Kulis.az “Hekayə günü” layihəsində Əsəd Qaraqaplanın “Üçüncü həyat” hekayəsini təqdim edir.
1
Metroya tərəf addımlayarkən, keçidə az qalmışdım, onu gördüm; yaxınlıqdakı böyük marketə tərəf gedirdi. Hava soyuq olduğundan gödəkçəsinin yaxasını möhkəmcə bağlamışdı. Yuxusuzluqdan və içkidən şişən gözlərini ovuşduraraq yeriyirdi. Marketin girişindəki bankomatın qarşısında durdu, kartını salıb pul çıxartdı, geri qayıtdı.
İti addımlarla keçidə tərəf getməyə başladı, mən də onun arxasınca. Özünü elə aparırdı, sanki məni görmür, ya da görmək istəmir. Qızarmış gözləri solğunlaşaraq işığını itirmək üzrə idi.
Bilirəm, o, mən gedən istiqamətə – keçidin əksinə çıxıb günbatana tərəf getmir. Metroyla şərqə doğru gedəcək. Ən yaxşı halda, bəlkə, gedib onu evindən götürüb gətirə bilərəm. İndi onu burada dayandırmaq, ya da yolunu dəyişdirmək mümkün deyil.
Sakitcə dayanıb qatarın hərəkətə düşməsini gözləyirəm.
Əyləşib. Vaqonda adam həmişəkindən seyrəkdir. Yolunu-yurdunu tanıyıram. Və bilirəm, indi buraya niyə gəlib. Yoxsa hər yerdə bankomat var, harada istəsə pul çıxara bilər. Buraya metronun çıxışındakı kafedən içki almağa gəlib. Bütün yayı ya o kafedə oturaraq, ya da oradan içki alıb evdə içərək keçirmişdi. Kafedə hər kəs, hətta müştərilərin çoxu onu tanıyır.
Payızdır. Havalar get-gedə daha da soyuyur.
Əslində, hər şeyi var: isti geyimi, yeməyi, başını soxacaq kirayə daxması. Amma o, elə yorğun və halsız görünür, yaşadığını belə güclə hiss edə bilirsən. Mən onu nə qədər başa salmağa, həyata qaytarmağa çalışsam da, xeyri yoxdur. Son olaraq, hər şeyi zamana buraxmış, “başı daşdan-daşa dəyməsə, düzəlməyəcək” deyə düşünmüşəm.
Yəqin, biz o vaxt səhv yolda oluruq, həmin an xoşbəxt olmuruq. Biz xoşbəxt olanda doğru yolu tapırıq. Özü də bu deyimi təkrarlamağı sevirdi: “Başqalarının faciəsi heç vaxt bizə dərs olmur”.
Qatarda yol getmək mənə həmişə cansıxıcı gəlib. Hətta bu şəhərdə metro ən sürətli nəqliyyat növü olsa da, yenə vaqonda ürəyim sıxılır, elə bilirəm, məhbəsdəyəm. Nə qulaqcıqla mahnı dinləmək, nə kitab oxumaq, nə də gözəl qızlara baxmaqla başımı qata bilirəm. Hərdən mənə elə gəlir, metro şəhərin astar üzüdür; hər şeyin gerçək tərəfini o qapalı qutuda daha yaxşı görmək olur...
Hiss olunur, o da metroda sıxılır. Tez-tez telefonunu çıxarıb saata baxır; gah qurdalanır, gah oyun oynayır, gah da musiqi dinləyir. Bezəndə isə reklam lövhələrindəki yazıları könülsüz-könülsüz oxuyur, heç maraqlanmadığı bu yazılarla vaxtını öldürməyə çalışır...
2
Evə çatana kimi ondan xilas olmayacağımı bilirəm. Qatar irəlilədikcə başımı aşağı salıb telefonda qurdalanır, ya tez-tez saata baxır, ya musiqi dinləyir, ya da könülsüz-könülsüz reklam lövhələrindəki yazıları oxuyur, ona tərəf baxmamağa çalışıram. İnsan necə bu qədər həyat dolu və xoşbəxt ola bilər?! Onun bu halını içimdən keçirə və həzm edə bilmirəm. Hələ məni danlamalarını, həyat dərslərini, hər dəfə gözəl şeylərin vülqarlığını söyləməsini beynimə yedirmək asan olmur.
Onun ətrafımda olması bu həbsxanayabənzər vaqonlarda mənə daha sıxıcı gəlir. Düşünürəm, ölüm onu niyə bu qədər qorxudur… Onun xoşbəxtliyi və həyat eşqi mənə heç səmimi gəlmir. Elə bilirəm, hamı kimi o da məni aldadır, öz mənasız və boş həyat fəlsəfəsini başqalarına verdiyi təsəllilərlə doldurmağa çalışır.
Son dəfə nə qədər elədim, oturub mənimlə içmək istəmədi. “Tərgitmişəm”, dedi.
Ayna qarşısında durmuş, özündən başqa heç kimi görmürmüş kimi öz “müqəddəs” nitqini söyləyir, yenə məni içkidən uzaqlaşdırmaq, “həyata qaytarmaq” istəyir. Mənsə içimdə ona gülərək içirəm. Belə anlarda zaman mənim üçün dayanmış kimidir. Ümumiyyətlə, “zaman varmı?” deyə düşünürəm. Yoxsa biz özümüz uydurmuşuq var olmağın, içimizdən keçərək yol getməyin zaman olduğunu?! Ölüm zamanın sonudurmu...
Ona dözmək üçün daha çox içir, kefimi yaxşı tuturam ki, rişxəndlərinə çox da fikir verməyim. Amma baxıram, elə bil, içib keflənən mən yox, odur. Mən hərdən qəzəbdən qışqırıb ağlayıram da, ən xırda bir şey belə mənə amansızca toxunur. Ən çox da onun bu halı – ayıq başla çəkilməsi zor olan davranışı.
Etiraf edim, gözləri mənim kimi yuxulu və şişkin deyil. Belini dik tutub yeriməyi, ciddi-ciddi danışıb adamı yorması və heç vaxt ölməyəcək kimi davranması məni daha da qıcıqlandırır, ondan bir az da qaçmağıma səbəb olur. Ancaq haraya gedirəmsə, qarşıma çıxır, məni rahat buraxmır.
Onu ən çox həftəsonu günorta, ya da günortadan sonra görürəm. Gecənin yorğunluğu və yuxusuzluğu azmış kimi, bir də onun cansıxıcı söhbətləri məni özümdən çıxardır. Amma ən pisi odur, onunla olmadığı kimi, onsuz da olmur. O, mənim üçün dostdan çox, bəzən ana, bəzən sevgili, bəzən də çox danışan, məsləhət verən bir ağsaqqal kimidir. Nə qədər deyinib danışsa da, yenə canayaxın davranır, məni tək qoymaq istəmir. Hələ hər kəsdən uzaqlaşdığım bu günlərdə özümə qapıldıqca sanki ona daha çox ehtiyac duyuram. Belə anlarda o, bir az da qalmağa çalışır, zaman-zaman üstümə gəlir, bəzən məni çox yorur.
Bir gecə dözə bilməyib onunla mübahisə elədim, onu evdən qovdum. “Bir daha məni narahat eləmə!” dedim. Artıq nə həyatı sevdiyimi, nə də həyatı sevənləri sevə bildiyimi söylədim. Ölmək istədiyimi deyib məni rahat buraxmasını istədim:
– Elə bilirsən, insanlar təkcə bu ölkədə, bu şəhərdə bədbəxtdirlər? Adamların halını görmürsənmi? Məni rahat burax, insan! Bildiyim tək yaxşı şey budur, hə! Onu da etməyəcəmsə, özümə başqa necə pislik edə bilərəm?!
– Bilirəm, olmaq istədiyin yerdə olmamağın səni daha çox incidir. Ancaq sən savaşmaq yerinə, içərək özünü məğlub etmək istəyirsənsə, sənə nə deyə bilərəm?! Mən sadəcə düşündüklərimi söyləyirəm.
– Həmişə bu həyatda yad olduğumu düşünmüşəm. Bura heç vaxt mənim yerim olmayıb. İçkisi suyundan gözəl, zəhəri şərbətindən, heyvanı insanından. Xoşbəxtliyi maska və təqlid olan bir yerin nə sakini olmaq istəyirəm, nə də şəriki.
– Kim deyir, ölmək xilas olmaqdır? Səncə, bir insanın ölümü bəzən hər kəsin ölümü, yaşaması hər kəsin yaşaması deyilmi?!
– Məni boş ver, insan. Mənim kimsəyə zərərim yoxdur. Hər şeyi öz içimdən gəldiyi kimi, könüllü eləyirəm. Mən olmyanda da dünya vardı, mən olanda da var və mən olmayanda da olacaq. Yəni nəsə dəyişmir. Sadəcə yatmaq, yatmaq… əbədi yuxuya getmək...
Son sözləri söylərkən, doğrudan da, yuxulayıram və onun getməsini gözləyirəm.
İndi budur, yenə yanımda dolaşır, məni rahat buraxmaq istəmir. Bir yandan da metronun sıxıcılığı, mənasız reklam tabloları, insanları aldatmaq üçün hər cür fürsətdən istifadənin ətrafa yansımağı və fikirli-fikirli yol gedən adamlar. Qələbəliyin susqunluğu və vaqonların qapıları kimi hər yerdə üzümüzə kip bağlanmış qapılar…
“Sənin hələ bir az vaxtın var. Ölə bilmədiyini görəndə yaşamaq istəyi insana elə güc gəlir ki, tez bir zamanda özünü ümidsizliyin pəncəsindən xoşbəxtliyin ağuşuna atmaq istəyirsən. Bəli, kimsə əzab çəkmək məcburiyyətində deyil, elə sən də. Sadəcə bunu arzulamaq qalır...”
Evdən çıxmamışdan dediyi bu son sözləri xatırlayır, indi bir az daha gözlərimi ondan yayındırmağa, başımı ya telefonla, ya da reklamlarla qatmağa çalışıram. Bircə onu istəyirəm, evə tez çatım, aldığım içkini içim və yıxılıb yatım…
3
Sonrakı bir həftədə ondan səs-səmir çıxmadı. Elə bil, heç yox idi və olmamışdı da. Düzü, evinə getməyə də çəkinirdim. Məni qovanda incimişdim, onu öz taleyi ilə baş-başa buraxmaq istəmişdim. Həm də bu işlər başqasının gücü ilə olmur, öz gücünlə olur – düşünmüşdüm.
Mən bu müddətdə öz həyatıma davam elədim: səhər tezdən durub işə getdim, bütün günümü çalışaraq keçirdim və axşam evə gəlib, yıxılıb yatdım. Bircə pişiyimlə oynadığım beş-on dəqiqəni çıxmaqla həyatımda elə də fərqli və maraqlı heç nə yoxdur. Hərdən evdə yorğunluqdan kitab da oxumaq olmur. Necə olsa, bütün günü işdə başımı kitablarla qatıram. İş-ev, kitab, yuxu və mən – bir də beş-on dəqiqəlik pişiklə oynamaq…
Axşam. Divanda oturub əllərimi başımın arxasında çarpazlamışam. Min cür fikir keçir ağlımdan, min cür sual. “İndi, görən, o haradadır? Nə eləyir, necədir halı? Yaxşıdırmı, ümumiyyətlə, yaşayırmı? Görən, başına bir iş gəlməyib ki?”
“Mən həqiqətənmi bu adamam? Həqiqətənmi yaşamaq sadəcə budur və belə olmalıdır?” Ən son ağlımdan keçən budur.
Siqareti siqaretə calayıram, içkini buraxandan sonra tək pis vərdişim budur. Onu da ata bilmək yox, nədənsə atmaq istəmirəm; bir növ belə rahatlıq tapıram.
Otaqda gəzişirəm, özümə yer tapa bilmirəm. Qayıdıb divanda otururam, yenə bir siqaret yandırıram, ayağa durub, var-gəl edirəm.
Hərdən aynaya baxıb özümü tanıya bilmirəm. Ən çox pisimə gələn isə saçlarımın seyrəlməsidir. “Yoxsa doğrudan keçəl qalaram ee…” düşünürəm. Ən sevmədiyim haldır keçəl olmaq. Gözlərimin ətrafı da qırışıb. “Necə də yaşlı görünürəm!” Bir anlıq ürpəndim. Elə bil min ildir, aynaya baxmıram.
Dəhşətli təzad hiss edirəm: bir yandan içimdə heç böyüməyən bir uşaq, bir yandan da aynada gördüyüm və ürpəndiyim yaşlı adam. Elə bil bu iki halım bir-birinə dəyərək çiliklənib içimə dağılmış termos şüşəsi kimidir. Bir-birini əzib bütövləşmək istəyərkən daha da sınıb kiçilir, daha da yox olurlar.
Mən nə etmək istəyirəm, həqiqətən, bilmirəm, hər şeyin başını buraxmışam. Bəlkə də, şüurlu şəkildə heç nə bilmək istəmirəm, ən doğrusu, bəlkə də, elə budur – düşünürəm...
Hərdən özümdə cəsarət tapıb nəsə eləmək istəyəndə ağlıma ilk o gəlirdi, indi o da yoxdur. Amma etiraf edim, mən də bir az sakitlik tapmışam, daha onunla uğraşmağa gərək qalmayıb. “Haraya getsə, gəlib çıxacaq” – düşünürəm. Yenə o yorğun və şişkin gözləriylə qarşımda duracaq və hər şey təkrarlanacaq...
Axşamdan xeyli keçib. Yerimdə rahatlıq tapa bilmirəm. Düz bir həftədir, ondan xəbər yoxdur. Özümdə yenə cəsarət tapıb taksi çağırıram: “Gedim, görüm nə edir”.
Bakı o qədər sakitdir, sanasan, bir neçə saat öncəki o səs-küylü şəhər deyil. Evlərin və ağacların yanından sürətlə ötüb keçirik. Ana yoldan ayrılanda ətraf daha da qaranlıqlaşır. Onun evinə tərəf getdikcə dibsiz quyuya düşmüş kimi hiss edirəm özümü. “Yəqin, indi içib, yatıb” – düşünürəm. “Necə də hüzurludur” – son olaraq ağlıma bu gəlir...
Qapını döyürəm, açan yoxdur. Otağın işığı yanmır. “Yatıb, bəlkə? Ya da bilir, gələn mənəm, ona görə açmır…” Qapını bir də döyürəm, bir də... açan olmur.
Səbrim tükənir. Daha da narahat oluram. Ətrafda heç kim görünmür, bircə yandakı meyvə dükanı açıqdır. Gedib meyvəçidən soruşuram. Son bir həftədə onu görmədiyini deyir. “Bəlkə, rayona gedib, kim bilir…” – deyir.
Gəlib bir də qapını döyürəm. Suyum süzülə-süzülə evə qayıdıram...
Gecə. Yatağımda uzanmışam. “Bəlkə, intihar edib, ona görə səs-səmiri gəlmir? Niyə belə eləsin ki? Axı heç belə olmamışdı...”
Rahatlıq tapa bilmirəm. Durub yenidən getmək, qapısını döymək, açmasa, qapını qırıb içəri girmək keçir ağlımdan. Amma məni yuxu aparır...
4
Taksinin pəncərəsindən şəhərin küləyi üzümə dəydikcə, elə bilirəm, ovcuma ilıq su tökürlər, onu üzümə vurub rahatlayıram. Bu soyuq qış küləyini mənim üçün bu qədər isti və doğma edən nədir, indi bunu yalnız mən bilirəm. Və elə bil mən bunu illərdir gözləyirmişəm…
Sadəcə səkkizcə gün, yeddicə gecə idi, "azadlıqdan məhrum" edilmişdim. Bircə “əlamətdar” dəyişiklik o idi; mən "içəri" girəndə payız idi, çıxanda qış girmişdi.
Narkoloji Dispanserdə içkidən müalicəmin bitməsinə hələ 13 gün qalmışdı və bu, o demək idi, mən Yeni il gəlməmişdən oradan çıxa bilmərəm. Ancaq kiminsə gəlib səni vaxtından əvvəl çıxarması mümkündür. Mən də özümə gəldiyimi görüb, artıq nə olur-olsun, çıxmağa qərar vermişdim. Çünki qalmağım daha da pis olmağıma, əsəblərimin və sağlamlığımın daha çox pozulmasına səbəb olurdu.
Bir neçə ay qabaq hər şey son həddə çatmışdı. Mən artıq tarana getmiş, hər şeydən əlimi üzüb ölümə köklənmişdim. Son davamızda sevgilim evdən qaçıb getmişdi. Arxasınca getsəm də, çata bilməmişdim. Şələ-şüləmi toplayıb – əslində, çox şeyim yoxdur – kəndə, anamın yanına getmişdim. “Bu oyunlara artıq son verməyin vaxtı çatıb” – düşünmüşdüm. Bu işgəncənin birdəfəlik bitməsi lazım idi. Yaşaya bilmirsənsə, nə özünə zərər verməlisən, nə də ətrafına…
Taksi şəhərin içərilərinə doğru irəlilədikcə ruhum daha da yerindən oynayır. Mən bu səkkiz gün, yeddi gecədə nə qədər dəyişmişdim, ilahi! Çoxdandır ayıq başla şəhərə; onun yollarına, küçələrinə, evlərinə, ağaclarına və adamlarına baxmırdım. Əksinə, indi hər şey mənə daha dumanlı və yuxu kimi gəlir. “Mən azadlıqdayam!” Sanasan, insan olduğumu unutduğum bu bir neçə gündə daha çox insan olmuşam. Daha qəti qərarlar verməyə hazıram.
“Mən, doğrudan, sağalmışammı?” Evə qədər bu haqda düşünmək belə istəmirəm. “Ümumiyyətlə, mən xəstə idimmi” – bunu gheç düşününə bilmirəm. Sadəcə evə çatmaq, özümə yemək hazırlamaq və günün günorta çağı yıxılıb yatmaq istəyirəm...
Narkoloji Dispanserə hansı halda gətirildiyimi xatırlaya bilmirəm. Bircə o yadıma gəlir, hələ həyətdə ikən qolumu tutub dartan mühafizəçi ilə dalaşmış, içəri zorla aparılmışdım.
İçəri girdiyimizdə gördüm, yetmiş nəfər əsgər kimi sıraya düzülüb, lal-dinməz nəsə gözləyir. Özü də yekə-yekə kişilər. Qarşılarında da bir neçə cavan nəzarətçilər bunları danlayır, səs salmağa və sırada tərpənməyə qoymur. “Özünə hörmət edən başqalarına hörmətsizlik etməz” – deyirdi biri. Bunu görəndə bir az da özümdən çıxmış halda – bu arada mühafizəçi məni də sıraya qoymaq istəyirdi – üzümü onlara tutub bağırdım: “Hamınız gi…qsınızmı, belə düzülüb, mağmın-mağmın deyiləni edirsiniz?!”
Qəfil çıxışım şok effekti yaratmışdı. Hər kəs susub durmuşdu, heç kim cavab vermir, dinib-danışmırdı. Mühafizəçilər məni tutub saxlamağa, sakitləşdirməyə çalışırdılar. “Bəli, hamınız gi...qsınız!” – bu dəfə üzümü işçilər qarışıq hər kəsə tutub bağırmışdım.
Yekəpər mühafizəçi məni bir otağa aparıb “Burada kiminsə anası-bacısı da işləyir. Ayıbdır, etmə!” – dedi. Sonra sakitləşdirici iynənin təsiriylə necə yatıb qalmışam, xəbərim olmayıb...
O, indi taksidə yanımda əyləşib. Mənə baxır, dinib-danışmır. Elə bil heç bir-birimizi tanımırıq. Ya da o qədər tanıyırıq, artıq dinib-danışmağa söz qalmayıb. Səkkizinci gün gəlib məni dispanserdən çıxartdı. Əvvəl elə bir fikri olmayıb, düşünüb, bir az da orada qalım, ağlım başıma gəlsin. Ya da ən azı vaxtımı tamamlayım, sonra çıxım. Amma sonra necə olmuşdusa, fikrini dəyişmişdi, məni çıxartmağa qərar vermişdi.
Gələndə mənə mer-meyvə, bir neçə də kitab gətirmişdi; orada oxuyum, başımı qatım deyə. Çünki orada nə telefon, nə radio, nə televizor, nə də digər belə başqatan şeylərdən istifadə etməyə imkan verirdilər. Bircə kitab oxuya bilirdim. İçəri qələm belə keçirməyə qoymurdular, “kimsə udub intihar edər” – deyirdilər.
Dünyadan tamam təcrid olunmuş haldaydıq. Həbsxanadan fərqli olaraq, bizi çölə çıxmağa belə qoymurdular, bütün günümüzü dörd divar arasında keçirirdik. Həyətə – ətrafa sadəcə dəmir barmaqlıqlı pəncərələrdən baxa bilirdik; o da bizə evsiz, yurdusuz bir ərazini göstərir, insan belə görə bilmirdik. Dispanser bir neçə hasarın arasında idi, biz gözdən-könüldən uzaq bir binada saxlanırdıq.
Taksi evə yaxınlaşanda ağlımdan sadəcə bu keçirdi; ölə bilmirsənsə, daha yaxşı yaşamalısan...
5
Onu dispenserdən çıxardıb evinə gətirəndən sonra yenə öz həyatıma dönmüş, işə gedib-gəlməyə; həmənki rituallarımı yerinə yetirməyə başlamışdım.
Bu gün işdən evə addımlayarkən yolda bir qadınla qarşılaşdım. Orta yaşlarda səfil bir qadın. Bu yaz havasında o qalın və köhnə gödəkcəsinə doğma bir yuva kimi sığınmışdı. Çox canlı və qıvraq görünürdü. Başında köhnə kişi papağı, ayağında nimdaş idman ayaqqabısı.
Yekə paltar dolu paketini sağ qoluna keçirib, dirsəklərini qatlayaraq əllərini göyə açıb ağızdolusu dua edə-edə, yanından keçən yorğun və qaraqabaq adamlara fikir vermədən sürətlə addımlayırdı.
Mən o qadını ötüb keçdim, ancaq fikrim xeyli – metroya qədər onun yanında qaldı.
Əlimi atıb bu fikirləri yazmağa çalışarkən, onu, mənim əziz dostumu, bu yazının əvvəlində gördüyüm həmin yerlərdə görə bilmədim nəsə. Dostum daha bu həndəvərdə – nə o kafedə, nə o marketin girişində, nə də metronun keçidində görünürdü. Elə bil qeybə çəkilmişdi. Sanasan, belə biri var olmamışdı.
Hərdən mənə elə gəlir, onu mən özüm yaratmışam. Onu kənddə böyüdüb şəhərə gətirmişəm, oxuyub adam olmağa çalışarkən daha çox adamlıqdan çıxartmışam. Ona həyatı mən bu qədər zindan edib, uğursuzluğa düçar olmasına səbəb olmuşam. Bu günə qədər yaşadığı bütün nakam sevgilər də mənim günahımdır və mən bütün pis tərəflərimi ona tətbiq eləmiş, özümü daha yaxşı göstərməkdən ötrü onun bu hallarını qabağa vermiş, bütün çarəsizliklərimə onu qurban seçmişəm. Öz yarımçıq komplekslərimin ən bütöv yanı kimi ancaq onu görmüşəm.
Hətta bu vəziyyətinə: içib tarana getməsinə və axırda “dəlixana”ya düşməsinə də mən özüm səbəb olmuşam.
İndi onu burada görə bilməndə, açığı, çox üzülürəm. Necə olsa, həyatımın daha fərqli, daha gerçək tərəfi kimi idi. Onun ağrılarıyla mən özüm öz xoşbəxtliyimi və azadlığımı yaşadığımı indi daha yaxşı anlayıram.
Yəqin, o ölməyib. İndi, bəlkə də, haradasa başqa bir insan olaraq, bəlkə də, mənim kimi başqa birinin qurbanına çevrilərək yaşayır, – düşünürəm.
Yəqin, elə buna görə məndən bu qədər qaçmağa çalışırdı. Məndən utandığını, amma bəlkə də, yazığı gəldiyindən mənə nifrət edə bilmədiyini hər dəfə hiss eləsəm də, yenə də özümü o yerə qoymuram...
Amma indi, xüsusən o qadınla qarşılaşandan sonra, bu yerləri ötüb keçə bilməmək mənə nədənsə daha çox ağır gəlir. Onu görə bilmədən evə tərəf ağır-ağır addımlamağa çalışarkən dururam və görürəm; onun yuxulu və şişkin gözləri qarşımda svetofor kimi dayanıb. Elə bil bütün şəhər mənimlə birgə qəfil çalınan “sükut dəqiqəsi” siqanlı kimi yerində mıxlanıb qalıb.
Və indi, bu sətirləri bitirərkən bircə onun gözlərindəki öləziyən qırmızı işıq mənə tezliklə yaşıl işığın yanacağını və mənim yeni bir mərhələyə – yeni bir həyata keçəcəyimi deyir...