-un xəritəsində
Gözlərimlə dayanıram
Düz Şuşanın ortasında…
Ürəyimdə qorxu da yox-
Nə Haykaz var, nə də Aşot
Mən virtual qəhrəmanam-
Nə avtomat, nə pulemyot?
Bu Qoşavəng, bu Amaras,
Bu da atamız Qandzasar,
Bu da onlar tikən bina,
Kilsə tikib allahsızlar…
Bu da Şuşa məzarlığı-
Heç bir yerə getməyənlər,
Yatır uçmuş məzarlarda,
Fərarilik etməyənlər.
Mən də qorxaq bir kişiyəm,
Elə ki, arvadım yatır,
İnternet dadıma çatır,
Çıxıb Şuşaya gedirəm.
Google-un xəritəsində,
Google anamı ağladır,
Mən hər gecə ağlayıram,
Düz Şuşanın ortasında…